"Bütün fəaliyyətimiz yeni nəsilə milli duyğular aşılamağa yönəlib"

 

 

Bakı  Uşaq  və Gənclər  teatrının rəhbəri, Əməkdar  artist İntiqam  Soltanla  söhbət

 

 

- İntiqam müəllim, uşaq teatrı yaratmaq ideyası hardan qaynaqlandı?

 

- Mən Ordubad rayonunun ucqar dağ kəndində doğulub-böyümüşəm. Nürgüd kəndində. Elə ucqar bir yerdir ki, o zaman orda elektrik işığı yox idi. İndi də ora ictimai nəqliyyat, avtobus işləmir. Evimizə televizor da çox gec gəlib. Uşaqkən qonşuların evində televizora baxa bilirdim. Kinolardan, televiziya tamaşalarından aktyor sənətinə marağım yaranmışdı. Amma gəlib İncəsənət İnstitutunda oxuyana kimi bilmirdim ki, aktyor maaş da alır. Öz işimə bu gün də məhz belə yanaşıram. Sonralar fikirləşdim ki, niyə musiqiçilərimiz dünyada məşhurdurlar? Çünki az qala orta məktəblərin sayı qədər musiqi məktəblərimiz var. Uşaq hər ikisiylə məşğul ola bilir. Amma aktyor yetişdirən orta-ixtisas teatr məktəbimiz yoxdur. Uşaq teatrla ən yaxşı halda Gənc Tamaşaçılar Teatrında tanış olur. Ya da Kukla Teatrından birbaşa keçir Gənc Tamaşaçılar Teatrına. Ortada boşluq var. Deməyim odur ki, uşaq teatrla tanış olmağa çox gec başlayır. Hətta günü bu gün "teatrla" "tamaşanın" fərqini bilməyənlər var. Yuxarıda dediyim, uşaqlar üçün teatr təmayüllü hazırlıq kursları uşaqlarda dil qüsurlarının da aradan qalxmasına kömək edə bilərdi. Hələ Maarif nazirliyi mövcud olan zamanlarda müraciət elədim bu barədə. Dedilər ki, gecikmisən, biz tədris proqramına "natiqlik mədəniyyəti" fənni salmışıq. Nazirlik əgər "natiqlik mədəniyyəti ilə" "nitq mədəniyyətini" qarışdırırsa, başqalarından nə gözləyəsən? Böyük siyasətçilərin çoxu gözəl natiq olublar, amma hamısı təmiz nitqə malik olmayıblar. Təbii ki, bu, özünü doğrultmadı, qısa zamanda bu fənn aradan qaldırıldı. Təklif elədim ki, məktəblərlə teatrların əlaqələri yaradılsın, aktyorlar orda nitq mədəniyyətindən dərs keçsinlər. Bu da qəbul olunmadı.

 

Mən də əvvəl uşaqlardan ibarət "Körpəm" eksperimental uşaq teatrını yaratdım. Bu kollektivin digər teatr qruplarından fərqi onda idi ki, uşaqların oynadığı tamaşalar çox zaman böyüklər üçün olurdu. Sonra həmin kollektivin bazasında Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Bakı Uşaq Teatrını yaratdıq. Sonra isə teatrımız, Nazirliyin balansına keçdi, daha sonra isə adı dəyişdi. Oldu Bakı Uşaq və Gənclər Teatrı. Hazırda uşaqların və gənclərin davamlı maariflənməsinə xidmət edən tamaşalarımızla gündəmdə olmaq istəyirik, pandemiya imkan versə (gülürük).

 

- Uşaqlar üçün teatr sizi hansı çətinliklərlə üz-üzə qoydu?

 

- Teatr Azərbaycanda çox çətin qəbul olunan sahədir. Misal üçün, hamımız teatrı sevirik, amma hələ də əksəriyyətimiz qızımızın aktrisa olmasını istəmirik. Bu, çox acınacaqlıdır.

 

"Körpəm" teatrını 1988-ci ildə çox çətin zamanda yaratdıq. Heç bir valideyn uşağını evdən çölə buraxmaq istəmirdi. Ona görə də bir-bir qohumlarımın evlərinə getdim, lazımi yaşda uşaqları topladım. Onların yığıldığını görəndən sonra başqa uşaqlar da gəlməyə başladılar.

 

Çox təəssüf ki, bizdə biznesmenlik yox, əsasən alverçilik yayılıb. Biznesmenlik sənətdir. Alverçi isə sadəcə alır və satır, ona görə teatrdan gəlir götürməyi düşünmür. Məkan olaraq heç kim teatra yardım etməyib, etmir, etməyəcək də. Məsələn, bizim teatr hələ də yersiz-yurdsuzdur.

 

Sonrakı maneə uşaq pyeslərinin yoxluğu idi. Ona görə də ssenaristi, aktyoru özümüz yetişdirməyə başladıq. İncəsənət Universitetində gələcəyin aktyorlarına uşaqlara yönəlmiş bir dəfə də olsun seminar keçirilmir. Aktyor gəlib bizim teatrda uşaq tamaşaçısının nə demək olduğunu görür. Burda püxtələşir.

