Mənim hekayəm
Bir gün ailəmlə dəniz sahilinə gəzintiyə
çıxmışdıq. Sahildə gəzə-gəzə
göy ləpələrə
baxır, onun şahə qalxmasına heyran olurdum. Saatlarca ona tamaşa etməkdən yorulmurdum.
Bu sevgini duymamaq mümkün deyildi və Dəniz sevgimə qarşılıq
verdi. Hər gün
onun görüşünə
gəlirdim. Mən heyranlıqla
ona tamaşa edir, o isə özünü mənə
göstərərək dalğalanırdı.
Bu sevgi illərlə
davam etdi. Yay aylarında
harasa getsəm də, çalışırdım
dənizi olan ölkə olsun. Sübh tezdən gecə yarıya kimi yanında olub saatlarca söhbət edirdim. Ondan doymurdum.
Amma bir gün dəhşətli
hadisə baş verdi. İsti yay
günlərindən biri
idi. Uşaqlarımı Dənizin gözəlliyinə,
nəcabətinə, təkkəbürünə
tamaşa etməyə
gətirmişdim.
Dəniz uşaqları həmişəki
xoş gülüşü
ilə qarşıladı. Onlarla oynayır,
əylənirdi. O hadisə
necə baş verdi, indi
də tam xatırlaya bilmirəm. Bircə onu bildim ki, illərdir dəli kimi aşiq olduğum Dəniz bircəcik oğlumu məndən almaq istəyir. Üzməyi
bacarmadığım halda
övlad sevgisi məni dalğaların ortasına atdı. Zor gücünə oğlumu
Dənizin "qollarından"
qoparıb sahilə çıxartdım.
Çox sonra Allahın köməyi ilə oğlum özünə gəldi və təzədən mənə
qayıtdı. Amma mən Dənizdən
qırıldım. İllərimi
verdiyim Dəniz məni "can evimdən"
vurdu. Onunla barışa bilmirdim,
yalvarışları mənə
mənasız gəlirdi. Ürəyimə hakim kəsilib onu
özümdən uzaqlaşdırdım.
Bir daha onun ziyarətinə
getmədim. Yalnız onu
yuxularımda görür,
saatlarca danışır,
niyə mənə xəyanət etdiyini soruşurdum. O isə
susurdu. Bu susqunluq
içimə bir boşluq gətirirdi.
Daha əvvəlki vaxtlar kimi ağlayıb, nisgil çəkmirdim.
"Zaman hər
şeyin dərmanıdır"
deyənlər necə
haqlıdır. Bir gün
ayıldım ki, artıq Dənizə qarşı heç nə duymuram. Nə sevgi, nə nifrət, nə də ikrah. Yalnız ucsuz-bucaqsız boşluq
var.
Bu boşluqla uzun
müddət yaşadım. Lakin mən
Sevgiyəm. Ürəyi
boş ola
bilmirəm. Bu ülvi
hiss üçün həmişə
ürəyim çırpınıb.
İllərimi Dənizə verdiyimə
görə Allahın
yaratdığı bir
möhtəşəm yaradılışı
- Dağı görməmişdim.
İlahi, bu nə möhtəşəmlikdir!
Həmişə bilmişəm dağlar
İlahinin yaratdığı
bir möcüzədir.
Təmizlik, gözəllik simvoludur.
Lakin sevgim olmayıb.
İndi isə bu yaşımda
15 yaşlı qız
kimi Dağa aşıq oldum. Ağlımı aparmışdı. Onu görməyəndə
xəstə düşüb,
özünə qapanırdım.
Öz təmkini
ilə sevgimə cavab verən Dağ məndə güvən, arxayınçılıq
yaratmışdır. Onun əzəmətinə,
vüqarına baxıb
daha da aşiq
olurdum. Yanında özümü dünyanın
ən güclü qadını hesab edirdim. Ağır xasiyyəti, təmkini,
sərtliyi ilə mənim kimi şıltağı ram edə
bilmişdi. O qədər
xoşbəxt idim. Sadəcə
bir səhvim mənə baha başa gəldi.
Bir dəfə təsadüf nəticəsində meşə
ilə tanış
oldum. Onun gözəlliyi, cənnət
ətri məni valeh etdi.
Aşiq olmamışdım, sadəcə,
gözəlliyinə məftun
olmuşdum. Günlər keçdikcə bu
gözəllik məni
özünə bağlayırdı.
Onun göz oxşayan çəmənliklərində oturub füsunkar gözəllikdən məst
olurdum.
Lakin Dağa
olan sevgim qəti sönmürdü,
əksinə, günbəgün
daha da artırdı. Adi günlərdən
biri idi. Ürəyim
çırpına-çırpına onun görüşünə
gəlmişdim. Uzun ayrılıqdan
sonra ona qovuşacaqdım. Günlərdir görüşümüzü təsvir edirdim. Onun vüqarlı duruşu, ciddi üzü, sərt baxışı, amma bu sərtliyin
altında da tükənməz sevgi dolu gözləri bütün bədənimi
lərzəyə gətirirdi. İlahi, necə xoşbəxt
idim. Qismətim belə gözəl
idi.
Görüş yerinə yaxınlaşdıqca
ürək çırpıntılarım
çoxalırdı.
- Bəli, bəli, lap az qalıb.
Sus, ürəyim, sus. Sus ki, ayaqda durmağa
taqətim olsun.
Yaxınlaşırdım. Bu da son. Uzun müddətli həsrətə
son qoyulacaqdır. Boyuna qurban
olduğum, arxam-dəyağıma
qovuşacaqdım.
