Hökm... şeytanındır  

 

(Esse)

 

Sakit olun, tələsməyin, başlığı oxuyub içinizi narahat fikirlər, yersiz qəzəb doldurmasın. Söhbətə yeni başlayırıq hələ, qarşıda sizinlə paylaşacaq çoxlu fikirlərim var. Yaxın oturun, dərdləşək...

Ağlım kəsəndən böyüklərdən bu sözləri eşitmişəm: "Qəlb qırmaq olmaz, çünki qəlb Allaha məxsusdur". Sonralar buna bənzər misalların, atalar sözlərinin siyahısı uzandı, insanlarla ehtiyatlı davranış, sözlə incə rəftar elə həyat tərzimə çevrildi.  Düşündüm ki, "bir qəlbi tikə bilmirəmsə, niyə uçurum?!." Bir hekayə oxudum bir dəfə, rus hekayəsi (nədənsə müəlliflər yadımda qalmır), amma elə eyni məntiqli bir nağılvari söhbəti uşaq yaşlarımda anamdan eşitmişdim. Qısa deyim ki, bir kişi Allaha yalvarıb onu evinə qonaq çağırır. Yaradan da razılıq verir, vaxt, saat da təyin edir. Adam evində yaxşıca hazırlıq görür, süfrə açır deyilən vaxtda qapı döyülür. Gələn isə köhnə, nimdaş libasda bir dilənçi! Adam bərk qəzəblənir dilənçini qapıdan qovur ki, get, bir azdan Allah bizə qonaq gələcək... Beləcə, sübhə kimi gözləyir, qonaq isə gəlmir, namaz üstə Allaha gəlmədiyi üçün şikayət edir səbəbini soruşur. Yaradan hər zaman sözünə sadiq olduğunu, bura da dilənçi libasında gəldiyini, amma qovulduğunu söyləyir... Yadımdadır, anam həmişə qapımıza gələn kim olur-olsun, diqqət göstərər, pay da verər, üstəlik, aclığı-susuzluğu ilə maraqlanardı, bu, xurafat deyildi, heç dindarlıq da deyildi, sırf qəlb tikmək məsələsi idi!

İmamlarımızdan biri belə buyurub: "Qəlb ya ağıl Allahın hərəmidir. Ona görə Allahdan qeyrisinə ora yol vermə". Son bir neçə gün ərzində dalbadal baş vermiş dəhşətli intihar qətl hadisələri sanki tutub silkələdi məni, işıq düşməyən hüceyrələrimi oyatdı, həyəcana gətirdi. Cavan, gənc bir oğlan yaşadığım rayonda özünə qəsd edərək dünyasını öz xoşuyla dəyişdi. Ölkənin fərqli rayonlarında birlikdə yaşamağa xitam verərək məhkəməyə ərizə verən iki qadın əri tərəfindən həyatına qəsdlə üzləşdi, birinin həyatını xilas etmək mümkün olsa da, digəri aldığı çoxlu sayda bıçaq zərbəsindən dünya ilə vidalaşmalı oldu. Nəticədə üç uşaq ikitərəfli yetim qaldı. Səbəb nədir, bu qədər qəddarlıq hardandır dünən ayrı yaşaya bilmədiyini bəyan edərək bəzən heç böyüklərini belə  dinləməyib evlənən gənclərdə? Doğrudanmı ruhunu iblisə təslim etmiş, qəlbinin qapılarını şeytana açmışdır? Qəzəb mərhəmət kimi insani hissdir, fərdidir orijinaldır, o da təbii olanda ziyansızdır, Həzrət Əliyə görə, ən müdrik insan qəzəbinə qalib gələn insandır.  Qəzəb üzə çıxmalı, necə deyərlər, bir növ zərərsizləşdirilib sönməlidir. İnsanlar qəzəblidir, sanki onların daxili qəzəb qəbiristanıdır, orda "çoxlu qəzəb boğub basdırıblar". Qəzəb isə içəri vurarsa, daxili qanaxma kimi nəticəsi çox pis ola bilir, bax elə bu son hadisələrdə olduğu kimi. Qabillə Habilin arasında yaranan Qabili qatil edən qəzəb kimi!

Qəzəb hirs insana "özünü müdafiə haqqı qoruması üçün" Allah tərəfindən verilmişdir. Amma eyni zamanda, İmam C.Sadiq : "Qəzəb (hirs) hər bir şərin (pis əməlin) açarıdır". Hisslərin tamaşasında həddi aşmaq olmaz, bütün hisslər elə sevinc, şadlıq, bəxtəvərlik . s. daxil olmaqla qədərində olmalı, əndazə gözlənməlidir. Hər şey öz təbii halında gözəldir, əndazəni keçən sevgi ziyandır.

