UNEC-in modern memarlıq
elementləri ilə zəngin
yeni kampusu
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı
tədris korpusu yenidən inşa olunaraq istifadəyə
verilib.
Sentyabrın
3-də baş tutan tədbirdə Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Yeni tədris
korpusunda yaradılan şəraitlə tanış olan
Prezident İlham Əliyev "Universitetlər
üçün də nümunə olmalıdır" deyə
bildirib. Birinci xanım Mehriban Əliyeva isə "İnsan
lap yenidən tələbə olmaq istəyir..." fikrini diqqətə
çatdırıb.
Qeyd edək ki, tikintisinə 2018-ci ildən
başlanılan və müasir standartlara cavab verən yeni tədris
korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa
edilib. Müasir kampus standartlarına cavab verən, modern
memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və
texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala
biləcək. Binada auditoriya, mühazirə, linqafon
otaqları, idman zalı, kitabxana, böyük və kiçik
konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə
aparmaq üçün hərtərəfli şərait
yaradılıb.
Yüksək səviyyəli
infrastruktur və tədqiqat laboratoriyaları
UNEC-in
3-cü korpusu Azərbaycan təhsili üçün yeni
perspektiv sayılacaq örnəklərdəndir. Yüksək
səviyyəli infrastruktur və tədqiqat laboratoriyaları
Azərbaycan ali təhsil sistemi üçün əsl yenilik
sayılmalıdır. Texnologiya istiqamətli ixtisaslar
üçün nəzərdə tutulan korpusdakı
laboratoriyalar bu yöndə elmi tədqiqat aparmaq
üçün çox vacib resurs rolunu oynayır. UNEC-in yeni
tədris korpusunda BP Azərbaycan şirkətinin sponsorluğu
ilə yaradılacaq 3 laboratoriya da fəaliyyət göstərəcək:
Qida kimyası laboratoriyası, Qida texnologiyası
laboratoriyası, Ekologiya laboratoriyası. Bu laboratoriyalar bu ildən
UNEC-də açılan yeni ixtisasların - Ekologiya mühəndisliyi
və Qida mühəndisliyi ixtisaslarının tədrisinə
yardım edəcək.
Maddi texniki təchizat göstəricilərinə
görə tam fərqli bir layihə
Azərbaycan
Dövlət İqtisad Universitetinin məzunu, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı,
iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, bir müddət əvvəl də UNEC-lə bağlı
fikirlərini bölüşərkən universitetin bu möhtəşəm
kampus haqqında danışıb: "Orda tədris
üçün yaradılmış texnoloji dəstək
komponentləri heyrətamizdir.
Maddi texniki təchizat göstəricilərinə görə
tam fərqli bir layihə ortaya qoyulub və ərsəyə gətirilib.
Ən başlıcası isə bu Kompus tədrisin zamanla
ayaqlaşmasının birbaşa xidmətində duracaq. Amma məni
hər belə uğurla tamamlanmış işlərdən
sonra narahat edən bir məsələ olur. Yeni istifadəyə
verilən təhsil ocaqları və ya onların müəyyən bir tədris
korpusu bir neçə il sonra tanınmaz hala düşür.
Belə səviyyəli Kampuslar isə özlərilə yuxarı səviyyəli
rəftar tələb edir ki, keyfiyyətli təhsil
mühitinin formalaşdırılmasında və yüksək
ixtisaslı kadrların yetişdirilməsində öz
yüksək xüsusi çəkisini daha uzun müddət qoruyub
saxlaya bilsin. Xoşbəxtlikdən bu kompus yüksək idarəçilik
bacarıqlarına sahib Ədalət müəllimin birbaşa nəzarəti daxilində
olacağından burda
yaradılmış bu müasir standartların, modern
elementlərin, texnoloji komponentlərin hələ uzun illər
keyfiyyətini öz üzərində saxlayaraq, Azərbaycanın
kadr potensialının artırılmasına öz töhfəsini
verəcək".
Əvvəlki nəsillər indiki
UNEC-lə qürur hissi keçirirlər
Millət
vəkili Etibar Əliyevin sözlərinə görə,
dünya ilə bərabər, ali təhsil də sürətlə
dəyişir. Sosial-iqtisadi dəyişikliklərin ritmi
universitet islahatlarını daha da sürətləndirir.
Əvvəlki nəsillərin universitetlərin sürətlə
dəyişməsinə gümanları az idi. Əvvəlki nəsillər
Ali təhsili ictimai fayda kimi qəbul edirdilər. Dövlət subsidiyası
omadığı təqdirdə ali məktəblərin
yaşaması məsələsi sual altında qalırdı.
Milli akkreditasiyadan (buna yoxlama da deyirdik) kənara
çıxmaq mümkün deyildi. Əvvəlki nəsillərə
verilən təhsil ənənəvi
pedaqogika və texnologiyanın məhdud tətbiqi ilə kifayətlənirdi.
Çağımızda artıq ali təhsil şəxsi
fayda gətirən dəyərə çevrildi. Beynəlxalq
akkreditasiya və keyfiyyətin beynəlxalq auditi yarandı. Dəyişən
pedaqogika ilə yanaşı, təhsilə texnologiyaların tətbiqi
genişləndi. Dövlət subsidiyası azaldı,
universitetlər əlavə gəlir
axtarmağa başladılar: "Qeyd etdiyim bu trayektoriya
bütün dünya universitetləri üçün
cızılıb. Universiteti keçmişdən gələcəyə
ləyaqətlə aparmağı yalnız islahatçı
rektor bacara bilər".
