"Torpaqlarımızı ancaq böyük vətən sevgisi ilə azad edə bilərik"

 

 

 

Dəyərli sənətkarımız Şəmistan Əlizamanlı gərgin və maraqlı bir tarixi dövrün şahidi, iştirakçısı olmaqla yanaşı, həm də o dövrdə Azərbaycana yaşadılanları bütün qəlbilə duyub, bunu oxuduğu mahnılarda əks etdirib. Nəticədə o, xalqın nəzərində, yaddaşında elə bir iz qoyub ki, bu gün böyükdən-kiçiyə hamı onu tanıyır, səsinə, sənətinə rəğbətlə yanaşır.

 

1990-cı illərdən bu yana çoxumuz onun ifaları ilə böyümüşük, vətənpərvərlik hisslərimiz onun ifasında səslənən "Vətən nəğmələri" ilə formalaşıb. Bugünkü gəncliyin gözündə-könlündə Ş.Əlizamanlının bambaşqa bir yeri var. Odur ki, yuxarıda qeyd etdiyimiz cəhətlərlə bağlı onun öz fikir düşüncələrini, vətənə sevgi, indiki gəncliyin bu mövzuya münasibəti kimi məsələlər barədə qənaətlərini öyrənib oxuculara çatdırmaq istədik.

 

Beləliklə, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ilə müsahibəni təqdim edirik:

 

- Şəmistan bəy, sizin yaradıcılığınız tamamilə vətənpərvərlik üstündə qurulub. Bəlkə mən qarşılaşmamışam, üzr istəyirəm, amma sizi heç sevgidən-məhəbbətdən danışan, yazan görməmişəm. Halbuki yaradıcı insanların əksəriyyəti ilhamı məhz burdan alır. Siz isə məhz vətən sevgisindən. Bunun səbəbi nədir?

 

- Yaradıcılığımda vətən sevgisinin bu qədər geniş yer tutmasının səbəbi bəllidir. Vətəni hamı sevməlidir axı. Bəs biz niyə bu torpaqlara "Ana vətən" deyirik? Bu ifadə vətən sevgisini təcəssüm etdirir. Vətəni hamımız sevməliyik, ələlxüsus da, indiki vəziyyətdə: Torpaqlarımız işğal altındadır; Vətən yaralıdır.  Biz torpaqlarımızı ancaq böyük vətən sevgisi ilə azad edə bilərik. Bu sevgidən vətənpərvərlik yaranır.

 

- Sizin "Əsgər vətən əmanəti", "İgid əsgər", "Cənab leytenant" kimi bir çox ifalarınız bu gün insanların dilindən düşmür, yaddaşlardan silinmir. Bəs sizin üçün ifa etdiyiniz hansı mahnı daha doğmadır?

 

- Elə mənim üçün hamısı doğmadır.

 

- Son illər əvvəlki qədər yaradıcılıqla məşğul olmursunuz? Yeni işləriniz, yeni layihələr varmı?

 

 - Yox, deməzdim, yaradıcılığım dayanıb. Əvvəlki illərə nəzərən elə bir fərq yoxdur. Yenə yaradıcılığımı davam etdirirəm. Bilirsiniz ki, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədriyəm. Müharibə haqqında, qəhrəmanlarımız haqqında sənədli filmlər çəkirik. 

 

Əslində, yaradıcılığımda fasilə, durğunluq yoxdur, yeni mahnılar, marşlar yazırıq. Yəni bu yöndə işləri daim davam etdiririk.

 

Bu yaxınlarda Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimov başda olmaqla, bizim digər hərbçilərimizin şərəfinə bir marş yazmışıq. "Paşam hey!" adlanan bu marşın klipi çəkilib. Həmin klipi ictimaiyyətə təqdim etmişik, bütün televiziyalarda yayımlanıb. Bu material Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanıb. Klipdə Tovuz döyüşlərində şəhid olanların görüntülərini vermişik.

 

 

 

- Siz 1992-ci ildə cəbhədən xəbərlər vermisiniz, döyüşlərin gedişini xalqımız əsasən sizdən eşidib, öyrənib. Həmin vaxtları necə xatırlayırsınız? O dövrlərdə elə bir xəbər vardımı ki, siz, onu böyük sevinclə, yaxud kədərlə xalqa çatdırdığınızı hələ xatırlayırsınız?

