Təhsil və cəmiyyət mədəni-intellektual
inkişaf müstəvisində
Cəmiyyət
ilə məktəb fərqli baxışlara malik ola bilməzlər,
cəmiyyətin inkişafı məktəbdən
asılıdır. Bütün
dövrlərdə təhsil cəmiyyətin aparıcı,
strateji qüvvəsi olub.
Təhsil cəmiyyətin inkişafında müstəsna
əhəmiyyətə malikdir, təhsil almadan, insan cəmiyyətinin
yaranışı, təkmilləşməsi,
formalaşması qeyri-mümkündür. Məktəb
sabahkı cəmiyyəti yetişdirir, cəmiyyət də
buna adekvat olaraq onun bu günü və gələcəyi barədə
düşünməlidir. O cəmiyyət udur ki, məktəbə
çox böyük önəm verir, onu özünün
fövqündə saxlayır.
Məktəb
rəhbərlərinin səmərəli fəaliyyətini təmin
etmək məqsədilə onlar üçün peşə
standartları əsasında təlimlərin keçirilməsində
məqsəd təhsilin keyfiyyətinin, məktəb
direktorlarının idarəetmə səriştəliliyini
artırmaq, onları məktəblərdə nazirlik
üçün prioritet olan hədəflərə
çatmaqda əsas menecerlərə çevirmək və
ümumilikdə məktəb idarəetməsinin səriştəli,
bilikli kadrlar tərəfindən həyata keçirilməsinə
nail olmaqdan ibarətdir. Özünüidarə
o demək deyil ki, məktəb direktorları bu və ya digər
şəkildə hər şeyi özləri etməlidirlər.
Burada söhbət qanunvericilik çərçivəsində
fəaliyyət göstərməklə səlahiyyətlərin
artırılmasından gedir. Səlahiyyətlərin
artırılması isə öz növbəsində daha
yüksək cavabdehlik və hesabat vermə tələb edir.
Səlahiyyətlər aşağı
olduğuna görə məktəb rəhbərliyi nəticələrə
görə cavabdehlikdən boyun qaçıra bilir və
"idarəetmə məsələləri səlahiyyətimdə
olmadığından, nəticəyə də mən məsuliyyət
daşımıram" deyir.
İdarəetmənin keyfiyyətinə müsbət təsir
göstərən "məktəb-valideyn" əlaqələrinin
tənzimlənməsi sahəsində də vəziyyət qənaətbəxş
deyil. Hətta Valideyn-Müəllim Asossiasiyalarının
təsis edilməsi də bu sahədə nəzərəçarpacaq
dəyişikliklər edə bilməyib. İnkişaf
etmiş ölkələrdə valideynlər məktəbin
idarə olunmasında iştirak edirlər. Bu qurum idarəetmədə əsas amil hesab olunur və
məktəb rəhbərliyi onları doğru-düzgün
istiqamətə yönəltməlidir. Təhsil sistemində,
xüsusilə məktəbin idarə olunmasında direktor
valideynlərin iştirakına geniş yer verməli,
onların arzu-istəyini, tələblərinin mümkün
olanını nəzərə alaraq həyata keçirməli,
dərslərdə əyləşməsinə şərait
yaratmalı, "açıq qapı" günlərini təşkil
etməli, onları dəyirmi masalara dəvət etməli,
anket sorğular keçirib şagirdlərin, müəllimlərin
müxtəlif məsələlər, problemlər barədə
fikirlərini öyrənməlidir. Bunlar da
şagirdlərin düzgün təlim-tərbiyəsinin təşkili
və formalaşmasına təsirsiz ötüşmür.
Rəhbərlik üslubu sahəsində aparılan tədqiqatlar
mahiyyətcə mübahisəli xarakter daşıyır, idarəetmədə
kollegiyallıq prinsipinin gözlənilməsi demokratik dəyərlər
baxımından əvəzsizdir. Mütləq məktəblər
fəaliyyətinə bu günün tələbləri
gözü ilə baxıb, onda dəyişiklik etməlidirlər,
hətta qoyulan məsələlərin də cəmiyyət
üçün çıxarılmasını bəzən
bir lüzum da görünür, ehtiyac hiss olunur. Cəmiyyət üçün məktəbdə
baş verənləır maraqlıdır, pedaqoji şuralar cəmiyyətin
bu marağı istiqamətində bəzi məqamlara diqqət
yetirməlidirlər.
Gənc müəllimlərə rəhbərlik öz
bacarıq və qabiliyyətlərini göstərmək
üçün pedaqoji-psixoloji mühit yaratmalıdır,
onların açıq dərslərini təşkil edərkən
qarşılıqlı dərsdinləmə yolu ilə
bir-birinin əməkdaşlığına zəmin
yaradır, aralarında işbirliyini formalaşdırır. Direktorun ən
ümdə bir arzu-istəyi də o olur ki, məktəbdə
yaxşı müəllimin özünəməxsus nəfəsi,
duyumu, dəsti-xətti görünsün. O, dərsi
dinlənilən müəllimlə ən əvvəl fərdi
söhbət edir, imkanı çatan metodik və pedaqoji
tövsiyə xarakterli ədəbiyyatla onları tanış edir.
