Hər qarışı tariximizdən
yadigar olan Səngərli Qala
"... Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli-qalalı dağlar".
Aşıq Ələsgər
Hər dəfə dağlara aid kitablar oxuyanda əfsanəvi dağlarımız üçün yamanca qəribsəyirəm. Və ömrümün çox illərini keçirdiyim çiskinli, dumanlı dağları, o cümlədən, şahanə gözəlliyə malik olan Səngərli Qalanı xatırlayıram...
... Səngərli Qala yaylağı Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonu ərazisindədir, Biçənək aşırımından şimal-qərbdə, dəniz səviyyəsindən təqribən 3050 metr yüksəklikdədir. Dərələyəz dağları ilə Zəngəzur sıra dağlarının bir-birlərinə qovuşduqları məkandadır. Buna görə də saf havası və diş göynədən bulaqları var.
Səngərli Qalaya Batabat meşəsindən əsas iki yol var. Biri Batabat meşəsinin üstündəki Qızıl Qaya obasından, o biri isə Biçənək aşırımındakı Yelli gədikdən. Bura Ərikli gədiyi də deyirlər.
Hər iki yol müəyyən qədər sərt olsa da, əfsanəvi gözəlliyə bürünübdür.
Qızıl Qayadan başlayan yol yalnız dağ cığırıdır. Dolaylar da kəmər kimi Quşqonmazın belinə dolanır... Bu kəmər cığırla üzüyuxarı qalxırıq. Daş saatın aşağısında qədim bir inam yerinə - "Damcı piri"nə gəlib çatırıq. Çox qəribədir. Ətrafında torpaq olmadığı halda, ilin bütün fəsillərində böyük bir daş "ağlayır". Buna "özü ağlayan daş" da deyirlər. Qaya parçasının altında mağara var. Orada içi kasa kimi oyulmuş daşa ağlayan daşın saf damlaları toplanır. Təbii yaranmış ən yaxşı tarixi abidələrimizdəndir. Bu inam yeri kosmik kəmərdə yerləşir. Hər yayı Bərdənin Ləmbəran kəndinin camaatı, əsasən çələbilər bura ziyarətə gələrdilər...
Yolumuza davam edirik. Tərəkəmə arxacına qədər Batabat meşəsinin lap yaxınlığı ilə gedirik və ora çatdıqda Sərt Dərə deyilən əraziyə çatırıq. Burada darvaza rolunu oynayan Ağ qayalıqları dırmanıb aşmaq adama həm ləzzət verir, həm də sağlamlığımızı sınayırıq.
Ağ qayanı aşandan sonra sanki Gülüstani-İrəmə düşürük. Hər yan gül-çiçək, qayalar sinəsində bitən çəhrayı, sarı, ağ rəngli yabanı qızılgüllər-itburnu kolları, bir az yuxarıda sirli, 99 dərdin dərmanı dazı otları bir andaca adamın aurasını qeyri-adi edir... Dərənin güneyində sayı bilinməyən dağ bulaqları sanki ruhumuzu təzələyir.
Nəfəsimizi bir az dərib, lap dərənin dibindəki cığırla Çayqovuşana tərəf gedirik. Quzeydəki cığır qol üstündə olduğundan o qədər də yorulmuruq. Qarşıda - güney tərəfdə növbənöv dərman bitkiləri, ulduz kimi parlayan çiçəklər, ağ rəngli çiçəkləri ilə ruhu oxşayan cacıq (biz buna manda deyirik) kolları dağ şehinə bürüyür bizi... Ətrafda o qədər dazıotu var ki! Sanki yamaclara sarı-qızılı xalı döşənib.
Selovlarda artıq qurumuş ələyəzə, gicitkana, turşəngə (quzuqulağına), yamaclarda dovşan almasına, dadına dad çatmayan südlü-şirəli dağ yemliyinə hər addımda rast gəlirik. Çayqovuşana çatanda dağ cığırı haçalanır: biri Səngərli Qalaya, o biri də Ağbulağa, oradan isə Ağdabana gedir.