E.Əliyev
bildirib ki, Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyevanın UNEC-in 3-cü korpusunun
açılışında iştirak etmələri onu
göstərdi ki, qısa bir vaxtda islahatları ilə önə
çıxan bu universitet həm də infrastrukturunu (kampusunu)
zənginləşdirməyi də prioritet seçib: "UNEC
ölkəmiz üçün insan kapitalının
inkişafına öz töhfələrini artırmaq
üçün məkanını genişləndirdi. Zaman isə
bu Universitetin xeyrinə işləyir. Universitet rəhbərliyi
arasıkəsilməz rasional islahatlar aparmağı, yeni
çağırışlara cavab verən qərarlar qəbul
etməyi, şəffaf təhsil və elm mühiti
yaratmağı bacara bildi. Əvvəlki nəsillər indiki
UNEC-lə qürur hissi keçirirlər. Çünki Narxoz
adı yoxa çıxıb. Yeni nəsillərə isə
yaradılan şəraitdən bəhrələnərək
mükəmməl təhsil almağı arzulayıram".
Ölkənin universitet modeli
Təhsil
Nazirliyi yanında İctimai Şuranın məsul katibi
İlqar Orucov UNEC-i ölkənin universitet modeli olaraq
görür: "UNEC-in yeni korpusunun istifadəyə verilməsi
Azərbaycanda yeni tədris ili ərəfəsində
çox mühüm hadisə oldu. UNEC son illərdə xeyli
yenilənib. Onun timsalında biz Azərbaycan universiteti modelini
görürük. Hər zaman fəxrlə deyirik ki, UNEC yeni və
ən müasir təhsil müəssisəsidir. Bura həm
universitet, həm də elmi tədqiqat mərkəzidir.
Dünyada aparılan yenilikçi işləri bu ali təhsil
müəssisəsinin timsalında görə bilərik. Yeni
tədris binası 3000 tələbə üçün nəzərdə
tutulmuş böyük kompleksdir. Eyni zamanda, burada təhsillə
bağlı ən son tələblərə cavab verən
auditoriyalar qurulub. Ümid edirım ki, burada təhsil alan tələbələr
layiqli kadr olaraq gələcəkdə inkişaf edəcəklər.
UNEC-in yeni tədris korpusu Prezident və vitse-prezidentin təhsil
sahədində gördüyü işlərin
davamıdır".
Yeni korpus təhsilin keyfiyyətinin
yüksəlməsinə təsir edəcək
Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz UNEC-in yeni korpusunda 24 saat fəaliyyət göstərəcək
kitabxanadan digər universitetlərin də yararlanmasının
faydalı ola biləcəyini deyir: "UNEC-in yeni korpusunun
istifadəyə verilməsi kifayət qədər əlamətdar
hadisədir. Yeni bina yeni imkanlara-müasir texnologiyaya, müasir
kitabxanaya, müxtəlif sahələrə əlçatımlılıq
deməkdir. Yeni korpus tədris prosesinin daha çevik təşkil
olunmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə
təsir edəcək. UNEC digər universitetlərimiz
üçün nümunədir. Yeni korpus kifayət qədər
modern formada hazırlanıb. Şərait yaradılsa və digər universitetlərin tələbələri
də UNEC-də təşkil olunan kitabxanadan istifadə edə
bilsə, çox faydalı olar. Digər universitetlərimizin
də bu cür tədris korpusları yaradılması arzu
olunandır".
UNEC-in ən başlıca strategiyası
Təhsil
eksperti Məlahət Mürşüdlünün dediyinə
görə, UNEC-in 3-cü yeni korpusunun istifadəyə verilməsi
Azərbaycan təhsili çox sevindirici haldır. Universitetlərin
təhsil keyfiyyətinə təsir edən faktorlardan biri
müasir maddi texniki bazadır: "UNEC-də "Rəqəmsal
iqtisadiyyat", "Mühəndis iqtisadiyyatı"
fakültələrinin, texniki-texnoloji üzrə 9 yeni
ixtidasın yaradılması, nəhayət, yeni korpusun
inşa edilərək istifadəyə verilməsini
mühün yenilik hesab etmək olar. Texnoloji istiqamətli
ixtisaslar üçün nəzərdə tutulan korpusda elmi tədqiqatlar
aparmaq üçün hərtərəfli şərait
yaradılıb. Bu şərait məhz tədrislə tədqiqatı
bütövləşdirməyə xidmət edəcək. Bu
UNEC-in ən başlıca
strategiyalarından biridir. Eyni zamanda, bu şərait tədris
edən gənc müəllimləri tədqiqat aparmağa təşviq
edəcək. Korpusda təhsil alacaq tələbələr də
unudulmayıb. Laboratoriyalar, işıqlı auditoriyalar,
müasir tələblərə cavab verən kitabxana, idman
zalı tələbələrin ixtiyarına verilib. Bu kampus 90
yaşlı UNEC-in öz müəllim-professor heyətinə,
tələbələrinə və ümumən təhsilimizə
bir töhfədir".
S. QARAYEVA
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.6.