Aprel şəhidlərinin
sırasına qoşulan oğlan
Vətənimizin torpaqlarını
uzun müddətdir ki, işğal altında saxlayan erməni
qəsbkarlarına cəmi bir neçə gün ərzində
layiqli cavab nümunəsi, həm də yaxın gələcəkdə
şanlı Azərbaycan Ordusunun həlledici hücumunun
müjdəçisi kimi tarixə həkk olunan, 2016-cı ilin
Aprel döyüşlərinin şəhidləri
sırasında onun yaxınları və dostlarının qəlbində
daim gülərüz, ürəyitəmiz, şən,
kiçik ünsiyyətdə belə hamıya pozitiv enerji
ötürdüyü deyilən, könüllərdə həmişə
26 yaşında gənc kimi qalacaq Fərman Əsədli də
var.
Fərman
Elçin oğlu Əsədli 1990-cı il
sentyabrın 10-da, Samuxun Sərkar kəndində dünyaya gəlib,
burada orta məktəbi bitirib. Sonra Gəncə Dövlət
Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi
ixtisası üzrə ali təhsil
alıb. 2012-ci ildə hərbi xidmətini
başa vurub evə qayıdandan azacıq sonra ailə həyatı
qurub, 2013-cü ildə şirin bir qız övladının
dünyaya gəlməsi ilə xoşbəxt ata olub. Qızının adı da sanki vətən
üçün canından keçən atasının xatirəsinə
bir işarədir - Xatirə. 7
yaşlı bu balanın atasının şəkilləri və
ona məxsus olan hər bir əşyaya xüsusi sevgisi hiss
olunur. Kim bilir, bəlkə də, o, ölməz şəhid
ruhunun burada dolaşdığını hər an
duyur. Axı HƏQİQƏT həmişə
yalnız uşaqların gözü ilə görülür,
onların dili ilə də danışılır.
2016-cı
ili aprel ayının ilk günü erməni silahlı
bölmələri atəşkəs rejimini kəskin şəkildə
pozaraq Azərbaycan Respublikasının cəbhənin müxtəlif
istiqamətlərində - Goranboy, Tərtər, Ağdam və
digər rayonlarımızda yerləşən Silahlı
Qüvvələrimizin mövqelərini, eləcə də
dinc sakinləri atəşə tutdular. Azərbaycan
Ordusunun artıq qüdrətli bir güc halına gəlməsi
aydın olsa da, ölkənin hər bir guşəsində,
xüsusən cəbhəyə yaxın olan yerlərdə
yaşayan sadə insanlar düşməndən qisas almaq,
öndəki əsgərlərimizə yardım etmək istəyi
ilə alışıb-yanır, öz əllərindən gələn
köməyi göstərməyə hazır
olduqlarını bildirirdilər.
75 il əvvəl
İkinci Dünya müharibəsi cəbhələrində
Avropanın yarısını qələbə ilə, sinəsindəki
döyüş orden və medallarının sayını
artıra-artıra qət etmiş bir əsgərin,
adını daşıdığı Fərman kişinin nəticəsi,
uzun illər hərbi və hüquq-mühafizə
orqanlarında çalışmış ehtiyatda olan
polkovnik-leytenantın oğlu, evlərində həmişə
vətənpərvər söhbətlər və nəsihətlərlə
böyümüş gənc Fərman da yeni savaş xəbərinin
gəldiyi anın içində öz vicdan fərmanını
verdi: döyüşən əsgərlərimizə doğru
yol almalı, bəlkə nəyəsə gərək olduq!
Onun bu cəsarətli qərarına sirdaş və məsləkdaş
kimi yanaşdığı yeznəsi Sadiq də qoşulur. Beləcə, aprelin 2-də
səhər-səhər ərzaq, siqaret və digər
lazım bilinən yük və... iki təmiz, ağ, amma yanar
ürək daşıyan ağ "Niva" Qarabağ
torpaqlarına yol alır.
