Qədim Şabran: tarixin səhifələrindən
boy göstərən ulu şəhər
Dəfələrlə
dağıdılıb qarət edilmiş, 250 il
öncə tamamilə xarabazara çevrilmiş Şabran
şəhər-qalanın tarixi haqqında nələr
bilirik...
Professor Rüstəm Kamal deyir ki, "Mən tariximizi bədii
ədəbiyyatdan oxumaq istəyirəm. Çünki
tarix elm kimi heç də həmişə həqiqətləri
deyə bilmir, çox zaman hakim ideologiyanın təsiri
altında olur. Orada rəqəmlər və hadisələrin
quru təfsilatı var, amma insan talelərini görmürsən..."
Ptolomeyin (II əsr) 13 cildliyinin
"Coğrafiya"sında, tarixi taleyi bir romana sığmaz
bu yox olmuş şəhərin adı Sapothrenae kimi çəkilir. Qədim mənbələrdə
adı keçən Şabran (Şabaran) şəhəri
Qafqaz dağlarının cənub-şərq yamaclarında,
Samur çayından, Müşkür mahalından cənuba
doğru düzəngah bir ərazidə idi. Tarixi boyu Arran hakimləri, Şirvanşahlar, əl-Babın
əmirləri arasında bu ərazi, bu şəhər
üstündə çəkişmələr olmuşdur.
Akademik Ziya Bünyadov Şabranın Dəvəçi
yaxınlığında yerləşən orta əsr
sahilyanı şəhəri olduğunu qeyd edir. Buradan
qazıntı zamanı gil və saxsı
qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər,
təknə qəbirlər və orta əsrlər şəhərinə
məxsus digər maddi mədəniyyət əşyaları
üzə çıxırdı. Tədqiqatçılar
yazılı tarixi mənbələrə və şəhərin
müxtəlif hissələrində aparılan arxeoloji
qazıntıların nəticələrinə əsaslanaraq
burada hələ eramızdan əvvəl yaşayış məskəni
olduğunu müəyyən edib. Şəhərsalınma
prosesinin isə erkən orta əsrlərdə
başlanması ehtimal edilir. Şəhər
yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən
dövr tarixi haqqında tutarlı söz deməyə imkan
verməmişdir. Tədqiqatlara əsasən,
Şabran şəhəri erkən orta əsrlərdə
Şirvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin
siyasi mərkəzi olmuşdu. Şərəvan
(Şirvan) vilayəti və onun əsas şəhəri Şəbəran
(Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər
dənizinin sahilində yerləşirdi. Şəbəran
şəhərinin qalıqları və xarabalıqları
Şabran rayonunun Şahnəzərli kəndinin
yaxınlığında, Padar-Şəbran kəndindən
azca aralı aşkar edilib. Ərəb
müəllifləri Şəbəran şəhərini
Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579)
saldırdığını qeyd edirlər. Amma
Şabran, Şabaran, Şaporan, Səbiran, Sabiran və Səbiran
şəklində tələffüz edilən bu şəhərin
Sasanilərin buraya gəlişindən öncə də Dərbənd
yaxınlarında mövcud olduğundan
"Dərbəndnamə"də bəhs edilib. Şəbəran şəhər adı 1124-cü
ilə aid gürcü səlnaməsində də qeyd olunub.
İstəxrinin
Qota nüsxəsində (təqribən 930-cu il)
və Yaqut Həməvinin "Coğrafi lüğət"ində
yazılır ki, Xəzər dənizinin sahilində, Məsqətdən
aşağıda kiçik, lakin möhkəmləndirilmiş
Şəbəran şəhəri yerləşir. Onun çoxlu rustaqları (kənd nahiyələri)
var. Ondan üstdə (dağlara tərəf) Çeşmədan
rustağıdır. Onun digər tərəfində
Bakı, Dərnik və Ləkzə qədər kəndlər,
Cəbəl (Qayalıq) və Şirvan dağları yerləşir.