Şipşirin suyu olan Dərəçayı adlayıb güney tərəfə keçəndən sonra qaraqınıq, boymadərən, qantəpər, neçə növ kəklikotu kolları, dağ şomusu, dağ zirəsi, xaşxaş, ətirşah, unutma məni, bağayarpağı, şəbbu gülləri, nələr, daha nələr görürük. Müdriklərimiz həmişə bizə məsləhət görərdilər ki, güneydəki ot-ələfin gücü quzeydəkindən qat-qat çox olur. Elə baxanda bitkilərin boy-buxununda və gözəlliyində də bunu duyuruq.
Kələkli yurda çatırıq. Dişgöynədən yarpızlı-lilparlı Daş bulaqdan su içirik və təzədən quzeydəki cığırla yolumuza davam edirik. Nəhayət, daşlı, yoxuşla Səngərli Qalaya qalxırıq. Sağımızda-solumuzda qıpqırmızı lalələr çox gözəl, füsunkar görünür. Hər tərəfdə olan dağların uca zirvələri dumana bürünüb. Elə ilahi gözəllik var ki, qələm onu təsvir etməkdə acizdir... Səngərli Qala hər tərəfdən dağlarla əhatə olduğundan əzəmətli bir qalanı xatırladır. Təbii hərbi istehkamdır. Bu yerlərdə gül-çiçək sovuşmamış soyuqlar düşür. Laçın dağlarından gələn duman-çən həmişə buranın əziz qonağıdır. Çənsiz günlərdə buradan Dərələyəz İstisuyu və Kəlbəcər dağları, məşhur Ağmanqan (Göyçə gölü yaxınlığında) apaydın görünür.
Səngərli Qalanın ətrafında çoxlu səngər vardır. Yaşlılardan uşaq vaxtı eşidərdik: bu səngərlər 1918-20-ci illərin yadigarıdırlar.
Səngərli
Qalada da bir inam yeri var: "Miz Daş". Bu,
çox hündür, ustalıqla yonulmuş və bir
başdaşı qoyulmuş ocaq-ziyarət yeridir. Müqəddəs yer olmaqla bərabər, bu uca
dağların sinəsində əsrlərdən yadigar qalan
tarixi abidəmizdir. Çox təəssüf
ki, buranı uçurub dağıdıblar. Hündür daşbaşını da
aşırıblar. 20 ildən çoxdur
buraya gələ bilməmişəm. Sanki
yurd yerlərimiz küsüb məndən. Nə qədər uşaqlıq xatirələri var
burada. Bu yaşıl çəmənliyin
üstündə Naxçıvanın Kolanı kəndindən
olan Fatma nənənin çox ustalıqla toxuduğu gəbə
açılardı. Azərbaycanın hər
yerindən qonaqlar olardı. Atlar cidarlanar və
bellərinə çul atardılar ki çərləməsinlər.
Cocuq Mərcanlıdan olan Şahmar əmi
yaraşıqlı atını At Daşına
bağlardı. Onun özü bu
daşı dərədən çox çətinliklə
buraya gətirmişdi və atama onun babalarına məxsus
olduğunu demişdi. İndi bunun də
yerini dəyişiblər. Yəqin ki,
sonralar elə biləcəklər məzar daşıdır.
Mənə çox doğma olan insanlar
hamınızı tez-tez xatırlayıram. İndi iyulun
2-də elə həsrətlə arzuladım ki
hamınızı... Bir an mənə elə gəldi ki,
hamınız sağsınız... Süvari nəsildən
olan atamın Şahmar əmiyə dediyi də yadıma
düşdü: "Ay Şahmar, bu uşaqlara yəhərsiz-yüyənsiz
at minməyi öyrət". Atamın özü 4 il müharibədə olmuşdu. Olduqca zirək idi və cəsur xarakteri vardı.