Bir
neçə saatlıq bu yolçuluq, özündə bəlkə
də gələcəkdə bir faciəvi-macara filminin
mövzusuna çevrilə bilən hadisələri birləşdirir:
Fərman və Sadiq Tərtər rayonunun düşmənin artilleriya
atəşləri altında olan ərazilərinə
yetişirlər, gətirdikləri yükü əsgərlərə
çatdırırlar, bir neçə dəfə Tərtər
rayon mərkəzinə gedib-gəlir, yenə əsgərlər
üçün ərzaq, avtomobilllər üçün isə
lazımi ehtiyat hissələrini cəbhəyə
daşıyırlar, öz maşınlarıyla, eləcə
də yolda xarab olmuş yük maşınını təmir
etdikdən sonra onunla,
döyüş xəttinə yaxın yerlərdən
yaralıları Tərtər xəstəxanasına, bir
neçə nəfər şəhid əsgərimizin meyitini
isə onların qulluq etdiyi hərbi hissəyə
çatdırırlar. Axşam qayıtmaq istəyərkən,
bir zabitimizin postlarımızın birinə
aparılmasının çox vacib olduğu bəlli olur və
onu həmin məntəqəyə çatdırmaq qərarına
gəlirlər. Bu, Fərman
üçün son yolçuluq olur. Sən demə,
düşmən mövqelərindən bu gün çox fəallıq
göstərən "Niva"nı
davamlı müşahidə edirmişlər. Ermənilər
maşının xüsusi tapşırıqla fəaliyyət
göstərdiyini zənn edərək, ona çox nadir
hallarda işlədilən xüsusi növ mərmi atırlar.
Ağır artilleriya mərmisinin qəlpələri
"Niva"nı dəlmə-deşik
edir. Ölümcül yaralanan Fərman Tərtər
xəstəxanasında keçinir, Sadıq olduqca ağır
(o vaxtdan əlildir), zabit isə yüngül yaralanır.
26
yaşında necə deyərlər, "oturduğu yerdə"
öz qəfil qərarı ilə od-alova atılan Fərman Vətənə
xidmət naminə rahatlığından keçib, risk etməyin
əbədi bir dəyər olduğunu sübut etdi. Aprelin
yeganə mülki şəhidi cəbhə xəttində
bayaq söhbət açdığımız mərd hərəkətlərinə
görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən
ölümündən sonra "Şücaətə görə"
və "Vətən naminə" medalları ilə təltif
olunub.
Bu ilıq sentyabr günündə 30 yaşı tamam
olan şəhid Fərman Əsədlinin yaxınları onun
Samux rayonunun Sərkar kəndindəiki qəbrini ziyarət
ediblər. Elə
oğul itkisi dərdinə uzun müddət tab gətirməyərək,
ötən il 54 yaşında vəfat edən
ana da onun yanında dəfn edilib.
Şəhidin kənddəki baba ocağında həmin
gün eşitdiyimiz xatirələrdə hamı həm
yana-yana, həm də qürurla onun nə qədər həssas,
incəqəlbli, vətənsevər, kitabsevər, məlumatlı,
yaxşı idmançı, ailəcanlı, işgüzar bir
gənc olduğunu bildirirdi. Evdə saxlanılan
onlarla fotoşəkillərin - tək, dostlarla, ailə ilə,
körpəsiylə, əsgərlik, tələbəlik,
idmançı yoldaşlarıyla - hansını ələ
alsanız, Fərman gülər və mənalı gözlərlə
sizə baxacaq.
