Nuru itmiş gözlərin
işıqlı axtarışları
Müəyyən bir yaşdan sonra
dünya işığına həsrət qalmaq insan
üçün, xüsusən də yaradıcı insandan
ötrü çox acı bir sınaqdır.
Bu dərdə qalib gəlməyin
yeganə yolu, ruhdan düşməmək,
çalışmaq, yazmaq-yaratmaqdır. Tarix boyu dünyada kor olandan sonra da yaradıcılığını
davam etdirən, hətta dahilik səviyyəsinə yetişən
neçə-neçə insanlar yaşamış və indi
də yaşamaqdadır. Hələ orta məktəbdən
"İlliada" və "Odisseya" kimi məşhur
poemaların müəllifi, qədim yunan şairi Homeri, gəncliyimizin
ən oxunaqlı romanlarından olan "Polad necə bərkidi"
romanının müəllifi Nikolay Ostrovskini, dahi alman bəstəkarı
Sebestyan Baxı, qeyri-evklid həndəsəsinin
yaradıcısı Nikolay Lobaçevskini hamımız
yaxşı tanıyırıq. Eləcə də
gözünün nurunu itirmiş
tanımadığımız minlərlə insanlar var ki,
yazırlar, yaradırlar, musiqi bəstələyirlər,
mahnılar ifa edirlər, xalça toxuyurlar və başqa
yaradıcı işlərlə məşğul olaraq öz
dərdlərinə sinə gərir, cəmiyyətə fayda
verirlər. Onlardan biri də Azərbaycan Respublikasının
Əməkdar mühəndisi, keçmiş SSRİ-nin əlaçı
kəşfiyyatçı-geoloqu Vasif Nağı oğlu
Nağıyevdir.
Adətən insan adilikdən fərqli bir hal ilə
rastlaşanda təəccüblənir, aşırı dərəcədə
olanda isə heyrətlənir, fərq etməz, istər təbiətlə
bağlı olsun, istərsə də insanla. Bax, mən də
Vasif müəllimin iradəsinə, dözümünə və
fenomenal yaddaşına heyrət etməklə yanaşı,
heyran qalıram. Geologiya aləmində,
xüsusən yaşlı nəsil arasında, yaxşı
tanınsa da, təəssüflə qeyd etməliyəm ki, onu
Azərbaycan cəmiyyəti kifayət qədər
tanımır. Bizim günahımızdır, fədakarlığı,
zəhmətkeşliyi nümunə ola biləcək
belə insanları yetərincə tanıda bilməmişik.
Zəmanəmizin qəhrəmanlarını uzaq yerlərdə
axtarmışıq, biganəliyimizdən, bir az
da paxıllığımızdan öz ətrafımızdakıları
görməmişik, görüb də qiymətləndirməmişik.
Geoloqlar
haqqında belə deyirlər: onlar heç nə itirməyiblər,
amma həmişə axtarırlar. Axtarmaq isə
baxmaq, görmək və təhlil etməkdir. Vasif
müəllim də ömrünün 65 ilini dayanmadan
axtarışda olub, indi də axtarır, baxmayaraq ki, son 15 ildə
gözlərinin nurunu itirib və fiziki olaraq görməsə
də, beynindəki milyonlarla informasiyanı necəliyi
yalnız Allaha məlum olan bir fəhmlə görür, təhlil
edir və xalq üçün, vətən övladları
üçün sanballı elmi əsərlər yaradır. Rəsmi olaraq o, dissertasiya müdafiə edərək
elmi dərəcə almayıb və bu səbəbdən
heç bir elmi titul daşımasa da, yazdığı
kitabların hər biri, çox elmlər doktorlarının
monoqrafiyalarından, elmi işindən daha dəyərli, daha
faydalıdır. Onun 25 illik zəhmətinin bəhrəsi
olan 600 səhifəlik "Azərbaycanın filiz
yataqları" (2007) və 700 səhifəlik "Azərbaycan
Respublikası yer qabığının geotektonikası və
metallogeniyası" (2017) monoqrafiyaları məhz bu qəbildəndir.
