İtalyan kolleksiyaçıdan Xalça Muzeyinə dəyərli töhfə

 

 

İtalyan kolleksiyaçıdan Xalça Muzeyinə dəyərli töhfə <b style="color:red"></b>

İtaliyalı kolleksiyaçı Erminio Bottini 1811-ci il tarixli Şirvan xalçası "Sor Sor"u Azərbaycan Xalça Muzeyinə hədiyyə edib.

 

Muzeyin direktoru Şirin Məlikova bildirib ki, kolleksiyaçı ilə ilk dəfə Stefano İonesku sayəsində tanış olub. S.İonesku da bir neçə dəfə muzeyin kolleksiyasını zənginləşdirmək üçün hədiyyələr təqdim edib.

 

Şirin Məlikova bildirib: "Erminio Bottini ilə 2019-cu ilin noyabrında Turində xalça sərgisində tanış oldum. Bu, unudulmaz bir görüş idi. Azərbaycan xalçalarının gözəlliyindən danışdıq və dərinliyini, gözəlliklərini dərk etmək üçün bir ömürün kifayət etmədiyini söylədik. Pandemiya zamanında cənab Bottini muzeyə gözəl və çox nadir toxunuşlu namaz xalçası və müəllif kitabları hədiyyə etmək qərarına gəldi. O, şərq xalçalarının əsl bilicisidir".

 

Qeyd edilib ki, "Sor Sor" xalçası tezliklə muzeyin daimi sərgisində təqdim olunacaq. Şirvan xalçaçılıq məktəbinə aid olan nümunə namaz üçün istifadə olunur, buna görə də üzərində məscid təsvir edilib.

 

ŞAHANƏ

525-ci xəzet.- 2020.- 9 sentyabr.- S.13.