Müharibə haqqında kitabın qələbə ruhu

 

Qaynar həyat hadisələri də, bədii təxəyyül də son nəticədə yaradıcılıq məhsulu olaraq yazıçının həyat gerçəkliklərinə təkcə fəal münasibəti deyil, həm də sözün qüdrətindən istifadə bacarığı ilə oxucu diqqətini özünə çəkir.

 

 

Belə əsərlər həm tarixi yaşadır, həm də real tarix olaraq daimi ömür sürür. Bu prosesdə oxucu yaddaşı mühüm rol oynayır. Son 30 ilin ədəbiyyatı səfeh siyasət yeridən və super güclər hesabına yaşayan Ermənistan dövlətinin Azərbaycana qarşı torpaq iddiası ilə başlayan müharibəyə bağlanıb. Bu səbəbdən   çox aktual xarakter daşıyan müharibə mövzulu ədəbiyyatımız yaranıb. Erməni işğalı başlayan gündən etibarən başımıza açılan müsibətlər və igid oğullarımızın qəhrəmanlıq əməlləri real faktlar əsasında yazılmaqdadır. Dəyərli bədii-sənədli əsərlər yüksək maraqla oxunur. Ən yaxşı hal odur ki, müharibə ədəbiyyatı milli qəhrəmanlıq tarixi kimi geniş miqyasda sevilir.

 

Dünyanın gərdişi belədir: həqiqət çox az adama nəsib olur, bəzən isə əsl gerçəklik üçün nə qədər qan-tər axıdırıq. O cümlədən, yanlış fikirlər, bir qayda olaraq, hər yerdə dolaşır. Üstəlik, dolaşdıqca şaxələnir, yeni yalanlar doğulur. Milli hərb tariximizi olduğu kimi yaşatmaq üçün hərbçilərin özündən tarix yazmağı xahiş etməliyik. Heyf ki, hər hərbçinin bu missiyanı həyata keçirməyə yazı qabiliyyəti, söz gücü çatmır. Bu mənada hərbçi jurnalistlərdən çox razıyıq. İbrahim Məsimoğlu bu müqəddəs yolda yorulmadan çalışır.

 

Hərbi-yazıçı jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun "İlk briqadanın ibrətli döyüş dərsləri" kitabı milli hərb tariximiz üçün dəyərli bir yaradıcılıq məhsuludur. Müəllif ordumuzun ilk təməl daşını qoyan 701 saylı motoatıcı briqadanın döyüşkən zabiti olaraq iştirak etdiyi döyüşləri, mərd səngər qardaşlarının igidlik əməllərini, yüksək vətənsevərliyini, bu və ya digər uğurlu həmlələri qələmə alıb. Gecəli-gündüzlü hərbi əməliyyatlarda nə silahını yerə qoyub, nə də qələmini. Sənədli hekayələri ilə yanaşı, məqalə formatında yazdığı tarixi səngər yazıları öz bədii məziyyətləri, hərbi, bədii və publisistik dəyəri ilə seçilir. İbrahim Məsimoğlunun yaradıcılığı erməni işğalına qarşı apardığımız hərbi əməliyyatlarda onun canlı şəkildə gördüyü fakt və hadisələrə əsaslanır. Hər bir oxucu bu əsərlərdə xalqımızın müharibə tarixinin bədii-tarixi inikasını real döyüş səhnələri ilə izləyir.

 

Söz yox ki, gerçək müharibə faktları döyüşçülərin yaddaşında yaşayır. Bu yaddaş qələm adamı üçün çox dəyərli material olur. Hərbi-yazıçı jurnalist kimi İbrahim Məsimoğlunun fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, yazdığı tarixin real iştirakçısı olmaqla bərabər, yaxın cəbhədaşlarının döyüş həyatını tarixləşdirir.  İndi ehtiyatda olan polkovnik-leytenant Bəhram Ləzimovun yaddaşına istinadən yazdığı "Hoçaz uğrunda, irəli!" məqaləsi həm tarixiliyi, həm də hadisəyə duyğusal münasibəti ilə yaddaqalandır: "Məhrəm insan hənirtisinə qəribsəyən vəfalı kənd itlərinin yanıqlı-yanıqlı ulaşması adamı dəhşətə gətirirdi". "Onlar odsaçan silahla mənə atəş açdılar. İsti gödəkçəmə və kürkümə od düşdü. Torpağa sürtüb odu zorla söndürdüm. Bir dəqiqə keçməmişdi ki, odsaçanın ikinci atəşi açıldı. Başımın üstündən keçən bu odlu ölüm mərmisi arxamda mövqe seçmiş əsgərlərin yanına düşsə də, heç kəsə xətər yetirmədi..."