Əvvəllər müəllimin işə qəbulu
bir məktəbdən digərinə köçürülməsi
işini direktorlar aparırdı. Ancaq bu sahədə o qədər
neqativ hallar baş verdi ki, nəticədə
Təhsil Nazirliyi işə qəbulu mərkəzləşdirilmiş
qaydada keçirməyə məcbur oldu. Hesab
edirəm ki, gələcəkdə bu səlahiyyətlər
ya yenidən məktəb direktorlarına verilməli, ya da
müəllimin işə qəbulu, qiymətləndirmə
sahəsində vasitələrin hazırlanması və digər
məsələlər başqa bir qurum tərəfindən mərkəzləşdirilmiş
qaydada həyata keçirilməlidir. Kadr məsələsi
konkret olaraq məktəb rəhbərliyinin səlahiyyət
dairəsində olunması üçün düzgün, ədalətli
formatda təqdimat olmalıdır. İşə
qəbulla bağlı bəzi ölkələr lisenziyalar tətbiqinə
üstünlük verir, 3-5 ildən bir imtahan verib onu yeniləşdirirlər,
bu lisenziyalar üzrə əmək haqqı müəyyənləşdirilir.
Müəllim
dərsə hazırlıq prosesində bütün daxili
imkanlarından istifadə etməli, tədris materialları
üzərində aparılan işi məqsədəmüvafiq
ardıcıllıqla yerinə yetirməli, hər dərsə
qabaqcadan ciddi hazırlaşmalı, öyrətməyin
yollarının, üsullarının, metodlarının
düzgün tətbiqini təmin edən texnologiyaları mənimsəməli,
pedaqoji prosesin bütün incəliklərini öyrənməklə
bərabər, o, eyni zamanda, öz təcrübəsini həmkar
yoldaşları ilə də bölüşüb onların
pedaqoji ustalığının təkmilləşməsinə
kömək göstərməlidir.
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsinə
yönəlmiş tədbirlər müəyyənləşdirilir,
müasir təlim metodları, yeni pedaqoji texnologiyalar və
innovasiyalar tətbiq edilir. Hələ maddi baza
şagirdin yaxşı oxuması üçün əsas
deyil, əsas məsıələ müəllim kadrların
yetişməsidir. Müəllim təkcə
şagirdə bilik öyrətmir, həm də onda xarakterin
formalaşmasına kömək edir. Hazırda
ümumtəhsil məktəblərində işləyənlərin
80-90 faizi qadınlardır. Bu cəhət
gələcəkdə oğlanların psixikasında müəyyən
problemlər yaradır ki, bu problemlərin rüşeymlərinin
məktəbdə, cəmiyyətdə hiss edirik.
Müəllimin potensial bilikləri ilə yanaşı,
onun peşəkarlığı da çox vacib olan bir şərt
kimi dəyərləndirilir. Səriştəli
olmaq, apardığı pedaqoji işi böyük ustalıqla
həyata keçirmək zəruri keyfiyyətlərdən
hesab olunur. Müasir müəllim klassik təcrübəyə
söykənməklə, eləcə də qabaqcıl təcrübələr
əsasında işini qurmaqla yanaşı, həm də
zamanın müasirlik aynasında özünü görə
bilməli, istiqamətlərini müəyyənləşdirməyi
bacarmalıdır.
Cəmiyyətdə
belə bir yanlış təsəvvür
yaranmışdır ki, əgər hər hansı bir şəxs
müəllimlik diplomu alıbsa, lap pis işləsə belə,
onu bu peşədən heç vəchlə
uzaqlaşdırmaq olmaz. Belə
çıxır ki, biz müəllimin təminatı xatirinə
onun səmərəsiz fəaliyyətinə göz yumuruq.
Müəllimlərin attestasiyadan keçmə
məsələsi çoxdan yetişib. Reytinqin
hesablanması da çox ağrılı qaydalardır. 200 mindən çox müəllimin attestasiyasını
nazirlik təkbaşına keçirə bilərmi?
Xarici ölkələrdə isə diplomu alandan sonra müəllimin
peşəsi üzrə işləmək üçün
minimum 1 il müddətində əlavə
müəllimlik peşəsinin sirləri ilə bağlı
tədris keçilməli və sertifikat
alınmalıdır. 5 ildən bir bu məsələ
təkrar olunur. Təəssüf ki, bizdə
bunu eləmək hələ mümkün deyil.
