Elçin İsgəndərzadə:
"Məni
Şuşa - Cıdır düzü şair elədi"
Doğum günü ərəfəsində
ədəbiyyatımızın Qarabağ həsrətli, Xarıbülbül nisgilli
şairi və tanınmış alim Elçin İsgəndərzadə
ilə qısa bir söhbətimiz oldu.
- Elçin müəllim, ilin-günün
hansı vədəsində
və yurdumuzun hansı məkanında dünyaya göz açmısınız?
- Mən 1964-cü ilin sentyabrın 16-da nəinki
Azərbaycanın, bəlkə
də dünyanın ən gözəl guşələrindən biri
olanŞuşada dünyaya
göz açmışam.
- Dünyaya göz açdınız,
iməklədiniz, yeridiniz,
yüyürdünüz. Deyə bilərsinizmi
o uşaqlıq çağlarınızın
hansı məqamı
yaddaşınızın ən
uzaq küncündə
ilişib qalıb.
Deyək ki, ordan o yana
heç nə yoxdu?
- Cıdır düzündə
bir bal arısının
üstünə əlimi
qoyduğum və o da mənim ovcumun
düz ortasından sancmağı. Təsəvvür edirsinizmi, o ağrını
illərdən bəri
ürəyimdə hiss edirəm.
Və mənə elə gəlir ki, o bal arısının
tikanı nə vaxtsa ürəyimin başından çıxacaq.
- İlk
şeirinizi nə vaxt yazdınız, yadınıza gəlirmi?
- On yaşım olardı, müəllimimə həsr
eləmişdim.
- İlk
dəfə müəllim
kimi sinifə nə vaxt daxil
olmusunuz?
- Birinci sinifdə oxuyanda müəlliməmiz
dərsə gəlməmişdi.
Dərs hissə müdiri Rəfiqə müəllimə
məni "müəllim"
kimi sinfə yolladı.
- Həyat yollarınızı
işıqlandıran əsas
məqam...
- Belə hesab edirəm ki, mənim həyat yollarıma düşən
işıq, orta məktəbi bitirəndə
müəllimlərimin mənə
verdikləri qızıl
medalın işığıdır.
- Deyə bilərsinizmi, ümumiyyətlə,
həyat müəlliminiz
kim olub?
- Böyük qürur hissilə deyə bilərəm ki, mən bağça həyatımı, məktəb
illərimi, universitet dövrümü, Akademiya
təhsilimi nənəmdən
əxz etmişəm.
- Görəsən,
Elçin İsgəndərzadə
hansı məqamda özünü dünyanın
ən vüqarlı insanı hesab eləyib?
- Cıdır düzündə
mən özümü
dünyanın ən vüqarlı adamı hesab edirdim. Əgər indiyə qədər kiminsə qarşısında
əyilməmişəmsə, o əyilməzliyi, o vüqarı
məndə Cıdır
düzü yaradıb.
- Şübhəsiz ki, Şuşa yaradıcılığınızda
da xeyli rol oynamış olar.
- Bir sözlə, məni Şuşa
- Cıdır düzü
şair elədi.
- Bir gecə qatarda "uzaq planet"dən gələn
adamla - Xudu Məmmədovla görüşdünüz.
Yol boyu alim tarixdən, adət-ənənələrdən, ədəbiyyatdan, dünya
elmindən danışırdı.
Ürəyinizdən keçdimi
ki, daha nədən danışsın?
- Mən istədim ki, daha sonra
Xudu Məmmədovla gənc alim kimi görüşüm.
O da mənim elmi işlərimdən,
fundamental kəşflərimdən danışsın, gələcək
işlərimə xeyir-dua
versin. Maraqlıdır ki, bir gün yuxumda O, bizə gəldi. Başıma
sığal çəkdi,
qəribə-qəribə gülümsədi.
Sonra kitabları göstərdi
mənə. Və
mən... Axı o görüşdən sonra böyük alim dünyasını dəyişdi.
- İlk sevgi şeirinizi xatırlayırsınız?
- Bəli, yaxşı xatırlayıram:
Hələ bir quş səsi qonmayıb,
Təzəcə şeh düşmüş
ləçəklərə.
Xarı
bülbül gülümsəyir
Arzulara, ümidlərə,
diləklərə.
Bir anda
Bir şeir yazmaq istədim,
Bir şeir sənə...
- Həyatınızda
gözlənilməz anlar
çox olub? Məsələn, ən gözlənilməz an hesab etdiyiniz xatirənizi bölüşərdiniz
bizimlə.
- Adətim üzrə işdə oturmuşdum. Bu vaxt şəhər
telefonuma zəng gəldi. Dəstəyi götürdüm. Zəng edən şəxs Qırğızıstan Respublikasının
Fransa və Belçikadakı səfirliyinin
mədəniyyət üzrə
attaşesi İsimbayev
idi. O, mənə
özünü tanıdandan
sonra Çingiz Aytmatovun mənimlə danışmaq istədiyini
dedi. Təsəvvür edirsinizmi?
- Çox maraqlı və gözlənilməz
hadisədir həqiqətən.
Sizin məşhur
şeirlərinizdən biri
"Oğlum Əliyə
dualar" şeiridir. Bu dualar Əlinin timsalında həm də bütün balalara ünvanlanıb.
