Bir gözümü
çıxartsınlar...
Paxıllıq nədir?
Əslində, bu mövzunu illər
öncə, necə deyərlər, qatlayıb keçmişə
atdığım üçün özümə çox
yad hiss edirəm. Yəni üstündən gülərək
keçdiyim bir məsələ haqqında yazmaq o qədər
də maraqlı deyil.
Bir neçə il öncə paxıllıqla
bağlı bir yazım
çap olunmuşdu və əslində, o yazının
yaranmasına səbəb var idi. Dünyaya başqa
baxışlarla, nağıllar aləmindən boylanan gənc bir
qız qəfil elə mühitə düşdü ki,
olanlara mat qaldı, gördüklərinin, izlədiklərinin,
təmiz insanların qarşısına çıxan maneələrin
nə olduğunu anlamağa çalışdı. Və
araşdırdıqca bu çəkişmələrin,
söz-söhbətlərin, kimisə yıxmaq
üçün qurulan oyunların, atılan böhtanların
kökündə duran o məlum hissin paxıllıq
olduğunu öyrəndi. Hərdən öz yoluna
tökülən daş-kəsəklərin, tikanların da
bundan qaynaqlandığını anladı. Öz-özünə
verdiyi suallar içində çaşıb qaldı. Axı niyə? - dedi. Kim idi ki o?
Heç kimin o qədər də fərqli şəkildə
tanımadığı, qeyri-adi istedadı, xüsusi
görünüşü, şöhrəti, vəzifəsi,
var-dövləti olmayan, sadəcə, işləmək
enerjisi aşıb-daşan adi bir tələbəyə niyə
mane olurdular? Ondan nə istəyirdilər? Niyə
atdığı hər addımda üstünə
qıcanmış dişlər, kinli baxışlar
görürdü? Amma araşdırıb, oxuyub bunları
yaradan səbəbin bir xəstəlik
olduğunu öyrənincə daha "Niyə?"
sualını vermədi özünə. Müqavimət də
göstərmədi artıq. Ürəyi ağrıdı,
kömək etmək istədi bu insanlara. Və illər
keçdikcə paxıllıq
mövzusu lap adiləşdi, xırdalaşdı,
cılızlaşdı gözlərində. Hər şey
insanın özündən asılıdır,
ağlını işlətsin, ürəyini təmiz saxlasın
deyib qapatdı bu mövzunu. Lakin illər sonra
dost-tanışların təkidi, xahişi ilə yenidən
bu mövzuya qayıtmalı oldu. Sevmədiyin bir mövzuda
yazı hazırlamaq o qədər çətindir ki... Həm
də internet səhifələrində bu mövzuda materiallar
bol ikən, istər dini, istər elmi yanaşmalarda kifayət
qədər məlumat verilərkən hardan başlayasan, harda
bitirəsən ki sözügedən mövzunu? Amma artıq
yazmağa başladımsa, lap ilkə qayıtmaq lazım.
Paxıllıq
nədir? Təbii ki, hər kəs axtarış
saytlarından, lüğətlərdən rahatca bu sözün izahını tapa bilər:
"Paxıllıq: başqasının rifahına,
üstünlüyünə, müvəffəqiyyətinə,
xoşbəxtliyinə, qabağa getməyinə dözməmək,
bundan dilxor olma, acıqlanma, gözügötürməzlik,
dargözlükdür". Bəzən paxllığı
ağ paxıllıq, qara paxıllıq kimi növə
bölürlər. Amma məncə, bunun heç bir fərqi
yoxdur. Paxıllıq elə paxıllıqdır. Ağ olsun,
qara olsun, qırmızı olsun, az olsun, çox olsun yenə
də onun zərəri qaçılmazdır. Bəzən
paxıllığı qibtə
ilə qarışdırırlar ki, bu da yanlışdır.
Yenə də izahlı lüğətə nəzər
salaq: Qibtə -
başqasının üstünlüyünü, müvəffəqiyyətini,
xoşbəxtliyini və başqa yaxşı cəhətlərini
görüb, bunların özündə də olmasını
arzulamadır. Göründüyü kimi, qibtə ilə
paxıllıq bənzər görünsə də, birində
sadəcə oxşamaq istəyi var, digərində məhv
etmək. Qibtənin nəticəsində yaxşı,
işgüzar, xoşbəxt insanların sayı arta bilərsə,
paxıllığın nəticəsi o yaxşıların
azalması, əziyyət çəkməsi, məhv
olmasıdır.
Paxıllıq
xəstəlikdirmi? Bəli, paxıllığı qəlb xəstəliyi
adlandırırlar. Paxıllıq hər şeydən öncə
insanın öz sağlamlığına mənfi təsirlər
göstərir. Bu xəstəliyə tutulmuş insanlar
çox vaxt başqa xəstəliklərə də yol
açan əsəb xəstələri olurlar. Bu, onların
zahiri görünüşünə də çox pis təsir
göstərir. Etdiyi pisliyin nəticəsində qalib
olacağını düşündüyü halda
qarşı tərəfin daha da irəli getdiyini
gördükcə çəkdiyi "əziyyətin", hətta
bəzən bunun üçün xərclədiyi pulların
boşa çıxması onun daha da əsəbi, gərgin
olmasına gətirib çıxarır, mənfiliklərlə
yüklənir, iş qabiliyyəti aşağı
düşür. Fikrini yalnız paxıllıq etdiyi
insanın məhv olmasına yönəldir. Az-çox
yaxşı olan cəhətləri də bu çirkabın
içində məhv olub gedir.
