Nazlı və füsunkar
Göygöl...
Pandemiyanın qadağaları hələ
ki götürülməyib
və bu zamanda hamının ən böyük istəklərindən biri
yola çıxmaq fürsəti, bölgələrə,
istirahət mərkəzlərinə
üz tutmaq azadlığıdır.
Baxmayaraq ki, bəzi adamlar
o azadlıq olan vaxtı heç evinin kandarından çölə çıxmayıblar. Onlar hamıdan
çox narazılıq
edirlər. Bu, məndə təəccüb
doğurur. Bəlkə gəzmədiklərinə,
o böyük fütsətləri
əllərindən çıxardıqları
üçün təzədən
ayılıb, peşman
olublar? Düzünü Allah bilir. Böyük
Nəsimi: "Dünya
duracaq yer deyil, ey can, səfər eylə" -
deyib. Səfərim çox qəribə
bir təsadüf nəticəsində baş
tutdu və bir neçə aydır təkidlə məni evinə qonaq dəvət edən qırx ildən çoxdur dostluq etdiyim rəfiqəmgilə - Göygöl
rayonuna yola düşdüm.
Evdən çıxdığıma, yolları
ölçdüyümə sevinirdim. Yolboyu rastlaşdığım rayon və kənd, çay adlarını oxuyur, hardan keçdiyimə diqqət
yetirirdim. Hava buludlu və sərin idi. Əsl səyahət havası.
Heç
bir polis yoxlamasına tuş gəlmədən bir neçə saata artıq rayonda idim. Rəfiqəm dil-ədəbiyyat müəlliməsidir və
Göygöl məktəblərinin
birində dərs deyir. Uşaqları ev-eşik yiyəsidirlər,
Bakıda yaşayırlar.
Onlarda bir neçə dəfə olmuşduq.
Amma bir-iki günlüyə.
Çox
qəribə xarakterli,
uşaq kimi saf və gözəl
bir xanımdır.
İnstitut illərində necə
idisə, eləcədir.
Heç dəyişməyib
İkimərtəbəli böyük
evdə yoldaşı
Telman müəllim və böyük baldızı Sürəyya
xanımla birlikdə yaşayırlar.
Hörmətli qonağı qarşılamaq
üçün hər
cür tədarük görmüşdülər. Düzü, bu qədərini gözləmirdim. İlk qonaq
süfrəsi təndir
kababı ilə açıldı. Orda qaldığım
müddətdə qonşular
da əllərinə keçən bağ-bostan,
ağartı məhsullarından
pay gətirir, yığışıb
söhbət edir, qonağı darıxmağa
qoymurdular.
Bölgə o qədər də böyük deyil. Cəmi 935 kvadratkilometrdir. Rayonun əsası 1819-cu ildə
Almaniyanın Vyutenburq
şəhərindən gəlmiş
kolonolistlər tərəfindən
qoyulub və Helenendorf, 1930-cu ildən isə rayon Nərimanov adlandırılıb, sonralar
(1992-ci ildə) iki yerə bölünüb Samux və Xanlar
deyilən bölgə
Göygöl adlandırılıb.
Düzü, rayonun bu cür adlandırılması
haqda sərəncamı
eşidən vaxt çox pərt olmuşdum. Göy göl artıq
vardı. Böyük bir
rayona əsl türk sözləri ilə adlandırılan qədim yaşayış
məskənlərinin birinin
adı qoyulsa idi, daha yaxşı
olardı. Göygölün
38 kəndi var. Bunların
içərisində Aşıqlı,
Balçılı, Çaykənd,
Çaylı, Damcılı,
Dərələyəz, Göyçəkənd,
Haçaqaya, Xasabağ,
Köşkü, Qarabulaq,
Sarısu, Toğana, Üçtəpə kimi
əsl türk sözlərindən biri rayonun adına qoyulsa idi, nə
gözəl olardı.
Xüsusən Toğana,
Dərələyəz, Qarabulaq
münasib sözlərdir.