Qollarımı açıb ona tərəf yüyürdüm. Sərt olsa
da, məni görəndə gülən
gözlərini görəcəkdim.
Və... Bu nədir?
Niyə?
Nə etmişdim? Günahım nədir?
Tam yaxınlaşanda, özümü onun qollarına atmaq istəyəndə ikrah dolu baxışlarını
gördüm. İlahi, bu, necə
iztirablı baxış
idi?
Dağ məni
necə itələdisə,
ayağım büdrəyib
yıxıldım. Sağ ayağımda güclü
ağri hiss etdim. Ayağım
sınmışdır. Dağ ağrılar içində
qıvrıldığımı görsə də, kömək etmədi.
Sadəcə nifrət dolu
baxışlarla baxırdı.
Sevgi budurmu? Sevdiyin nə
qədər səhv etsə də, ona bu qədər
əzab vermək olar? Xeyr.
İllərimi verdiyim, canımdan çox sevdiyimdən bu hərəkəti gözləmirdim.
Aylarla yataqda qaldım və bu müddət ərzində səhvimi axtarırdım. Mən ona xəyanət
etməmişdim. Sadəcə, gözəllik qarşısında
heyranlığımı bildirmişdim.
Doğrudan da, meşə
bu heyranlığa layiq idi.
Onun içini
nə qədər qısqanclıq, qəddarlıq,
nifrət hissi bürüsə də, mən onu yenə
də əvvəlkindən
çox sevirdim.
Ayağa qalxıb ilk addımları
atacağım günü
xəyal edirdim. O gün
gəlib çatdı.
Uzaq məsafəni qət edib Dağın görüşünə getdim.
Məni görərkən
rənginin qaçması,
baxışlarındakı sevgi mənə güc verdi.
Bütün həqiqəti ona söylədim. Bu dünyada ancaq onu sevdiyimi,
tək sevgi deyil, qürur duyduğumu, səcdə etdiyimi dedim.
Göz yaşları
içində, səmimi
söylədiyim sevgi sözlərim onun ürəyindəki buzları
əritdi. Mənə yaşatdığı acılara görə üzr istədi. Və mən onu bağışladım.
Dənizdən fərqli olaraq
yaşadığım acıları
həmən unutdum.
O hadisədən illər keçsə də, bunun səbəbini özüm üçün
açıqladım. Dənizə mən heç nə etməmişdim.
O, məni "can evimdən"
vurmuşdur. Dağ isə həqiqəti
öyrənmədən, qısqanclıqdan
mənə fiziki ağrını yaşatmışdır.
Amma bu ağrılarda yer-göy arası fərq vardır. Ürəyə saplanan ağrı
unudulmur, sevgin nə qədər böyük olsa da.
Sevgilim haqqında
nə qədər yazsam azdır. Onun insanlığa
verdiyi töhfələr
sonsuzdur.
Bəzi dağlar insanların məskunlaşması və
yaşayışı üçün
əlverişli olur. Belə dağlar
yolları çəkmək,
sənaye obyektləri
tikmək, kənd təsərrüfatı məhsulları
yetişdirmək, eləcə
də turizm üçün əlverişli
olur. Belə dağlar insanların
gəlişinə sevinir.
Elə dağlar var ki, sanki qəsdən
insanları yaxına buraxmaq istəmirlər.
Əgər bütün dağlar
insan yaşayışı
üçün əlverişli
olsaydı, insanlar düzənliklərdə törədiklərini
dağlarda da törədərdilər. Bununla da dağların təmizliyinə, bakirəliyinə
son qoyulardı. Yaxşı ki,
dağlar hər istəyəni yaxına buraxmır. Bunun üçün onun əlində müxtəlif imkanlar vardır. Onların həyat qanunlarını
pozanları ağır
cəzalandırır. Heç təsadüfi deyil ki, alpinistlərin, turistlərin bu qanunları pozmaq istəyənlərinə dağlar
ölüm hökmü
verir.
İnsanlar istənilən dağı
fəth etmək üçün dəridən-qabıqdan
çıxırlar ki,
onu özlərinə
təslim etsinlər. Yüksək xərclə dağların
döşünü partlatmaqla
yol çəkirlər,
faydalı qazıntılar
axtarmaq məqsədi ilə dağları yaralayırlar, evlər, obyektlər tikirlər.
Mənim sevgilim - Dağlar isə çox kinlidir. İnsanlardan
intiqamını alır
- çəkilən yollar
uçqunlarla bağlanır,
yollarda sürüşmələr
yaranır.
Dağlar canlıdır. Sevgini duyur və sevgiyə qarşılıq
da verir. Onu sevənə sonsuza qədər sadiq qalır.
Mən də bu xoşbəxtçiliyə
layiq olan insanlardanam. Dağı sonsuz sevgi ilə sevir, o da məni sevir,
qoruyur, uca tutur. Sadəcə bu sevgiyə
görə Allahıma
çox minnətdaram.
Mən ən qüdrətli, ən əzəmətli Yaradılışa aşiqəm.
Sevgilim haqqında Qurani-Kərimin Loğman surəsinin 10-cu ayəsində
deyilir: "... yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş..." Bununla da xoşbəxtəm
ki, sevgilim dünyanı qurtarır, insanların xilaskarıdır.
Təkəbbürlə deyirəm
ki, sevgilim - Dağlar olmasaydı, onda yerdə həyat indikindən fərqlənərdi və
Qurani-Kərimdə deyildiyi
kimi, yer bizi yırğalayardı.
Böyük qürur hissi ilə deyirəm: Dağlardan gözəl yalnız Dağlardır.
Kəmalə
YUSİFOVA
525-ci qəzet.- 2020.- 29 sentyabr.-
S.13.