Məktəbəqədər təhsil:
yeni nəslin formalaşmasında mühüm mərhələ
AZƏRBAYCANDA BU
İSTİQAMƏTDƏ DAVAMLI İNKİŞAFA NAİL OLMAQ
ÜÇÜN
CİDDİ İŞLƏR HƏYATA
KEÇİRİLİR
Uşaqların
düzgün inkişafında və gündəlik rejimlərinin
formalaşmasında, ictimai mühitə alışmasında,
sərbəstliyə öyrəşməsində, ən nəhayət,
məktəbə hazırlığında
bağçaların rolu əvəzsizdir.
Məktəbəqədər təlim-tərbiyə
uşaqların gələcəyi üçün zəruri
bir başlanğıcdır. Uşağın bu
dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə
üsulundan keçməsi çox önəmlidir. Məktəbəqədər
yaş dövrü insan şəxsiyyətinin
formalaşmasına təsir göstərən əsas mərhələlərdən
biridir. Bu yaş dövrü
uşaqların sosiallaşması, böyüklər və
yaşıdları ilə daha çox ünsiyyət
qurması, mədəni vərdişləri mənimsəməsi,
mənəvi və estetik hisslərin oyanması
dövrüdür. Bağçalar da,
öz növbəsində, uşağın ətraf aləmlə
qarşılıqlı münasibətini təmin etməyə,
xeyirxah hisslər oyatmağa, əməkdaşlığa nail
olmağa qadir olan məktəbəqədər təhsil
müəssisəsidir.
Hazırda paytaxtda 346 belə təhsil müəssisəsi
fəaliyyət göstərir. Qeyd edək
ki, məktəbəqədər təhsil müəssisələri
əvvəllər Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərsə də, 2011-ci il
dekabrın 27-də Prezidentin verdiyi sərəncamla Təhsil
Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin
2012-ci il mayın 11-də verdiyi sərəncama əsasən,
Bakı şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) sərbəstləşdirilmiş ştat vahidləri
hesabına Bakı Şəhər İcra Hakimiyyətinin
(BŞİH) tabeliyində Məktəbəqədər Təhsil
Müəssisələri və Uşaq Evləri İdarəsi
yaradılıb. 2011-ci il yanvarın 11-də
Dövlət Neft Şirkətinin uşaq bağçaları
və körpələr evi də BŞİH-ə verilib.
Məşğələlər hansı formada
keçirilir?
Bu gün bağçaların, demək olar ki,
hamısında uşaqların yaş səviyyələrinə
uyğun məşğələ qururlar. Bu məşğələlərin
əsasını məntiq, intellektual oyunlar və fənlərarası
əlaqə təşkil edir. Bu məşğələlərdə
uşaqlara dinləmə və başa düşmə vərdişləri
aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli
şəkildə ifadə etmə bacarığına, söz
ehtiyatı zənginliyinə yiyələnir.
Paytaxtdakı uşaq bağçalarından birində tərbiyəçi
işləyən Sənəm Quliyeva deyir ki, bağçada hər
qrupun özünəməxsus məşğələ
proqramı var. Adətən, bağçalarda kiçik, orta,
böyük və məktəbə hazırlıq qrupu olur. Kiçik qrupda 2-3 yaş
arası uşaqlar, orta qrupda 3-4 yaş arası uşaqlar,
böyük qrupda 4-5 yaş arası uşaqlar, məktəbə
hazırlıq qrupunda isə 5-7 yaş arası uşaqlar olur:
"Bəzən elə alınır ki, tərbiyəçi
məşğələni kiçik qruplarla da keçə
bilir. Məşğələlərin
vaxtında keçirilməsi olduqca vacibdir. Ana dilində keçirilən məşğələlər
uşaqlarda ilkin dilin inkişafında, səslərin sözlərdən
fərqləndirilməsində, düzgün cümlələr
qurulmasında böyük rol oynayır. Artıq
məktəbə hazırlıq yaşına çatanda isə
demək olar ki, şifahi şəkildə hərfləri əzbərdən
bilirlər. İlkin riyazi biliklər isə uşaqlar əşyaları
saymağı, hansının çox, hansının az olduğunu, 10 dairəsində ədədləri,
20 dairəsində ədədləri öyrədirlər. Məktəb yaşına çatanda isə elə
uşaqlar var ki, artıq 1000 dairəsində ədədləri
saymağı bacarır".
