Halallıq milli-mənəvi
nemət kimi
İnsanın həyatda ən doğru bildiyi keyfiyyət
halallıqdır. Halal zəhmət, halal ailə, halal
doğmalıq, halal keçmiş, halal düşüncə
- insanı öz anlamına qovuşduran
anlayışlardır.
Belə götürəndə, zəhmət, ailə,
doğmalıq, keçmiş, düşüncə uğurlu
sözlərdir. Ancaq onların qarşısına "halal"
sözü artırmaqla xeyirin bütövlüyünü
göstərmək, nisbini, yarımçıqlığı
az saymaq, əsilliyi tanıtmaq məqsədi
güdülür. Əli Vəlioğlunun
"Halal çörək" kitabı da
vurğuladığımız əsilliyə üz tutur, onu
anlatmağa çalışır. Sadə
el diliylə halal yaşamağa çağırır.
Müəllif bu əsərini öz atasının
yaşamı üzərində qursa da, yuxarıda
vurğuladığımız çalarlarla,
insanlığın obrazlaşdırılmış keyfiyyətlərinin
tablosunu yaratmaq istəyib. Bu, çox uğurlu
bir gedişdir. Kitabda bioqrafik təqdimatdan
daha çox, mənəvi maarifləndirmək əməli
özünü göstərir. Ağsaqqallıq
anlamının elin-obanın yaşamında,
varlığında rol oynaması, sözünün kəsəri,
keçərliliyi bir kəndin milli şüura bağlı
yaşamasını həm qurur, həm də qoruyur. Əsər
boyu biz bunu izləyə bilirik...
Çörəyi halal olan heç kimdən əsirgəməz. Hətta
haramlara da çörəyini halal edər, halallıq verər.
Bir atanın öz oğluna öyrətdiyi ən
böyük hikmət, miras qoyduğu ən böyük xəzinə
belə bir yaşam örnəyi verməkdir. Əli Vəlioğlu atasının
hallalığını öydükcə köksü
qürur duyğuları ilə qabarır. Bu
qürur duyğusunu milli nemət kimi qavrayır, ürəyi
sevinir. Bizə görə Azərbaycançılıq
elə bu deməkdir - Asif Atanın dediyi kimi:
"Halallıqdan usanmamaq, yoxsulluqdan utanmamaq!"
Əli Vəlioğlunun da ata çörəyinin
halallığı ilə öyünməsi min illər
tarixin o üzündən gələn ulusal
halallığımızın görsənişidir. Halallıq
milli varlığımızın özülündə
durmasaydı, Asif Ata "halallıqdan usanma" deməzdi, bu
çağırış aldadıcı, quru görünərdi.
Ancaq çəkici, doğma, doğru səs
kimi, nəfəs kimi mənəviyyatımızın dərinliklərinə
işləyir. Xalq ruhunun
varlığımızda yaşanan aydınlığına
qovuşub qəlbimizi titrədir. Bu titrəyişdə
sevinclə sevginin qoşalaşıb halallıq tərbiyəsi
kimi yenidən ömrümüzə
qayıdışını görürük. Budur milli varislik. Bu varislik tükənməz
bir ölçü kimi nəsildən nəsilə
körpülər salıb.
Halal çörək qazananın ümidi də
halaldır. Halal hər gün sevinir - mənliyini qoruduğu
üçün. Hər gün mənliyini
qoruyaraq sevinəcəyinə ümid bəsləyir. Beləcə halal ümidlə yaşayıb min illərdən
süzülüb gələn halallığın sirlərini
öyrədir.
Haram çörək qazananın ümidi də
haramdır. Haram - hər gün aldadacağına, yalanlarla
inandırıb haram çörək qazanacağına
ümid bəsləyir.
Yaşamaq çətinliyi - insanı vicdanla
üz-üzə qoyursa, halallıq mənəviyyatın
bütövlüyü kimi yaşanır.
Yaşamaq çətinliyi - hər addımda vicdanı
aldadıb susdura bilirsə, haramlıq ömür
boşluğunda taxt qurub mənəviyyatın
parçalanmasına hökm edir.
***
Bir kəndin yaşatdığı gələnəkləri
qələmə almaq, əslində, tarix yazmaq anlamı
daşıyır. İstənilən bir dövrdə hər
hansı bir kəndin xarakterik yaşantıları az-az fərqlərlə
başqa kəndlərə də xas yaşantılar deməkdir.
İstənilən bir köy, soy, el millətin
bir parçasıdır. Millətə
özgün olan böyük gələnəklər
soyların, köylərin yaşamında ifadə olunur.
Bu açıdan müəllifin öz
soykökünün ilkinlərini qələmə alması
çox önəmlidir. Dediyimiz kimi,
onların dövrü üçün xarakterik olan gələnəklər
də qələmə alınmış olur.
