Parlaq ömür salnaməsinə

aid misilsiz sənədlər

 

Üzeyir Hacıbəyov-135

 

Sosial şəbəkədə istifadəçilər arasında "Yaxın tariximizdə Azərbaycanın yaradıcı dahilərindən ən çox kimə ehtiramınız var" sualı ilə sorğu keçirilmişdi. İştirakçıların böyük əksəriyyəti birinciliyi Üzeyir Hacıbəyliyə vermişdi. Çünki bütün ömrünü xalqının mədəniyyətinə, maarifinə həsr etmiş bu böyük şəxsiyyətin fəaliyyətində, çoxlarından fərqli olaraq, heç bir qaranlıq səhifə, təzadlı cəhət tapmaq mümkün deyil. Onun yaradıcılığı tamlıqla xalqına məhəbbətin, xidmətin təkrarsız nümunəsidir.

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq ictimai xadim kimi əzəmətli bir yer tutur.

Azərbaycan Dövlət Tarix Arxivində bu böyük insanın adı çəkilən 10-a yaxın saxlama vahidi qiymətli sənəd kimi qorunub saxlanır. Sənədlər 1904-1916-cı illərə aiddir. İlk sənəd "Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyəti" fondunda "Hadrut məktəbində xidmət haqqında Hacıbəyovun şəxsi işi" (Fond 406, siy.2, sax.vah.107) adlanır. Burada Üzeyir bəyin xidmətə qəbul olunmaq üçün müdiriyyətə ünvanladığı ərizəsi Qafqaz Müəllimlər Seminariyası direktorunun onun haqqında yazılmış müsbət məzmunlu təqdimatı saxlanılır. Seminariyanın direktoru Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyətinə etdiyi müraciətini bu cümlə ilə bitirir: "Nəzərinizə çatdırmaq istəyirəm ki, Üzeyir Hacıbəyov dərsləri olduqca yaxşı mənimsəmiş əla musiqiçidir".

9 iyun 1904-cü ildə o, Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Hadrut kənd məktəbində rus dili, hesab, tarix musiqidən dərs deyib. Lakin onun bu kənddə müəllimliyi uzun çəkmir. 1905-ci ildə erməni-müsəlman davası düşdüyündən əhalisinin yarısı erməni olan bu kənddə cəmi bir il işləyə bilir. Haqqında yazılmış xatirələrdə qeyd olunur ki, ikinci dərs ilinin başlanmasına az qalmış kəndin yaşlı sakinlərinin məsləhəti köməyi ilə Hadrutu tərk edib Yevlaxa, oradan da Bakıya gəlir.

Üzeyir bəyin daha bir ərizəsi 29 sentyabr 1905-ci ildə Bakı Şəhər İdarəsinin Məktəb komissiyaları sədrinə yazılıb (Fond 389, siy.8, sax.vah.1196). Bakı şəhərindəki rus-tatar məktəblərindən birinə işə götürülməsi xahiş edilən bu sənədi o dövrün savadlı ən hüsnüxətli ərizə nümunələrindən saymaq olar: "Cənab sədr həzrətləri, sizdən xahiş edirəm ki, məni Bakı şəhərində tabeliyinizdə olan rus-tatar məktəblərindən birinə müəllimliyə qəbul edəsiz. Təyin olunmam üçün təqdim edilməli sənədlərimi bura əlavə edirəm. Hadrut məktəbinin müəllimi Üzeyir Hacıbəyov".

Onun bədii yaradıcılıq dövrü 1905-ci ildə "Həyat" qəzetində tərcüməçi işləyərkən publisistik fəaliyyəti ilə başlamışdır. Həmin vaxt eyni zamanda, "İrşad" qəzetinin əməkdaşı olmuşdur.  1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi əsgəri sözlərin Türki-Rusi Rusi-Türki Lüğəti"ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun "Şinel" povestini Azərbaycan dilinə tərcümə edir.

