"Bəy atlı
şeirlər"in yaşatdığı duyğular
Mən şeir yazmıram,
düzü, mən heç bilmirəm Şeir nə?!
Mən ancaq dəyiləndə
Sözün xətrinə,
Söz ağlayanda dururam,
Sözü ağlayan dünyanı
Söz ən çox sevən şəkildə,
ağlayanı sevindirəcək şeirtək çiçək,
eşqtək mübarək qururam.
Bir kitab
düşünün: içində şeirlər,
üstündə "mən şeir yazmıram"
etirafı. Qəribədir, bəs biz bu vaxtacan nə
oxumuşduq? Bəs gözümüzü
açandan misralarıyla qol-boyun olduğumuz, sözlərindəki
hərarətə isindiyimiz, Tanrını, ölümü,
sevgini, göyü, yeri, əbədiyyəti hecalarının
arasında tapdığımız Vaqif Bayatlı Odər
kimdir?! Onu çoxları, az qala hər
kəs "göy adamı" adlandırır. Deyəsən, özü də məmnundur bu bənzətmədən.
Yoxsa şeirlərini göylərə pıçıldamaz,
sözlərini Allaha pay göndərməzdi.
Dərviş
adam, şeirləri Tanrı
pıçıltısı qədər həzin, kövrək,
sirli-sehirli şair Vaqif Bayatlı Odərin "Bəy atlı
şeirlər" kitabından danışıram sizə. Kitab 2019-cu ildə işıq üzü
görüb. Nə zamandır iş masamda idi. Ara-sıra vərəqləyir, bir-iki şeiri oxuyur,
yenidən bağlayırdım. Kitab
şairin dua kimi sözləriylə başlayır. O
deyir:
"Ey kainat balaları, üzü Tanrıya yazı
yazmaq həm də Tanrıya İbadət! Həm də, həm də
hamını hamıya sevdirmək, hamını hamıya istətmək
kimi daha böyük, daha uca bir İbadət!
Əsl kitab da İlahidən, kitaba İbadətdən gəlir. Həm də
hər bəndə kitabı-bəndəni yaradan Allahın
yönəltməsiylə hamının o bəndəni də
duymasıyçün yarı İlahi, yarı insani bir cəhd.
O kitabı oxumaq, duymaq da elə İlahini duymaq kimi!
Allah
bütün insanları, həm də insanların bənzəri
bütün kitabları hardasa az, çox
dərəcədə İlahi kitablara bənzər,
hamının hamını duymasıyçün,
yaşamasıyçün, sevməsiyçün, sevdirməsiyçün
yaradır".
Kitabdakı hər şeir şairin ibadətidir. Ona görədir
ki, şeirindən Tanrı boylanır, hər sözdən
ölüm gülümsəyir sanki. "Ölüm"
deyəndə insanlar pessimistliyə qapılır, bir hüzn
dalğası yayılır ruhumuza. Tarix
boyu da "ölüm" hüznün, bitişin simvolu olub.
Şair isə bunun əksinə, pessimist deyil,
ölümü bitiş kimi deyil, davam kimi, Tanrıya
qovuşmaq kimi anlayır və anladır. O, həyata,
doğuluşa qarşı da belədir. Onun ürəyi
Allahla o qədər yaxındır ki, onu anlayır, duyur, hiss
edir, yaradılışın sirrini də elə bu duyğuyla
ifadə edir misralarında:
Allah hərdən adamlara
bir az da tanrılıq verib,
hamını olduğundan daha
gözəl görünmək,
danışa bildiyindən daha ağıllı danışmaq,
sevə bildiyindən daha çox sevmək,
həm də xoşbəxt ola biləcəyindən
daha çox xoşbəxt olmaq üçün yaradır.
O
şeirləri oxuduqca fərqinə vardım ki, Bayatlı
şeirləri aram-aram, az-az oxunası şairdir. Onun kitabını səhifələyib tez zamanda
bitirə bilməzsən. Hər misrada bir az,
hər şeirdə dəfələrlə düşünməli,
dərinliyinə varmalısan.
