Aftandil İsrafilov:
80 yaşın astanasında
Azərbaycan
qarmon ifaçılığı sənətinə
başucalığı gətirmiş azman sənətkarlardan
biri də Xalq artisti Aftandil İsrafilovdur.
Bu ad
Azərbaycanda, Rusyada, Türkiyədə, İranda, Yaxın və
Uzaq Şərqdə, eləcə də dünyanın bir
çox başqa ölkələrində möhtəşəm
çalğısı ilə milyonların sevgisinə
ünvandır. Əminliklə deyə bilərəm ki, çox sayda gözəl, məzmunlu bəstələri-rəqsləri
də olan, Azərbaycan musiqi-mədəniyyətinə
cani-dildən xidmət
göstərmiş bu
böyük sənətkar
möhtəşəm ifası
və bir çox novator cəhətlərilə özünəməxsus
qarmon sənəti məktəbi yaradıb. Azərbaycan qarmon
ifaçılığı aləminə yeni bir çalğı manerası bəxş etmiş A.İsrafilov sənətdə öz izi ilə görünərək
dinləyicilərin ruhuna
yol tapıb, onların könlünü
fəth edib. Onun hər ifası bir yenilik, hər
bəstəsi sənət
nümunəsidir. Qarmon dillərində
qeyri-ixtiyari vurduğu,
ürəyindən, ruhundan,
ilhamından süzülüb
gələn zəngin
ilmələr, çoxçalarlı
əlvan güllər,
xallar bu yeniliklərin işartısı,
yüksək sənətkarlığın
təsdiqidir. Bütün
bu yüksək keyfiyyətləri ilə
o, musiqi mədəniyyətimizə
az qala
70 ildən bəri təmənnasız xidmət
edərək xalqımızın,
mədəniyyətimizin iftixarına
çevrilib. İfaçılıq sənətində fikirləri
aydın, melodik cümlələri məntiqli,
xalları yerli-yerində,
ilmələri qəlb
oxşayan, saxta gəzişmələrdən, bayağılıqdan
uzaq, büllur kimi şəffaf, aydın olması ilə seçilən Aftandil üslubu insan oğlunu ülviliyə səsləyir.
Özü kimi sənəti
də, ömürlük
sirdaş olduğu qarmonu da qürurludur,
əzəmətlidir bu
misilsiz sənətkarın.
Onun ifalarında Azərbaycanın zəngin
təbiəti, füsunkar
yaylaqları, göz oxşayan, insana ilham verən oylaqları, müqəddəs
yurd yerləri, uca dağları, zəmzəm bulaqları, zümzüməli çayları,
bulaqları, göy meşələri, ətirli
çəmənləri, doğma
elləri-obaları canlanır.
İnsan
bu ecazkar səslər dünyasında
cuşa gələrək,
yaşamaq-yaratmaq həvəsinə
düşür.
Aftandil İsrafilov
musiqi xəzinəmizin
qoruyucusudur. Onu dəyərli melodik
töhfələri ilə
daima zənginləşdirən
yaradıcı şəxsiyyətdir.
Aftandil İsrafilov dedikdə həm də toylarımızın,
el şənliklərimizin, bayram mərasimlərimizin yaraşığı,
qarmonu ilə belə yığıncaqlarımızı
bəzəyən fəal
sənətkar yada düşür. Aftandilin rəqslərində, minbir çeşidli melodiyalarında, onun mahir barmaqlarının vurduğu xallarda, sənətkarın bədii-texniki
ifaçılıq priyomlarında
böyük bir istedad və sənət qüdrəti
özünü göstərir.
İnsana mənəvi-estetik zövq verən hər bir cəhət
tapılır Aftandil ifaçılığında.
Mənim aləmimdə, qarmonla Aftandilin görüşü
Leylinin Məcnuna, Tahirin Zöhrəyə qovuşmasının gerçəkliyə
çevrilmiş mənzərəsidir. Bu ülvi məqamda adi söz-söhbət olmur, ürəklər danışır, bir-birini
qəlb dili ilə anlayır onlar. Təsadüfi deyil ki, qarmon dedikdə Aftandil, Aftandil dedikdə isə qarmon yada düşür.