 

Eyni savaş həyəcanları, cəsarət nümunələri "Seysulan vuruşu" məqaləsində də yaşanır. Müharibənin istər uğurlu, istərsə də uğursuz olan hər döyüşü özünəməxsus anları ilə fərqlənir. Yadda qalanların heç biri digərinə bənzəmir. Onları bircə məqam birləşdirir: yaralanma ehtimalı, düş-mən qüvvələrini cəhənnəmə vasil etmək, ən nəhayət, müqəddəs şəhidlik zirvəsinə yüksəlmək. Müharibə mövzusunda yazılmış neçə-neçə əsərlərdə ölümün, necə deyərlər, gözlə qaş arasında olduğunu çox oxumuşuq, təbii ki, belə məqamlara  kimsə şübhə edə bilməz. Müqayisəli real fakt olaraq sovet əyyamında çəkilmiş "Əsgər atası" filmində Arkadinin həlak olması da, əsgər atası Qoderzi Maxaraşvilinin faşistin üstünə yerişindən sonra almanın ölümü də həmin qəbildəndir. "Seysulan vuruşu"nda təsvir edilən döyüş epizodu meydana gələn ölüm vəziyyətinin qəfil necə sovuşması və təbii axarla davam edən bu sovuşma məqamında  azərbaycanlı hərbçinin milli mərdlik qanunlarına necə əməl etməsi təsvir edilir. Əlbəttə, bizlər üçün bu, adi sayılır. Çünki öz mənəvi dəyərlərimizə yaxşı bələdik. Yaxşı haldır ki, bunu düşmən görür və sarsılır.

 

"Azərbaycan əsgəri igiddir" sərlövhəli səngər müsahibəsində tabor komandiri Nəriman Zeynalovun fikirləri bizi çox nikbinləşdirir. Açıqlanan rəşadətli hərbçi mövqeyi qəlbimizi qürur hissləri ilə doldurur: "...Cəmi beş canlı qüvvə ilə Nareştar kəndini müdafiə edərkən 60-a yaxın ermənini böyük tələfatla geri oturdan döyüşçülərimizin - Namiq Məhərrəmovun, Qılman Abdalovun, Elmar Şirinovun, Şaiq Kərimovun və Ağakişi Əhmədovun misilsiz cəsarəti heç vaxt yaddan çıxmaz". Həqiqətən bu kontekstdə zabit də haqlıdır, onun yurd savaşı ilə bağlı mühakimə və mülahizələrini qələmə alan da. Mərd döyüşçü düşüncələri azərbaycanlı zabitin mənəvi kamilliyinin təsdiqi kimi oxunur, yadda qalır. Xalqımızın nəhəng bədii fikir sahiblərindən biri olan Məhəmməd Hadinin bir kəlamını daim xatırlayıram: "Məfkurə yolunda tökülən qan hədər getmir". Mənə belə gəlir ki, bu kəlam hərbi-yazıçı jurnalist İbrahim Məsimoğlunun da yaddaşında həmişə işıqlanır. Bu çox gərəkli, dəyərli, əsl bəşəri kəlam azərbaycançılığın parlaq bir mənəvi hissəsidir. Min illərdir ki, biz belə bir mərdanə tərzdə yaşamışıq. Bu yoldan heç vaxt dönən deyilik.

