"Nədən həsrət ilə dolur şairlər?"
Şair Afaq Şıxlının sevgi
dünyası
Deyirlər,
hər bir qələm sahibinin həyatı onun sənət,
yaradıcılıq taleyinə güzgü tutur, işıq
salır. Söz-söz cücərən əsərlər,
misra-misra doğulan şeirlər sənətkar
ömrünün bəhrələri,
arzu və ümidləri, sevinci, kədəridir. Tanınmış söz adamı,
şair Afaq Şıxlının şeirləri
kimi.
Xeyli müddətdir
ki, Moskvada yaşayıb yaradan, ixtisasca həkim olsa da, həyatını ədəbiyyata, poeziyaya həsr etmiş istedadlı el qızımız
Afaq Şıxlını
doğma yurdda da yaxşı tanıyır
və dəyərləndirirlər. Şair,
publisist, tərcüməçi
A.Şıxlı Beynəlxalq
Yazıçılar və
Publisistlər Assosiasiyasının,
Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Rusiya Poeziya Akademiyasının,
habelə Azərbaycan Jurnalistlər
və Yazıçılar
Birliklərinin üzvüdür.
2015-ci ilin yanvar
ayından Azərbaycan
Yazıçılar Birliyi
Moskva bölməsinin
məsul katibi vəzifəsinə təyin
olunub.
Afaq xanım
türk və rus dillərindən bədii tərcümələr
edir. Son illərdə şeir və hekayələri respublika mətbuatında dərc edilib, eləcə də bir çox
internet saytlarında oxuculara
təqdim olunub. 1000-dən artıq şeir, hekayə və publisistik yazının, 6 şeir və hekayə toplusunun müəllifidir.
Şeirləri rus, türk
və fransız dillərinə tərcümə
edilib.
Şairlərin yaratdığı əsərlər
iç dünyalarından
süzülüb gələn duyğularının,
bir də sənət qayələrinin
nişanəsi, tərcümanıdır.
Afaq Şıxlı üçün
də şeir hisslərini ifadə etmək, düşüncələrini
bölüşmək, dilə
gətirmək vasitəsidir.
Nə yaxşı ki, şeirlə yazılanlar daha çatımlı və tez oxunandır.
Zamanın çox kiçik
bir zərrəsi olan anı yaşamağı,
o anın oyatdığı
hissləri şeirdə
əbədiləşdirməyi ustalıqla bacarır Afaq Şıxlı. O, bu günü yaşamağın, həm
də anlayaraq, dərk edərək, incəliklərinə vararaq
yaşamağın fərqindədır.
Doğrudur, bəzən
həzin kədər gətirir insana hansı anısa yaşamaq... "Yadına
mən düşəcəm"
şeirində olduğu
kimi:
Yenə
sakitlik çöküb
üfüqlər qaralanda,
Əl-ayaq çəkiləndə, təkbaşına qalanda,
Əlində kağız-qələm xəyallara dalanda
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni
vuranda,
Xəyallar bir yük kimi düşüncəni
yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Yaxud
"İşi yaman çətindir sevgi adlı dünyanın"
deyən şairin duyğuları daha bir şeirinin doğulduğu anda xoş, nikbin ovqata köklənir:
Gələcəyik dünyaya
Hər gələn
yazla birgə.
Biz öldükdən sonra da
Sevgimiz yaşayacaq
Ruhlarımızla birgə!
Afaq Şıxlı
şəxsiyyətinə, mənəviyyatına
qibtə edilən söz adamlarındandır. Pərəstişkarları
şairin məhəbbət
şeirlərini də
çox sevirlər.
Gözəl ruhlu, bədii
siqləti ilə seçilən şeirlərini.
Çünki Afaqın
şeirləri onun özüdür, iç dünyası,
köksünə sığmayan
duyğularıdır:
Səni
düşündükcə xəyalım çaşır,
Ürəyim bir ayrı dünyada
qalmış.
Ruhum divanətək gəzib dolaşır,
Ümidim bir dəli fəryada
qalmış.
Bu şeirlərin baş qəhrəmanı əhdinə
vəfalı, sevgisində
sadiq və qərarlıdır:
İsidib
dərdimi öz nəfəsimlə,
Dinirəm ruhumun çaldığı
simlə.
Ayrılıq ömrünü sürür
mənimlə,
Vüsalım o sənli röyada
qalmış...
Ümidini, həyat eşqini
itirməyən şair sevgisində
səbatlı olduğu
qədər də qürurludur:
Qarşında seçim var - sevgi, ya qürur...
Vüsalla açanda neçə sədd durur.
Bircə
qəlb qəlbinlə
həmahəng vurur,
O da ya qismətdi, ya qismət deyil!
Digər
şeirində "Başa
gələn boş deyil ki, sevilməmək
xoş deyil ki..." deyən şair gəldiyi qənaəti də dilə gətirir:
Afaq, qəmi atma içə,
Qəzəbini endir heçə.
Həyatdı bu, hər şey keçər,
İradəni yoxla bir az! - deyir.
Həmin baş qəhrəman eşqində nikbin, səmimi, güzəştə
gedəndir, çox vaxt sevgiləri yarı yolda qoyan hər cür qınaq və yerli-yersiz iradlardan uzaqdır.
