Tarix - bəşəriyyətin
vicdanı kimi
Akif Abbasovun “"Sultan II Murad" romanı haqqında yığcam qeyidlər
Adətən bir əsər yazılanda hər kəs müəllifə əsərinin uzun- ömürlü olmasını
arzulayır. Uzunömürlü əsər ortaya
qoymaq, uzun zəhmət hesabına başa gəlir. Bu fikir tarixi
əsər yazan müəlliflər haqqında
xüsusilə keçərlidir.
Bu, yazılan dövrün tarixi hadisələri, obrazların
həyat və fəaliyyəti ilə bağlı geniş araşdırma və məsuliyyət tələb
edir.
Haqqında danışacağım əsər
pedaqogika elmləri doktoru, professor, yazıçı,
tərcüməçi Akif
Abbasovun "Sultan II Murad"
romanıdır. Akif müəllimin bu
vaxtadək onlarla elmi əsəri, 40-a qədər hekayə və povesti, həmçinin, romanları
nəşr olunub.
Bu roman onun tarixi
əsər olaraq ilk yaradıcılıq məhsuludur.
Qəbul etsək ki, tarixdə iz qoyan əsərlər əsasən, tarixdə iz qoyan şəxsiyyətlərə
həsr olunanlardır,
bu baxımdan Akif müəllimin də məqsədini alqışlamaq gərəkdir. Bu fikrə kifayət qədər sübut gətirmək olar. Uzağa getməyək, bir əsr əvvələ
gedib Hüseyn Cavid yaradıcılığına
nəzər salaq: qəhrəmanları Peygəmbər,
Topal Teymur, Ömər Xəyyam, Şeyx Sənan və sair. Yaxud yaxın
dövrdə İsa Hüseynov
Nəsimi, Nizami və başqa obrazları yaratmaqla onları yeni qələmlə, yeni dünyagörü ilə
müasir oxucuya təqdim edərək, öz adını ədəbiyyat tarixinə
yazmağı bacarıb.
Sultan II Murad Osmalı
sultanlarından 6-cı Osmanlı
padşahıdır. Əsər o tarixdə Osmanlı paytaxtı olan Ədirnə şəhərində
Sultan I Məhmədin bir
səhər ova çıxması,
ov əsnasında atdan yıxılıb iflic olması səhnəsi ilə başlayır. Bu səbəbdən Məhməd
Çələbi ölüm
yatağına düşür
və taxt-tacını
bir vəsiyyətnamə
ilə oğlu Sultan Murada ötürərək
dünyasını dəyişir.
Atasının ölümündən 42 gün sonra saraya yetişən Sultan Murad taxta çıxır.
Sonrakı hadisələrin xroniki ardıcıllıqla, dolğun
bədii təsvirlərlə
günümüzün Azərbaycan
türkcəsinə uyğun,
yeni ifadə tərzi ilə verilməsi oxucuda maraq doğurur. Bu, həm də oxucunu zamanın ab-havası içərisində
saxlayır, onu sanki hadisələrin canlı iştirakçısına
çevirir.
Əsərdə cərəyan edən hadisələr bədii epizodik səhnələrlə
müəllifin öz
dilindən təqdim edilir. Sultan II Muradadək olan Osmanlı sultanlarının həyatı
və ölümü
haqqında qısa məlumatlar verilir.
Romanda həmin
dövrdə və sonrakı zamanlarda Osmanlı tarixində Düzməcə Mustafa adı
ilə anılan
Mustafa Çələbinin taxt uğrunda Sultan Murada qarşı apardığı mübarizəsi
də yer alır. Mustafa Çələbi
Sultan I Məhmədin qardaşı,
Osmanlının dördüncü
padşahı İldırım
Bəyazidin oğludur.
Əmir Teymurla İldırım Bəyazid arasında yaşanan Ankara savaşında
İldırım Bəyazid
məğlub olur, bunu özünə təhqir sayaraq zəhər içir, oğlu isə əsir düşür. Bu savaşdan
18 il sonra meydana çıxan Mustafa
Çələbi Osmanlı
düşmənləri ilə
birləşərək öncə
qardaşı Sultan I Məhmədə,
onun ölümündən
sonra isə Sultan II Murada qarşı ömrünün sonunadək
mübarizə aparır.
Onun Mustafa Çələbi
olduğuna heç kim inanmır,
Osmanlılara görə
o, özündənrazı, yalançı - düzməcə
biridir. Ləqəbi də bu səbəbdəndir.
Ümumilikdə Osmanlı sultanlığı
tarixinə baxanda bu mövzu bir
neçə sultanın
dövründə gülüş,
bəzən də heyrət doğuran
məqamlarla yenidən
gündəmə gəlir.
Hətta
Osmanlının 10-cu padşahı
Qanuni Sultan Süleymanın
dövründə də
Düzməcə Mustafa adı
ilə peyda olan dırnaqarası qəhrəmanlar olmuşdur.
Bəlkə də bu haqsızlığın
bir cəza kimi insan cildində yenidən peyda olması, haqsızlıq edənləri
şər qüvvə
kimi izləməsidir.
Amma bu, başqa bir yazının mövzusudur.