İnsan qəzəblənən zaman ağlı, düşüncəsi öz hökmünü itirir, danışdıqlarına, dediyi söz ifadələrə, etdiyi hərəkətlərə cavabdeh ola bilmir. Belə vaxtlarda sanki insanın içindəki şeytan taxta çıxaraq müvəqqəti şahlıq əldə edir. Qəzəbin verdiyi acı nəticələr saysızdır, sonradan gətirdiyi peşmanlıqlar isə faydasız.

Kəndimizdə bir qadın yaşayır, indi yaşlansa da, etdikləri yaddaşlarda közərir hələ. Bu qadın ərinin ikinci arvadı idi, kişinin birinci həyat yoldaşı dünyasını dəyişmiş və bir oğlu qalmışdı. Qadın uşaqla çox qaba davranır, döyür, söyür, hətta fiziki işgəncələr verirdi. Kişi isə susurdu, camaatın qınağına da heç bir reaksiya vermirdi. Sonra qadın özüdünyaya dörd övlad gətirdi, amma yetimlə heç vaxt yola getmədi. Deyirlər, yetimin ahı yerdə qalmaz, bu anasız yetim oğlan böyüdü, evdən getdi və evləndi də, amma bir gün qadının öz oğlu düşdüyü vəziyyətdən çıxış yolunu intiharda gördü...

Qəzəb də sevgi, nifrət, kədər, sevinc, mərhəmət kimi emosiyadır,  emosiya insanı bir haldan başqa bir hala düşürür. Sevinc və şadlıq hissini ifadə etdiyi kimi, insan qəzəbini də ifadə etməyi öyrənməlidir. Əgər bunu bacarsa, qəzəb mərhəmətə çevrilə bilər, çünki qəzəbin tərsi elə mərhəmətdir.

Hər ölkənin mədəniyyəti, adət-ənənələri əlbəttə ki, fərqlidir. Dünyanın hər yerində insanlar eynidir, yəni eyni hiss, həyəcan, emosiyalara sahibdir. Hər yerdə evlənmə kimi boşanmalar da baş verir, başqa ölkələrdə ər-arvad ayrılsalar da, dost qala bildiyi halda, bizim ölkəmizdə  boşanma zamanı əksər tərəf-müqabillər (əsasən kişilər)  həyat yoladşının ayrılıq qərarını heç normal qarşılaya bilmir. Qarşılıqlı anlaşa, evlilik daxili yaşanan problemləri üz-üzə əyləşib çözə bilməyən cütlüklər gec, ya tez ailə dramı ilə üzləşməli olur. Ailədə ən çox söz-söhbətə yol açan mübahisəli məsələlərin başlıca səbəblərindən biri tərəflər arasında yaranan patoloji qısqanclıq hissidir. Əsasən əri tərəfindən hətta telefon danışıqlarına qədər izlənilən qadınlar dözməyib ayrılmaq qərarı verir. Çox vaxt "mərdi qova-qova namərd edən" kişi isə yaxşı halda gücü yetdikcə bunun reallaşmasına mane olmağa çalışır, qarşı tərəfi bu, ya da başqa şəkildə incidir, ortada uşaq da varsa, məsələ bir az da qəlişləşir. Pis halda isə xoşluqla məsələni həll edə bilməyəndə öldürməkdən belə çəkinmir... Dəhşətdir bu!

Bu məsələlərlə dövlət qurumları səviyyəsində iş aparılsa da, yetərincə qadın və uşaqların təhlükəsizliyini təmin edən sığınacaqlar, psixoloji mərkəzlər fəaliyyət göstərsə də, vəziyyət dəyişmir. Deməli, hələ çox görməliyik, müvafiq uyğun qurumlar tərəfindən qadınlar arasında davamlı sosial-psixoloji söhbətlərin aparılması  təmin edilməli, ən əsası isə dəyişməyə öz içimizdən başlamalı, beynimizi gücləndirməliyik.

Sözümü ingilis filosofu Devid Yumun sözləri ilə bitirmək istəyirəm: "Müdriklik məbədi qayalar başında, tufan və qasırğadan, qəzəb və nifrətdən çox-çox yüksəkdə yerləşir. O qədər yüksəkdə ki, ildırımlar belə ondan aşağıda çaxır və ən dəhşətli insan qəzəbləri də ona çata bilmir..."

 

Şahnaz Şahin

 

525-ci qəzet.- 2020.- 29 sentyabr.- S.15.