Bu mənbələrdə yoxa
çıxmış bu şəhərin yeri çox dəqiq
tanıdılıb. Coğrafi traktat olan "Hüdud əl-aləm"də
yazıldığına görə (982/3-cü il) Şəvəran (Şəbəran)
Şirvanın inzibati mərkəzi (qəsəbə) olub, dəniz
sahilində yerləşən səfalı bir yer idi. Oradan, zərgərlərin qızıl əyarının
təyin olunmasında istifadə etdikləri məhək
daşı (sangi-mihakk) ixrac olunurdu. "Tarix-i əl-Bab"a istinad etsək, Şirvanın əsas gəlirini
Şəbəran və onun kəndlərindən, habelə
Bakının neft quyularından və duz mədənlərindən
yığılan vergilər təşkil edirdi. Qüdslü ərəb
coğrafiyaçısı Müqəddəsi (əl-Məqdisi)
"...Təsnifat"ında qeyd edir ki: "Şəbəran
qalasız yerdir. X əsrin ikinci yarısında Şəbəran
və ətrafındakı kəndlər varlı və
münbit yerlər idi. Əl-Bab əmiri h.q
357-ci (968) ildə oradan saysız-hesabsız qənimət
aparmışdı".
Müəllifi bilinməyən "Tarix-i əl-Bab"
salnaməsində Şirvanşah Əbu Nəsrin h.q 392-ci
(1002) ildə əl-Bab əmirinin qardaşını həbsdə
saxladığı Şəbəran qalasının adı
çəkilir. Ehtimal ki, Şəbəran üç
Şirvan nahiyəsindən biri olan Xursanın inzibati mərkəzi
olub. Burada şüşə bilərziklər,
çoxlu miqdarda şirli və şirsiz saxsı qab
qırıntıları və kürə aşkara
çıxarılıb ki, bu da sənətkarlığın
inkişafından xəbər verir. Yenə "Tarix-i əl-Bab"ın
verdiyi xəbərə görə, Şəbəran şəhərinin
qala divarını h.q 373-cü (983)ildə Şirvanşah Məhəmməd
ibn Əhməd çəkdirmişdir. XI əsrdə
Şirvanşahların ailə məqbərəsi-sərdabəsi
də Şəbəranda olmuşdur. H.q
418-ci (1027) ildə ölmüş Yezid ibn Əhməd və
onun h.q 459-cu (1067) ildə Gülüstanda (Şamaxı
yaxınlığında) ölmüş qızı Şəmkuyyə
burada dəfn edilmişdir. Ailə məzarlıqlarında
sanduqəli, figurlu-svastikalı qəbirlər də aşkar
edilib. Ehtimal ki, Şamaxı
böyüyüb iqtisadi-siyasi mərkəzə çevrilənədək
Şirvanın paytaxtı Şabran olmuşdu. Həmin dövrdə monqol hökmdarının vəziri,
tarixçi Fəzullah Rəşidəddin oğluna
yazdığı məktubda Şabrandan bəhs edib. Hələ 1254-cü ildə Cənubi Qafqaz yolu ilə
Monqolustandan qayıdarkən Şəbəranda olmuş
fransız rahibi Rubruk burada bir xeyli yəhudinin də
yaşadığını qeyd edib. Rubrukun
yazdığına görə, onların çox hissəsi
Şəbəranla Şamaxı arasındakı dağ qalalarında
məskən salmışdılar. Şəbəranın
adı Teymurun yürüşləri təsvir edilən qeydlərdə
də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa
yürüşdən qayıdan Teymuru bu səfərdə
müşayiət edən Şirvanşah Şeyx İbrahim bu
şəhərdə onun şərəfinə ziyafət
vermişdi.
Türkiyəli
səyyah Evliya Çələbi 1647-ci ildə Şabranda
olarkən gördüklərini yazırdı: "Şəhərdə
70 məhəllə, Tokmaq xanın, Əfşar xanın, Uzun
Həsənin məscidləri yerləşir. Məscidin
divarları incə, buqələmun dərisi kimi, cürbəcür
rənglərə çalan ornamentlə bəzədilib.
Mərmər üzərində naxışlar
isə hətta memarlıq işinin ustalarını təəccübləndirir".