"Kiçik Qafqazın səpinti qızıl
yataqlarının yerləşmə
qanunauyğunluqları" (2007), "Naxçıvan Muxtar
Respublikasının faydalı qazıntıları" (2009),
"Azərbaycanın kolçedan yataqlarının yaranma mərhələləri"
(2012) adlı monoqrafiyaları da elmi ictimiyyət tərəfindən
rəğbətlə qarşılanıb. Ən heyrətli burasıdır ki, o, bu əsərləri
gözünün nurunu itirdikdən sonra ərsəyə gətirib.
Həmin kitablara baxanda onların həyat
işığına möhtac qalan bir insan əməyinin məhsulu
olduğuna çətinliklə inanırsan. Ola bilər ki, bəziləri
burada qeyri-adi, fövqəladə bir hal görməsin və -
nə çoxdur, dünya işığından məhrum
olmuş, lakin yaradıcılıq uğurları qazanan insan -
desin. Elədir, ədəbiyyatda, riyaziyyatda, eləcə də
incəsənətdə taleyinə korluq yazılmış
bir şəxsin uğurları bəlkə də heyrət
doğurmaya bilər, amma texniki sahədə, xüsusən xəritə,
çertyoj, qrafiklə işlənilən sahələrdə
bu, müvafiq biliklərə malik olmaqla yanaşı, fantastik
dözüm, dəmir iradə, nadir yaddaş tələb edən,
həddindən artıq ağır və mürəkkəb
bir işdir.
Tarixdə mühəndislik sahəsində, dünya
işğından məhrum olduğu halda, yüksək
uğurlar qazanan şəxslər çox deyil, bəlkə də
barmaqla sayılar. Onlardan biri də polyak mühəndis Pavel
Pototskidir. Çoxları onun bəlkə
heç adını da eşitməyiblər, amma Azərbaycanın
neft yataqlarının mənimsənilməsində və
neftçıxarma sənayesinin təşəkkülündə
dəmir iradəli bu insanın müstəsna xidmətləri
olub. XX əsrin əvvəllərində
geoloqlar dənizin Bibiheybət buxtası adlanan hissəsində
neft ehtiyatları aşkarladılar, lakin o vaxtkı texnologiya
ilə dənizdən neft çıxarılması
mümkün olmadığından həmin hissənin
qurudulmasına qərar verildi. Bu işə
rəhbərlik etmək üçün tanınmış
mühəndis Pototskini 1910-cu ildə Xersondan Bakıya dəvət
etdilər və onun layihəsi əsasında işlərə
başlanıldı. Lakin bir müddətdən
sonra, işlərin qızğın vaxtında o xəstələnir
və nəticədə 41 yaşında gözlərini
itirir. Bütün acılara və məhrumiyyətlərə
baxmayaraq, o, ruhdan düşmür, ömrünün sonuna qədər,
düz 12 il özü işlərə
bilavasitə rəhbərlik edir və layihəni uğurla
başa çatdırır. Səhhətinin
getdikcə pisləşdiyini görən bu fədakar insan
öləndə həmin yerdə, buruqlar arasında dəfn
edilməsini arzu edir və onun vəsiyyətinə əməl
olunur. Rus şairi Marqarita Aliger ona
"Qoca" adlı poema həsr edib və Bakıda bir
küçə indi onun adını daşıyır.
Bəli, öz işini ürəkdən sevən,
ümumi mənafeyi şəxsi mənfəətindən
üstün tutan və bu yolla xalqa, vətənə xidmət
edərək tarixdə iz qoyan belə insanlar
qarşısında baş əyməyə dəyər. Fərqi
yoxdur, istər mühəndis olsun, istər alim, istərsə
də müəllim və ya həkim, hər kəs öz sahəsində
vətəninə, xalqına xidmət edirsə, ən
yüksək hörmətə, üstəlik, fiziki cəhətdən
qüsurludursa - ikiqat, on qat hörmətə layiqdir. Vasif müəllim məhz bu keyfiyyətlərə
malik insanlardandır. O, hələ gənclik illərindən
özünü perspektivli mütəxəssis-geoloq kimi
tanıtmışdı, həmişə
çöl-axtarış işlərinə və faydalı
qazıntı yataqlarını bilavasitə yerində öyrənməyə
can atırdı. Bu səbəbdən nə
yüksək vəzifə və nə də elmi titullar onu cəlb
edirdi. O dövrdə Sovet geoloji məktəbinin liderlərindən
olan akademik Vladimir Smirnovun, görkəmli akademik Mirəli
Qaşqayın və nüfuzlu professor Rəşid Abdullayevin
dissertasiya müdafiəsilə bağlı təklif və
tövsiyələrinə baxmayaraq, Vasif Nağıyev praktiki
geologiyaya üstünlük verdi. Onun gərgin əməyi
sayəsində Böyük Qafqazda ehtiyatları Moskvada təsdiq
olunmuş Kasdağ və Katex kimi iri qurğuşun-sink
yataqları aşkarlandı, öyrənildi. Kiçik
Qafqazda, Naxçıvanda o, necə-neçə yataqları tədqiq
etdi, ehtiyatlarını hesabladı və Azərbaycanın
mineral-xammal bazasının genişləndirilməsinə
çox dəyərli töhfələr verdi.
