"Nə açar
kimsə qapım..."
USTAD
TƏRCÜMƏÇİ SƏYAVUŞ
MƏMMƏDZADƏ HAQQINDA QƏLƏM DOSTUM SEYFƏDDİN
HÜSEYNLİYƏ AÇIQ MƏKTUB
Ustad tərcüməçi,
tanınmış şair Səyavuş Məmmədzadənin
rus şairi Maksim Zamşevdən etdiyi tərcümələri
notbukumda yığıb və onun 85 yaşının
yaxınlaşdığını diqqətə
çatdırıb "525-ci qəzet"ə göndərəndə,
ağlıma da gəlməzdi ki, mənim bu xoşməramlı
niyyətim S.Məmmədzadə haqqında yeni bir yazıya
körpü olacaq...
Budur, xahiş
edirsiniz ki, (yəqin,
Rəşad müəllimin tövsiyəsilə) mən ustad
tərcüməçinin 85 illiyi münasibətilə məqalə
yazım.
Doğrusu, təklifiniz məni çaşdırsa da, dərhal
da düşünməyə vadar elədi...
Səyavuş
müəllimin 80 yaşı ilə bağlı, beş il qabaq "Azərbaycan"
jurnalında dərc etdirdiyim yumoristik təbriknaməni
xatırladım. O yazıda zarafata salıb, ümumiyyətlə,
ədəbiyyata, tərcümə sənətinə və
xüsusən də şahmata fərqli
baxışlarımızdan söz açmışdım. Mənə elə gəlir ki, həqiqətən də
bizim ədəbiyyata, tərcümə sənətinə və
xüsusən də şahmata baxışlarımızda fərqli
məqamlar var, amma İNSANa münasibətimiz eynidi. Yəqin
ki, elə buna görə də, iyirmi il
qabaq AYB-nin binasında, bilyard stolu arxasında paralelləşən
yollarımız bir dəfə də olsun kəsişməyib.
Bu ilin koronavirusla bağlı yasaqlama günlərini
çıxmaq şərtilə, daima
görüşmüşük.
Bir dəfə müsahibimin qəfil sualı ilə
qarşılaşdım: "Siz həyatı boyu, bir dəfə
də olsun, yalan danışmayan adam
tanıyırsınızmı?" Bir
anlığa duruxsam da, yadıma Səyavuş Məmmədzadə
düşdü.
Mənə elə gəlir ki, o, bütün uğurlarını, məhz,
bir dəfə də olsun, yalan danışmamaqla qazanıb. Nədir onun
uğurları? Bu gün o, ədəbiyyatımızdakı
xidmətlərinə görə Azərbaycan Prezidentinin Fərdi
təqaüdçüsüdür. Əməkdar
incəsənət xadimidir. Böyük Nizamidən
üzü bəri, klassiklərimiz öz yerində, son 50 ildə
az-çox tanınan elə bir Azərbaycan şairi,
yazıçısı tapmaq olmaz ki, Səyavuş müəllim
onun şeirlərini, ya da povest və hekayələrini rus
dilinə çevirib çap etdirməsin. Şəxsən,
özü isə, Füzulinin "Leyli və Məcnun"
poemasının rus dilinə tərcüməsini əsas
yaradıcılıq nailiyyəti sayır. Yeri gəlmişkən,
bu tərcümə Xalq yazıçısı Elçinin
sanballı ön sözüylə, Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən nəfis tərtibatla
çap olunsa da, məncə, layiq olduğu sayqıdan kənarda
qalıb. Amma bu günlər Səyavuş
müəllim belə şeylərin fərqində deyil.
Nə isə soruşanda da zarafata sala bilir: "Nə yanar
kimsə mənə atəşi-dildən özgə, Nə
açar kimsə qapım badi-səbadan qeyri"...
Demək olar ki, bütün
keçmişini, hətta məhəbbət tarixçəsini
də zaman-zaman mənə nağıllayıb və mən o
məlumatlardan "Qısa qapanma" romanımda geninə-boluna
istifadə etmişəm. O romanda ustad tərcüməçi
mənim aparıcı obrazımın prototipidi. Yeri gəlmişkən, "Qısa qapanma" Xalq
yazıçısı Elmira Axundovanın tövsiyəsi ilə
rus dilinə tərcümə olunub və çox güman ki,
tezliklə, Səyavuş müəllimin vaxtaşırı
qanad açdığı ədəbi üfüqlərdə
- slavyan dilli ölkələrdə çap olunacaq. Bəli, o, yalnız rus dilinə tərcümə eləmir,
həmçinin, bir sıra slavyan dillərindən Azərbaycan
və eləcə də rus dilinə çevirir. Bu
günlər onu fərəhləndirən şeylərdən
biri də slavyan dilli ölkələrdə yaşayan qələm
dostlarının zəngləridi...
