Tarixçə
Jurnalist Müsəllim Həsənovun
Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə
bağlı son illər qələmə aldığı tədqiqat
və araşdırmaları, tarixi sənədlər əsasında
yazdığı ssenarilərə çəkilmiş filmlər,
televiziya verilişləri istər oxucuların, istərsə
də tamaşaçıların diqqətini çəkən
ən yaddaqalan layihələrdəndir.
Bu materiallar həm də
tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə
bağlı bir çox qaranlıq məqamlara işıq
salınması baxımından zəruri və
lazımlıdır. Müəllifin
son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi"
başlığı altında tarixin ən fərqli dönəmlərini
əks etdirən tarixçə tipli yığcam
paylaşmaları isə sosial şəbəkə istifadəçiləri
tərəfindən xüsusi maraqla izlənilir.
Bu diqqət və marağa
güvənərək həmin yazıları "525"in
oxucuları ilə də bölüşmək qərarına
gəldik. Niyyətimizi bildirəndə,
sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və
razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə
dərc olunsun.
Buyurun, oxuyun.
"525"
***
Əs-Səltənə: Neft məsələsinə
Azərbaycan məsələsindən sonra baxıla bilər
Bilirdinizmi ki, İranın baş naziri Qəvvam Əs-Səltənə
Azərbaycanda (Cənubi Azərbaycanda) muxtariyyat elan edilməsinin
İran konstitusiyasına zidd olduğu barədə sovet rəhbərliyinə
müraciət edib?
Moskvaya rəsmi
səfərə gedən və orda qalmalı olan baş nazir
Qəvvam Əs-Səltənə 1946-cı il
fevralın 27-də Xalq Xarici İşlər
Komissarlığının əməkdaşı P.Zudin vasitəsilə
sovet rəhbərliyinə məktub təqdim edir.
O, məktubda
sovet qoşunlarının İranda qalmasının və
İranın daxilində muxtariyyat yaradılmasının
İran xalqının qəlbində dostluq hisslərini zəiflədəcəyini
xüsusi
vurğulayır.
Qəvvam:
"Azərbaycan məsələsində bir daha diqqətinizi
qədim dövrlərdən İranın ayrılmaz hissəsi
olan Azərbaycanda muxtariyyat elan edilməsinə və hökumət
yaradılmasına cəlb edərək, xatırladıram ki, əvvəl
dediyim kimi, bu, nəinki İran konstitusiyasına ziddir, həm
də İranda heç bir hökumətin
qarşısını ala bilməyəcəyi çətinliklər
yaradacaq hadisədir".
Baş nazir yerli hökumət yaratmağın və
nazirlər təyin etməyin İran konstitusiyasını
sarsıtdığını bir daha xatırladır və
bildirir ki, mərkəzi hökumət yəqin yalnız bəzi
idarələrin rəhbərlərinin təyin olunması, hətta
əyalət Əncüməninin razılığı ilə
vilayətə general-qubernator təyin edilməsi prinsipi ilə
razılaşa bilər.
Azərbaycandan
daxil olan vergilər, habelə təhsil və s. məsələlər
əyalət Əncüməninin yaradılmasından sonra həll
edilə bilər.
Qəvvam
məktubunda təəssüf hissilə bildirir ki,
bütün İran vətənpərvərlərini təmsil
edən adamın (yəni özünün - M.H.) vədləri
sovet hökumətini az maraqlandırır,
nəinki ölkəmizin bütün qanunlarına zidd olaraq
yeni Azərbaycan hökuməti yaratmağa cəhd edən
azsaylı əhalinin iddiaları...
Neft məsələsinə gəlincə, ümid edirəm
ki, Azərbaycan məsələsi və qoşunların
çıxarılması öz həllini tapan kimi bu məsələ
də həll ediləcək.
Qəvvam təklif edir ki, sovet hökuməti Azərbaycan
məsələsinin həll edilməsinə və
qoşunların çıxarılmasına razılıq
versin və bununla da iqtisadi məsələlərdə, o
cümlədən, neft məsələsində əməkdaşlığımızın
əsası qoyulsun.
Məktubun
sonunda qeyd olunur ki, Sizdən cavab alan kimi mən
Tehrana uçuram və sonra danışıqlar Tehrandakı
sovet səfiri ilə davam etdirilə bilər...
Baş nazir İ.Stalinə:
"Gilanın əhalisi narahatlıq
və qorxu içindədir"
Bilirdinizmi ki, Qəvvam Əs-Səltənə Pişəvəridən
narazılığını sovet rəhbərliyinə necə
ifadə edib?
