Mir Cəlal Paşayevin
elmi irsinin daha bir qiymətli nümunəsi
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
ustad ədib, ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi,
professor Mir Cəlal Paşayevin
20 yaşında yazdığı
ilk sanballı ədəbi-tənqidi
məqaləsi Moskva arxivindən əldə olunaraq Azərbaycan Milli Kitabxanasına gətirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirovun bununla bağlı yazısını
oxuculara təqdim edirik.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, unudulmaz
ədib, ədəbiyyatşünas-alim,
Əməkdar elm xadimi,
professor Mir Cəlal Paşayev
çox erkən yaşlarında ədəbi
tənqidə gəlib
və 20 yaşında
gənc ikən ilk sanballı ədəbi-tənqidi
qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm"
əsərini 1928-ci ildə
yazaraq Dağıstanın
Mahaçqala şəhərində
nəşr olunan
"Maarif yolu" jurnalında dərc etdirib. 20 yaşında
bir gəncin bu mövzuda ədəbiyyatşünas alimlər
səviyyəsində elmi-tədqiqat
əsəri yazması,
onun gələcəyin
böyük ədəbiyyatşünas
alimi olacağından
xəbər verirdi.
Jurnalın iki nömrəsində
dərc olunan bu materialı oxuduqca, Darülmüəllimini
bitirib yenicə kənd məktəbində
müəllimliyə başlayan
gəncin biliyinə, mütaliə səviyyəsinə
və ədəbi əsərlərin təhlili
baxımından görkəmli
ədəbiyyatşünas-alimlərlə
bir sırada dura biləcək təxəyyülünə heyran
qalmaya bilmirsən.
İnternetin gənc tədqiqatçılara
geniş imkanlar yaratdığı və sosial şəbəkələrin
tüğyan etdiyi müasir dövrdə bəlkə də fitri istedada malik olan istedadlı
bir magistr belə bir əsəri
qələmə ala bilərdi. Lakin kommunist
rejiminin insanları bütün dünyadan təcrid edərək dəmir barmaqlıqlar arasında saxladığı
bir dövrdə uzaq dağ rayonunda
(Gədəbəydə) müəllimliyə
başlayan 20 yaşlı
bir gəncin belə bir əsər
yazması bu gün də hər kəsdə heyrət doğura bilər. Bu məqalədəki
təhlilə, dünya
ədəbiyyatına sərf-nəzərə,
dünya klassiklərinin
əsərlərindəki romantizm
meyllərinin mərhələlərə
bölünərək təhlilə
cəlb olunması ədəbi tənqid sahəsində böyük
təcrübəyə malik
tənqidçi alim təsəvvürü yaradır
və yaxşı mənada təəccüb
doğurur.
Çox
təəssüf ki, istedadlı alimin bu ilk qələm təcrübəsi uzun müddət Azərbaycan ədəbiyyatşünaslarının, tədqiqatçıların diqqətindən
kənarda qalıb və bəlkə də bunun əsas
səbəbi hansısa
məsuliyyətsiz oxucunun
Milli Kitabxananın arxiv fondunda mühafizə olunan "Maarif yolu" jurnalının 1928-ci il
10-12-ci nömrələrindən həmin məqaləni 50 il bundan əvvəl
cırıb götürməsi
olub. Ancaq böyük ehtimalla bu hərəkət bəlkə də, böyük bir ədəbiyyatşünas
tədqiqatçının qısqanclığının nəticəsində
baş verib. Məhz bu səbəbdən də uzun
müddət bu sanballı elmi
əsər tədqiqata və elmi
dövriyyəyə cəlb olunmadan
qalıb. Təəssüflər olsun ki, həmin jurnalın 10-12-ci nömrəsi onun çap olunduğu Dağıstanın Milli
Kitabxanasında da qalmayıb. Bu səbəbdən
də Azərbaycan Milli
Kitabxanasının 2018-ci ildə Mir Cəlal
müəllimin ədəbi tənqidi əsərlərinin toplusunu çapa
hazırladığı zaman
respublikamızın kitabxana və arxivlərində
apardığı axtarışların nəticə verməməsindən
sonra, Dağıstan Milli
Kitabxanasına və Moskvaya Rusiya Dövlət Kitabxanasına verdiyi sorğuya da "Təəssüf ki,
"Maarif yolu"
jurnalının həmin nömrəsi kitabxanamızın fondunda yoxdur" cavabı
alınıb.
Bu ilin əvvəllərində bu sətirlərin müəllifi Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında bir daha ciddi axtarışlarını davam etdirərək "Maarif yolu" jurnalının həmin nömrəsinin bu kitabxananın arxiv fondunda mövcud olduğunu müəyyənləşdirdi. Nəhayət, 2020-ci ilin fevralında Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Dudanın köməkliyi ilə, professor Mir Cəlal Paşayevin 20 yaşında olarkən yazdığı və onun gələcəyin parlaq bir ədəbiyyatşünas-alimi olacağından xəbər verən ilk sanballı qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm" məqaləsi Azərbaycana gətirilərək Milli Kitabxanamızın arxiv fonduna daxil edildi və tədqiqatçıların ixtiyarına verildi.
Necə
deyərlər, "istedadı müvəqqəti boğmaq
olar, amma bu istedadın parlaq nümunəsini tarixdən silmək,
məhv etmək mümkün ola bilməz, o, mütləq
büllur bulaq çeşməsi kimi hardansa
parlayacaqdır!" Budur əsl həqiqət!
Mir Cəlal
müəllimin xatirə günü ərəfəsində
görkəmli ədibin "Ədəbiyyatda romantizm" məqaləsinin
tam mətni elektronlaşdırılaraq Milli Kitabxananın
saytının (anl.az) "Elektron kataloq və elektron
kitabxana" bölməsində yerləşdirilib və əsərin
orijinalı ilə Milli Kitabxananın Azərbaycan Ədəbiyyatının
Arxivi Fondunda tanış olmaq mümkündür.
Kərim TAHİROV
Milli Kitabxananın direktoru,
Əməkdar mədəniyyət işçisi,
professor
525-ci qəzet.- 2020.- 26 sentyabr.-
S.13.