Qarmonla Aftandil bir bütövlükdür,
tamlıqdır. Kamillik
məqamı mənim
üçün həm
də qarmonla Aftandilin görüş səhnəsidir: əllər,
barmaqlar, dillər sevinir, üzlər gülür, qarmon şeyda bülbül tək şövqə gəlib eşqlə oxuyur, könül bağçamıza səsi-sədası
ilə fərəhlik
gətirir. Ürəyimizin ən xoş
sözlərindən yaranan
cümlələrdir Aftandil
çalğısı. Gah qədim dönəmlərdən
xəbər verir, gah günümüzlə
səsləşir, gah
da gələcəkdən
soraq verir.
Aftandil bu dünyaya sehirli-möcüzəli
qarmonuyla qoşa gəlib sanki. Şükürlər
olsun ki, işvə-nazlı
könül və ruh
sirdaşı olan qarmonla
Aftandil bu
dünyamızda qarşılaşdı. Bu
qovuşma sayəsinə sənət
möcüzələri yarandı, misilsiz
rəqslər xalqımıza ərmağan oldu. Milli musiqimiz
onun yaradıcılıq ilhamı ilə daha da şəkillənərək
zənginləşdi. Aftandil İsrafilov qarmon adlı
şamın pərvanəsidir. Uzun illərdir,
bu şamın əsrarəngiz şöləsində
dövr etməkdə, pünhan
və aşkar alışıb yanmaqda, cismini eşq atəşinə sevərək,
zövqlə, şövqlə təslim etməkdədir. Qarmon Aftandil üçün bir dünya - mənəviyyat dünyası, Aftandil də qarmon aləti
üçün işıqlı bir aləmdir.
Kövrək
hisslərimizin, lirik duyğularımızın tərcümanıdır
Aftandilin qarmonu. Sanki Aftandilin
sehrli barmaqları şirmayi
dillərlə bizi möcüzələr
aləminə aparır. Aftandil qarmonla görüşəndə
röyalarımız, xəyallarımız çin
olur, arzu və istəklər
gerçəkləşir elə bil. Açılmaz, çözülməz bir hikmətdir onun
çalğısı. Yaşamaq sevincidir, qurmaq həvəsi,
yaratmaq istəyi, təmənnasız xidmət
göstərmək həvəsidir bu
çalğı. Qarmonda səslənən
Aftandil qəlbinin riqqəti-təlatümüdür
ki möcüzəli səslər dünyasında
bərq vurur. Nur saçaraq hərarət verir
soyuq nisgilli qəlb
dünyamıza. Aftandil qəlbinin nisgilli səsi-sədasıdır
ki, səslənir və
sızıltılı Qarabağ naləsi,
Göyçə iniltisi, Zəngəzur həsrəti,
o taylı-bu taylı qövr
eyləyən yaramız qarmonun
imkanları ilə dil açır, dünyaya yayılır. Bu
səbəblə də onun qarmonu həm sevinc, həm
də dərd ortağıdır Aftandil üçün də, onun
milyonlarla pərəstişkarı üçün də. Onun
çalğısıyla sevincimiz
artır, qəmimiz, nisgilimiz azalır.
Aftandil
İsrafilov ifaçılığı hələ yetərincə
araşdırılmayıb və bu mövzu musiqişünaslıq elmimizin
aktual bir problemini təşkil edir. Onun
ifaçılıq məziyyətlərinin dərin
qatları, təəssüf ki, hələ
yetərincə öyrənilməyib və bunun
zamanı çoxdan yetişib.
Çünki zəngin sənətkarlıq
xüsusiyyətlərinə, öyrənilməli melodik keyfiyyətlərə malikdir
Aftandil ifaçılığı.
Böyük
söz ustadımız, Xalq şairimiz Osman Sarıvəlli necə
də gözəl deyib:
Heç əlinə alma əsa,
Yetmişində batma yasa.
Hər kim yüz
il yaşamasa,
Günüh onun özündədir.
70-i neçə il əvvəl arxada qoyub 80 yaşın astanasına gəlmiş ustad sənətkarımızı,
əfsanəvi qarmon ifaçımızı - incəsənətimizin
qürur ünvanlarından
biri olan Aftandil İsrafilovu qəlbən, ruhən təbrik edir, ona ən xoş
arzularımı ünvanlayıram!
İlqar İMAMVERDİYEV
Sənətşünaslıq elmləri dokoru,
professor,
Qaziantep Universiteti Türk
Musiqisi Dövlət Konservatoriyası
525-ci qəzet.- 2020.- 26 sentyabr.-
S.13.