İnsan ruhunun sözdə təcəssümü
- Ramiz Məmmədzadəyə
açıq məktubu
Əziz
Ramiz müəllim! Səninlə telefonla danışanda
həmişə söhbətimizin
axırını şeirə
və şairliyə gətirib çıxarırsan.
Bir dəfə mən sənin şairlər və şeirqoşanlar barəsində dediklərini
qoşduğum şeirlərə
ön söz olaraq yazmışam.
Vaxtı ilə böyük mütəfəkkir
Mirzə Fətəli
Axundzadə yazırdı:
"Füzuli şair
deyil... Nizami ustaddır". Haqsız saydığım bu mülahizə məni həmişə düşündürüb.
Amma belə haqsızlıqlar ədəbiyyat
aləmində həmişə
olub: Lev Tolstoy Ulyam Şekspiri dramaturq hesab etmir, tənqidçi
D.Pisaryev A.Puşkini bəyənmir, şair saymırdı. İndi bu yaşımda da (66 yaş) bizim barəmizdə söylənilən
bir deyimi - "Azərbaycan xalqı şair xalqdır" fikrinin müsbət, yoxsa mənfi (ironiya!) olduğunu təyin edə bilməmişəm. Amma poeziyamızın
çağdaş durumu
belə deməyə əsas verir ki, kəmiyyət, təəssüflər ki,
keyfiyyətə çevrilə
bilməyib. İndi mətbuatı, ekran
və efiri zəbt edən sponsor tapıb qalın-qalın kitablar çap etdirən, kağız korlayan şairlik iddiasında bulunan ailəsi və qohumlarından başqa heç kimin şair hesab etmədiyi rus demişkən, çoxlu "okola literaturı" adamlar yetişib. Bir yandan da ki ortabablar,
babat nəzm yazıb kül üfürənlər...
Dünyanın çox ciddi fikir adamı V.Belinskinin sözlərini
xatırladıram: "Şair
sözü yüksək
və müqəddəs
bir sözdür".
Bu sözdə ölməyən əbədi
şöhrət var. Gəlin
şair sözünün
müqəddəsliyini qoruyaq,
istedadımız yoxdursa,
əbədi şöhrət
iddiası ilə özümüzü və
sözümüzü məhv
etməyək, urvatdan
salmayaq. "Sözə
xor baxmaq olmaz, hər bir söz Ərşdəndir,
gəlib hədiyyə
bizə" deyirdi qəlb şairi Mövlanə Məhəmməd
Füzuli. Və poeziya peyğəmbəri
bir də deyirdi ki, "İlahi feyzdən bir xəzinədir söz", "Söz yaradanın mədhi-sənası,
nəğməsidir". ALLAH KƏLAMI OLAN SÖZün göylərdən enib istedadlı şairlərin
qəlbinə və dilinə gəlməsi indi artıq şəksiz həqiqətdir.
Bunlar heç vaxt köhnəlməyən köhnə
fikirlərdir. Bu gün də Füzulini, Sabiri, Bəxtiyarı bəyənməyən
ədəbi nadanlar peyda olub. Yüz il
əvvəl istedadlı
romantik şair Mikayıl Müşfiq belələrinə cavab verərək yazmışdır:
Yazalım,
özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim.
Utanmazmı
Füzulini söyən
özü bir heç ikən?!.
Dostlarım, tanışlarım mənə öz şeir kitablarını bağışlayanda qırx
ildir dediyim bir münasibəti burada da təkrarlayıram:
"Ədəbiyyatında Füzulisi olan xalqın şairi olmaq çətindir".
Bəzən mənə irad
tuturlar ki, Füzuli var deyə biz şeir yazmayaq? Mən heç də
demirəm ki, hamı Füzuli səviyyəsində yazsın,
deyirəm ki, şeir yazanda Xaqanini, Nizamini, Nəsimini, Füzulini, Vaqifi ... unutmayın. Elə yazın ki,
onlardan utanmayasız.
Əziz
Ramiz müəllim! Bu məktubu yazmağa
məni "525-ci qəzet"in
builki 30 iyul tarixli sayında çap olunan şeirlərin sövq etdi. Sən söhbətlərində həmişə ərkyana
mənə təklif və təkid edirsən ki, ümumiyyətlə, şeir
nədir, ondan yaz. Qoy ana dilimizi bilməyənlər, türk
dilini cırmaqlayanlar,
şairliyi peşə
hesab edən bəzi "ziyalılar"
özlərini yığışdırsanlar.
Bizim dostumuz, mərhum şair Oktay Rza dövrümüzün
ədəbi prosesini səciyyələndirib bir
rübaisində yazırdı:
Atəşkəs var sənətdə
Tənqidçilər atışmır
Şeir
yazan çoxalıb,
Ancaq şair
çatışmır.
Sənin şeirlərin zərgər
dəqiqliyi bədii Sözə hörmətlə
işlənib. Və sən Sözü
urvatdan düşməyə
qoymursan. Bu təkcə şairlik təcrübəsi, sənətkarlıq
texnikası deyil.
Bu, hər şeydən
öncə sənin estetik idealın milli ədəbi məsuliyyətinin aydınlığından
irəli gəlir.
Dilimizə - Azərbaycan
türkcəsinə vurğunluğundan
irəli gəlir. Bunu deyərkən, şeir korifeylərimiz Sabir, Səməd Vurgun, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Nəriman Həsənzadə, Musa Yaqub,
Ramiz Rövşən...
gözümün önündən
bir-bir keçir.
Bütün xristian aləminin
lərzəyə gəldiyi
bir dövrdə "Sənə salam olsun Ayasofya" şeirində yazırsan:
Mübarəkdir came adın!
