Ayrılıq var - sonu yoxmuş
Zaman elə
sürətlə dəyişir, illər elə qaçaraq
keçir ki, yaşanan hər anın hökmü ilə
barışsaq belə, bəzən
itirdiklərimizin yoxluğundan sonra içimizdə
şırım açan boşluğu,
sızıltını, ağrını heç cür ovuda
bilmirik.
Bu
göynərtinin, bu acının qaynağında öləziyən işığın, titrək
işıltının
qaranlıq bir girdabda
çırpına-çırpına tədricən yoxa
çıxması bizi bu həyat
və ömür dediyimiz nəsnə barədə daha dərindən
düşünməyə vadar edir. Elə onda da anlayırsan
ki, nisbətən uzaq saydıqlarının varlığı sənin üçün nə qədər
önəmli, necə vacib imiş.
Düz 40
gündür ki, mən də özümə doğma, əziz
bildiyim bir insanın, ömrümün ən gözəl illərində
bərabər işlədiyimiz, hansısa həlli vacib məsələdə
məsləhətindən, qayğısından
barındığım müdrik bir insanın yoxluğu ilə
barışa bilmirəm. 40 gün əvvəl gözəlliyindən
zövq aldığı və gözəlləşdirməyə
çalışdığı bu dünya ilə
vidalaşıb, Haqqa qovuşan Fəttah Heydərovla
bağlı illərdən bəri yaddaşımdakı xatirələr
birər-birər gözümün önündə
canlanır. Naxçıvanda, Bakıda, Moskvada... müxtəllif
görüşlərdə, xarici səfərlərdə
etdiyimiz söhbətlər yavaş-yavaş çözələnir
xəyalımda. Səsi, gülüşü, səmimiyyəti,
qayğısı, təmkini, səbri ilə çoxlarına
örnək olan ağsaqqalın tez-tez yada düşən
sözləri yaddaşımın xatirə lentində
çözələnir.
Görüşmək
üçün vədələşmişdik, aylar öncə.
Dəqiq yer, saat deməsək də, hər dəfə zəngləşəndə
deyirdi ki, bir vaxt tapaq görüşək! Gündəlik
qayğılar, sonra da dünyanı silkələyən
COVİD-19 bu
görüşümüzü beləcə bir neçə
dəfə əngəllədi. Sonra isə... Sonra Fəttah
müəllim heç gözləmədiyimiz halda haqqın dərgahına
qovuşdu, ömrünün davamını yaddaşlarda, xatirələrdə,
yaxşılıq elədiyi, dar gündə qolundan tutduğu
insanların duasında, şükranlığında
yaşamağa tələsdi. Bəli, biz ondan beləcə
ayrıldıq. Sən demə, ayrılıq var - sonu yoxmuş...
Həyatımın
Naxçıvan dövrünə təsadüf edən illərdə
(1983-1990) Fəttah müəllimlə tez-tez
görüşürdük. Naxçıvan teatrında
tamaşaya hazırladığım
əsərlərin məşqindən tutmuş, ta ilk
tamaşa gününədək
hər hansı problemlə
bağlı müraciətlərimizə həmişə
qayğı ilə yanaşardı, ondan asılı olan
bütün məsələləri anındaca həll etməyə
çalışardı. Özü də bu qayğı təkcə
sənətdə ilk addımlarını atan mənim kimi gənclərə
deyil, o illərdə Azərbaycan mədəniyyətinin ən
güclü qollarından biri sayılan teatrın
inkişafı naminə çalışan bütün sənət
adamlarına aid idi. Fəttah müəllimin uzun illər ləyaqətlə
və şərəflə rəhbərlik etdiyi
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin qapısını bütün yaradıcı
insanlar ərklə açırdılar, qayğı və
narahatlıqlarını dilə gətirirdilər və onların
hamısı əmin idi ki, nazir
mütləq o problemin çözülməsinə yardım
edəcək. Biz, o vaxtın gənc rejissorları,
aktyorları, üzləşdiyimiz
hər hansı bir çətinliyin tez-tələsik
aradan qaldırılmasını tələb edəndə Fəttah
müəllim sadəcə gülümsəyər və deyərdi:
- Bu yerdə
bilirsinizmi, dünya görmüş bilim adamları nə
deyib?
Sonra da
maraqla və inamla gözlərimizin içinə baxıb bir
azca pauza verərərək deyərdi:
- Deyib ki:
"Əsl insan idarə edər, aciz şikayət, bəsit
adam iftira söylər, dürüst insansa səbri ilə
çətinliyə qalib gələr!" Siz də bu qədər
kəmhövsələ olmayın, Paris bir günə tikilməyib
ki....
Ancaq
özü çox vaxt bu Parisi bir günə
"tikirdi!" Gücü çatdığı, səlahiyyəti
imkan verdiyi problemi yerindəcə həll edirdi, heç kəsin günlərlə, aylarla nazirliyə
ayaq döyməsinə könlü razı olmurdu: "Məsələ
varsa, problem yaranıbsa, demək, onun həlli yolları da var,
o yolu təxirə salmadan, heç nə güdmədən həll
etmək hər bir məsul işçinin, səlahiyyətli
şəxsin vəzifə borcudur".
Onun qənaəti
belə idi: "Əgər problem həll olunandırsa, ona
görə narahatlıq keçirməyə dəyməz.
Yox, əgər problemi həll etmək
qeyri-mümkündürsə, onda narahatlıq keçirməyin
də mənası yoxdur. Sən indi yalandan vəd versən, süründürməçilik
etsən, insanların dərdini dinləməsən, ona bir
çarə eləməsən, sənin o kabinetdə, o
kresloda oturmağının nə mənası var?!
