"Şərqin Qoyyası"nın
"Ailə" portreti
VALİDEYNLƏRİNİ
ERKƏN YAŞLARINDA İTİRMİŞ RƏSSAM KAMAL
ƏHMƏDİN AİLƏ SƏADƏTİNİ
TƏCƏSSÜM ETDİRƏN TABLOLARI
- Bu rəsmin yaranması haqqında nə bilirik?
- Öz valideynlərini erkən yaşlarında itirən və uşaqlığını uşaq
evində keçirən
rəssam üçün,
əlbəttə, ailə
mövzusu olduqca həssas idi. "Ailə" əsəri
Kamal Əhmədin yaradıcılığında ən məşhur əsərlərdən biri
hesab olunur. Burada həm realist elementlər,
həm də rəssamın təxəyyülünün
məhsulunu görə
bilərik. Tabloda gecə
vaxtı dəniz sahilində çay dəstgahı arxasında
gənc ailə təsvir olunub. Əsərin
işıqlandırmasına və personajların ifadəsinə diqqəti yetirmək üçün
rəssam xüsusi vasitələrə müraciət
edir. Rəssamın təsvirində, onun gözlərində sanki nigarançılıq
oxunur, qadının təsviri isə ikonologiyada tətbiq olunan, gözlənilən
çətinliklərdən qorumaq, qayğı göstərən ana obrazında verilib. Qrup portretində həyat yoldaşı Elmira xanım
və qızı Kamilla Əhmədova təsvir olunub. Bir çox Abşeron rəssamları üçün
bu torpağın xüsusiyyətlərini vermək
əsas şərt idisə, Kamal Əhməd yaradıcılığında
Abşeron mənzərəsi
bir qədər sərtliyi və lakonikliyi ilə seçilirdi. Yaşadığı Görədil kəndinin mənzərəsini işləyən
rəssam bu əsərində də həmin lakonizmə müraciət edir.
Kamal Əhməd
ötən əsrin
80-ci illərində həyat
yoldaşı ilə portretlər təsvir edir, ailə səadəti mövzusunda
əsərlər yaradırdı. Misal üçün,
onun 1980-ci illərdə
çəkilmiş "Həyat
yoldaşı ilə avtoportret" əsəri
var. Əsər Azərbaycan
Dövlət Rəsm Qalereyasındadır. Ümumiyyətlə, Kamal Əhmədin əsərləri bu gün müxtəlif muzeylərdə saxlanılır.
- Kamal Əhməd yaradıcılığında Şərq simvolikasına
tez-tez rast gəlirik. Bu rəsmdə
Şərq simvolikası
varmı? Rəsmin rəng
koloriti barədə nə deyə bilərsiniz?
- Yaradıcılığında sosializm realizmi ideologiyasından uzaq olan rəssam, daha çox tünd rənglərdən
istifadə edir, qara fon
və simvollarla işləyirdi. Rəssamın yaradıcılığında
metaforalardan, simvol və işarələrdən
ibarət bədii dili formalaşmışdı.
Abşeron faunasına aid şanapipik,
qağayı təsviri
bu torpaqla simvolizə olunurdu.
Ümumiyyətlə, Azərbaycan rəngkarlığında
qara rəngi ustalıqla istifadə edən Kamal Əhməd rəngləri
formaya tabe edən çox gözəl koloristlərdən
hesab edilir. Təsadüfi deyil ki, italyanlar
hələ 1989-cu ildə
sovet rəssamlarının
İtaliyanın Vareze
şəhərində keçirilən
qrup sərgisində iştirak edən Kamal Əhmədi "Şərqin Qoyyası"
adlandırmışdılar. Rəssamın əsərlərində forma əsasən qəsdən
sadələşdirilib lakonikləşdirilirsə
də, rəng daha mürəkkəbləşdirilir
və emosional xarakter əldə edərək əsərdə
ümumi əhval yaradır. Bu əsərdəki gərgin
kolorit, obrazların tünd fəzada verilməsi, həmçinin,
əvvəl mümkünsüz
görünən ailə
səadəti əsərdə
təzad yaradır.
Abşeron qumunun tünd fonda
üfüqi xətt şəklində verilməsi,
ay, öndəki masanın
təsviri və qızın köynəyindəki
rəng əsərdəki
işıqlılığı tamamlayır.
- Bu rəsm bizə nə deyir?
- Kamal Əhməd hesab edirdi ki,
onun əsərlərini
şərh etmək deyil, duymaq lazımdır.
Rəssam öz əsərləri
haqda danışmağı
sevməsə də, öz ruhunu əsərləri vasitəsilə
əks etdirirdi. Əsərdəki personajlar sanki
tamaşaçını dialoqa
dəvət edir, həyat haqda düşüncələrini paylaşmağa
sövq edir.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.-16 sentyabr.- S.19.