AMEA Naxçıvan Bölməsində qədim
əlyazmaların
təqdimatı olub
AMEA
Naxçıvan Bölməsində Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən
bu elmi qurumun Əlyazmalar Fonduna hədiyyə edilən qədim
əlyazma və çap kitablarının təqdimatı olub.
Naxçıvan Bölməsinin mətbuat
xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev təqdimat mərasimində
çıxış edərək,
muxtar respublika ərazisindən toplanılan
əlyazma və qədim çap kitablarının tariximizin
və mədəniyyətimizin
öyrənilməsi baxımından
əhəmiyyətini qeyd
edib. Alim daim dövlət qayğısı ilə əhatə olunan Əlyazmalar Fondunun 15 il ərzində muxtar respublikaya aid müxtəlif tarixi qaynaqları əhatə edən nəşrlərlə xeyli
zənginləşdiyini deyib.
Bildirib ki, fondda mühafizə olunan əlyazmaların bəziləri Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən
hədiyyə olunub.
İsmayıl Hacıyev Mədəniyyət
Nazirliyi tərəfindən
müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitablarının bölmənin
Əlyazmalar Fonduna hədiyyə edilməsinin
artıq ənənə
halını aldığını
deyib. Qeyd edib ki, fondun
balansına daxil olan nümunələr əməkdaşlar tərəfindən
bərpa edilir, cildlənir və onlara müəyyən gigiyenik xidmət göstərildikdən sonra
sistemli tədqiqatlara cəlb olunur.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək
bildirib ki, Azərbaycan xalqı əvəzsiz yazı, əlyazma sərvəti ilə dünya mədəniyyətində layiqli
yer tutub. Bu gün tarixin müxtəlif dövrlərində
əlyazma və kitab şəklində yazıya alınmış
qədim nümunələr
xalqımızın milli
mədəniyyətini və
qədim keçmişini,
eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə
ehtiva edir.
Qeyd olunub ki, Naxçıvan Bölməsinə
hədiyyə edilən
qədim əlyazma və kitablar diyarın qədim tarixinin, burada mövcud olmuş zəngin mədəniyyətin
elmi şəkildə
və əhatəli formada öyrənilməsində,
eyni zamanda, təbliğində mühüm
rol oynayacaq.
Natəvan Qədimova Naxçıvan
Muxtar Respublikasında
mədəniyyətimizin, tariximizin
öyrənilməsinə, bu sahələrin elmi əsaslarla əhatəli şəkildə
tədqiqinə göstərdiyi
böyük diqqət
və qayğıya görə ziyalılar adından Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını
bildirib.
Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tarix və mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin
araşdırılması, qorunması, təbliğinin
və gələcək
nəsillərə ötürülməsi
hər kəsin vətəndaşlıq borcu
olduğunu deyib.
Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov Mədəniyyət Nazirliyi
tərəfindən fondun
balansına 39 adda qədim əlyazma və çap kitabı daxil olunması ilə bağlı məlumat verib. Bildirib ki, XIX əsrin
ikinci yarısı -
XX əsrin əvvəllərinə
aid, Azərbaycan, ərəb və fars dillərində olan kitablar arasında
Sədi Şirazinin “Gülüstan”, Rəşid
bəy Əfəndiyevin
“Bəsirətul-ətfal”, Bəhaəddin
Məhəmməd Amilinin
çapı Məşədi
Hacı tərəfindən
sifariş edilən
“Cameyi-Abbasi”, Əli ibn Məhəmmədhəsən
Təbrizinin “Pəncah
hədis”, Hafiz Şirazinin “Qəzəliyyat”,
“Zinətul-məcalis” və
digər elmi, bədii, dini kitablar, həmçinin dərs vəsaitləri də yer alıb.
Bunlar içərisində
XX əsrin əvvəllərində
Bakıda çap olunan Hüseyn Cavidin “Şeyx Sənan”, Abdulla Şaiqin “İldırım”,
Əbdürrəhim bəy
Haqverdiyevin “Şeyx Şəban” və “Bəxtsiz cavan” kitabları da var.
Fərman Xəlilov
nazirlik tərəfindən
ötən dövr ərzində Əlyazmalar
Fonduna, ümumilikdə,
100-ə yaxın qədim
əlyazma və çap kitablarının
verildiyini diqqətə
çatdırıb. O, fond
əməkdaşları tərəfindən
nəşr etdirilən
“Farsdilli əlyazma və əski çap kitablarının
kataloqu” və “Türkdilli əlyazma və çap kitabları kataloqu”nu Mədəniyyət nazirinə
təqdim edib. Bildirib ki, fondun
balansına daxil edilən yeni kitablar da gələcəkdə
hazırlanan kataloqlara
salınacaq.
Sonda tədbir
iştirakçıları fonda hədiyyə edilən qədim əlyazma və çap kitabları ilə yaxından tanış olublar.
525-ci qəzet.- 2020.-
11 sentyabr.- S.9.