O zamanın aparıcı qəzetlərində "Molla Nəsrəddin" jurnalında müxtəlif gizli imzalarla dərc etdirdiyi onlarla felyetonları, oçerk parodiyaları bu gün əhəmiyyətini itirməyən, böyük dəyəri olan əsl sənət əsərləridir.

Yazarlıqla kifayətlənməyən Üzeyir bəy əsas diqqətini həm musiqi yaradıcılığına yönəldir, uşaqlığından ürəyində sevib saxladığı duyğularını "Leyli Məcnun" operasını yaratmaqla bəşəriləşdirir mədəniyyətimizə böyük bir inci bəxş edir. 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan "Leyli Məcnun" ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur. Gənc bəstəkar bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm Söhrab", "Şah Abbas Xurşud banu", "Əsli Kərəm", "Harun Leyla" muğam operalarını yazır.

Üzeyir bəyin adı qeyd olunan digər sənədlər onun xeyriyyə tədbirlərində iştirakı ilə bağlıdır. Belə ki, 1906-cı ildən başlıca məqsədi Bakı şəhərində quberniyasında yaşayan müsəlmanlar arasında elm maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək olan "Nəşri-maarif" adlı xeyriyyə cəmiyyəti fəaliyyətə başlamışdı. Sənədlərin birində 2 dekabr 1911-ci ildə Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr edilmiş gecənin  proqramından bəhs edilir (Fond 46, siy. 2, sax.vah. 467). Orada qeyd edilir ki, yubiley gecəsində antrakt zamanı Üzeyir Hacıbəylinin rəhbərliyi ilə şərq motivləri əsasında simfonik orkestrin iştirakı baş vermişdir. Xeyriyyə cəmiyyətinin 15.02.1913-cü ildə keçirilən tədbirində bəstəkarın "Şah Abbas" "Ər arvad" (Fond 46, siy. 2, sax.vah. 480), 02.04.1915-ci ildə "Rüstəm Zöhrab" (Fond 312, siy.1, sax.vah. 208), 08.02.1916-cı ildə "Əsli Kərəm" (Fond 312, siy. 1, sax vah. 278) tamaşalarından parçalar təqdim olunmuşdur. Bütün bu sadalanan faktlar "Nəşri-maarif" xeyriyyə cəmiyyətinin illik fəaliyyət hesabatlarında əks olunmuşdur.

Şərqdə ilk musiqili komediyanın, operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Operattaların içərisində ən uğurlusu olan "Arşın mal alan" operettası 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır, beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır.

Üzeyir yaradıcılığının zirvəsi isə "Koroğlu" operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında, Avropa stilində bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı romanslar, kamera xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdın, Qara dəniz" mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə çox məşhurdur. "Sənsiz" "Sevgili canan" romansları o qədər möhtəşəmdirlər ki, onları dinləməkdən heç vaxt yorulmursan.

Üzeyir Hacıbəyli yaradıcı şəxsiyyət olmaqla yanaşı, böyük ictimai xadim olub. Ayrı-ayrı vaxtlarda Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Onun elmi-nəzəri məqalələri, xüsusilə "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası milli musiqi elmimizin tərəqqisinə qiymətli töhfələrdir.

Şərqdə ilk musiqili teatrın ilk Konservatoriyanın yaradıcısı kimi Üzeyir Hacıbəylinin  Azərbaycan xalqının tarixində mədəniyyətində izi silinməz əbədidir.

Bu il 18 sentyabrda dahi bəstəkarın dünyaya gəlməsinin 135 ili tamam olur. 1995-ci ildən onun doğum günü Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.

Həyatdasa altmış üç il - peyğəmbər ömrü yaşadı sanki, o, Azərbaycan musiqisinin peyğəmbəri, bu xalq yaşayacaq qədər seviləcək böyük dühası...

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Rövşən HƏSƏNLİ

Dövlət Tarix Arxivinin şöbə müdiri

 

525-ci qəzet.- 2020.- 12 sentyabr.- S.19.