Bütünlüklə təhsil sistemində
islahatların keyfiyyəti və səmərəliliyi, ilk
növbədə pedaqoji kadr hazırlığı sahəsində
aparılan islahatlarla xarakterizə olunur. Hal-hazırda
təhsilə verilən əsas tələblərdən biri
şəxsiyyət yönümlülük və nəticə
yönümlülükdür. Müasir cəmiyyət
tələb edir ki, şəxsiyyət öz peşəsinə
dərindən yiyələnməklə yanaşı, həm
elmi cəhətdən məlumatlı, əməyə,
yaradıcılığa hazırlıqlı və mənəvi
cəhətdən zəngin olsun. Pedaqoji kadr hazırlayan
ali məktəblər və kolleclər
yeni tədris planlarının tərtib olunmasında, habelə
təlim-tərbiyə işinin təşkilində müasir
tələblərə cavab verən müəllimin
formalaşdırılmasını qarşıya məqsəd
qoymalı və mütəxəssislərin bütün
potensialı həmin məqsədin həyata keçirilməsinə
yönəldilməlidir.
Repetitor təhsili orta məktəblərdə tədrisin
vəziyyətinin aşağı düşməsi
hesabına yaranıb. İndi valideynlər hətta ibtidai təhsildə
övladlarına repetitor tuturlar. Belə
olan surətdə fikirləşməyə əsas var ki, məktəb
getdikcə öz keçmiş dəyərini və mahiyyətini
itirməkdədir. Əgər məktəblərdə
tədrisin səviyyəsi qaldırılsa, müəllimlər
bütün şagirdlərə eyni vəziyyətdə
yanaşsalar, onda repetitor təhsilinə ehtiyac qalmaz. Ən əvvəl müəllimin vəziyyətini,
onun durumunu inkişaf etdirmək qayğısına
qalınmalıdır.
Azərbaycanda dərslik yazmaq təcrübəsi gec
formalaşıb. Dərsliklərin dili xeyli sadələşdirilib,
mövzu seçimi və şərhlər aktuallaşıb,
şagirdlərin mövzunu mənimsəməsi
asanlaşıb. Amma bəzən dərs
saatları mövzulara uyğun gəlmir, proporsiya itir,
mövzu ağır olduğundan çətin mənimsənilir,
şagirdlərin ədəbi təfəkkürünün
inkişafı üçün məqsədəmüvafiq
pedaqoji strategiya və taktika işlətməyə imkan vermir
və sair. Bu neqativ cəhətlər təəssüflər
olsun ki, bütün dərsliklərdə bu və ya digər
dərəcədə olur.
Müasir tələblərə cavab verən müəllimin hazırlanması üçün ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi işlərin aparılması aktual məsələdir. Bu, gələcək müəllimlərin təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm amillərdəndir. Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində fənn proqramları ümumtəhsil sistemində həyata keçirilən islahatların müxtəlif istiqamətləri baxımından işlənməli və gələcək müəllimlər praktik xarakter daşıyan təlim proqramlarından yararlanmalıdırlar.
Dərslərimizi
kompütersiz, müasir tələbləri özündə cəmləşdirən
əyanilik olmadan təsəvvür etmirik. Texniki
avadanlığı və zəngin əyaniliklərin
hazırlanmasına şagirdləri və onların valideynləri
cəlb olunmalıdır. Uşaqlar yeni informasiya
dünyasında yaşayırlar və məktəblərin
maddi-texniki bazasının hazırlığından
asılı olmayaraq məktəblilər artıq müstəqil
hərəkət edirlər. Kompüterlər
dinamik təlim vasitəsi olub şagirdlərə həyatla
bağlı olan interaktiv öyrənmə təcrübələri
təmin edir, bu o demək deyil ki, sinifdə istifadə olunan
bütün vasitələr ona
uyğulaşdırılmalı, ona tabe olmalıdır.
Bütün təhsil pillələri üçün İKT
üzrə proqramlar hazırlanıb, distant təhsil üzrə
ilk eksperimentlər aparılmağa başlanmışdır.
Təhsil portalının informasiya resursları
formalaşmaqdadır.
Təcrübə
göstərir ki, tədris prosesində fəndaxili və fənlərarası
inteqrasiyanın təmin edilməsi bilik və
bacarıqların şsgirdlər tərəfindən daha asan
mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu
qurulması, uşaqlarda tədqiqatçılıq meyllərinin
yaranması üçün vacib şərtdir.
Müasir dərs elə qurulmalıdır ki, təkcə şagirdlərin hafizəsinə deyil, onların təfəkürünə təsir göstərsin, həmin fənn şagirdlərin idrak fəaliyyətinin inkişafında mühüm rol oynasın, inkişafına nail olunsun. Təhsilin yalnız məzmununu dəyişdirmək kifayət deyil, daha çox tədris metodlarına təsir edən dəyişikliklər etmək lazımdır.
Möhsüm
ALIŞOV
Pedaqogika üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2020.- 29 sentyabr.-
S.14.