Musiqi məktəbində gözəl
görünüşünə aldanıb skripkanı
seçdim"
Rubrikamızın
qonağı gənc skripkaçı Çingiz Əliyevdir. 1990-cı ildə
Bakı şəhərində dünyaya gələn
Çingiz Əliyev gənc olsa da. artıq 22 ildir
bu sənətdədir. Uşaq yaşlarından
musiqi ilə məşğuldur. 7 il
Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuduqdan
sonra təhsilini 4 il Azərbaycan Dövlət
Konservatoriyasında davam etdirib. Hazırda
skripkaçı kimi fəaliyyət göstərir.
- Sizdə
musiqiyə maraq haradan və necə yarandı?
- İki növ musiqiçi var: anadan musiqiçi
doğulanlar və sonradan musiqiçi olanlar. Mən
özümü doğuşdan musiqiçi sayıram. Özümü dərk edəndən musiqiyə həvəsim
olub, bunun haradan gəldiyini isə bilmirəm. Yəqin ki, vergidir. Hələ 5
yaşım olanda atama kiçik sintezator aldırıb evdə
özüm məşğul olurdum. 6 yaşım olanda
1-ci mikrorayonda bir il musiqi məktəbinə
getdim, 7 yaşımda isə təhsilimə Qara Qarayev
adına 8 saylı məktəbdə davam etdim.
- Niyə
məhz skripka alətini seçdiniz?
- Əslində, əvvəl mən piano
üçün getmişdim, hazırda da piano qəlbimdə
bir arzu olaraq qalır. O vaxt imtahandan 5+ ilə keçdim, həm də
eşitmə qabiliyyətim absolyut olduğu üçün məktəb
müdiri məni məcburi skripkaya yönəltmək istədi.
Mən ağlayıb piano istədiyimi dedim. Müdirimiz
skripkanı gətirib göstərdi ki, bu aləti istəmirsən?
Mən də uşaq ağlı ilə alətin gözəl
görünüşünə aldandım və istədiyimi
dedim (gülür).
- Bəs,
sonra sevginiz necə yarandı?
- Uşaq
vaxtından hər zaman çətinə qaçmağı
sevmişəm. Skripkanı öz istəyimlə seçməsəm
də, ifa etməyə başladıqdan sonra ətrafdakıların
ona çox çətin olacaq, həvəsi də yoxdur deməsi
mənə təkan verdi. Artıq
2-ci sinifdə 5-6-cı sinifin əsərlərini ifa edirdim.
- Sənətdə
idealınız kimdir?
-
Idealım yalnız özüməm. Lakin dinləməkdən
zövq aldığım violinistlər, təbii ki, var. Misal
üçün, İtzhak Perlman, Leonid Koqan var. Bu
skripkaçılar əfsanədirlər. onları
bəyənməmək mümkün deyil.
- Bu sənət
sizin üçün nə ifadə edir, skripkada ifa etdikdə
nə hisslər keçirirsiniz?
- Necə
ki fikirlərimizi sözlə insanlara
çatdırırıq, mən də özümü skripka
ilə ifadə edirəm. Qəlbimdən gələn
səs skripkada notla üzə çıxır.
-
Hansı janrda musiqiləri ifa etməyi sevirsiniz? Heç olubmu ki, sevmədiyiniz musiqini məcburi ifa
edəsiniz?
-
Heç vaxt sevmədiyim musiqini ifa etməmişəm, hətta
bir neçə dəfə bu səbəbdən ixtisas müəllimimlə
aramda problem yaranıb. Klassik əsərləri
ifa etməyi sevirəm, müasir bəstələri isə qəbul
etməkdə çətinlik çəkirəm. Bəlkə də onların da öz dərinliyi var,
ancaq mənim üçün mənasızdır. Əvvəlki musiqilərə fikir vermisinizsə,
romantikanın, dramın öz ab-havası var idi, amma indiki
müasir musiqilərdə nə məna var, nə də
ab-hava, sadəcə, qorxunc səslər gəlir.
