Özbəkistandakı Azərbaycan

Mədəniyyət Mərkəzi 10 yaşında

 

Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz Azərbaycanın həmin dövlətlərlə siyasi və digər sahələr üzrə əlaqələrini tənzimləyir.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti isə daha çox lobbiçiliklə bağlıdır. Son dövrlərdə xaricdə açılan mədəniyyət mərkəzləri ölkəmiz üçün həyati əhəmiyyət daşıyan mühüm bir quruma çevrilib. Bu il özünün 10 illik yubileyini qeyd edən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi buna ən gözəl  nümunədir.

Mərkəz 27 sentyabr 2010-cu ildə dövlətimizin başçısı cənab İlham Əliyevin Daşkəndə rəsmi səfəri zamanı Özbəkistanın o zamankı baş naziri, indiki prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə açıldı. Prezident İlham Əliyev açılış mərasimində çıxışında demişdi: "Azərbaycan Mədəniyyət Mərkəzi Ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu, çox əlamətdar haldır. Çünki Ulu öndər Heydər Əliyev bütün dövrlərdə ölkəmizlə Özbəkistan arasında əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir".

Mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik və tarixi muzeyi, Azərbaycan və Özbəkistan dostluq muzeyi fəaliyyət göstərir ki, bunlar xalqlarımız və dövlətlərimiz arasında gündən-günə inkişaf edən qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.

Ötən illər ərzində Mədəniyyət Mərkəzi Özbəkistanda milli mədəniyyətimizi, ədəbiyyatımızı geniş şəkildə təbliğ etmiş, dəfələrlə yüksək səviyyəli tədbirlər keçirmişdir. Bunların arasında bir çox beynəlxalq konfrans və simpoziumların, dostluq konsertlərinin təşkilini, nəşr layihələrini, elm və təhsil mərkəzlərində Azərbaycan ocaqlarının yaradılmasını qeyd etmək olar.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə ana dilimizin və tariximizin öyrənilməsi üçün mühüm işlər həyata keçirir, burada yaşayan 40 minə yaxın həmvətənimiz üçün məktəb funksiyasını yerinə yetirir. Mərkəzdə təşkil olunan müxtəlif kurslarda və dərnəklərdə yüzlərlə uşaq, yeniyetmə və gəncə dilimiz və tariximizlə yanaşı, milli rəqslərimiz, rəsm, kompüter sahəsi tədris edilir.

Mədəniyyət Mərkəzi Özbəkistanın yerli təşkilat və qurumları ilə sıx əlaqələr yaradır, iki qardaş ölkə arasındakı elmi, mədəni, ədəbi sahələrdə əməkdaşlığı möhkəmləndirir və dərinləşdirir.

2015-ci ildə Daşkənddə Heydər Əliyevin adını daşıyan küçədə Ulu öndərin xatirə lövhəsinin açılışı olub, Özbəkistanda fəaliyyət göstərmiş məşhur azərbaycanlıların yaşadığı evlərin üzərində onların barelyefləri vurulub. Bunlardan görkəmli pedaqoq və tərcüməçi Seyid Rza Əlizadənin, istedadlı rəssamlardan Eynulla Əliyevin və Yusif Hüseynovun, ünlü şairlərdən Maqsud  Şeyxzadənin və İxtiyar Rzanın barelyeflərini göstərə bilərik.

2015-ci ildən başlayaraq hər il özbək mətbuatı nümayəndələrinin ölkəmizə "Mediatur"u təşkil edilir, yerli kütləvi informasiya vasitələrində Azərbaycan mövzusu geniş işıqlandırılır.

Özbəkistanda Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğalçılıq siyasəti, habelə daşnakların vaxtilə Türküstanda özbək və digər xalqlara qarşı həyata keçirdikləri soyqırım siyasəti haqqında çoxsaylı nəşrlər, elmi-tədqiqat əsərləri, sənədli filmlər hazırlanıb və ictimaiyyətə təqdim edilib. Ermənistanın Azərbaycana təcavüzü, işğal və soyqırım siyasətinə dair özbək və rus dillərində 9 adda kitab çap olunub, saysız-hesabsız məqalə yayımlanıb.