Nə illərdi
Quran səsi gəlməyəndə
darıxmadın?!
... Gözün aydın,
Ayasofya camesi!
Ordan boylan bizə sarı,
Bir gör indi nə
gündədir
Qarabağda
Sənin
məscid qardaşların...
Burada qürur qarışıq
bir nisgil var, üstəlik, sənin şeirlərində
sərbəst şeirin
böyük ustadlarının
- Nazim Hikmətin, Rəsul Rzanın, Emil Verxarın ənənələri
yaşayır.
"Günün şeiri"
sanki poetik proqramdır.
Dünya
dözür, səbr eyləyir
Bu dünyadan doyanlara...
Kimdir onu xirtdəkləyən,
çıxmır səsi?
-
Təlaşdadır, təklənibdir
Yer kürəsi...
Külək, hava yaralanıb.
Torpaq - sudan,
Budaq - kökdən,
Ay - göylərdən aralanıb...
Qarabəniz Afrikadan
Qonaqsevməz Avropaya qaçaqaçdı...
İraq olsun!
Qulağıma gəlir hərdən
Qaralmış dar ağacından
Sallanan
qart kəndir səsi.
Belə
getsə,
öz-özünü asa bilər
Yer kürəsi...
Bu, bəşərin taleyi
üçün şair
narahatlığı kədərli
bir rekviyemdir. Biz hamımız içindən
asılmış adamlarıq.
Hərəmiz içimizdə bir
cırıldayan dar ağacı, bir də qart kəndir
gəzdiririk.
Sənə məktub yazdım
hələ,
Çatan deyil, bilə-bilə...
Dərdlərimi bəlkə silə
Bu məktubun göz yaşları...
Çətin silər,
Biz bilmərik,
Allah bilər.
İndi yazılan məktublar
da ünvanına çatmır. Elə ona
görə də, oxunmur. Bəlkə heç bu millətə ünvanlanmış
şeirlər də oxunmur. Uşaqların əlində planşetlər,
saytlar, feysbuklar, instaqramlar var. İndi məktub
da, şeir də heç kimə lazım deyil.
Sənin
"Öskürək Əhməd",
"Bir bağım var", "Sənin məndən xəbərin
yox" şeirlərində
bir az sevgi-məhəbbət,
bir az şux
zarafat, bir az da çox az şairlərdə gördüyüm zərif
(şirin!) ironiya var.
Evi elə dörd divardı,
Divarda Əhmədin
böyüdülmüş şəkli
vardı.
O şəkillə uşağı
qorxutmaq da olardı.
...Sürtülməkdən
süzülmüşdu
Pencəyinin dirsəkləri.
Bax beləcə bir kişiydi
Dünya gözəli Səlbinin əri.
Ramiz Məmmədzadə həyatla
yaxından tanış
və dost olan nikbin bir şəxsiyyətdir.
Qəlbində Qarabağ dərdini
əzizləyir. Ağdamda məktəbinin
yanındakı evlərini,
ərini müharibədə
itirib iyirmi üç yaşında dul qalmış anasının niskili ilə şeirlər yazır.
Bu gələn yaz
qəlb açandı.
Sən hardasan bəs haçandı?
Yasəmənlər gül açanda
Mənsiz qala bilərsənmi?
... Bir bağım var çiçək-çiçək,
Qışı - qarlı, yayı - külək.
Su torpağın olduğu tək
Mənim
ola bilərsənmi?
Bu poetik suallar həqiqi şair ovqatından doğulub, tənqidçi fəhminə
ünvanlanıb. Cavabı özündə olan bu suallarda
müdrik bir kişinin sevgisi göyərir, çiçək-çiçək
boy atır, aləmə
ətir saçır.
Orijinal bir deyim:
Yurd-yuvası məlum quşam.
Başqa səmtə çətin
uçam.
Səni
də mən uydurmuşam...
Bu şeir də
mənim deyil.
"Gilas
vaxtı" zərif
bir həsrət var:
Gilas əkdim,
budaq-budaq boy atdı.
Hər budağı
bir xatirə oyatdı.
Sənsiz,
gülüm, bu həyat nə həyatdı...
Bu ayrılıq kölgəsini
silsənə,
Gilas vaxtı bizə
tərəf gəlsənə.
"Bu ayrılıq kölgəsini
silsənə" təzə
deyimdir. Şair sevgilisini gilas
bəhanəsi ilə
görüşə çağırır.
Hörmətli Ramiz müəllim!
Bəlkə də sənə
bu məktubu bir qədər dostyana yazdım, tənqid üçün
də yer var idi.
Çalışdım ki, söhbətlərimizdə
səni narahat edən məsələlərə
münasibətimi bildirim. Sənin ədəbiyyatımızın
təəssübkeşi kimi
yana-yana danışdığın
problemlər daha dərindən araşdırılmağa
layiqdir.
Mən lirik şeirə dua kimi, poeziyaya müqəddəs ayin kimi baxıram. Yazıçılar, şairlər ədəbiyyatı
yaradır, tənqidçilər
ədəbiyyatı yaşadır.
Tənqidçi "söz
gözəlinin" (Füzuli)
namusunu qoruyan adam, bədii
ədəbiyyatın yiyəsidir. Mən qırx ildir
ki, bu ülvi
işlə məşğulam.
Bundan qürur duyuram. Ömrümün Allah mənim üçün
ayırdığı qalan
hissəsini də bu müqəddəs işə həsr edəcəm.
Şeir lal duyğuların tərcümanı, Allah əmanəti
olan insan ruhunun sözdə təcəssümüdür. Gəlin
bu əmanəti qoruyaq!..
525-ci qəzet.- 2020.-
3 sentyabr.