Qəvvam Əs-Səltənə fevralın 27-də Cənubi
Azərbaycanla bağlı sovet rəhbərliyinə daha bir məktub
təqdim edir.
Məktubda
deyilirdi: Şifahi danışıqlarımıza əlavə
olaraq diqqətinizi aşağıdakı məsələlərə
cəlb etmək istiyirəm:
1. Azərbaycanda
yaranmış vəziyyət anarxiya və
başıpozuqluqdan və İranın digər əyalətlərində
də oxşar vəziyyətin yaranması üçün zəmin
hazırlamaqdan başqa heç bir nəticəyə səbəb
olmayacaq.
Belə olan halda isə heç bir hökumət ölkədə
qayda-qanun və sabitlik yaratmaq məsuliyyətini öz üzərinə
götürə bilməz.
Mən Moskvaya gəlməzdən bir neçə gün
əvvəl Pişəvəri orduya
çağırış elan etmişdi. O, Azərbaycan əhalisinə
müraciət edərək, mərkəzi hökuməti
devirmək üçün Tehran üzərinə
yürüşə hazır olmağa
çağırmışdı.
2. Mən
Moskvada ali sovet rəhbərliyi ilə iki ölkə arasında
münasibətlərin yaxşılaşdırılması
barədə danışıqlar apardığım vaxt
teleqram almışam ki, silahlı Azərbaycan dəstələri
Gilan istiqamətində hərəkət ediblər, əvvəl
Haştbar, sonra isə Qarhanqurd kəndlərini tutublar.
Qəvvam məktubda vurğulayır ki, Gilanda sovet
qoşunları olduğundan azsaylı İran jandarmeriyası
müdaxilə edə bilmir, nəticədə Gilanın əhalisi
narahatlıq və qorxu içindədir.
Baş nazir bu faktları diqqətə
çatdırmaqla İ.Stalindən Gilandakı müvafiq sovet
hərbi orqanlarına göstəriş verməyi xahiş
edir ki, onlar İran jandarmeriyasının hərəkət
azadlığını məhdudlaşdırmasın və
qayda yaratmaq üçün mərkəzdən Gilana əlavə
dəstələr göndərilməsinə razılıq
versin.
İ.Stalin: "Azərbaycan az
şey tələb edir..."
Bilirdinizmi
ki, İ.Stalin İranın baş nazirini daha bir gün də
Moskvada saxlayıb ki, onun şərəfinə banket versin?
1946-cı
il martın 4-də, axşam saat 18.00-da
İ.Stalin İranın Baş naziri Qəvvam Əs-Səltənəni
ikinci dəfə qəbul edir. Görüşdə
V.Molotov və SSRİ-nin İrandakı səfiri
İ.Sadçikov da iştirak edir.
Stalin Baş nazirin Tehrana nə vaxt uçacağı ilə
maraqlanır.
Qəvvam
sabah uçmağı
planlaşdırdığını deyir.
Stalin soruşur ki, gedəndən sonra mətbuatda Moskvada
keçirilən sovet-İran danışıqları barədə
məlumat dərc ediləcəkmi?
Qəvvam bildirir ki, buna ehtiyac yoxdur, çünki
qaldırdığı problemlər elə həmin yerdə də
qalıb, heç nə həll edilməyib.
Molotov deyir ki, Qəvvamın Moskvada danışıqlar
apardığı barədə qısa məlumat vermək pis
olmazdı.
Qəvvam təsdiq edir ki, bəli, pis olmazdı.
Stalin mətn
təklif edir: "Qəvvam Stalin və Molotovla
danışıqlar aparıb və bu danışıqlar
qarşılıqlı anlaşma şəraitində
keçib".
Sonra əlavə
edir: ...və əgər Qəvvam istəsə, ora bir "həm
də dostluq şəraitində" ifadəsi artırıla
bilər.
Qəvvam razılaşır, amma
"danışıqların Tehranda davam edəcəyini"
vurğulamağı da xahiş edir.
Bundan
sonra Stalin sabah onun şərəfinə
nahar vermək istədiyini bildirir. Qəvvam
xatırladır ki, təyyarə səhər saat 8-də
uçmalıdır.
Stalin:
"Qəvvam üçün hazırlanan təyyarə sovet
təyyarəsidir, uçuşu bir gün ləngitmək
olar".
