Povest janrının dəyərli nümunələri

 

YAZIÇI NAĞI NAĞIYEVİN YARADICILIĞINA BİR NƏZƏR

 

Əxlaqi-didaktik əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən müəlliflərdən olan Nağı Nağıyevin həyat və fəaliyyəti Naxçıvan (1910-1951) və Bakı (1951-1981) ilə bağlıdır.

1951-ci ildə ailəliklə Bakıya köçən Nağı müəllim uzun müddət “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin müdiri və böyük redaktoru vəzifələrində çalışıb. Onun Naxçıvandan başlanan yaradıcılıq yolu Bakı ədəbi mühitində daha da genişlənir, zənginləşir. Ədibin bir-birinin ardınca kitabları nəşr olunmağa başlayır. Belə ki, 1954-cü ildə "Yer altında" (povest), 1956-cı ildə "Nişanə" (hekayələr), 1959-cu ildə "Sumqayıtda" (oçerklər), 1961-ci ildə "İki tale" (hekayələr), 1965-ci ildə "Həsrət" (roman), 1966-cı ildə "Yaralı qız" (hekayələr), 1967-ci ildə "Seçilmiş əsərləri", 1974-cü ildə "Qaranlıq qovuşanda" (roman) kitablarının çapdan çıxması ədibi geniş oxucu kütləsinə tanıdır və sevdirir. Yaradıcılığa hekayə janrı ilə başlayan ədibin sonralar  "İki tale", "Nişanə", "Ovçunun xatirəsi", "Ata dərdi" "Paxıllıq" kimi hekayələri son dərəcə əhəmiyyətli məsələləri özündə ehtiva edir.

Romanlarında dövrünün aktual məsələlərinə toxunub. "Həsrət" romanında da əsas mövzu kənd təsərrüfatıdır. Burada Cəlil Gülnar, Dilşad kimi maraqlı sürətlər yaradıb.

"Qaranlıq qovuşanda" romanında isə əsas mövzu tikinti trestində baş verən cinayət hadisəsidir. Ədib bu hadisənin fonunda cəmiyyətdəki neqativ hallara öz baxış bucağını sərgiləyir.

Nağı Nağıyevin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Bu baxımdan onun keçən əsrin 60-cı illərində qələmə aldığı "Püskürən dərə" oçerki xüsusilə diqqəti cəlb edir. Bu əsərdə Culfa rayonu ərazisindəki Darıdağ mineral su yataqlarının öyrənilməsi, onun xalqın rifahı üçün istifadə olunması məsələləri işıqlandırılıb. İkinci Dünya müharibəsindən sonra Naxçıvan ədəbi mühitinin poeziya qolundan fərqli olaraq nəsr qolu zəif inkişaf edib. N.Nağıyev ədəbi qüvvələrin rəhbəri kimi bu boşluğu doldurmağa səy göstərib.

1954-cü ildə "Yer altında" povestini qələmə alır. Naxçıvanın bəşəri möcüzəsi hesab edilən əsrarəngiz Duzdağı və buradakı həyat yazıçının "Yer altında" adlı povestində bədii məqsədə çevrilib. Burada insanların çəkdiyi zəhmət, halallıq uğrunda mübarizə, ictimai fayda naminə çətinliklərə sinə gərmək məhz bu əsərdə qabarıq yer alıb.

Müxtəlif başlıqlar altında toplanan povestdə zəhmətkeş insanların üzləşdiyi problemlər, dostluq, sədaqət, sevgi motivləri öz əksini tapıb. Hadisələr Zakir, Nüsrət, Qara dayı, Validə, Bəhram, Usta Suren, Əhmədov timsalında böyüyür, dolaşır, sonra açılır. Mədən həyatını özündə əks etdirən əsərdə əsas qayə insanlıqdır.

Duz istehsalı və ixracatının inkişaf etdirilməsinə həsr olunan hissələrdə vətənin rifahı üçün bu mübadilənin vacibliyini dərk edənlərlə yanaşı, dərk etməyib buna qarşı çıxanlar olur.  Əldə olan az imkanla duz mədənlərinin işini inkişaf etdirməyə çalışan işçilərin mübarizəsi və vətənə olan sevgiləri yüksək bədii sənətkarlıqla təsvir olunub. Naxçıvanın təsvirinə həsr olunan hissələr povestə xüsusi məzmun bəxş edir: "Bu dağlardan cəmi on iki kilometr şərqdə olan Naxçıvan şəhərində şirin sulu  bulaqlar qaynayır, torpağında yetmiş beş növ üzüm yetişir, bağlarında hər cür meyvə ağacları  becərilir, tarlalarında taxıl dəniz kimi dalğalanır, yamyaşıl pambıq zəmiləri göz işlədikcə uzanıb gedir".

Göründüyü kimi, vətənini yüksək sevgi ilə təsvir edən müəllif, Naxçıvanı başqa yerlərlə müqayisə edərkən real faktlara əsaslanır.