- Azərbaycanda
sanki musiqi ifaçılığı sahəsinin
auditoriyası məhduddur, hətta bununla məşğul
olanlar azdır. Marağın belə az
olmasının səbəbi nədir?
-
Ümumiyyətlə, 1990-cı ildən bu yana
Azərbaycanda musiqi sahəsini öldürdülər.
Üç sahə var idi - musiqi, səhiyyə və təhsil - bunlara
toxunulmurdu, istedadı olanlar məşğul olurdu. Lakin 1990-cı illərdən başlayaraq musiqiyə
aidiyyatı olmayan insanlar bu işlə məşğul
olmağa başladılar, bu da musiqi sahəsini məhv etdi.
Bir çox musiqiçinin işini davam etdirməməsinin
səbəbi də sənətdən küsdürülmələridir.
Çox istedadlı musiqiçilərimiz var ki,
ya sənəti atıb, ya da xaricdə fəaliyyət göstərirlər.
Çünki bacarıqlı musiqiçilərə
qiymət verilmir. Mən 6 il öz vətənimdə
iş tapa bilmədim, lakin Belarusa köçəndən iki
gün sonra Musiqili Komediya teatrından iş təklifi
aldım. Öz vətənində dəyər
verilməməsi adamı sənətdən
küsdürür, nəticədə, bu sahədə fəaliyyət
göstərən insanlar da azalır.
- Bəs
sənəti təbliğ etmək, insanlarda maraq yaratmaq
üçün, sizcə, nələr edilməlidir?
- Sənəti
indi də təbliğ edirlər, sadəcə, bizə
düzgün təbliğ edənlər lazımdır. Düzgün təbliğ etməyin yolu isə,
doğru musiqilər ifa edərək istedadlı bəstəkarları
tanıtmaqdır. Artıq biz uşaq
yaşlardan anlayırdıq ki, insanların çoxusu klassik
musiqiləri sevmir, çünki belə ifaları hər insan
başa düşmür. Ona görə də, biz
musiqiçilər auditoriyada az, amma bizi
dinləyən insanlar görməyə öyrəşmişik.
Bəlkə də, hər kəsin anlaya biləcəyi,
tanıdığı musiqilərdən ibarət bir konsert
olsa, daha çox insan gələr. Fikir vermisinizsə, hər
hansı estrada müğənnisinin konserti olanda hər yerdə
reklam olunur və yayılır, lakin belə konsertlərdə
heç bir sponsor
təbliğ üçün maddi dəstək
göstərmir. Ən sadə
misal çəksək, əvvəllər kinolarda Üzeyir
Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin musiqiləri ifa
olunurdu, bu da, təbii ki, insanlarda maraq oyadırdı. İnsanlar kinolardan eşitdikləri musiqini bəyənib
araşdırırdılar, beləliklə, klassik musiqi
növləri təbliğ olunurdu. Lakin
indi film və seriallarımızda bayağı, jarqon
mahnılar təqdim olunur. Təbliğatdan
çox şey asılıdır.
- İlk uğurunuz nə vaxt olub?
- Birinci
kursda məni bir müsabiqəyə yazdılar. Orada 4-cü yeri tutmağım ilk uğurum idi.
Daha sonra 6 saylı məktəbdə
keçirilən konkursda 2-ci yeri tutdum. Uğurlarımdan
biri də 4-cü kursda solo konsertimin olması idi. Ən
böyük uğurum isə özümüzün
yaratdığımız "Dostlar" adlı estrada qrupunda
çalışmağımdır. Sözsüz
ki, mənəvi olaraq ən böyük nailiyyətim bu sənətdə
özümü tapa bilməyimdir.
- Skripka
ifaçılığının, bu alətdə
yaxşı ifa etməyin sirri nədir?