Fərmanın,
hər kəsə yüksək vətənsevərlik
nümunəsi kimi təqdim etməyin mümkün olduğu
atası Elçin Əsədlinin söhbətlərində həm
bu xüsusiyyətlər, həm də digər yüksək mətləblər
yer alır:
"Onun təbiəti belə idi - xoşniyyətli,
yanımcıl. Elə eşidirdin ki, hansısa çətinliyə
düşmüş dost-tanışa kömək edir. Zəng vururdu ki, ata, filan dostumla onun bir işinin
dalınca filan yerdəyik, narahat olma. Amma
sevginin ən böyüyü Vətənə aiddir, Fərmanda
da məhz bu var idi. Odur ki, həmin apreli
özü üçün bir sınaq anı kimi qəbul
edib. O, həlak olanda, 90 yaşlı babası mənə
üz tutdu ki, ay bala, bu, niyə belə oldu? Mən dedim, bu, sənin,
mənim verdiyimiz nəsihətlərdir, sənin Qarabağ
haqda yazdığın şeirlərin təsiridir ki, onun
ürəyində qərar tutub. Bəs Vətən
fədəkarlığı necə olmalıdır? Bu
xüsusda mən hesab edirəm ki, Prezidentimizin Milli-mənəvi
dəyərlərimizin, vətənpərvərliyimizin ən
böyük və müqəddəs sərvətimiz
olması haqda dedikləri və bunun rəhbərin
özünün atdığı hər addımı ilə
təsdiqləməsi hər birimiz üçün
başlıca amal olmalıdır! Bizim ürəklərimizi
döyündürən məhz bu hisslər olmalıdır.
Kim olursan, ol, öncə Vətəndir!"
Şəhidin
bibisi Nurlana müəllimə də insanın qəhrəmanlıq
xüsusiyyətlərinin yaxşı nümunələr və
ürəyindəki Vətən sevgisinə bağlı
olduğunu söyləyir:
"Fərman heç vaxt elə-belə, formal söhbətlər etməzdi. Hələ lap yeniyetmə ikən öz oxuduğu kitabların qəhrəmanları haqda danışırdı. Onun sevdiyi, oxşamaq istədiyi qəhrəmanlardan biri də faşistlərlə döyüşlərdə hər iki ayağını itirsə də, protezlərlə yenə döyüşlərə qoşulan təyyarəçi, real insan, Sovet İttifaqı Qəhrəmanı Aleksey Maresyev idi. Onun haqqında Boris Polevoyun yazdığı povest və bu əsər əsasında çəkilən film əsl iradə və əzmkarlıq nümunələridir".
Fərmanın döyüş yoldaşı adlandıra bildiyimiz, hazırda Bakıda yaşayan 33 yaşlı Sadiq Əliyev də "Vətən naminə" medalı ilə təltif olunub. Onun atası Natiq kişi də şəhid Fərman Əsədlinin ad günündə bu ürəkli gənclərin kişi sözü verib, bu vədi axıracan yerinə yetirdiklərini qeyd edir.
"Sadiq söyləyir ki, ata, əgər həmin o vaxt mən desəydim ki, Fərman, bəlkə qayıdaq, o, sonra mənim üzümə baxmazdı. Eyni ilə, əgər Fərman belə söz desəydi, mən onun üzünə baxmazdım", - deyə N.Əliyev oğlunun sözlərini çatdırır.
Bu "ad günü" görüşündə əsas diqqətçəkən məqam o idi ki, Fərmanın yaxınlarının söhbətlərində qürur, fərəh, Vətən sevgisi kədərdən qat-qat çox idi. Elə Fərman da doğma ocağa həmin hissləri sanki bir əmanət kimi qoyub, gedib. Doğrudan da, istər baba yurdu Sərkarda, istər də Gəncədə yaxşı ev-eşiyi, həyat şəraiti, xoşbəxt ailəsi, təminatlı işi olan Fərmanı düşünmədən cəbhə od-alovuna doğru yolçuluğa da məhz bu hisslər aparıb. Əsgəri xidmət borcunu vermiş olsa da, qəfil döyüşlərin sədasını duyan kimi, "Könlünün sevgili məhbubu - Vətən" üçün özü özünü yenidən müsəlləh əsgər sayan Fərman, ölümdən belə qorxmayan Fədakar Azərbaycan Gəncinin ən parlaq nümunələrindəndir.
Vətənin sevgisini ürəklərdən-ürəklərə şəhidlər qədər ötürə bilən ikinci bir vasitə anlayışı yoxdur. Doğrudan da, onlar yanımızda olmasalar da, ürəklərindəki Vətən Yanğısını hər birimizin qəlbinə hopdurublar.
Samux-Gəncə
Zakir MURADOV
525- ci qəzet.- 2020.- 12 sentyabr.-
S.8.