Samir Abbasovun ssenari müəllifi olduğu "Fərqanədən Qarabağa daşnaklar" adlı sənədli filmi xüsusilə qeyd etmək lazımdır. Bu ekran əsəri bugünədək ictimaiyyətə məlum olmayan faktlarla, tarixi arxiv materialları ilə son dərəcə zəngindir, erməni təbliğatına qarşı effektiv təbliğat vasitəsi kimi nəzəri cəlb edir. Heç də əbəs deyil ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası filmi yüksək qiymətləndirib.

S.Abbasovun rəhbərliyi ilə 2013-cü ildən bugünə qədər özbək dilində Azərbaycana dair 70 adda kitab işıq üzü görüb. Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə böyük tərcüməçilik məktəbi formalaşdırıb ki, buraya Özbəkistanın Xalq şairi Camal Kamal, türkoloq alimlər və tərcüməçilər Babaxan Şərif, Tahir Qəhhar, şairələr Xasiyyət Rüstəm, Şəhla Qasımova, alim-tədqiqatçılar Gülbahar Aşurova, Gülnaz Səttarova və başqaları cəlb ediliblər. Şöhrət Salamov, Rüstəm Cabbarov, Əbdülvəli Saybnəzərov kimi tanınmış jurnalistlər həm mədəni-ədəbi əlaqələr, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair əsərlər yazaraq bu işə öz töhfələrini verirlər.

Ötən illərdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, çağdaş yazarlardan Anar, Elçin, Yunus Oğuz, Firuz Mustafa və başqalarının əsərləri, habelə XX əsr Azərbaycan ədəbiyyatı antologiyası özbək dilinə tərcümə edilərək Daşkənddə nəşr olunub. Bu il isə klassik şairlərimizdən Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və Mirzə Ələkbər Sabirin əsərlərinin mərkəzin sifarişi ilə özbək dilinə çevrilməsi və nəşri planlaşdırılıb.

Azərbaycan ədəbiyyatının tərcüməsi və təbliği sahəsində Nizaminin əsərləri mühüm yer tutur. Dahi şairin yaradıcılığını özbək oxucusuna öz ana dilində çatdırmaq, şairə dair tədqiqatlara dəstək məqsədi ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 2015-ci ildə Nizami Gəncəvinin "Xəmsə"sinintam şəkildə tərcüməsi barədə Özbəkistanın Xalq şairi Camal Kamalla müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Camal Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb və Nizaminin "Xəmsə"sinə daxil olan poemalar ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə") orijinaldan özbək dilinə tərcümə edilib. 2019-cu ildə başa çatdırılan bu layihə Azərbaycan-Özbəkistan ədəbi əlaqələr tarixinə qızıl hərflərlə yazılıb.

2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dilində bölmələrin yaradılması işinə başlanılıb, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bölmələr yaradılıb, Mədəniyyət Mərkəzinin Youtube.com portalında kanal istifadəyə verilib, 150-dən artıq video material kanala yerləşdirilib və hazırda bu iş uğurla davam etdirilir.

2014-2018-ci illərdə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Daşkənd Pedaqoji Universiteti, Səmərqənd Dövlət Universiteti, Özbəkistan Dövlət Konservatoriyası, Özbəkistan Sənət və Mədəniyyət Universiteti kimi təhsil müəssisələrində "Azərbaycan ocaqları" təşkil edilmiş, Özbəkistan Dövlət Tarix Muzeyində və Səmərqənddəki Əfrasiyab Dövlət Tarix Muzeyində ilk dəfə olaraq "Azərbaycan pavilyonu" quruldu. Ümumən Özbəkistanın altı ali təhsil ocağında Azərbaycan mərkəzləri, guşələri yaradılıb ki, burada ölkəmizin tarixinə dair çoxsaylı nəşrlər, xəritələr, suvenirlər, tarixi abidələrin maketləri, xalçalar, milli musiqi alətləri və digər eksponatlar nümayiş etdirilir.