A.A.Bakıxanov da Şahnəzərli kəndinin
yaxınlığında Gülüstani-İrəm şəhərinin
qalıqları sayılan ilk orta əsr şəhəri
Şabranın yerləşməsi barədə yazıb.
Şəhər əhalisinin əsas hissəsini
şiə müsəlmanlar təşkil edir, orada albanlardan
qalma xristianlar və xəzərlərin qalığı olan
yəhudilər də yaşayırdı. Bakıxanova
görə, monqollar viran etdikdən sonra dirçəldilmiş
Şabranın şəhər kimi süqutu 1712-ci il qətliamından,
yəni Müşkür ruhanisi Hacı Davud, Qaytaq usmisi
Əhməd xan və Qazıqumuq şamxalı Surxay xan tərəfindən
şəhərin qarət edilərək xaraba qoyulmasından
sonra başlamış (Bu barədə Y.Hasan Calalın
"Alban ölkəsinin qısa tarixi"-1702/22 kitabında
da bəhs edilib), 18-ci əsrin ortalarında yaşayış
məntəqəsi kimi əhəmiyyətini itirərək
ölü şəhərgaha çevrilib (1800-cü ilin əvvəllərinə
kimi salamat hissəsindən istehkam qalası olaraq istifadə
edilirdi). XVIII əsrin sonlarında Şəbəran ərazisində
olmuş Biberşteyn yazır: "Vaxtilə mühüm
şəhər olub, indi isə yalnız xarabalıqları
qalmış Şəbəran şəhəri düzənlikdə
onun adını daşıyan çayın sol sahilində
yerləşib".
Şabran sözünün etimologiyası barədə
müxtəlif mülahizələr mövcuddur. Bəzi mənbələrdə,
Ptolomeyin əsərində göstərilən şapotren
tayfalarının adının dəyişikliyə
uğrayaraq tədricən Şabran şəklinə
düşdüyü bildirilsə də, yaşayış məntəqəsinin
bünövrəsini qoyan Sabir türk tayfaları ilə əlaqədar
olması ehtimalı daha inandırıcıdır. Müxtəlif fonetik dəyişikliklərlə Orta
Asiya ərazisində də mövcud olan Şabran toponimi
"Sabran", "Sabiran" şəkildə işlədilib.
Hun qövmünə mənsub Sabir/Sarban qəbiləsinin
Qafqazda ilk yerləşdiyi məkan da Xəzər
qapısı çevrəsidir. Şaberanda məskunlaşan
xalqlar arasında çoxunun Hun Türklərindən ibarət
tayfalar olduğunu məlum ərəb və fars
qaynaqları da təsdiqləməkdədir.
1979/89-cu
illərdə şəhərin ərazisində beş yerdə aparılan arxeoloji
qazıntılar nəticəsində 4500 km2 qədim
yaşayış sahəsi aşkar edilmişdi. Maddi mədəniyyət qalıqlarının
laylanma qalınlığı 5 metrə qədərdir. Orada X əsrə aid olan qala da aşkarlanıb.
Alimlər tərəfindən sübut edilib ki,
bu qala sonradan müdafiə məqsədilə tikilib. Qalanın divarları yarımdairəvi qüllələrlə
bərkidilib. Tikinti zamanı əhəng
daşı, çay daşı və
yandırılmış kərpicdən istifadə olunub.
Qala XIII əsrin sonuna qədər mövcud olub.
Ərəb tarixçisi İbn əl-Əsir monqolların Azərbaycana
1220-ci ildən başlayan yürüşləri barədə
yazırdı: "Monqollar Azərbaycan və Aran vilayətlərinə
gəlib, bir ildən də az bir müddətdə oraları
misli görünməmiş surətdə
dağıtdılar, əhalisinin çoxunu qırdılar. Şirvana gedərək o tərəfdəki şəhərləri
aldılar və oranın padşahı yaşayan qaladan
başqa heç bir yer salamat qalmadı". Sonralar monqollar tərəfindən
dağıdılmış qalanın qərb hissəsində
14-cü əsrin əvvəlində kiçik qəsr tikilib.