Paxıllıq
bəzən qarşı tərəfin istedadından,
bacarığından və onu
üstələməsi qorxusundan, uşaqlıqda
böyüklərdən gördüyü
ayrı-seçkilik
sarsıntısından və digər səbəblər
üzündən sonradan yaranırsa, bəzən də sadəcə
insanın xislətindən irəli gəlir. Yəni onun
paxıllıq etdiyi adam hətta adi işlərlə məşğul
olan, bəzən çox əzablı həyat yaşayan,
uğursuz biri də ola bilir. Belə desək, o
yazığın aldığı quru nəfəsə,
tapdığı bir tikə çörəyə də
paxıllıqla yanaşır ki, bu, artıq
paxıllığın ən pis halıdır. Əsl sevinc
belə insanlara yad olar. Paxıl insan paxıllıq etdiyi
birinin haqqında yaxşı sözlər eşitdikdə
içindəki kin-küdurət, nifrət yandırar,
parçalayar daxilini, yox edər təbəssümünü,
viran qoyar dünyasını. O, itib-batar, boğular bu dəhşətli
pisliyin içində. Belə bir misal var, "əziyyət
çəkmək istəmirsənsə, paxıllıq etmə."
Paxıl
insan məqsədinə çatmaq,
paxıllığını çəkdiyi insanı
sındırmaq, əymək, əzmək üçün yalan və
böhtanlara əl atmaqdan da çəkinmir. Hətta öz
canını da iyrənc xislətinə "fəda" etməkdən
vaz keçmir. Belə bir rəvayət var, bir gün şah
bir nəfərə deyir:
- Məndən
nə istəsən yerinə yetirəcəm. Amma bir şərtlə
ki, sənin qonşun onun iki qatını alacaq. Həmin adam
bir az düşünəndən sonra dərindən ah çəkir və
deyir:
- Onda əmr
edin, mənim bir gözümü çıxartsınlar...
Bir daha nəticə
çıxarmaq olar ki, paxıllıq həqiqətən pis əməllərin
törədilməsinə, böhtanlara, ən yüksək həddə
çatdıqda isə böyük cinayətkarlığa səbəb
olur. İstər bugünümüzü müşahidə
etsək, istər dini mənbələrə
nəzər salsaq, istər lap qədim rəvayətlərə
diqqət yetirsək, klassik ədəbiyyat nümunələrini
xatırlasaq, bir çox qətlin,
cinayətin törədilməsinə səbəb kimi
paxıllığın göstərildiyini aydın görərik.
Paxıl
insan dünyanın ən yazıq məxluqudur. Paxılın
etdiyi pisliklər də özünün acizliyini, qarşı
tərəfin isə üstünlüyünü
sözsüz etiraf etməkdir. Və
hərdən hansısa işimlə bağlı mən
özüm bu hisslərin hədəfi olanda bəzən həyati əhəmiyyəti
böyük olmayan məsələlərdə maneələri görməzdən
gəlir, geri çəkilir, mübarizə aparmıram.
Əgər həmin işimin alınmamasından kimsə
özünü xoşbəxt hiss edirsə, qoy belə olsun
deyə qarşıdakı planımdan vaz keçirəm.
Deyim ki, o insanın məni məğlub etdiyini
düşünərkən yaşadığı xoşbəxtliyi izləmək də
mənim üçün bir əyləncə olur.
Bəs
paxıllıqdan yaxa qurtarmaq, bu xəstəlikdən
sağalmaq mümkündürmü?
Əlbəttə
ki, mümkündür. Paxıllıq zərərli vərdiş
kimidir. Mübarizə aparmazsan, müqavimət göstərməzsən,
bütün varlığını sarar, zərrə-zərrə
yeyər, məhv edər səni. Yox, əgər güclü
iradən varsa, onu canından çıxararsan, qovarsan,
azadlığına, sağlam həyatına qovuşarsan. Yəni
bu xəstəliyin çarəsi həkim müalicəsi,
yaxın qohumların, dostların səyi yox, sənin iradəndir. Yetər
ki, bunu istə. Yetər ki, "mən bacaracam" de. Səni
pisliyə çağıran o səsi boğmağa
çalış. O səs səni şər işlərə
səslədikcə öz səsinlə onu rədd et. O, sənə
bağıranda sən də ona bağır. O, özünə
haqq qazandırdıqca, sən də özünə haqq
qazandırmağa çalış. Onun təhrik etdiklərinin
əksinə get. Sıxışdır, qov, çıxart o səsi
içindən. Möhkəmdən silkələ ruhunu.
Gözünü, qulaqlarını, qəlbini
bürümüş qara dumanı dağıt. Dərindən
nəfəs al, başını qaldır, Günəşə
bax. Diqqətlə bax! Təbiəti seyr et. Aldığın
nəfəs, tapdığın su, gördüyün səmanın
nə boyda xoşbəxtlik olduğunu dərk et. Eşidən
qulağın, görən gözün, yeriyən
ayağın, bir meyvə dərmək üçün uzanan əlin
nə demək olduğunu anla. Anla ki, sənə qismət
olanlar digərində, onlarda olanlar səndə olmaya bilər.
Bunu qəbul etmək, bununla razılaşmaq lazımdır.
Nə bədbəxtdir
başqasının şan-şöhrətini, mal-dövlətini
özünə dərd edib onları məhv etməyə
çalışan, dörd bir yanında çiçəkləri
yolub tikan bitirən, gecə boyu yuxusunda ilanlarla, əqrəblərlə
güləşən, yatağını dırnaqları ilə
didik-didik edən zavallılar.
Nə xoşbəxdir ətrafındakı gül-çiçəyi bəsləyib də dünyanı gözəlləşdirən, başını balışa qoyan kimi elə qızılgül ətirli yuxuya gedən insanlar.
Məhsəti MUSA
525-ci qəzet.- 2020.- 9 sentyabr.-
S.15.