Validə və Zakir arasında olan zərif sevgi hekayəsi povestə rəng qatır   ağır süjetə həlimlik bəxş edir.

- Validə, bunu tez düzəlt, mən qayıdım.

Validə:

- Nə olub belə tələsirsən, olmaya şaxtada zəlzələ gözlənilir? - deyə soruşdu.

Zakir gülüşlə hıçqırıq arasında  qəribə bir səs çıxarıb  çiyinlərini qaldırdı.

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev | "Nuhçıxan" İnformasiya Agentliyi

- Zəlzələ?! Yox canım, əslində, zəlzələ... Validə, şaxtada yox deyil,  səni görəndə mənim bədənimdə başlanır, demək  istədisə də, çəkinərək deyə bilmədi".

Povestdə konflikt kuliminasiya nöqtəsində dayanan Nüsrətin timsalında təsvir olunur. O, Zakiri qısqanır, çünki Validəni sevir. Qorxaq və şöhrətpərəst Nüsrət, həm də bir kişiyə yaraşmayan cılızlıqların icraçısı kimi göstərilir. Öz şəxsi mənafeyi üçün,  çiyin-çiyinə işlədiyi yoldaşlarının işlərinə və həyat yollarına ləkə salmaqdan çəkinmir.

Povest qalibiyyətlə yekunlaşır, mədəndə işlər bütün problemlərə baxmayaraq, yaxşı irəliləyir. Ustalar güclərini birləşdirirlər.

1976-cı ildə yazılan "Fəhlə ürəyi" povestində isə, iki ailənin qarşılıqlı münasibəti çərçivəsində insani keyfiyyətlər, humanizm təbliğ olunur. Əsərin əsas qəhrəmanı təmizürəkli, gözəl ailə sahibi, Ələkbər adlı fəhlədir. Ələkbər yüksək mənəvi keyfiyyətləri ilə povest boyu oxucunun dərin rəğbətini qazanır. O, qonşuluqda yaşayan bir vaxtlar yaxşı maddiyyata sahib olan, sonradan ailə başçısının keyfiyyətsiz davranışları və ölümü ilə müflisləşən  ailəyə sahib çıxır, baxmayaraq ki, həmin ailə zəngin həyat sürərkən Ələkbər və həyat yoldaşı Şöləyə yuxarıdan aşağı baxıb. Ələkbərin həyat yoldaşı Şölə də yüksək mənəvi keyfiyyətlərə sahib əsl Azərbaycan xanımıdır. O, düzgün analiz bacarığına malikdir. Mehriban obrazı isə ailəsi uğrunda gəncliyini çürütməyə hazır gözəl ana surətidir. Əsərdəki Tofiq obrazı cəmiyyətin təsirinə düşmüş və keyfiyyətsiz davranışlar sərgiləyən, lakin sonradan Ələkbərin təsiri ilə getdikcə yetkinləşən, dəyişən, zəhmətkeş, ağırbaşlı gəncdir. Povestdəki Xədicə və Yusif obrazı mənfi obrazlardır. Onların hər ikisi öz şəxsi düşüncələri və istəkləri doğrultusunda başqalarının həyatını məhv etməkdən çəkinmir. Xədicə arvad Ələkbərə və Mehribana ləkə yaxmaq istəyir. Ancaq Şölənin təhlili və Mehribanın namusu Xədicə arvadın mənfi əməllərini həyata keçirməsinə mane olur. Yusif isə zavoda yeni gələn zəhmetkeş gənc Tofiqi paxıllıq və mənfi xarakteri ucbatından pis yola cəlb etmək istəyir. Ancaq Yusifin bu əməli cavabsız qalmır və polislər tərəfindən cəzaçəkmə məntəqəsinə göndərilir. Əsər Sovet dövrünün həyat tərzini xarakterizə edir. Ancaq povestdə bu quruluşa rəğbət hissi bəzi zəif ştrixlərlə verilir.

Əsər Şölənin əri barəsindəki bu düşüncələri ilə yekunlaşır: "Ələkbər kimi kişidən şübhələnmək, doğrudan da nahaq imiş, onda əsl insan ürəyi var imiş! O, həmişə dediyi kimi, öz saf ürəyinə görə Mehribanın balalarına havadarlıq edir ki, oğlan əvvəlki kimi küçə usağı yox, əsl zəhmət adamı, əlindən  gələn ailə başçısı olsun. Bu xasiyyət, doğrudan da, əsl insan, əsl fəhlə ürəyidir!"