"Düşünmə" şeirində oxuyuruq:
Mən gözəl günləri
salım yadına,
Sən unut keçmişi gəlincə
bahar.
Mən nəğmə söyləyim
sevgi adına,
Sən umu-küsünü başından
çıxar!
Budur Azərbaycan
poeziyasının zəriflərindən
birinin - Afaq Şıxlının və
onun qadın qəhrəmanının içində
boy verən sevgi duyğuları. Pak, saf, göz yaşı kimi dumduru... Şairin poetik deyimləri təzədir,
dipdiridir, təkrarlanmadığı
üçün
bənzərsizdir. O, dərdin
şəklini sözlə görün
necə çəkir:
Eşqin
sonu sərin olar -
Qəlb yarası dərin olar.
Ömür ya
man şirin olar
Vaxt boğazda
daralanda.
"Simin səsi
zilə düşər
qəm əlindən saralanda", "Dünyaya
bir şeir gələr ürək yanıb qor olanda" deyir Afaq Şıxlı. Bu deyimlər onun poeziyasının ulu folklorumuzdan, zəngin xalq yaradıcılığından
qaynaqlanmasının, milli
kökümüzə söykəcin
nişanəsidir. Məhz bu
üzdən Afaq xanımın əsərlərinin
dili xəlqi, aydın və oxunaqlıdır. Göründüyü kimi,
bu şeirlərdə
xalq dilinin sadə ifadə vasitələri şairin iç dünyasında yaranan ehtizaza, emosiyaya həmahəng olaraq obrazlaşıb.
Sevə-sevə həyat verdiyi,
göz nurunu içirdiyi şeirlərində
A.Şıxlının xarakter
yaratmaq yaradıcılığı
da aydın görünür:
Enən
yoxdu yüzdən birə,
İstər dondan-dona girə.
Həyat,
məni vurma yerə -
Sürünməyi bacarmıram!
"Yaxşıdırsa, yaman kimi görünməyi bacarmayan" söz adamı "Deyirlər"
şeirində şairlərin
obrazını, surətini,
həm də könül dünyasını
nəzmə çəkir:
Əlində bir qələm,
gözündə eynək,
Məclislər sultanı olur şairlər.
Naşılar nə bilsin, nə çəkir ürək,
Nədən həsrət ilə
dolur şairlər?
"Kim bilir əslində,
kimdi bəxtəvər"
deyən şair "İstedad çox zaman əzab gətirər" qənaətinə
gəlir.
Dövranın gərdişi, taleyin
hökmü ilə dünyanın ayrı-ayrı
ölkələrinə səpələnib insanlar. Qərib eldə yurd-yuva salmağın isə, necə deyərlər, boranı, qarı, çovğunu var. Bəlkə elə qürbətdə yaşamağın
nisgili hopub Afaq xanımın şeirlərinə
Ömrüm durna dəstəsidir,
Taleyim kar bəstəsidir.
Könlüm Vətən xəstəsidir,
Kökümdən qopmuş kimiyəm...
Yaxud:
Ürəyimiz oyuq-oyuq,
Sən də mənim kədər dostum.
Vətən isti, qürbət
soyuq...
Bu nə tale, qədər,
dostum?
Vətəndaşlıq borcunun dərkidir bu şeirlər. Afaq Şıxlı "Vətəndən
uzaqda - Azərbaycanam,
onun nəğməsiyəm,
onun diliyəm" söyləyir, doğma yurddan aralı düşəndə özü
də qəribsəyir,
misraları da:
Hələ də yoldayam,
tale yazılı,
Hələ də
həsrətə üsyan
edirəm.
Ayrılıq dəmidir, əlim uzalı...
Mən yenə
Bakımı qoyub gedirəm.
"Qürbət türküsü" şeirində
məmləkətini sevən,
tarixi Vətəninə,
ata ocağına bağlı, yurdunun xoş gününə sevinən, dərdini öz dərdi bilən söz adamının narahatlığı, əndişəsi
əksini tapıb:
Göylərə üz tutub ümid
duası,
Sözlərim qayıdıb özümə
dəyir.
Könlümdən keçsə də, Vətən havası,
Qürbətin küləyi üzümə
dəyir.
Afaq Şıxlının doğulduğu Qazax bölgəsindən Meksikaya
aparılan, istirahət
parkında əkilən,
"özü istəmədən
qürbətə düşən"
palıd ağacına
xitabən yazdığı
şeirində şair
bu yaşıl çətirli gözəllik
mücəssəməsinə üzünü tutub "oxşar imiş taleyimiz" deyir.
"Bu gün dünən olanda" şeirindəki "Bax, o
zaman qurtulub qürbət əsarətindən,
ruhlarımız dönəcək
öz yurduna, elinə" misraları isə şairin arzu və ümidlərinin
çin olacağına
inamının ifadəsidir.
Şairin poeziya nümunələrindən
belə bir yəqinlik hasil olur ki, düşündüyümüz
və ya heç ağıla gəlməyən, yada düşməyən hər
hansı bir mövzu yalnız öz obrazlı ifadəsini tapdıqda ədəbiyyatın predmetinə
çevrilə bilər.
Afaq xanımın barəsində söz açdığım şeirləri
bu gerçəkliyi bir daha təsdiq
edir.
Zemfira MƏHƏRRƏMLİ
525-ci qəzet.- 2020.- 5 sentyabr.- S.18.