 

- Elə xəbərlər çoxdur, həm sevincli, həm kədərli ... Yadımdadır, Gədəbəydə ermənilərin quldur yuvasına dönmüş Başkənd çox təhlükəli bir yer idi. Bizim ordumuz onu düşməndən azad etmişdi. Elə o xəbəri alan kimi, axşam saatlarında, təxminən 16:30-da mən efirə çıxdım. Bütün televiziya kanallarında yayımı dayandırdılar mən həmin sevincli xəbəri xalqımıza çatdırdım. Çünki həmin Başkənd Azərbaycan üçün çox strateji bir yer idi.

 

Yeni nəsilin vətənpərvərlik ruhu yüksəkdir.

 

- Siz dediniz ki, gənclərlə işləyirsiniz. Gənclərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, bu baxımdan maarifləndirilməsi çox vacibdir. Sizcə, biz yeni nəsili bu istiqamətdə maarifləndirmə düzgün gedir? Bu baxımdan narahatçılığa səbəb olacaq, sizin müşahidə etdiyiniz hər hansı nüans var?

 

- Ümumi götürəndə, bu baxımdan vəziyyət qənaətbəxş hesab oluna bilər. Yəni mən bağçalarda, orta ali məktəblərdə görüşlərdə oluram. Müşahidə edirsən ki, həqiqətən , yeni nəsildə vətənpərvərlik ruhu yüksəkdir. Anlayırsan ki, müəllimlər bu istiqamətdə lazımınca görürlər. Amma əlbəttə, bu məsələdə əsas tərəf gənclərin özləridir. Biz böyüklər olaraq onlara lazımi məlumatları verir, düzgün təbliğat aparırıq. Amma əsas gənclərin öz üzərinə düşür. Hər şey onların özündən asılıdır. Bu gün fikir versəniz, hər yerdə ölkəmizin tarixi, xalqımızın başına gətirilən hadisələr yazılır, televiziyalarda deyilir. Bu, elə təbliğatın əsas hissəsidir. Gərək gənclərimiz özləri bu məsələ ilə məşğul olsunlar, oxuyub-öyrənsinlər, hadisələri izləsinlər. Çünki müharibə haqqında bütün məlumatlar hər yerdə, kitabxanalarda, televiziyalarda, radiolarda var. Amma ümumi götürsək, bu baxımdan vəziyyət yaxşıdır. Bu sualınızdakı narahatlığa əsas yoxdur.

 

Bunlar hamımızın gözü önündə baş verdi...

 

- Hələ müharibə şəraitində yaşayır xalqımız. Son 20 ildə yetişən nəslin düşüncəsində artıq "hər an müharibə ola bilər" fikri formalaşıb. Bəs sizcə, bizim gənclər həm hərbi, həm psixoloji motivasiya baxımından müharibəyə həqiqətən hazırdırmı?

 

 

 

- Əlbəttə, gənclərimiz vətən yolunda müharibəyə hazırdır. Bu baxımdan heç bir problem yoxdur. Çünki gənclərimiz həqiqətən vətənpərvərdir. Cəmiyyətimizdə bir vətənpərvərlik havası var. 2016-cı il aprel döyüşləri zamanı bunun bir daha şahidi olduq. Xalqımız bir yumruq kimi birləşmişdi, milli ruh oyanmışdı. İndi elədir. Yəni əgər müharibə başlayarsa, yenə vətənpərvərlik ruhu yüksələcəkdir. Gənclərimiz buna tam hazırdır. Ordumuz indi istənilən döyüş əməliyyatını yerinə yetirməyə hazırdır buna qadirdir. Ordumuz bu gün bütün qoşun növləri üzrə tam formalaşıb. Əgər müharibə olarsa,

 

ordumuz çox qısa zamanda torpaqlarımızı işğaldan azad edə bilər.

 

Son olaraq Tovuzda gedən döyüşlər zamanı da bir daha şahid olduq ki, xalqımız necə bir yumruq kimi birləşdi, həmrəylik nümayiş etdirdilər, ordumuza dəstək olmaq üçün mitinqlər keçirdilər. Bunlar hamımızın gözü önündə baş verdi. Səfərbərlik xidmətinin yerli şöbələrinə minlərlə könüllülərimiz yazılıb. Onlar artıq könüllü cəbhəyə getmək üçün siyahıya alınıblar. Bütün bu son hadisələr göstərir ki, xalqımızın, xüsusən gənclərimizin hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir.

 

Natəvan ABDULLAYEVA.

525-ci.- 2020.- 5 sentyabr.- S.19.