Müstəqilliyimizin ilk illərində Vasif müəllim
Türkiyə və İran ərazisində də çox səmərəli
birgə tədqiqat işləri aparmış, sərhədə
yaxın bölgələrin geoloji quruluşunun dəqiqləşdirilməsində
və filiz yataqlarının yerləşmə xüsusiyyətlərinin
öyrənilməsində yerli mütəxəssislərə
təmənnasız yardımlar etmişdi.
Vasif Nağıyev ensklopedik biliyə malik əsl ziyalıdır, tək geologiyanı deyil, tarixi, coğrafiyanı, ədəbiyyatı və incəsənəti də dərindən bilir, onlar haqqında deyilməmiş maraqlı fikirlər söyləyir. Bu səbəbdən onunla saatlarla söhbət etmək adamı yormur və bilirsən ki, hər dəfə ondan nəsə, bilmədiyin maraqlı bir məlumat öyrənəcəksən. Həm də çox vətənpərvər insandı, nədən danışırıqsa danışaq, Qarabağ mövzusundan yan keçə və erməni xislətinə çox yaxşı bələd olduğundan, Qarabağın işğalını heç cürə sinirə bilmir. Mülayim danışığında o dəqəqə bir etiraz, haray notları duyulur. Onun atası Nağı Nağıyev də Azərbaycanın mötəbər ziyalılarından idi, yazıçı, dramaturq, tərcüməçi, rəssam və ictimai xadim kimi fəaliyyət göstərmişdi. Demək, irs-nəsil öz sözünü deyir.
Vasif müəllimin Naxçıvandan başlayan ömür karvanı bu il sentyabrın 26-da özünün 85-ci payızını başa vurur. O, isə hələ də axtarışlarını davam etdirir, yeni bir kitab üzərində işləyir. Deyir, ömür vəfa eləsə, onu da bir-iki ilə bitirəcək. Hədsiz təvəzökar olan bu insanın heç vaxt dünya malında gözü olmayıb, ad-san, şan-şöhrət üçün yaşamayıb, indi də onlar, türk qardaşlarımız demiş, heç umrunda deyil. Amma orasını gərək biz düşünək. Belə ki, ömrünün 65 ilini ölkəmizin mineral-xammal bazasının inkişafına həsr etmiş, onun 55 ilini keçmiş Geologiya İdarəsi, indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətində işləmiş Vasif Nağıyevin vətən qarşısında xidmətlərini nəzərə alaraq, onun Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülməsi və sanballı elmi əsərlərini nəzərə alaraq, ona heç olmasa fəxri elmlər doktoru dərəcəsinin verilməsi bu ixtiyar ziyalımız üçün çox vacib maddi və mənəvi dəstək olardı. Ümid edirəm ki, bu təkliflərin gerçəkləşdirilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Geologiya və Geofizika İnstitutu və ya BDU-nun Geologiya fakültəsi tərəfindən rəhbərlik qarşısında müvafiq qaydada məsələ qaldırılacaqdır. Mərhum Xalq şairimiz Cabir Novruz demiş, sağlığında qiymət verək insanlara!..
Rəşid
FƏTƏLİYEV
AMEA-nın
akademik Həsən Əliyev adına Coğrafiya
İnstitutunun aparıcı elmi
işçisi, geologiya-mineralogiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2020.- 16 sentyabr.-
S.20.