Əsərdə Sultan II Muradın hökmdarlığı
dövründəki müharibələr
və zəfərlər
qədər müharibələrdə
yaşanan digər hadisələr də təsvir olunur. Belə ki,
burada oxucu üçün maraqlı
olan kiçik bir detal da savaşların
birində yemək vaxtı iki gənc əsgərin bir kənara - xəlvətə çəkilməsi
səhnəsidir. Digər əsgərlərin
onları görməsi
ilə aşkara çıxan səhnədə
bu əsgərlərdən
birinin qadın olması üzə çıxır. Savaş
əmri verilən vaxt üç günlük evli yeni gəlin ərindən ayrılmaq istəməmiş və kişi paltarı
geyinərək savaşa
qatılmışdır. Bu
təsvir türk qadınlarının sevgisini,
sədaqətini, eləcə
də bütün dövrlərdə öz ərləri, ərənləri
ilə bərabər
at belində mərdliklə
savaşdıqlarını bir daha sübut
edir.
Əsərin bir bölümündə
kiçik Mustafanın
sultanlıq iddiası
səbəbilə Qaramanoğulları,
Gərmiyan bəyləri
ilə, sonradan Bizans imperatopu ilə birləşərək
qardaşı Sultan II Muradın
üzərinə qoşun
çəkməsi və
savaşların birində
məğlub olmasından
bəhs edilir (Avqust 1422)
Osmanlı tarixində səltənət
sahibliyi uğrunda qardaşın digər qardaşlarını, oğulun
atanı, atanın oğulu öldürdüyü
faktlar çox olub. Hakimiyyətin dəyişməz
qanunu, yaşamaq üçün öldürməlisən,
- teoremi o dövrlərdə
özünü daha çox təsdiq etmişdir.
FATEH SULTAN
MƏHMƏT” ROMANI OXUCULARIN İXTİYARINDA | kultur.az
Dünyada hər şeyə qiymət qoyula bilər, amma bir müəllimin əsərinə qiymət
qoyula bilməz. Bu, klassik fəlsəfənin
banilərindən sayılan
Sokratın sözüdür.
Bu fikir "Sultan II Murad"da da özünü
göstərir. Romanda müəllifin
təhkiyəsi, obrazların
təxəyyül gücü
ilə bədii təsviri, onlar haqqında əlavə məlumatları özündə
çox ustalıqla həzm etdirir. Əsərdə çoxlu atalar
sözləri, məsəllər
işlənmişdir ki,
bunlar da onun bədii-estetik dəyərini
və gücünü
artırır. Məsələn:
"Hər daş baş tutmaz", "Ağılsız başın
cəzasını ayaqlar
çəkər" və
sair.
Müəllif əsərdə rəvayətlərdən
də nümunələr
gətirir, Sultan II Muradın
üçüncü xanımı
Huma xatunun adının özünəməxsus
izahını verir: Huma Hind okeanı adalarında məskən salmış göyərçin
böyüklüyündə zümrüd, yaşıl
qanadlı mifoloji quşdur. ...Ərəb
dilində ruh mənasını verən
"Hu" və su mənasında işlənən
"ma" kəlmələrindən yaranıb. Avrasiya əfsanəsinə görə, "həyat ağacının" kökünü
(oxu - toxumunu) ilk dəfə olaraq səmadan və ya dağdan Yerə Huma quşu gətirib.
Osmanlı sultanları
savaş ənənələri,
zəfərləri ilə
olduğu qədər
hərəmxanaları ilə
də məşhur olmuşlar. Bu əsərdə də hərəmxana çəkişmələri,
xatunlar arasındakı
intriqalar, qısqanclıqlar,
hiylələr, yalanlar
bir-birini təqib edir. Serb kralının
qızı Mara xatun Sultan II Muradın beşinci arvadıdır. Atası tərəfindən məqsədli
olaraq evləndirilsə
də, sultan onu çox sevər və ona şeirlər söylər. II Murad dövlət xadimi, hökmdar, sərkərdə
olmaqla bərabər, həm də şair idi. Onun günümüzədək
gəlib çatan şeirləri olmasına rəğmən, romanda Mara xatuna Yunus
Əmrədən "Gəl
gör məni eşq neylədi" şeirini oxuyur. Eyni zamanda, Sultan
o bölgədə yaşayıb-yaratmış
Yunus Əmrədən
əxlaqını, mərdliyini,
etibarını, sülhsevərliyini,
müdrikliyini nümunə
götürmədikləri üçün Qaraman xalqını töhmətləyir.
Dünyaya gələn
kişilər, yola bilə gəlmək gərək,
Ölümünü anıbanı dünü gün ağlamak gərək.
Bu dünya qəhr evidir, xam baqi
deyil, fanidir,
Aldanıban qanma buna, tez
tövbəyə gəlmək
gərək.
Akif Abbasov əsərdə bədii-poetik ovqatı daha da gücləndirmək
üçün bu beytləri bilərəkdən
seçib - sultanların,
xanların qan töküb hökmranlıq
qazandıqları dünyanı
öz dilindən
"qəhr evi" adlandırıb, insanları
tövbəyə səsləmək
niyyətilə onları
əsərin ən emosional hissələrində
verməyi bacarıb. Çünki tarix bəşəriyyətin
vicdanıdır - dönüb
baxdığında insanın
insanlığı və
qeyri-insanlığı görünür.
Qeyd edim ki, Akif Abbasovun
"Sultan II Murad" romanı
2016-cı ildə nəşr
olunub. Mövzunun davamı olaraq bu il müəllifin "Fateh
Sultan Məhmət" romanı
da işıq üzü
görüb. Uzun
ömürlü və
oxucusunun bol olmasını arzulayıram.
Nəzərova Adilə
Həsən qızı.
525-ci qəzet.- 2020.-
8 sentyabr.-S.14