 

Özəl teatrlara diqqət yoxdur. Əgər teatrın inkişafını istəyiriksə, özəl teatrlara meydan verməliyik, sağlam rəqabət yaratmalıyıq. Yeri gəlmişkən deyim ki, bir çox ölkələrdə dövlət özəl teatrları minimal formada olsa da maliyyələşdirir.

 

Çətinliklər çoxdur. Teatra gəlir mənbəyi kimi baxmaq düzgün deyil. Dövlət bir ailədirsə, teatr onun ən ərköyün övladıdır. O, mütləq valideyn qayğısına möhtacdır. Teatrı özü özünü dolandırsın deyə buraxsan, gedib pul gətirən tamaşalara meyllənəcək. Maariflənməyə ehtiyacı olan cəmiyyət adətən yüngül, aşağı səviyyəli tamaşalara meyl edir. Özünü dolandırmaq məcburiyyətində qalan teatr isə məcburən həmin zəif mövzulara müraciət edəcək və cəmiyyəti bir az da aşağı çəkəcək.

 

Bir var, tamaşaçını öz arxasınca aparan sənət, bir də var, kütlənin arxasınca sürünən sənət. Mən kütlənin arxasınca sürünüb onun cibinə girməməliyəm. Ona görə qayğı dövlətin üzərində olmalıdır. Teatrdan qorxmaq lazım deyil. Teatr sağlam müxalifdir, tamaşaçıyla müxalif olan bir sənət növüdür. Tamaşaçı orda özünü görür, özüylə dialoqda olur. Ona görə də teatr qayğı çəkməməlidir, yoxsa axsayacaq.

 

- İndiki uşaq əsərləri qane edirmi?

 

- Əsərlərlə müraciət edənlər olur, amma içində çox az işə yarayanına rast gəlirik. Ümumiyyətlə isə kollektiv olaraq o korluğu çəkmirik. Çünki özümüz artıq bu sahədə püxtələşmişik. Uşaq tamaşaları üçün rəssamımız, ssenaristimiz, rejissorumuz var. Ssenaristimiz Arzu Soltan yetərincə gözəl qələm sahibidir. Onun gənclər üçün elə əsərləri var ki, 15 ildir, repertuardadır, çünki tələbat var. Amma bir nəfərin ümidinə qalmaq olmaz axı. Yazarlar yoxdur, tənbəllik edir, işləmək istəmir, ya da pul umurlar. Rəssamımız Sevda Məmmədova da teatrın öz yetirməsi və Baş rəssamıdır, yetərincə dəyərli sənətçidir. İlhamə Əhmədova da rejissor kimi Bakı Uşaq Teatrında yetişib. İndi isə teatrın Baş rejissorudur, öz işinin ustasıdır və sair. Bu siyahını uzada bilərəm...

 

- Gənclərdə milli mənlik şüurun, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi baxımından teatrınız necə fəaliyyət göstərir?

 

- Düşünürəm ki, bütün sahələri beynəlmiləl eləmək olar, amma mədəniyyət mütləq milli köklərə söykənməlidir. Əks halda beynəlxalq səviyyəyə qalxması mümkün deyil. Demək olar, bütün fəaliyyətimiz, hər bir tamaşamız yeni nəsilə milli duyğular, vətənpərvərlik hissləri aşılamağa yönəlib. Belə də olmalıdır. Çünki teatr maarifləndirmə işi ilə məşğul olan qurumların önündə getməlidir. Tamaşalarımız bu sahədə maarifləndiricidir. Fikrimcə, hər kəs öz sahəsində vicdanla xidmət eləsə, bu, artıq vətənə xidmət deməkdir. Şərt deyil ki, əlində silah Qarabağda döyüşəsən. Qarabağı müdafiə edənlərimiz yetərincədir. Orda döyüşənin arxa cəbhədən ürəyi rahat olsun deyə, biz burda, öz səngərlərimizdə vicdanla çalışmalıyıq. Budur vətənpərvərlik.

 

-

 

 Orta məktəblərdə bu mövzunun təbliğatı necədir? Nələri müşahidə edirsiniz?

 

- Fikrimcə, yeni təyin olunan Emin Əmrullayev təhsil naziri olaraq, sırf öz yerində olan gəncdir. Ona böyük ümidlə baxıram. Ona qədərki təhsil bərbad vəziyyətdə idi. Bundan sonra Emin müəllim nə edəcəksə, düşünürəm ki, Azərbaycanın, onun təhsilinin xeyrinə edəcək. Özü vətənpərvər ziyalı, gözəl təhsil işçisidir. Nə yazıq ki, təhsildə də əvvəl qeyri-peşəkarlar irəli keçiblər. Məncə, peşəkarlıq vətənpərvərlik hissi, vətəni bütün qüsurlarıyla sevməyi bacarmaq və onu aşılamaq qabiliyyətidir. Təhsil işçisi uşağı Azərbaycandan döndərməməli, Azərbaycana döndərməlidir. Müəllim hər dərsin 3-5 dəqiqəsini uşaqla vətən, milli kimliyimizlə bağlı söhbətlərə həsr etsə, onu vətənpərvər gənc kimi yetişdirə bilər.