Qəvvam bununla da razılaşır.
Bir qədər
pauzadan sonra Qəvvam Stalinə deyir ki, Tehrana qayıdıb
sovet-İran münasibətlərinin möhkəmləndirilməsi
üzərində işləmək istəyir, amma təəssüf
edir ki, Azərbaycan və qoşunların
çıxarılması məsələsində heç nəyə
nail ola bilməyib.
Stalin:
"Əgər Qəvvam demokratdırsa, anlamalıdır ki,
İrana islahatlar lazımdır".
Qəvvam başı ilə təsdiq edir.
Stalin:
"Vaxtilə çar güzəştə getmədi və
hər şeyi itirdi. Lazım deyil ki, İran
xalqı özü ayağa qalxsın və islahat aparsın,
hökumət özü islahata getməlidir".
Qəvvam:
"Azərbaycan həddindən çox şey tələb
edir"...
Stalin:
"Azərbaycan az şey tələb edir, Azərbaycan məhdud
muxtariyyat tələb edir. Xarici siyasət, ordu,
dəmir yolu, pul çapı - bunlar hamısı Tehranın əlində
qalır. Bu, nə muxtariyyatdır?"
Bir qədər
pauzadan sonra Stalin deyir: Sabah axşam saat 8-də Kremldə
naharda görüşərik...
18 dəqiqə
davam edən görüş başa çatır...
İ.Stalinin S.C.Pişəvəriyə
məktubu
Bilirdinizmi ki, İosif Stalin 1946-cı ilin mayında
S.C.Pişəvəriyə xüsusi məktub göndərib?
1946-cı
il mayın əvvəllərində sovet
qoşunları İrandan tamamilə çıxarılır.
Bundan sonra İ.Stalin mayın 8-də SSRİ-nin
İrandakı səfiri İ.Sadçikova tamamilə məxfi
qrifli şifrə-teleqram göndərilir.
Teleqram səfirə
ünvanlanmış bu sözlərlə başlayır:
"Mənim bu məktubumu Pişəvəriyə oxuyun, amma
məktubu ona verməyin, bəhanə edin ki, hələ bu barədə
Sizə göstəriş verilməyib".
Bu, Stalinin qeydi idi.
Onun məktubunda
isə deyilirdi:
"Yoldaş
Pişəvəri!
Mənə belə gəlir ki, Siz istər İranın
daxilində, istərsə də beynəlxalq aləmdə
yaranmış vəziyyəti səhv qiymətləndirirsiniz.
Birincisi. Siz Azərbaycanın bütün
inqilabi tələblərinin məhz indi
reallaşmasını istəyirsiniz. Lakin indiki şərait
bu proqramın həyata keçirilməsi imkanlarını
istisna edir".
Sonra
Stalin V.Lenindən sitatlar gətirir, inqilabi şəraitin
şərtlərini xatırladır, 1905 və 1917-ci il
inqilablarına istinad edir. İranda inqilabi vəziyyətin
Rusiyadakı kimi olmadığını vurğulayır:
"İranda indi dərin inqilabi böhran yoxdur. Fəhlələr
azdır və onlar pis təşkilatlanıb. İran kəndliləri
hələ ciddi aktivlik göstərmir. İran xarici
düşmənlə müharibə aparmır"...
Bir
sözlə, İranda Leninin 1905 və 1917-ci illərdə həyata
keçirdiyi taktikanı işlətmək şəraiti
yoxdur..
İkincisi. Əlbəttə, əgər sovet
qoşunları İranda qalmaqda davam etsəydi, Siz Azərbaycan
xalqının inqilabi tələbləri uğrunda mübarizədə
qələbəyə ümid edə bilərdiniz. Amma biz onları bundan sonra İranda saxlaya bilməzdik,
başlıcası, ona görə ki, sovet
qoşunlarının İranda qalması Avropada və Asiyada
bizim azadlıq siyasətimizin əsasını sarsıda bilərdi.
İngilislər və amerikanlar bizə deyirdilər ki, əgər
sovet qoşunları İranda qalırsa, niyə ingilis
qoşunları Misirdə, Suriyada, İndoneziyada,
Yunanıstanda, Amerikan qoşunları isə Çində,
İslandiyada, Danimarkada qalmasın. Ona görə də biz
qoşunlarımızı İrandan və Çindən
çıxarmaq qərarına gəldik ki, ingilislərin və
amerikanların əlindən bu silahı alaq.
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2020.- 26 sentyabr.-
S.12.