Əli Vəlioğlu ulu babalarından biri Məlik
Əbilin faciəvi yaşantılarından bilgi verir. Bir yazarın
ulu babasının topluma, ya da çağımızın
başqa insanlarına nə dəxli var deyib, məsələdən
yan keçmək də olar. Ancaq gözə
alsaq ki, millət fərdlərdən, ailələrdən,
soylardan oluşur, onda fərdin uğurlarının da, faciələrinin
də milli şüura bağlı olduğunu, millətin gələnəklərinə
bağlı bir yaşam sürdüyünü anlamış
olarıq. Əli Vəlioğlu yazır: Ulu babam Məlik
Əbil biri ilə dost olur. Sonralar hansısa səbəbdən
dostluqları pozulur. Bu pozuntu kin, nifrət
duyğuları bəsləyir. Bir gün
dostu düzənlədiyi qonaqlığa Məlik Əbili də
çağırır. Qonaqlıqdan
dönərkən Məlik Əbil atının quyruğunun,
yalmanının kəsildiyini görür. O dövrdə
birinin atına sataşmaq ən böyük
aşağılama, alçaltma sayılardı. Əgər biz araşdırsaq, hər eldə, hər
köydə belə bir gələnəyin olduğunu öyrənmiş
olarıq. Bu gələnək Dədə
Qorqud dönəmində də beləcə etkili olub,
Koroğlu dönəmində də. Biz
türkün həyatında atın yerini, rolunu bu yazıda
qabartmadan məsələnin başqa bir çalarına
aydınlıq gətirək. Əli Vəlioğlu
ulu babasının namusuna bulaşan ləkəni qanla
yumasını doğru sayır, ancaq bunun babasının qatilliyinə
səbəb olmasını alqışlamır. Çox ilginc bir məsələdir. Həm ziddiyyətli, həm gərəkli. Həm insanlığın qanununu qoru, həm
insanın qanını tök. Dedik ki,
kişinin atına sataşmaq el gələnəklərinə
görə alçaltmaqdır. Burada
görünəndən artıq bir durumla üz-üzə
qalırıq. Necə də
qaçılmaz, amansız bir görsənişdir. Elə bir durumla üzləşirsən ki, nə
sevinə bilirsən, nə qəmlənə. Bu halın adı nədir görəsən?! Axı istənilən davranış, hərəkət
- bu iki üzdən birini doğurur. Bu iki
halı eyni vaxtda bir ürəyə yükləmək, bir
düşüncədə, xəyalda gəzdirmək olmur.
Kənd həyatının gələnəklərinin
bu fəlsəfəsi bəlkə də insan
varlığının ikili xassəsi kimidir. Yuxarıda vurğuladıq ki, insan həm bioloji
varlqıdır, həm də ruhani. Biolojilik
onun mövcudluğudur. Mövcudluğunu sürdürmək
üçün doğa ona qorxulu duyğular verib:
özünü, öz çıxarını
düşünmək, asan yaşamaq meyli, bunun
üçün bəzən başqalarını ayaqlayıb
keçmək. İnsan doğanın verdiyi
xarakterlə barışanda, yetərlənəndə fəlakətlərə
yol açır. Ancaq insanın
başlıca xassəsi ruhanilikdir. O, bu xassəsi ilə
ata olur, ana olur, dost olur, ədalətə, həqiqətə
doğma olur, bir sözlə, Tanrıya bənzəyir. Bu bənzərliyə yetmək olduqca çətindir.
Bu yolda imtinalar, sınaqlar dayanır. İnsan gözə görünməyən bir
qüvvə ilə döyüşməli, biryolluq, parlaq qələbə
qazanmalıdır. Bu qələbə
insanın özü üzərində
çaldığı qələbədir. Balacalıqlarını tanıyıb döyməli,
ortadan qaldırmalıdır. Ən uca
insani keyfiyyətləri ömründə bərpa eləməlidir.
İnsanın ömründə mənəvi
işıq örnəyi kimi bir "öz"
yaranmalıdır. Bundan sonra, insan mövcudluğunu
sürdürərkən, iki xassənin arasında qalmaz,
başqalarını gözə alar. Mövcudluğunu
doğanın sərt qanunları ilə deyil,
insanlığın mərhəm, kamil qanunları ilə
qoruyar. Ancaq dedik ki, bu, asan bir məsələ
deyil. Hər kəsin bu düzeydə
yaşamasını gözləyə bilmirik. Asif Ata
deyir: İctimai həyatda şər heç vaxt tam aradan
qalxmır. Bəs necə olmalı, atın quyruğu həmişəmi
kəsiləcək, həmişəmi qan tökülüb adam öldürüləcək?! Belə çıxır ki, insanın ikili xassəsi
qan tökülməsini qaçılmaz edir, ona haqq
tanıyır.