İstəyirdi ki, oğlan uşaqları
yaxşı silah atmağı və at minməyi
bacarsınlar. Tərəkəmə
camaatı anamın ustalıqla qoyduğu təndirə həvəslə
baxırdılar. Xalis buğda unundan
yapılan lavaşı hamı pendirlə yeyirdi. Qarabağlı dostlarımız sacda lavaş
bişirdiklərindən təndir onlara maraqlı
görünürdü. Anamın minbir həvəslə
bişirdiyi əyirdəyin ətri istər-istəməz
adamda iştah yaradırdı. Təndir və
sac kababının öz ustaları vardı. Nə qədər
xatirələr yaşayır könlümdə... Naxçıvandan gələn karvan yolu buradan
Bazarçaya, oradan isə qərbə - İrəvana və
şərqə - Qırxqız dağlarına gedir.
Səngərli Qalaya el arasında Oyuqlu Qala və Rəhimin
yurdu da deyirlər.
Əgər buradan til boyunca Batabat meşəsinə ensək,
vaxtı ilə Qaçaq Nəbinin qaldığı tarixi
kahanı görərik. Bu kaha elə yerdə qərar tutub ki,
oraya getmək risk tələb edir. Ayıların
çox olduğu yerdir. Buradan Təkəli dağın
sinəsində olan Zorbulağa da getmək
mümkündür... Batabatda iki Zorbulaq var. Biri
Naxçıvan-Şuşa yolunun solunda qayalığın
qurtardığı yerdə, digəri isə Batabat meşəsinin
qərbində, Təkəli dağın sinəsində
çağlayır. Biri güneydə, digəri
isə quzeydədir. Aqillərin dediyinə
görə, güneydə olan bulaqların suyu xeyirli və
içməlidir. Quzeydə olan bulaq suyu
ağır olar və mədəyə ziyanlıdır. Amma hamı yolu yaxın olan quzey Zorbulaqdan istifadə
edir.
Əgər
Səngərli Qaladan şərqə tərəf bir az yuxarıya, dağların zirvəsinə -
Ağdabana qalxsaq, Əyriqarın, Qonaqgörməzin
qonağı olarıq.
İndi burada bizim gözoxşayan hərbi sərhəd
zastavamız var. İgid əsgərlərimiz ayıq-sayıq
dayanıb, yağı düşmənlərdən
Naxçıvanı qoruyurlar. Ağdabandan baxanda
Naxçıvan şəhəri görünür. Elə illər olur ki, Əyriqardakı köhnə
qarın üstünə təzədən qar yağır.
Ağdabandan qərb istiqamətində Səngərli
Qalaya tərəf qayıdırıq. "Veysəllı"
adlanan yurd yerində "Qara Daş" adlı bir ziyarət
yeri diqqətimizi cəlb edir. Burada həmişə
Şahtaxtı kəndində yaşayan seyidlərin
çadırı qurulardı. Bir az
aralıda dərdlərə dərman olan narzan suyu - Turşsu
vardır. Suyun tərkibində olan maddələrin
rəngi dağların sinəsinə də
çöküb. Veysəllidən Səngərli
Qalaya qayıdırıq. Orada bir az
dincəlib Baldırğanlı bulaqdan su içməyə
gedirik. Əslində, bu sərt qayalıqlar
içindən fəvvarə ilə qaynayıb daşan
bulağa tamaşa etməyə gedirik. Barmağımızı
bir neçə saniyə bu bulağın suyunda saxlaya bilirik.
Baldırğanlı bulaqdan Batabat meşəsi
çox gözəl görünür. Meşə
yaşıllıqdan tünd bir aləmə bənzəyir.
Batabat meşəsinin hər tərəfi dövrələmə
təbii abidələrlə zəngindir. Vətən
torpağının belə zənginliyi, gözəlliyi bizi
çox sevindirir. Təkcə dincəlmək
üçün bu dağlara gəlmirik. Onu
öyrənməyə, dinləməyə və səsinə
səs verməyə və qorumağa gəlirik.
Sinəsi qan laləli, güllü-çiçəkli
dağlarımız, siz bizim güvəndiyimiz yerlərsiniz,
yenidən görüşənədək.
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi, Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 9 sentyabr.- S.17.