Bağçadan
məktəbə
Tərbiyəçinin dediyinə görə, onun
çalışdığı bağçada uşaqlar
çox yüksək səviyyədə məktəbə
hazırlanır. Körpəyaşlılar qrupundan başlamış
düz məktəbəqədər qruplara qədər hər qrupun özünün
konkret məşğələ proqramı var. Müəllimlər
bir gün əvvəldən sabah keçiriləcək məşğələ
üçün
proqramlarını hazırlayırlar: "Bu gün
bağçada məktəbə hazırlıq
üçün kifayət qədər vəsait var. İndi
işləmək rahatdır. Kompüter
proqramları zəngindir. İnternetdən
istifadə imkan verir ki, proqramları tez-tez yeniləyək, təzə
şəkil və plakatlardan yaralana bilək. Məktəbə hazırlıq o demək deyil ki,
uşaqların təkcə bilikləri inkişaf etsin. Məqsəd odur ki, bağçada uşağa
estetik zövq aşılansın. Kiçik qruplarda məşğələlər
5-10 dəqiqə, orta qrupda 10-15 dəqiqə, böyük
qrupda 15-20 dəqiqə, məktəbə hazırlıq
qrupunda isə 20-30 dəqiqə arasında keçirilir. Təbiətlə
tanışlıqda isə uşaqlar bağçanın həyətindəki
bitkilərlə, yarpaqlarla, onlara qulluqla, fəsillərlə tanış olurlar. Sensor tərbiyə
isə uşaqların əqli cəhətdən
inkişafına təsir edir. Uşaqlar rəngləri
fərqləndirir, əşyaların formasını deyir, rəngli
kərpiclərdən müxtəlif əşyalar düzəldirlər.
Bağçalardakı məktəbə
hazırlıq proqramı Təhsil Nazirliyinin məktəbəqədər
təhsil proqramına (kurikulumuna) tam uyğundur".
Uşağının
bağçada öyrəndiklərindən razı qalan
valideyn
Maraqlıdır, valideynlər məktəbə
hazırlıq üçün uşaqların
bağçada öyrəndikləri bilik və
bacarığa güvənirlərmi?
Valideyn Rəfiqə
Yusifova deyir ki, o, bir valideyn olaraq övladının getdiyi
bağçadan çox razıdır: "Ailədə
hamı işləyir. Demək olar ki, uşaqla fərdi məşğul
ola bilmirik. Amma qızım
bağçada həm sərbəst yazmağı, toplama və
çıxmanı, yaxşı şeir söyləməyi, sərbəstliyi,
özünü ifadə etməyi tam mənimsəyib. Onun artıq 5 yaşı var və bu ildən məktəbə
hazırlığa başlayacaq bağçada. Ancaq təəssüf ki, pandemiya səbəbindən
bağçalar bu gün öz fəaliyyətini
dayandırıb. Ancaq bağça fəaliyyətə
başlayan kimi övladımı yenidən ora aparacam".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın
qərarına əsasən oktyabrın 1-dən Bakıda fəaliyyət
göstərən dövlət və özəl uşaq
bağçalarının fəaliyyətinə icazə
verilib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat
Xidmətindən verilən məlumata görə, müvafiq
hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra
epidemioloji vəziyyətə uyğun olaraq oktyabrın 1-dən
bağçaların tam açılması nəzərdə
tutulur. Uşaq bağçalarının fəaliyyəti
ancaq mövcud vəziyyət nəzərə alınmaqla,
müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə
mümkündür. Bununla əlaqədar
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər
Təhsil Müəssisələri və Uşaq Evləri
İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri
həyata keçirilir. Bununla əlaqədar
İdarənin tabeçiliyində olan bütün
bağçalarda dezinfeksiya işləri aparılıb.
Bağçaların tərbiyəçiləri
və texniki işçiləri bağçalarda geniş təmizlik,
tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırkı şəraitdə
işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bağçaların oyun, yataq və digər
otaqlarında hazırlıq işləri aparılır.
Otaqların havalandırılması və təlimata
uyğun dezinfeksiyası üçün tədbirlər həyata
keçirilir. Mətbəx və sanitariya
qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi
dezinfeksiya işləri aparılır.
3-6
yaş arası məktəbə hazırlıq dövrü
sayılır
Məktəbəqədər hazırlığa gələn
uşaqlar da bilik və bacarıqları ilə digər həmyaşıdlarından
geri qalmırlar.
Təhsil
eksperti Məlahət Mürşüdlünün sözlərinə
görə, təhsilin ilkin mərhələsi məktəbəqədər
hazırlıqdan başlayır: "Uşaqlarda 3-6 yaş
dövrü məktəbə hazırlıq dövrü
sayılır. Şəxsiyyətin hərtərəfli
inkişafının da dövrü məhz bu dövrdə
qoyulur. Buna görə uşağa həm
yaşına, həm də fərdi xüsusiyyətinə
görə təlim keçilməsi çox vacibdir".
Onun fikrincə, övladı məktəbə
hazırlaşan hər bir valideyn uşağın fiziki
inkişaf, sağlamlına, sosial-emosional inkişafına,
nitq, savad təlimi və ünsiyyətinə, mədəni-estetik
və yaradıcı inkişafına diqqətlə yanaşmalıdır.