Biz burada məsələni insanlığın sorunu kimi
çözməyə çalışırıq. Yəni Məlik
Əbil doğrumu edib, yanlışmı sualına cavab tapmaq
istəsək, bütövlükdə insanlığın
sorununa dayanmış oluruq. Bəşər
övladı ikilikdən əziyyət çəkir. İkiliklə həyata gözəl bir şey vermək
olmur. Gah bu, gah başqa cür olmaq ikrah
doğurur. Gah o, gah bu olmaqdan fəlakətlər
doğur, qan tökülür, düşmənçilik aləmi
bürüyür, hamı bir-birinə qənim kəsilir.
Xeyir ürəklərdən qaçır,
şər varlığa hökm edir. Birgəyaşayışın
nizamı pozulur. Ancaq heyvani qanunları
ölçüyə çevirmək də mümkün
deyil axı. Həyat anlamını itirər,
varlığın sonu gələr. Bütün
bu paradoksallığın içində qəribə bir
ümid işığı var. Ən pis ortamda, ən pis
zamanda belə insanlığı ayaqlayanlara "dur" deyənlər
tapılır. Sadəcə "dur"
deməyin üsulu, ölçüsü fərqli olur. Bir var toplumsal yaşamda böyük dəyişikliklər
başlayasan, burada artıq böyük ideyalar ortaya gəlməlidir
ki, bu da Məlik Əbillərin işi deyil. Bir də var ayrı-ayrı pozuntulara fərdi təpki
göstərəsən. Məlik Əbillərin
işi bu cür pozuntulara qarşı fərdi təpki
göstərməkdir. Bu təpki də o
vaxt göstərilir ki, fərdin heysiyyatı söz konusu
olsun. Bununla belə, fərdin heysiyyat məsələsi
bütövlükdə elin gələnəklərinə
dayanıqlı olur, təkcə fərdin özüylə
bağlı olmur. Bəlkə də Məlik
Əbilin evi yağmalansaydı, atı oğurlansaydı, cibinə
girilsəydi öldürməklə qarşılıq verməzdi.
Demək, mənəviyyatı öldürməyə
cəhd edənlər elin gələnəklərinə
görə bağışlanmır,
bağışlanmaması gərəkir. Biz
bu gələnəyi çıxış yolu saymasaq da,
anlayırıq.
(Niyə çıxış yolu saymırıq?! Bir var pisi
öldürmək, bir də var pisliyi öldürmək.
Bizə görə, çıxış yolu
pisi öldürməkdə deyil, pisliyi öldürməkdədir.
Bu, olduqca geniş bir qonudur. Bu
qonunun fəlsəfəsi bu yazının miqyasına uyğun
olmadığı üçün dayanırıq, Əli Vəlioğlunun
ata halallığından qurulan dünyasına
qayıdırıq).
Vətənin qədim-qayım ellərində
yaşayan, yaşadılan halallığa xəyanət əli
uzandı, namərdlik, müxənnətlik ellərimizi
dağınıq duruma gətirdi. Bütövlük
parçalandı, hərə bir dərəyə
düşdü. Köylərimiz erməni
adlanan yağının tapdağında qaldı. Ömürlər kimi gələnəklərimiz də
qırıldı, getdikcə əməllərdən
ayrıldı. Bir köyün gələnəklərini
yaşatması millətin bütövlüyünə
bağlıdır. Vətən yadların
tapdağında qalanda bir köyün gələnəkləri
yaşayıb sabaha getmir. Vətən -
insanlığın, milli gələnəklərin
yaşadıldığı məkandır. Əli Vəlioğlu da atasının
halallığını, doğruluğunu Vətənin
azadlığına bağlı dərk eləməyə
çalşır. Haqlıdır! Bu
gün bütöv bir köyə örnək olan halallıq
nizamını itirib. Bayağılıq
insanların xarakterini həyatın nizamına qarşı
oluşdurur. Çünkü yuxarıda
vurğuladığımız kimi, Vətən yadların
tapdağı altında mərhəmliyini itirdi. İtirdiyi gündən halallıq da xatirələrə
sığındı. İndi Əli Vəlioğlu
xalqın qədimliyindən gələn ata
halallığını xatirələrindən kitaba
köçürür. Ürəyini özü ilə
çəkib aparan, illərin həsrətinə
dönüşən halallıq! Bax beləcə,
ata halallığının həsrətiylə
sızıldayan bir ürəyin
çırpıntıları sabaha halallıq xatirələri
söyləyir. Söyləyir ki,
halallıq yaşamı, zamanı tərk eləsə də,
yaddaşları tərk eləməsin. Yenidən
köylərin, soyların yaşam nizamına qayıtsın.
Köhnə kişilərə bənzəmək istəyən
oğullar ataların halallığı ilə
böyüsün!
Yükümüzdən
Böyük Fərəhimiz yoxdur!
Soylu Atalı
525-ci qəzet.- 2020.-
10 sentyabr.- S.12