Şeirin ən çox
xatırladığınız hissəsindən bir parça deyə bilərsinizmi bizə?
- Əlbəttə:
Mən səni Tanrı dağlarına
aparmalıyam bir səhər...
o səfərə az qalıb.
O mübarək günə,
o səhərə az qalıb.
... Dünya Türkdən başlayır,
unutma bunu, oğlum.
Bir gün Türklə bitəcək
dünyanın sonu, oğlum.
- Adil Mirseyid deyir: "Elçin İsgəndərzadə
hardan baxsan görünən şairdir
- adamdır". Maraqlıdır, Elçin müəllim o adamı görə bilirmi?
- O adamı görmək istəyəndə Əhəd
babamı xatırlayıram.
- Bu dünyada çox şey qazanmısınız. Ad-san, şan-şöhrət,
var-dövlət... Ən böyük
qazancınız nəyi
hesab edirsiniz?
- Övladlarımı...
- Həyatınızda,
ədəbi yaradıcılığınızda
bir Dönüş məqamı olubmu?
- Dəqiq desəm, 1999-cu ildən yaradıcılığımda
yeni bir mərhələ, daha doğrusu, Dönüş,
poetik səviyyəmin
keyfiyyətcə artımı,
özümün də
bir şair kimi yüksəlişim başladı.
- Demək olar ki, dünyanın çox yerini gəzmisiniz. Maraqlıdır,
hara getmək istərdiniz, amma getmək imkanınız yoxdur?
- Doğulduğum Şuşaya.
- Heç ürəyinizdən keçibmi
ki, nə vaxtsa məşhur olaram, adımı Vətən qayalarının
birinə həkk edərəm?
- Bəli, olub, hətta bunu atama da demişdim.
Seçimim də varıydı,
indi də var. İnanıram ki, Cıdır düzünə
adımı həkk edəcəyəm.
- Olubmu ki, nə vaxtsa ananızın sözünü
yerinə yetirməyəsiniz?
- Anam istəmişdi mən həkim olum. Çünki o, tez-tez xəstələnərdi.
Amma atamın yolunu davam etdirdim. Mühəndis oldum. Olsa-olsa bu
olar.
- Ədəbiyyatda kumiriniz?
- Mənin ədəbiyyatda kumirim Məmməd Araz olub.
- Bəs ən çox sevdiyiniz, poetik ruhunuza yaxın olan şair varmı?
- Bəli, ən çox sevdiyim, təsirləndiyim şair
Rəsul Rza olub. Yazı manerama, poetik
ruhuma görə Rəsul Rzaya daha yaxınam.
- Danlandığınız
yadınıza gəlirmi?
- Mən, ümumiyyətlə,
heç kimdən töhmət, danlaq görməmişəm. Amma bir dəfə universitetdə
müəllimimiz mühazirə
oxuyurdu. Mən isə
gah onun mühazirəsini yazır,
gah da Fikrət
Qocanın təzəcə
aldığım kitabını
oxuyurdum. Müəllim bunu gördü və işarə elədi ki, kitabı götür.
Mən fikir vermədim. Axırda dedi ki, dur get, çöldə
oxu. Mən də durub çıxdım, şeirləri
axıra qədər oxudum. Bu, ömrümdə
birinci və sonuncu müəllim qınağı oldu.
O da Fikrət Qocaya görə.
- Maraqlıdır,
mühazirələrinizi Texnika
elmləri doktoru,
professor Elçin İsgəndərzadə
kimi oxuyursunuz, yoxsa şair Elçin İsgəndərzadə kimi?
- Mən mühazirələrimi
şair Elçin İsgəndərzadə kimi
oxuyuram. Texnikanın hər detallarını
poeziya diliylə anlatmağa çalışıram.
- Ömrünüzün
səkkiz ili
Gəncədə keçib.
İndi məşhur olan bir neçə
şair və yazıçının ədəbi
inkişafında ustad
Qərib Mehdinin əməyi az
olmayıb, o cümlədən,
sizin də.
- Haqlısınız. Deyərdim ki,
bizə ədəbiyyatın
fəhləliyini Qərib
Mehdi öyrədib.
- Ən çox gəzdiyiniz ölkə hansıdır?
- Demək olar ki, Türkiyəni başdan-ayağa gəzmişəm.
- Ümumiyyətlə, gəzdiyiniz
ölkələrin sayı
neçə olar, yadınızda qalıbmı?
- Hansı ölkəyə getmişəmsə, təyyarə
biletlərini saxlamışam.
Bir dəfə qızım hesabladı. Gedib-gəldiyim ölkələrin sayı
80-i keçib.
- Hansı sənət adamıyla dostluğunuz sizin üçün daha dəyərlidir?
- Dünyanın Mogikan
yazıçısı hesab
etdiyim Çingiz Aytmatovla dostluğum mənim üçün bu dünyanı kəşf etməyim qədər dəyərlidir.
- Xaricdə kifayət qədər kitablarınız nəşr
olunub.
- Xaricdə indiyə qədər 35 kitabım yayımlanıb. Onlardan 13-ü türk dillərində,
22-si digər dillərdədir.
Valeh BAHADUROĞLU
Prezident təqaüdçüsü
525-ci qəzet.- 2020.- 16 sentyabr.-
S.18.