S.Abbasovun ideya müəllifliyi ilə Özbəkistanda "Azərbaycan, Qarabağ, sülh və qalibiyyət üçün oxu" qlobal musiqi layihəsi həyata keçirilib, 40-a yaxın özbək müğənni Azərbaycan mahnılarını ifa edərək, təcavüzə, işğala qarşı öz etirazlarını bildiriblər. Klip qısa müddətdə Özbəkistanın sosial şəbəkələrdə populyarlıq qazanıb, Azərbaycanda da yüksək maraqla qarşılanıb.

Azərbaycan Mədəniyyət Mərkəzi 2014-cü ildən başlayaraq hər il Daşkənddəvə regionlarında "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" təşkil edir və bu möhtəşəm tədbirlərdə ölkəmizin tanınmış mədəniyyət, incəsənət ustaları, şair və yazıçıları, ədəbiyyatşünas alimləri iştirak edirlər. Hazırda bu ənənə davam etdirilir. Ötən il Xarəzm, Səmərqənd və Fərqanə vilayətlərində möhtəşəm Azərbaycan günləri təşkil edildi. Bu il isə Qaraqalpaqıstan Respublikasında, Buxara və Xivə şəhərlərində bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.

Mərkəz ilk dəfə olaraq dövlətlərarası tələbə mübadiləsi layihəsinə start verib. Bu layihə çərçivəsində hazırda onlarla özbək gənci Azərbaycanın nüfuzlu ali məktəblərində təhsil alır.

2013-cü ilin may ayından mərkəzdə "Azərbaycan dili kursları" fəaliyyət göstərir. Maraqlananlar, şagirdlər və tələbələr burada Azərbaycan dilini öyrənirlər. Mütəmadi olaraq kursun iştirakçıları arasında Azərbaycan dili ilə bağlı müxtəlif müsabiqələr keçirilir, qaliblər mükafatlandırılır. Fəaliyyətə başladığı dövrdən bəri yüzdən çox şəxs Azərbaycan dili kursunun proqramına yiyələnmişlər. Mərkəzin layihəsi ilə irihəcmli "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət" və danışıq kitabçası nəşr olunmuşdur.

Mərkəzin nəzdində kitabxana da yaradılıb. Kitabxana burada fəaliyyət göstərən dərnək və kursların iştirakçılarına, habelə Daşkənddəki azərbaycanlı və özbək oxucularına xidmət göstərir. Kitabxananın Azərbaycan, rus və özbək dillərində zəngin fondu var. Fond əsasən ölkəmizdən göndərilən kitablarla zənginləşdirilir. Bundan başqa, Azərbaycan Səfirliyinə, mərkəzə hədiyyə olunan kitablar da həmin fonda daxil edilir. Hazırda kitabxananın ümumi fondu 5 min nüsxəyə yaxındır. Kitabxanada Azərbaycan bədii filmlərinin tam kolleksiyası, ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, adət və ənənələrinə dair sənədli filmlərdən ibarət Mediateka fondu yaradılıb.

Mərkəzin təşkilatçılığı ilə uzun illərdən bəri Özbəkistanın bir sıra kütləvi kitabxanalarına, univeresitet və akademiya sistemi kitabxanalarına çoxlu kitab və   jurnal, buklet və digər çap materialları əvəzsiz olaraq  hədiyyə edilib.

Mərkəzə 2013-cü ildən tanınmış mədəniyyət işçisi Samir Abbasov rəhbərlik edir. O, həmçinin, Azərbaycanın Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibidir. Samir Abbasovun çoxsaylı təşəbbüsü və əməyi nəzərə alınaraq, 2016-cı ildə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub, 2017-ci ildə TÜRKSOY təşkilatının medalına, 2018-ci ildə isə Azərbaycan Respublikasının "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görülüb.

Son olaraq qeyd etmək istərdik ki, Azərbaycan Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Daşkəndin mərkəzində memarlıq baxımından olduqca gözəl bir binada yerləşir. Binanın geniş vestibülü, foyesi, sərgi və iclas salonları, hər cür şəraiti var.

 

Ramiz ƏSKƏR

Professor

 

525-ci qəzet.- 2020.- 16 sentyabr.- S.10-11.