"Cəmil və Gülnar" povestində Nağı Nağıyev qəhrəman, vətənpərvər, sevgidolu, zəhmətkeş, innovativ gənclik yaradıb. İstər doktor Gülnar, istərsə gənc zəhmətkeş Cəmil öz sahələrində vicdanla çalışan gənclərdir. Aralarında olan səmimi və gözəl sevgi hissləri gəncləri bir-birinə daha da bağlayır. Povest gənclərin tələbəlik illərindən və Cəmilin əsgər getməsindən bəhs edərək başlayır. Süjet boyu Cəmilin qəhrəmanlıqları, onun silahdaşlarına qarşı igidcəsinə, vicdanlı şəkildə tutduğu mövqe, ən çətin anlarda aldığı düzgün qərarlar, qorxmazlığı və sədaqəti izah olunur. Əsərdə yer alan mənfi obrazlara qarşı ağıllı mübarizəsi Cəmili digərlərindən fərqləndirir. Sonda bütün maneələrə baxmayaraq, gənclər qovuşurlar, Eyvazov və Məryəm arvad isə ifşa olunur.

Gülnar əsl Azərbaycan qızının xüsusiyyətlərini daşıyır. O , illər boyu Cəmilin yolunu gözləyir. Ona min cür təklif edən  ləyaqətsiz Eyvazovun təkliflərinə, zorakılığına boyun əymir. Əsərdə  Sadıqov,  Demyan Vasiliyeviç, Şirmətov kimi maraqlı və vicdanlı obrazlarla yanaşı, Eyvazov, Məryəm kimi mənfi obrazlar da yer alır.

1946-cı ildə Naxçıvanda yazılan povest Gülnarın Cəmilə Demyan Vasiliyeviçdən gələn məktubu təqdim etməsiylə sonlanır. Cəmil sevinclə məktubu oxuyur və deyir: "Mərdlik, sədaqət, davamçılıq və namuslu əmək heç zaman bəhrəsiz qalmaz. Kim deyərdi ki, bu qoca odlar, alovlar içindən çıxıb təkrar güləcəkdir".

"Bir rəsmin tarixçəsi" 1974-cü ildə Bakıda qələmə alınıb. Əsər müharibə dostlarının uzun aradan sonra görüşməsi və onların müharibədən sonrakı həyatı fonunda inkişaf edir.

Povestdə hadisələr  istirahət mərkəzindən keçmişə doğru uzanır. O illərə ki, qızğın döyüşlər gedir və həmin döyüşdə Nadir, Seryoja, Şirmətov kimi müxtəlif xalqların igid oğlanları qəhrəmancasına vuruşub azğın düşmənə qalib gəlir. Və bu üç qəhrəmanı təsadüfi bir tanışlıq yenidən birləşdirir. Alena adlı xanımla tanış olan Nadir təsadüf nəticəsində onun qayadan dənizə uçan oğlunu gözünü qırpmadan igidcəsinə xilas edir.

Seryojanın işlədiyi kolxozda yenidən görüşən igidləri xatirələr keçmiş günlərə qaytarır. Onlar  başlarına gələn hadisələri bir-birinə danışaraq sevincdən göz yaşı axıdırlar. Ağır döyüşdən sağ qalmağı bacaran Nadirin qəhrəmanlığı isə hər kəsin ürəyini riqqətə gətirir...

Hadisələrin bəzi məqamları obrazların dili ilə açılır. Povestdə Şirmətovun Seryojaya dediyi: "Mən nə niyyətlə  buraya gəldim, amma gör kimi tapdım. Sergey! Sergey!" Əzizim, biz Şimali Don üzərindəki körpünü vuruşa-vuruşa partlatdığımız gecə axı sən ağır yaralandın, mən səni öz əlimlə arxaya  apardım, sən huşunu itirmişdin, doğrusu, qorxurdum ki, sağalmayacaqsan. Səni orada qoyub tez döyüşə qayıtdım. Ara elə qarışdı ki, daha nə səndən xəbərim oldu, nə də yaralı halda çaya düşən komandirimiz yoldaş Qasımovdan!"

Povest Şirmətovun tostu ilə bitir. O, bütün kolxozdakı məclisdə iştirak edən  Vətən müharibəsi iştirakçılarını oğlunun toyuna dəvət edir.

S.Rəhimov N.Nağıyevin 60 illik yubileyi ərəfəsində yazırdı: "Seçilmiş əsərləri" kitabını oxuyandan sonra N.Nağıyevin qələmi məni elə tərpətdi ki, öz fikirlərimi yazmağa zərurət hiss elədim. Mənalı hekayələrini oxuyarkən bu sakit, yorulmadan çalışan, bir qabil redaktor kimi əsərlərimizin üzərində əmək sərf eləyib yeri düşdükcə xeyirxah məsləhətləri ilə bizə kömək edən Nağı gözümdə öz yaradıcılığı ilə bir daha yüksəldi. O, qələmə aldığı mövzuları, təsvir etdiyi hadisələri elə real, inandırıcı yazır ki, oxuyarkən deyirsən: "Nağı müəllimdir, Nağı ovçudur, Nağı aqronomdur, hərbçidir, həkimdir və s... Nağı Nağıyevin "Həsrət" romanını oxuyarkən onun həyatı necə hərtərəfli bildiyinin şahidi olursan".

 

Nərgiz İSMAYILOVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 29 sentyabr.- S.11.