Əslində, onun şeir dili o qədər təmiz, o qədər
aydındır ki, dumduru su kimi burdan baxsan, o tərəfi
görünəcək. İlk oxunuşda hər şeyi
anladığını, dərk etdiyini
düşündüyün məqamda birdən dəyişər
bütün o anladıqların, elə bir söz, elə bir
fikir ilişər ki beyninə, şeiri sanki heç
oxumamış, heç anlamamış kimi hiss edərsən
özünü. Bəlkə də bu səbəbdəndir
Odərin şeirləri təkrar oxunuşlarda belə təzətərdir,
yepyenidir.
İlahi! Tanrım!
Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
sən qalxan göyləri də
bircə anlığa görməkçün
bu göyü də aşağı çək.
Vaqif Bayatlı Odəri tanıyandan nədənsə, hər
zaman dərvişlik gəlib gözüm önünə. Onun adı
"dərviş" sözüylə assosiasiya olunur beynimdə.
Dərvişlərdəki tərki-dünyalıq,
Tanrıya adanmışlıq, dünya malından əl
üzüb həqiqətin, sevginin arayışına
çıxmaq Odərin şeirlərində də var. O,
şeirlərini sevginin xətrinə, sevginin gücünə
yazır. Onun insanlıq lüğətində
"şeir", "sevgi" və "Tanrı"
sözləri sinonimlik təşkil edir. Ona
görə "Şeir-yarı insani, yarı İlahi cəhd..."
deyir. Başqa bir yerdə isə şeiri
"Sözün ən məğrur, ən eşqli şəkildə
Tanrıya doğru uçuşu..." adlandırır.
Onun yazdıqlarını
hərə bir cürə yozurdu,
o isə əslində ancaq,
ancaq Allahçün yazırdı.
Sonra isə müəllifin ruhu təlatüm
keçirir, Şair olduğunun qürurunu paylaşır
kağız-qələmlə. Yüz illərdir beyinlərə
hopan Füzulinin "Aldanma ki, şair sözü, əlbəttə,
yalandır" hökmünü yerlə-bir edir, şairləri
Tanrının yerdəki, insanların göydəki nümayəndəsi
mərtəbəsinə qədər ucaldır, "Poeziya
dinlər içində ən eşqli dindir, şair həm də
söz Allahı, söz dirildəndir", - deyir:
Heç nə gizlətməyin bizdən,
biz söz çəkirik sözdən,
deməsəz də, üzdən, gözdən
şairlər bilmədən bilmiş.
Ən dar gündə, ağır
gündə,
hamı lal, kar, sağır gündə
uzaqvuran top gücündə
şairlər gülmədən gülmüş.
Göydə də son göyə
çatıb,
qoynunda günəştək yatıb
yenə günəştək doğmaqçün
dan yerinə də tağ atıb,
şairlər ölmədən ölmüş.
Sən can oğrusu bilim,
canımı gizlədim gülüm,
çox da lovğalanma ölüm,
məni tapammazsan, gülüm,
şairlər olmadan olmuş.
İnsanların çoxu yalnızlığı sevsələr
də, tənhalıqdan qaçarlar. Tənhalıq qorxudar
onları. Çünki tənhalıq
özünün özünlə baş-başa
qalmağın, özünün özünə
hesabatındır. Neçəmiz bu
hesabatdan üzüağ, alnıaçıq, təmiz
çıxa bilərik?! Neçəmizin vicdanı öz güzgümüzdə
ləkəsiz görünə biləcək özümüzə?!
Bu suallara cavab vermək çətindir. Axı insanın daxilinə bir Allahdan, bir də
özündən başqa bələd olan kimsə yoxdur.
Ən çox da yaşa dolduqca çətinləşir,
daha qorxulu olur tənhalıq. Bu zaman ətrafımızdakı
bütün səs-küylər öləziyir, sükunət
bürüyür həyatımızı, insan həm
vicdanıyla, həm də Tanrısıyla baş-başa
qalır. Bu dəfə Allah xofu sarır
ruhunu. Onunla söhbət həmişə
rahatlıq bəxş etmir axı. Bu
söhbətdə özünü və İlahini dərk
var, bu söhbətdə həyatın son akkordları var.