Rayonda "Əhali
o qədər də yaxşı yaşamır",
- desəm, burda qəribə bir təzadla qarşılaşarıq. Geyim-keçimlərindən, küçələrdə şütüyən maşınların
köhnəliyindən, adamların
danışığından belə başa düşmək olardı
ki, həqiqətən,
o qədər də yaxşı yaşamırlar.
Lakin tikilən evlərin dəbdəbəsindən, görkəmindən
bunu demək olmazdı. Görünür, əsl azərbaycanlı
psixologiyası ilə
əllərinə keçən
pulu daha çox daşa-quma verməyi üstün tuturlar. Özünə ev-eşik düzəltmək,
övladları üçün
tikili qoyub getmək gözəl
mental dəyərdir.
Dünyanın ən füsunkar təbiət möcüzəsi
Göygölün burada
olması bölgəni
şöhrətləndirir. Azərbaycanın bir çox yerlərində olmuşam.
Lakin Göygölü görmək
qismət olmamışdı.
Bunun özündə də nəsə mənim xarakterimlə bağlı
bir qədər mistik qismət vardı. Tünlüyü heç sevmirəm.
İnsanların bu yerləri
gəzdikləri vaxt mən evdə idim. İndi hamının evə
qapanıb qaldığı
bir vaxtda Göygölün görüşünə
- gömgöy möcüzənin
seyrinə gəlmişdim.
Keçirdiyim hissləri sözlə
təsvir etməkdə
acizəm. Bizə
təhkim olunmuş sürücüdən (rəfiqəmin
baldızı oğlu),
onun bacısı uşaqları, mən və rəfiqəmdən
başqa burada, demək olar ki,
heç kim
yox idi. Doyunca baxıb ruhumu sevindirdim.
Geri qayıdanda bizə sürücülük edən
müharibə əlili,
qazi Elburus Yusifov
döyüşdüyü yerlərdən, Kəlbəcərdəki
müharibə xatirələrindən
danışdı. O, 1970-ci ildə Aşıqlı kəndində doğulub. Orta məktəbi bitirdikdən
sonra hərbi xidmətə çağırılıb.
Udmurtiyanın İjevsk şəhərində
on səkkiz ay xidmət
etdikdən sonra Moskvaya - Odintsovaya göndərilib, hərbi məktəbdə altı
ay təhsil alıb.
Sonra İjevskdə intitutun huquq fakültəsinə daxil olub. Lakin ailənin təkidi ilə 1990-cı
ildə doğma vətənə qayıdır,
ali təhsil
ala bilmir. Göygöldə yüngül sənaye
texnikumunun qiyabi şöbəsinə daxil
olur. 1991-ci ildə könüllü
olaraq Qarabağa - müharibəyə yollanır.
İlk döyüş
yolu Ağdərədə
Sərsəng su anbarı yaxınlığında
mühüm dövlət
obyektinin qorunması ilə başlayır:
- Cəmi 21 yaşım vardı. Müharibəni bu cür təsəvvür eləmirdim.
Başıpozuqluq, vahid komandanlığın
olmaması elə gənc, uşaq yaşda oğlanları düşmən gülləsinə
tuş etdi ki. Müharibəyə yollanmazdan əvvəl
əsgərlərlə Ağstafada
döyüş təlimi
keçmişdik. Ancaq müharibə
tamam başqa şeydir. Qısa müddətə nə öyrənmək olardı ki? Sərsəng yaxınlığında atıldığımız ilk döyüşdə mühasirəyə
düşdük. Dörd yüz nəfərlik
batalyondan heç yarısı da qalmadı. Mühasirəni yaranda bir neçə əsgərin
köməkliyi ilə
orada olan yaralıları da özümüzlə apara
bildik. Bundan sonra məni
yüz nəfərlik
dəstəyə rəhbər
təyin etdilər.