M.Mürşüdlü
vurğulayıb ki, məktəbəqədər təhsil
bütün təhsil sisteminin bünövrəsidir,
çünki məhz bu mərhələdə
uşağın şəxsiyyət kimi
formalaşmasının təməli qoyulur:
“Bu səbəbdən də hər bir fənnin tədrisində
müəllimlər müasir ədəbiyyat və texnologiyalardan
istifadə edərək uşaqların yaş səviyyələrinə
uyğun məşğələ qurmalıdır. Bu məşğələlərin
əsasını məntiq, intellektual oyunlar və fənlərarası
əlaqə təşkil etməlidir. Bu məşğələlərdə
uşaqlara dinləmə və başa düşmə vərdişləri
aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli
şəkildə ifadə etmə bacarığına, söz
ehtiyatı zənginliyinə yiyələnir. İlkin başlanğıcda lazım olan vasitələr
təbaşir, rəngləmələr, karandaşlar, plastilin
və sair istifadə etməklə uşaqlarda barmaq əzələləri
möhkəmləndirilir, onlara sərbəst şəkildə
qələm tutmaq, müxtəlif ştrixləri, xətləri,
fiqurları, çap şəklində hərfləri yazmaq
öyrədilməlidir. Riyaziyyat məşğələləri
uşaqların məntiqi təfəkkürünü daha
yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün
inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma,
miqdar, rəqəmlər və sadə hesablama kimi biliklərə
sahiblənirlər. Uşaqlarda ətraf aləm,
təbiət və cəmiyyət haqqında təsəvvürlərini
düzgün formalaşdırma üçün isə
ayrıca məşğələlər təşkil edilməlidir.
Məşgələlərdə uşaqlarda vətənpərvərlik
hisslərini formalaşdırmaq məqsədi ilə doğma
diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri,
dövlətimiz, onun Prezidenti, dövlət atributları
haqqında ilkin məlumatlar mütləq şəkildə
verilməlidir".
Təhsil eksperti hesab edir ki, valideynlərin
bağçaya gedən övladını
çıxardıb məktəbdəki məktəbəhazırlıq
qrupuna qoyması düzgün deyil. Çünki uşaq
bağçaları ilə məktəbdəki məktəbəhazırlıq
qruplarının vəsaiti məzmunca eynidir: "İstər
uşaq bağçalarında, istər də məktəblərdə
məktəbəqədər hazırlıqda istifadə edilən
vəsaitləri eyni müəlliflər hazırlayıblar. Onlar məzmunca da fərqlənmirlər. Eyni məzmunlu vəsaitin uşaq
bağçasında, yaxud da məktəbdə tədris
olunmasının fərqi yoxdur".
Əslində, uşaqların məktəbəhazırlığı
uşaq bağçalarında aparılmalıdır. Amma bu gün məktəbəqədər
təhsil müəssisələrinin sayı az
olduğundan, 5 yaşlı uşaqları məktəbəhazırlığa
cəlb etmək mümkün deyil. Ona görə
də, məktəblərdə məktəbəhazırlıq
qrupları yaradıldı.
Bu qruplar məktəbəhazırlıqdan
kənarda qalan uşaqları hazırlığa cəlb etmək
üçündür. Kiminsə
övladı artıq bağçaya gedirsə, onu məktəbdəki
hazırlıq qruplarına yazdırmaq düzgün yanaşma
deyil. Həmçinin, uşağı
bağça ilə paralel şəkildə məktəbə
hazırlıq qrupuna qoymaq da olmaz.
Təhsil
nazirinin müavini Məhəbbət Vəliyeva deyir ki, məktəbəqədər
təhsil ümumi təhsil pilləsinin və təhsilin
formalaşmasında çox əhəmiyyətli rol
oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər
təhsil şəbəkəsinin genişləndirilməsində
çox maraqlıdır: "Ancaq elə kəndlərimiz var
ki, orada ümumiyyətlə, məktəbəqədər təhsil
müəssisələri yoxdur. Elə ərazilər
də var ki, orada belə müəssisələrin sayı
kifayət qədər deyil. Bu baxımdan,
hesab edirik ki, ümumtəhsil müəssisələrinin
bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər
təhsil mərkəzlərinin yaradılması
uşaqların gələcəkdə təlim nailiyyətlərinə
müsbət təsir etməklə yanaşı, ümumilikdə
ölkəmizdə təhsilin keyfiyyətinə çox
müsbət təsir edəcək".
Valideyn
bağçaya rahatlığına qovuşmağın yolu
kimi baxmamalıdır
Psixoloq Xəyalə Məmmədova isə bildirib ki,
bağçalar uşaqların həyatında mühüm
rol oynayır və onların inkişafı üçün
vacibdir. Ancaq valideyn bağçaya rahatlığına
qovuşmağın yolu kimi baxmamalıdır. Müəyyən edilmiş müddətdən sonra
uşağı bağçadan evə gətirmək
lazımdır ki, uşaq valideynləri ilə ünsiyyətə
girməyə vaxt tapsın, aradakı bağı
qoparmasın. Əks halda bağçadan
evə yorğun gələn, yatıb, yenidən
bağçaya gedən uşaq bir müddət sonra valideynləri
ilə də əlaqəni kəsmiş olur. Uşaqların məktəb öncəsi təhsilini
təmin etmək üçün çalışan valideynlər
uşağı ailədən soyutmamalı, aradakı
münasibəti balanslaşdırmalıdır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 11
sentyabr.- S.11.