- Alətdən
çıxardığın səs. Əgər
violinçi daxildən gələn səsi skripka vasitəsilə
ötürə bilirsə, dinləyici onu duyursa, deməli, təsir
edə bilir. Eyni musiqini bir neçə nəfər
ifa edə bilər, amma hər kəsin ifasında
çıxan səs eyni keyfiyyətdə olmur.
- Skripka
ifaçılığının tarixi və Azərbaycanda
tanınması haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda
skripka sənətini ən çox tanıdan Azad Əliyev
olub. Çox güclü skripkaçı və
Azərbaycanı xaricdə də təmsil edən
musiqiçi idi. Ümumilikdə isə bu
sənət ilk dəfə İtaliyada yaranıb. Ilk yaranan alət violo olub, daha sonra isə
violonçel və skripka yaranıb.
- Skripka
üçün ən yaxşı müşayiət
hansıdır?
- Təbii
ki, orkestrdır, amma belə imkan yoxdursa, ikinci ən
yaxşı müşayiət pianodur.
- İkinci dəfə dünyaya gəlsəniz, yenə
də bu sənəti seçərdinizmi?
- Yəqin
ki, yox. Uşaqlıq arzularımdan biri futbolçu olmaq idi,
lakin səhhətimdə olan bəzi problemlərə görə
ola bilmədim. Futbolda da
musiqi sahəsindəki kimi uğurlu olardımmı, bilmirəm.
Musiqinin məndə bir vergi olduğunu
düşünürəm, lakin insanın sevdiyi hər
hansı sahədə çalışaraq uğur qazana biləcəyinə
inanıram.
-
Özünüzün bəstələdiyiniz hər hansı əsər
var?
- Skripka
üçün xeyr, amma indiki estrada
üçün artıq üç müğənniyə -
Nur Cəfərli, Ray və Rəsul Əfəndiyevə
mahnı vermişəm.
- Solo ifa
etməyə üstünlük verirsiniz, yoxsa orkestrdə?
- Mən
solo ifa etməyə üstünlük verirəm. Əslində, orkestrdə ifa etmək çox
çətindir. Burada musiqiçiləri
orkestrantlar və sırf solo ifa edənlər olaraq iki növə
bölə bilərik. Orkestrın çətinlikləri
çoxdur, lakin müsbət tərəfləri də var. Məsələn,
solo konsertdə səhnədə tək oluruq və səhnəni
idarəetmə məsuliyyəti də bizim üzərimizə
düşür. Adi bir yanlış tez
gözə çarpır, sözsüz ki, bu vəziyyəti
idarə etmək musiqiçinin təcrübəsindən və
peşəkarlığından asılıdır. Amma orkestrdə qrup halında oluruq və səhv
etdikdə digər alətlərin müşayiəti ilə
onun üzərindən asanlıqla keçmək olur.
-
Skripkaçı kimi yaşadığınız hansısa
maraqlı bir əhvalatı danışa bilərsinizmi?
- Ilk dəfə
müsabiqəyə çıxanda çox həyəcanlı
idim və xəyalım ən yaxşısını edib 1-ci
yeri tutmaq idi. Müəllimimin mənə səhnə
mədəniyyətini öyrətməsinə baxmayaraq, həyəcandan
nə etdiyimi bilməyib səhnədə profildən insanlara
tərəf dayanmaq əvəzinə, ifanın sonuna qədər
üzümü pianoçuya, arxamı səhnəyə
çevirib ifa etmişdim. Elə buna
görə də 1-ci yox, 4-cü yeri tutmuşdum.
-
Skripkaçı olmaq istəyən gənclərə nələri
məsləhət görərdiniz?
-
Tövsiyə edərdim ki, təhsillərini xarici ölkələrdə
davam etdirsinlər. Əvvəllər müəllimlər
çox olsa da, indi Azərbaycanda həqiqi magistr səviyyəsində
musiqi təhsili verə biləcək müəllimlər
yoxdur.
Aytac ASLAN
525-ci qəzet.- 2020.-
2 sentyabr.- S.22.