 

Ümumiyyətlə, məncə, nə mədəniyyətin məsuliyyətini, nə də təhsilin məsuliyyətini nazirliklərin üstünə yıxmaq düzgün deyil. Mənim mədəniyyətim və ya təhsilim üçün nəyə görə nazirlik məsuliyyət daşımalıdır?! Təhsilimizə əsas məsul olan müəllimdir, şagirddir, valideyndir...

 

- Sizcə, bu təbliğatda pafos önəmlidir, ya səmimiyyət?

 

- Yeri gələndə pafos da olmalıdır. Baxır, kimə deyirsən. Məsələn, kütlə qarşısında pafosla çıxış etməlisən. Evdə uşağa, sinifdə şagirdə, zalda tamaşaçıya isə bunu səmimiyyətlə öyrətməlisən. İşdə, sənətdə pafos olmaz, səmimiyyət lazımdır. İnsan sevginin, səmimiyyətin məhsuludur.

 

- Teatrınızın yer problemi hələ də davam edir.

 

- Bəli. Bu yaxınlarda bir təkliflə çıxış etdim. Sağ olsunlar, naşir Şahbaz Xuduoğlu, Xalq artisti Mehriban Zəki və başqaları səsimə səs verdilər. Məlumdur, teatr üçün ayrıca bina tikmək çətin olar. Araşdırma getsə, bu gün Mədəniyyət Nazirliyinin balansında mədəniyyət evləri, yararlı ictimai binalar yox səviyyəsindədir. Ancaq paytaxtda kimlərinsə yolverilməz üsullarla əldə etdikləri pullar hesabına tikilib bəzədilmiş neçə-neçə şadlıq sarayı var. Artıq bütün ictimaiyyətə məlumdur ki, o sarayların bir çoxu dövlətə, millətə zərbə vuran vəzifəli şəxslərin, yüksək rütbəli sabiq məmurların imiş. O saraylar həmin adamlar üçün neçənci bu cür əmlak və əlavə qazanc mənbəyi rolunu oynayır. Halbuki onlardan mədəniyyət obyekti, sənət ocaqlarının binası olaraq daha yaxşı, faydalı şəkildə istifadə oluna bilər. Bax buna diqqət ayırmaq lazımdır. Mənə yer, pul və 6 ay da vaxt versinlər. 7-ci ayın ilk günü o teatrı dünyada ən yaxşı teatr kimi təqdim eləməsəm, məni meydanda assınlar.

 

- Gənc aktyorların uşaq teatrına marağı necədir?

 

- Bu gün uşaq teatrında işləmək üçün ən az on nəfər ixtisaslı kadr növbə gözləyir. Uşaq Teatrının digər teatrlardan fərqi odur ki, aktyoru yenidən cilalayır, almaz kimi parıldadır. Bizim aktyorların çəkildiyi heç bir reklamın, filmin, serialın rejissorundan onlarla bağlı giley eşitməmişəm. Çünki onlar uşaqlar üçün işləyə-işləyə formalaşıblar.

 

- Teatr olaraq pandemiya dövründə də aktiv idiniz.

 

- Bəli, işlədik, amma tamaşaçını canlı ünsiyyətə dəvət edib, sonra onlarla onlayn görüşmək, ürəkaçıcı deyil. Təbii ki, bu da məcburiyyətdən yaranan situasiyadır, kiminsə günahı yoxdur.

 

Koronavirusla bağlı dövlətin ciddi qaydaları biz fərd olaraq qorunmalı olduğumuzu dərk etməyincə yumşalmayacaq. Bir cizgi filmi var, siçan öz balasına deyir, tələ qorxulu deyil, sadəcə quruluşunu bilmək lazımdır. Koronavirus bəlkə bir o qədər də qorxulu deyil, sadəcə özümüzə, insanlığa qarşı laqeyd olmamalıyıq. Allah eləməsin, kütləvi yoluxma olsa, fəlakət baş verə bilər. Ən azından stresdən başımızı itirərik. Bunları yaşamayaq deyə, dövlət dəmir əlini cəmiyyətin üzərindən götürmür, götürməməyə məcburdur.

 

- Yeni mövsümə necə hazırlaşırsınız?

 

- Cəmiyyətə ümid verə-verə, amma özümüz hardasa ümidsiz şəkildə. Çünki hazırda sabahımızı görə bilmədiyimiz günlər yaşayırıq. Maarifləndirmə işi getməlidir. Bununla bağlı layihələr hazırlayırıq. Pandemiyadan sağlam çıxmaq üçün mütləq maarifləndirmə lazımdır. Cəlil Məmmədquluzadənin iki pyesini hazırlayırıq. Tofiq Seyidovun əsərini işləyirik. İşlər çox, zaman və yer isə məhduddur.

 

Şahanə MÜŞFİQ

 

525-ci xəzet.- 2020.- 2 sentyabr.- S. 17.