İnsanlar güvəndikləri adamın yanına,
inandıqları adamın qəbuluna gəlir. Sən
onların probleminə "dırnaqarası" baxsan, ya da
söz verib problemini çözməyə yardım etməsən,
onlar səni sevməyəcək, sənə güvənməyəcək!
Gərək onda da kabinet yiyəsi papağını
götürüb üzüsulu çıxıb getsin.
Çünki inam, etibar, sevgi olmayan yerdə işləmək
cətindir!"
Bəlkə
elə özünə, xasiyyətinə,
insanlığına yaraşan şəxsi keyfiyyətlərinin
məcmusundan bir "həyat düsturu"
formalaşdırmağı bacardığına görə
bir çox məsələlərə fərdi yanaşma vərdişi ilə çoxlarımıza
örnək idi Fəttah müəllim. Bəlkə elə
buna görə onu tanıyan hər kəs Fəttah müəllimin
bu qəfil gedişi ilə barışmaq istəmir.
Ayrılıq var - sonu yoxmuş...
Fəttah
müəllimin ailə üzvləri, yaxınları, nə
vaxtsa qolundan tutduğu, pasiban olduğu, yaxşılıq
etdiyi, ən azından, öz məsləhətləri ilə
hansısa müşkül işini aşırdığı
çoxsaylı insanlar kimi mən də onunla bağlı
xatirələrimin işığında 40 gündür ki,
yol gedirəm... Bu əziz və unudulmaz insanla bağlı o qədər
maraqlı xatirələr, yaddaqalan məqamlar var ki...
Naxçıvanda onunla görüşlərimdə
aldığım həyat dərslərini hələ də
unutmamışam. Onun tövsiyələri, öyüd və
nəsihətləri, iş üslubu, insanlara və problemlərə
yanaşma fərdiliyi bu gün də köməyimə
çatır.
Bərabər
Moskvaya ezamiyyəyə getdiyimiz günlərdə Fəttah
müəllimi bilavasitə mənim
çalışdığım sahənin rəsmi şəxsi
kimi deyil, bir insan kimi, təcrübəli və hörmətli
ağsaqqal, gözəl yol yoldaşı, milli
maraqlarımızı hər şeydən üstün tutan
bir vətəndaş kimi daha yaxından tanıdım. Fəttah
müəllim hər yerdə, hər məqamda öz
mövqeyini, şəxsi fikrini sərgiləməyi,
sözünü deməyi bacarırdı. O Moskva səfəri
zamanı da mən dəfələrlə Fəttah müəllimin
yüksək şəxsi keyfiyyətlərinin həlli vacib məsələlərdə
necə böyük rol oynadığının şahidi
oldum. Rəsmi görüşlərdən sonrakı söhbətlərimizdə
sanki aramızdakı yaş, vəzifə fərqini
unudurdu, mənimlə yaxın
dostu, doğması, övladı kimi davranırdı Fəttah
müəllim. Onun söhbətləri,
rastlaşdığı insanlarla bağlı xatirələri
o qədər maraqlı, o qədər səmimi idi ki... Bir maraqlı məqamı
da deyim ki, Fəttah müəllim Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirsə
də, əmək fəaliyyətinə Babək rayonunun
Güznüt kəndində klub müdiri kimi
başlamışdı. Yalnız üç ildən sonra
doğulub boya-başa çatdığı Çeşməbasar
kəndində müəllim işləyib və sonra partiya
işinə keçib. Mən də əmək fəaliyyətimə
klub müdiri kimi başladığımdan, nədənsə,
məndə belə bir əminlik var ki, ötən əsrin
70-ci illərində Naxçıvan MR Əhaliyə Məişət
Xidməti naziri olanda da, sonralar Ordubad və Culfa rayonlarında
Partiya komitəsinin birinci katibi
işləyəndə də Fəttah müəllim
ürəyini o balaca kənd klubunda, orada
rastlaşdığı o saf, təmiz,
"sənət havalı" insanların yanında qoyub gəlmişdi.
Bəlkə də, elə buna görədir ki, 1983-cü ildə
Naxçıvanın Mədəniyyət naziri təyin
olunanda daha çox bu sahənin xiridarları və sıra nəfərləri
sevinirdi. Çünki Fəttah müəllim məhz bu sadə,
qəlbi sənət eşqi ilə döyünən
insanların adamı idi!
Fəttah müəllim 1995-ci ildən bəri Milli Məclisin deputatı idi, son illər həm də Respublika Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərirdi. O, ömrünün sonuna kimi çox sevdiyi Azərbaycana, hər an yanında olduğu xalqına canı-könüldən xidmət etməyə çalışdı. Şərəfli və mənalı bir ömür yaşadı Fəttah müəllim. Vətən üçün layiqli övladlar böyütdü, nəvələr yetişdirdi bu azman kişi. O, həmişə özünə qarşı tələbkar, hərəkətlərinə, sözlərinə diqqət yetirən, qarşısındakına hörmətlə yanaşan bir şəxsiyyət kimi onu tanıyanların yaddaşında qaldı. Və bu 40 günün ayrılığından sonra o, Əbədi aləmə apardığı ən böyük "var- dövlət" - sağlığında qazandığı savab əməllər, xeyirxahlıq, mərhəmət və səmimiyyətdir. Məkanın cənnət, ruhun şad olsun, Fəttah müəllim!
Əliqismət LALAYEV
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
direktoru, Əməkdar incəsənət
xadimi
525-ci qəzet.- 2020.- 12 sentyabr.- S.11-12.