Bizi Murova aparıb Totoşen kəndində müdafiə mövqeyində
saxladılar. Burada əsgərlərin
ərzaqla təminatı
hədsiz pis idi. Ayrılmış
ərzağı əsgərlərə
vermir, əl altından satışa çıxarırdılar. Dəstəmizi sonra Seyfəlidə yaranan Qubadlı batalyonunun tərkibinə verdilər. Burdan Ağdamın Salahlı, Güllücə kəndlərinə
yollandıq və həmin kəndlərdə
gərgin döyüşlərdə
iştirak etdik. Düşmən əsgərlərin içərisində güclü
təxribat aparır, onların döyüş
ruhunu azaldırdı.
Döyüşlərdən salamat qalmış əsgərləri yığıb
"Nizami" poliqonuna
gətirdilər. Hamımız bitin içində ölürdük. Bir tərəfdən
də vaxtında qidalanmamaq. Əsgərlər güclə ayaq
üstə dayanırdılar.
Burada yuyunub özümüzə
gəldik və bizi Kəlbəcərin Nərimanlı kəndinə
gətirib müdafiə
mövqeyində saxladılar.
Əsgərlərin ərzaq təminatına
xüsusi fikir verirdim. Bir dəfə gətirdiyim ərzaqın içərisində
yağ görüb
xeyli sevindim. Şirin çayımı
qarışdırıb yağ yaxdığım
çörəyi ləzzətlə
yemək istəyəndə
atışma başladı.
O şirin çay və yağ
yaxmacı məni hələ də yandırır. Bərk əsəbləşmişdim (Bunu danışanda çox ciddi və kədərli görünən, baxışlarını
heç vaxt yerdən qaldırmayan həmsöhbətim ağappaq
ağarmış saçını
əlləri ilə daraqlayıb astaca gülümsəyir). Düşmənlər yerimizi öyrənib iri çaplı minomyotlar və tanklardan atəşə tutdular. Bütün müddət ərzində
ən çox itkimizin olduğu bir döyüş idi bu. Lakin düşmən
mövqeyimizi ala bilmədi.
Bu döyüşdə də əsgərlərlə
birlikdə yaralıları
atəş altından
çıxardıq. Cavan, 18-19 yaşlı,
döyüş təcrübəsi
olmayan əsgərlərimiz
çox həlak oldular həmin döyüşdə. Bir yaralını
xilas edib səngərə çatdıranda
başımdan yaralandım.
Gözümü açanda xəstəxanada
idim. Həkimlər bir neçə
dəfə əməliyyat
etdilər. Bu yara yaddaşıma çox pis təsir etdi. Lakin o döyüş səhnələri,
həlak olan uşaqlar, parçalanmış
bədənlər yuxumdan
çıxmır. Atəş səsləri
qulağıma gəlir.
Döyüşü gözləyirəm. Gedəcəm. O uşaqların ölümü ürəyimi
yandırır. Qisas almalıyam.
Daha o vaxtkı zaman deyil. Bunu qiyamətə qoymaq
olmaz.
Göygöl rayonuna səyahətimdən
gözəl təbiət
mənzərələri, nazlı
Göygölün füsunkarlığı, Bayraq
meydanının möhtəşəmliyi,
ordan görünən
təkrarsız mənzərələrlə
bərabər torpaq uğrunda döyüşmüş
və yaralanmış qazi qardaşımızın xatirələri
də mənə yadigar qaldı. Bölgələrə səyahətin bir
yaxşı uğuru da təbii kənd
məhsulları almaqdır
və bunda rəfiqəm mənə çox kömək etdi. İnşallah, yollar açılar.
Gedin, torpağı, vətəni
gəzin. Yalın ayağınızı
torpağa basın, onun pıçıltısına
qulaq asın. Bir ovuc götürüb iyləyin, yağışda
islanın, böcəklərin,
quşların nəğmələrini
dinləyin. O zaman
vətən eşqi, sevgisi ürəyi daha çox riqqətə gətirir, ruha daha dərindən
hopur.
HƏCƏR
4 sentyabr
2020-ci il
525-ci qəzet.- 2020.- 9 sentyabr.- S.21.