 

Bəhram Ləzimov alitəhsilli riyaziyyatçıdır. 1991-ci ildə Azərbaycan Ordusunda xidmətə başlayıb. Kitabda xüsusi yer tutan "Döyüş böyük məktəbdir" sərlövhəli müsahibədə onun döyüş xatirələri yada salınır. Bu sıradan Hoçaz əməliyyatı da müharibə tarixi kimi oxunur: "...Özüm beş cəsur əsgərimlə düşmənin 3 ədəd "T-72" markalı tankı və 1 ədəd PDM-i olan atəş mövqeyinin 150 metrliyinə qədər cəsarətlə gedib çatdıq. Güclü qarşıdurma oldu. Biz elə çevik manevr etdik ki, düşmən bizim qüvvəmizin 6 nəfərdən ibarət olduğunu anlaya bilmədi. Erməni döyüşçülərinin hamısını məhv etdik. Üstəlik, həmin texnikaları sağ-salamat ələ keçirdik. Həmin texnikaların köməyi ilə bir ay müddətində Hoçaz dağına düşmənin 6 güclü hücumunun qarşısını aldıq..."

 

Qürur doğuran döyüş səhnələrindən biri kimi Hoçaz əməliyyatı hələ nöqtəsi qoyulmayan savaş tariximizin bir səhifəsidir. Təbii ki, böyük tarixlər belə kiçik səhifələrdən yaranır və onu yazanlar bir yaradıcı şəxs kimi unudulmurlar. Qarabağ savaşının iştirakçısı kimi İbrahim Məsimoğlunun "İlk briqadanın ibrətli döyüş dərsləri" kitabı da bu baxımdan çox qiymətlidir. Bu kitab oxucuların düşüncələrinə sevilə-sevilə hopulur, şəhidlərə ehtiram, qazilərə minnətdarlıq duyğuları kimi...

 

"Güclü iradə" adlı məqalə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş Azər İbrahimova həsr edilsə də, müharibə tarixi kimi çox müsbət qiymətləndirilə bilər. Müəllif müharibənin bir gününü yaddaqalan fikirlərlə ifadə edir:  "Düşmənin top atəşinə tuş gəlirik - Azər təmkinini pozmur. Ölüm ehtimalımız artır - Azər həyəcanını içində boğur. Rabitə xətlərində nasazlıq yaranır - Azər çevik qərar çıxarır. Minalı əraziyə düşürük - Azər təhlükəni sovuşdurur..." Belə zabitlə zamanında briqadanın zabitləri, əsgərləri çox qürurlanıb. İndi isə milli hərb tariximizə sayğısı olanların hamısı bu sayaq mərd əməllərdən şərəf hissi keçirir.

 

"İlk hərbi andiçmənin sevinci" məqaləsi savaş içində doğulan ordu tariximizin bir anını yada salır. Şəhidlər Xiyabanında keçirilən bu andiçmə mərasimi həm də şəhidlərin ruhunu nigarançılıqdan xilasetmə missiyasını daşıyır. Müəllif bu andiçmə haqqında duyğusallıqla söz açır. İgid əsgər Məhəd Tağıyevin çıxışını xatırlayır: "Biz Vətəni qorumağa borcluyuq. Biz Vətənsiz heç nəyik! Vətən - ana haqqını Tanrı haqqına bərabər tutan, anası Burla xatunun namusu tapdalanmasın deyə "örkənlə boğazından asılmağa", "iki kürəyindən çəngələ sancılmağa" ... razı olan Oğuz qəhrəmanı Uruzdan qalıb bizə..." Bu and Azərbaycan Ordusunda hərbi andın mətnindən tamamilə fərqlidir. Lakin çox təsirlidir. Bu, Azərbaycan əsgərinin mənəvi zənginliyinin ifadəsidir...

 

İbrahim Məsimoğlu həm də mərd silahdaşlarının xahişi ilə həvəskar şairlik də edib. Kitabda igid döyüşçülərimizin səngər həyatı ilə bağlı bu və ya digər mühüm mətləblər poetik söz imkanları həddində şeirləşdirilib. "Birinci briqadam", "Bayrağa sipər igidlər", "Oldum səngər müxbiri", "Açıldı Murov yolu" adlı şeirlər döyüşçü müəllifin təbii  duyğularının ifadəsi olmaqla yanaşı, həm də ordu tariximizin şərəfli anlarını bədii bir biçimdə yaşadır.

 

İbrahim Məsimoğlunun "İlk briqadanın ibrətli döyüş dərsləri"  kitabının əsas qayəsi vətənsevərlikdir və bu gün bu qayə bizim əsas həyat amalımızdan doğur.

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2020.- 3 sentyabr.- S.14.