Yaş neçə olur olsun, insan həmişə o akkordlara
hazırlıqsızdır. Göylər nə qədər
cazibədar olsa da, o, bu səfərini həmişə
uzatmağa çalışır:
Adamlar yaşlaşdıqca,
qulaq yoldaşları yox olduqca,
daha çox tənhalaşdıqca,
daha çox, həm də daha bərkdən,
daha çox öz-özləriylə danışırlar,
axırda ancaq özü-özləriylə,
Həm də elə bil Allahla
danışanlar da var,
onlarda bu, həm də İlahini dərk etməyə,
həm də İlahiylə danışmağa son cəhdlər,
həm də yerdən göyə son hazırlıqlar.
Vaqif
Bayatlı Odərin adını çəkdiyim kitabında vətən,
Azərbaycan, Qarabağ mövzulu şeirləri də az deyil. Şair ara-sıra bu
mövzulara da müraciət edir, Azərbaycanı
"qucaqlayıb qoxlamağa Ataqılınc, qucaqlayıb
ağlamağa Anakünc" adlandırır. O, vətənə
öz dilində layla çalır, Qarabağa öz dilində
ağı deyir. Bu layla, bu ağı "mən
nifrəti bacarmıram, mən ancaq sevməyi bacarıram"
deyən şairin sevgi dolu qəlbinin həzin
çırpınışlarıdır. Şair
dünyada sevgi varkən insanların silaha əl
atmasını, öz içlərində sevgi yerinə nifrət
cücərtməsini, böyütməsini anlamır, anlamaq
istəmir. Amma onun sevgisinin ən gözəl
ünvanlarından biri də məhz vətən
üçün ölənlərdir. Şairin
bütün yaradıcılığı boyu
qırmızı xətt kimi keçən Əbədiyyət
mövzusu məhz qəhrəmanların timsalında yenidən
can tapır, mənalanır, biçim
qazanır:
Vətən üçün
ölmürlər,
tək düşməni yox,
ölümü də dibsiz uçurumtək keçir,
əbədiyyətə aşırlar,
həm də onlar hər biri
əbədiyyətə təzə can verib,
əbədiyyəti də cavanlaşdırır,
əbədiyyət onları yox,
onlar əbədiyyəti də əbədi yaşadırlar.
Vaqif
Bayatlı Odərin şeirləri haqqında tədqiqatçı,
filoloq kimi danışmağı, onun qəlibə
sığmaz poeziyasını nəzəriyyənin terminləriylə
yükləməyi, şairin nə demək istədiyini bir tənqidçi
ədasıyla oxucuya çatdırmağı son dərəcə
gərəksiz hesab etdiyimdən onun "Bəy atlı
şeirlər"inin yaşatdığı duyğuları mən
də "Odərsayağı" vərəqə
pıçıldadım. Əslində, bu
şeirlərə susmaq ən gözəli olardı, bəlkə
də. Amma biz hələ o dərəcədə
kamilləşməmişik axı. Necə ki, şair
deyir: "Dünyanı hər an dərk edən adam hər zaman susur əbədiyyəttək..."
Bayatlı
yazır: "Əvvəllər çoxları kimi mən də
elə bilirdim ki, hər şey haqqında fikir deyə bilərəm.
İndi isə anlayıram dünyanı və
onun haqqında bilgiləri tam qazıb, qazıb dərk edəndə
insan ancaq əbədiyyəttək susur.
Ən böyük Sözü də sükut deyir. Əbədiyyəttək
susmağın da mübarək, canım!
Danışdıqlarım üçün üzr istəməyinin
də zamanı gəldi, Əbədiyyət!"
Məhz bu misralarla "Bəy atlı şeirlər"in səhifələrində əbədiyyət tək susmağa gedirəm. Şair inciməsin, danışdıqlarım üçün isə üzr istəmirəm!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.20.