Cəlil Məmmədquluzadənin naməlum
məktubu
1991-ci
ildə Tehranda, "Cavidan" nəşriyyatında nəşr
edilmiş "Övraqe-tazehaye-məşrutiyyət"
("Məşrutəyə aid yeni sənədlər")
adlı kitabı vərəqləyərkən görkəmli
ədib Cəlil Məmmədquluzadənin bir məktubuna rast gəldik.
3 məhərrəm 1328-ci il (1910-cu ilin 16 fevralı) tarixində Tiflisdən göndərilən məktub Tehrana, Seyid Həsən ağa Təqizadəyə ünvanlanmışdır. Məlumat üçün bildirək ki, azərbaycanlı olan Seyid Həsən Təqizadə 1906-1911-ci illər İran Məşrutə inqilabının iştirakçılarından, İran Məclisinin məşhur natiqlərindən biri olmuşdur. Məclislə Məhəmmədəli şah Qacar arasındakı ixtilaflı məsələləri müzakirə etmək üçün saraya göndərilən nümayəndə heyətinin tərkibində olmuşdur. Şah onunla görüşmək üçün əl uzatmış, o isə əl verməkdən imtina etmişdir. Bir müddət inqilabçıların cəbhəsində olan Seyid Həsən sonradan ingilislərin mənafeyini müdafiə etmişdir. S.H.Təqizadə Milli Məslisin sədri olmuşdur. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının səhifələrində 1906-1911-ci illərdə cərəyan edən Məşrutə inqilabı zamanı baş verən hadisələr barədə bir sıra yazılar vermiş, inqilabçıların tərəfində olduğunu açıq ifadə etmişdir. Jurnalın 13 sentyabr 1909-cu il nömrəsində Mirzə Ələkbər Sabirin Məhəmmədəli şahın dilindən yazıb "Yetim Mə'dəli" imzası ilə çap etdirdiyi satirik şeirin əvvəlində belə bir qeyd vardır: "Taxtdan salınmış Məhəmmədəli şahın Odessaya getməsi münasibəti ilə yazılıb". Şeirdə İran şahının, irticaçıların inqilab mücahidlərinə, S.H.Təqizadəyə münasibəti belə ifadə olunub:
Ah, o dəm ki,
Təqizadə mənə
əl vermədi,
Mümkün olsaydı başın
təndən kənar
etməzmidim.
Cəlil Məmmədquluzadənin qardaşı Ələkbər Məmmədquluzadə (1872-1922) Məşrutə inqilabının fəal iştirakçılarından idi, sonralar Cənubi Azərbaycan Demokrat Partiyası, onun rəhbəri Şeyx Məhəmməd Xiyabani (1879/80-1920) ilə yaxın əlaqədə olmuşdur. Görkəmli ictimai xadim 1913-1917-ci illərdə "Molla Nəsrəddin" jurnalının Təbrizdə müvəkkili idi. İnqilabi fəaliyyətinə görə bir neçə dəfə həbs olunmuş Ələkbər Məmmədquluzadə 1922-ci il mayın 22-də Kəhrizli kəndində vərəm xəstəliyindən vəfat etmişdir.
Seyid Həsən Təqizadənin qeydlərindən göründüyü kimi, o, əvvəllər Şimali Azərbaycanda, Tiflisdə olmuş, Məhəmməd ağa Şahtaxtlı (1848-1931), Əhməd Ağaoğlu (1868-1939), Cəlil Məmmədquluzadə (1869-1932), Ömər Faiq Nemanzadə (1872-1937) və başqa görkəmli ədiblərlə tanış olmuşdur.
Cəlil Məmmədquluzadə Seyid Həsən Təqizadədən xahiş edir ki, məktubu ona çatdıran Mirzə İbrahimə yardım etsin. Bundan başqa, ədib Mirzə Məhəmmədəli və Seyid Cavada da salam göndərir. Qeyd edək ki, Mirzə İbrahim, Mirzə Məhəmmədəli və Seyid Cavad Məşrutə inqilabının iştirakçısı olmuşlar. Seyid Cavad S.H.Təqizadənin qardaşı idi. Mirzə Cəlil məktubunda bildirir ki, onunla əlaqələri genişləndirmək, İranda baş verən hadisələr barədə daha ətraflı məlumat almaq istəyir. Sonda ədib ona Ömər Faiq Nemanzadənin salamını yetirir.
Cəlil Məmmədquluzadənin Seyid Həsən Təqizadəyə yazdığı bu kiçik məktubu görkəmli ədibin Məşrutə İnqilabı nümayəndələri ilə əlaqəsini öyrənmək baxımından maraq kəsb edir. Məktubun mətnini olduğu kimi təqdim edirik
3 məhərrəm, 1328, Tiflis.
Seyid Həsən ağa həzrətlərinə
Dosti-mükərrəm!
Əvvəla, fürsəti qənimət bilib cənabınıza salam söyləyirəm. Habelə, Mirzə Məhəmmədəli və Seyid Cavad ağaya salamımı yetiriniz.
Mən çoxdan tanıdığım İran qulluqçularından cənab Mirzə İbrahim həman bu günlərdə Tehrana getməlidir ki, orada qulluq işlərini qaydaya qoysun. Ümidvaram ki, əgər məzkur cavanın Sizə işi düşmüş olsa mehribançılığınızı əsirgəməyəsiniz və lazım olan iltiması müzayiqə etmiyəsiniz.
Əgər mümkün olsa iki kəlmə əhvalınızı bəndəyə yazınız. Söz verirəm ki, həman saat Sizə cavab yazam. Heyf ki, indiyədək mümkün olmayıb Siz ilə müxabirədə bulunmaq və İranın əhvalatını necə ki, lazımdır, bilmək.
Seyid Cavad ağa bir kitab istəmişdi, götürdüm.
Sizi həmişə istəyən Cəlil.
Faiq əfəndinin duası var.
Paşa ƏLİOĞLU
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.13.