Bu dünyada ona ən çox yer eləyən də dostlarının
seyrəlməsidir, amma vaxtaşırı onu arayanlar da var və
onlardan biri də Elmira Axundovadır. AYB-də on il
eyni qurumda işləyiblər. Bu günlər
isə onlarım "görüş yeri" mənim
notbukumdu. Səyavuş müəllim hərdən
ərklə tələb eləyir ki, yadına düşən
adi bir hadisəni də dərhal Elmira xanıma
çatdırım. "Elmira mənim bacımdı, -
deyir, - sadəcə, dostum yox..."
Səyavuş müəllimin avtobioqrafiyasında,
mənim üçün qaranlıq məqam,
demək olar ki, yoxdur. Atası İmran müəllim ərdəbilli
idi. Qarabağlı anası Xarici Dillər
İnstitutunda alman dilindən dərs deyirdi. Böyük
Vətən müharibisində iştirak etmiş dörd
dayısından yalnız biri qayıdıb:
hüquqşünas Bəylər müəllim.
Orta məktəbi
Bakıda bitirib Səyavuş
müəllim.
Ali təhsilini Moskvada - M.Qorki adına
Dünya Ədəbiyyatı İnstitutunda. Moskvadakı
yataqxana yoldaşlarından Maqsud İbrahimbəyovu, Əkrəm
Əylislini, Fikrət Qocanı, Xeyrulla Camalı daha çox
yada salır.
Ata yurdundan fərqli
olaraq, Qarabağa tez-tez gedib-gələrdi. Azərbaycan dilində qələmə
aldığı ən populyar şeiri də Qarabağla
bağlıdır: "Şuşanı qar
gördüm".
Ailə qurarkən anasına qulaq asmadığına görə hələ
də özünü qınayır. Bu gün ayaqları,
dizləri taqətdən düşmüş ürək
dostuma ortayaşlı bir rus qadını qulluq eləyir - Valya
xanım. Arvadının da adı Valentina
idi. 90-cı illərdə Rusiyada erməni millətçiləri
tərəfindən qətlə yetirilən yeganə
övladının - Maratın yalnız şəklini
görmüşəm: Xırdalan qəbiristanlığındakı
baş daşında...
Canım-gözüm Seyfəddin! Xahiş eləyirsən ki, Səyavuş müəllimin
həm yeni portret fotosunu, həm də mənimlə olan şəkillərindən
birini sizə göndərim. Əvvəla,
onun yeni fotosu yoxdur. İkincisi də, mən
istəməzdim ki, onun çuxura düşmüş, təbəssümü
itmiş ala gözlərinə fotoaparat tuşlayım. Odur ki, gərək internet saytlarındakı
yaraşıqlı şəkillərindən birini seçib
götürəsən.
O ki qaldı Səyavuş
müəllimin mənimlə birlikdə şəklinə, bu
gün o da yoxdur... Amma biri var idi: kimsə bizi şahmat
oynadığımız yerdə, özümüzdən xəbərsiz,
obyektivə salmışdı. Və biz o fotonu
AYB-də mənim otağıma vurmuşduq. Amma bir gün gəldim ki, o şəkil yerində
yoxdur. Hələ də kəsdirə bilmirəm ki, o
foto kimin gözünü ağrıdırmış?..
Hər il oktyabrın 2-də Səyavuş
müəllim ən yaxın dostlarını evinin
yaxınlığındakı "Tonqal" restoranında
başına toplayıb şadlıq eləyərdi.. İndi isə buna fiziki
imkanı yoxdur. Amma ən maraqlısı nədir?
Eyvanındakı manqalı nişan verərək,
çox ciddi tərzdə deyir ki, ayaqları sağalanda bizə
o manqalda kabab çəkəcək. Bəli,
onun itirmədiyi iki cəhəti varsa, birincisi nikbinliyidi.
Son illər Yevgeni
Yevtuşenkonun, Marina Svetayevanın, Bella
Axmadulinanın yaradıcılığına daha çox
müraciət eləyir, fikir vermişəm, öz taleyinə
uyğun şeirləri seçir. Məncə, Maksim
Zamşevdən tərcümə üçün seçdiyi
poetik nümunələr də bu qəbildəndir.
Hörmətlə, sizin daimi müəllifiniz
Məmməd ORUC
525-ci qəzet.- 2020.- 16 sentyabr.- S.16.