O, dördbucaq şəklində idi və Mərdəkan
qalalarını xatırladırdı. Memarlar
tikinti zamanı qarışıq hörmədən istifadə
edirdilər. Qazıntılarda
aşkarlanmış nominal fərqlilik şəhərin məhəlləli
planlaşdırılmasından xəbər verir. Şəhər sakinləri evləri
yandırılmış kərpiclə, çay
daşından tökülən bünövrənin üzərində
tikirdilər. Şabranda bir sıra qədim
abidə və tikililər günümüzə qədər
gəlib çıxıb. Qədim
Şabran körpüsü orta əsrlər Azərbaycan
memarlıq sənətinin ən yaxşı nümunələrindən
hesab oluna bilər. Üç
tağının əsas hissəsinin qalıqları aydın
görünən bu körpü hazırda Bakı-Quba magistral
yolunun sol tərəfində, Ərəblər və Pirəmsən
kəndləri hüdudlarındadır. Şəhərdə
su kəməri xətti və içməli su anbarları da
mövcud olub ki, bunlar da 9-cu əsrə aid kanalizasiya sisteminə
aiddir. Şəhərə təqribən
14 km məsafədən xüsusi saxsı-daş tünglər
vasitəsi ilə su kəməri çəkilib və sair.
Şabranın iqtisadiyyatı keramikanın istehsalı
üzərındə qurulmuşdu. Arxeoloji
qazıntılar nəticəsində 10 əşyadan ibarət
saxsı dəst tapılıb. Dağıntılar
altında qalmış dulusçuluq emalatxanası
aşkarlanıb. Şabranın saxsı əşyaları
öz formasına və ornament zənginliyinə görə fərqlənirlər.
Şəhərdə metal emalı sahəsində də
uğurlar əldə edilib. Bunun sayəsində, şəhərdə
tökmə işi, misgərlik, zərgərlik,
silahqayırma və s. inkişaf edib. İki
qazıntı obyektindən üzərinə möhür bərkidilmiş
qızıl və gümüş üzüklər də
tapılıb. Şəhərdə, həmçinin,
şüşə istehsal olunurdu. Yerli
ustalar şüşənin müxtəlif növlərindən
istifadə edirdilər. Məhsulun bir hissəsi
xarici ölkələrə ixrac olunurmuş. Şabran ustalarının hazırladığı
ipək, yun məhsullar, müxtəlif növ xalçalar
dünya bazarlarında satılırdı. Habelə keçmişdə dəvə
karvanları burada düşərgə salır, taqətdən
düşmüş, zəifləmiş dəvələr
satılır, yola davam etmək üçün əlavə
ilxıçılar tutulardı. Şəhər Suriya,
Misir, Çin və
s. ölkələr ilə ticarət əlaqələri
saxlayaraq keramika, farfor, fayans məhsulları ixrac edirmiş. Aşkar edilmiş yerli mis sikkələr daxili ticarətin
də mövcudluğundan xəbər verir. Hətta sikkə
zərbində (kəsilməsində) istifadə olunan
ştempelə oxşayan əşya da tapılıb...
Bu qədim
şəhərimizin tarixi keçmişini aşkara
çıxarıb arxeoloji tapıntılarla əsaslandırmaq
işində professor Rəşid Göyüşovla
yanaşı, mərhum həmyerlimiz, AMEA-nın Şimal-şərq
bölgəsi üzrə arxeoloji ekspedisiyasının rəhbəri,
professor Cabbar Xəlilovun da xidmətləri
böyükdür. 1982-ci ildə məşhur
Norveç səyyahı və alimi Tur Heyerdal Azərbaycanda
olarkən Şabranda da olub, burada aşkar edilmiş maddi-mədəniyyət
nümunələrini yüksək qiymətləndirib. 2003-cü ilin sentyabrından tarixi qoruq elan edilən
Şabran şəhərgahında 2018-ci ildən bəri
arxeoloji tədqiqatlar davam etdirilir.
C.Alpoğlu Albantürk
Yazıdakı materiallar Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunub
525-ci qəzet.- 2020.-
1 sentyabr.- S.12.