"Bıçaq itiləməyin də öz sirləri var,

bu işlə hər adam məşğul ola bilməz"

 

87 YAŞLI HƏSƏN XƏLİLOV: "XALQIMI, İNSANLARI ÇOX SEVİRƏM, ONLARIN DA MƏNİ SEVMƏSİ, HÖRMƏT BƏSLƏMƏSİ BƏSİMDİR"

 

Rubrikamızın budəfəki qonağı bıçaq itiləyən Həsən Xəlilovdur. 87 yaşlı Həsən Xəlilov günümüzdə çox az rast gəlinən bu sənət növü ilə 11 ildir - 76 yaşından məşğul olur. O, 1933-cü ildə anadan olub. Məktəb illərinin əvvəli İkinci Dünya müharibəsinə təsadüf edən həmsöhbətimiz 6-cı sinifə qədər təhsil ala bilib. Erkən yaşlarından çalışmağa başlayan Həsən Xəlilov illərlə qaz ustası kimi fəaliyyət göstərib. Hazırkı işi - bıçaq itiləməklə yalnız pensiyaya çıxdıqdan sonra, ikinci sənət kimi məşğul olmağa başlayıb.  

- Bıçaq itiləmək ənənəvi sənətlərdən deyil. Necə oldu ki bu sahəyə marağınız yarandı?

- Hələ qaz ustası işlədiyim vaxtlarda həmişə təqaüd yaşına çatdıqdan sonra işlə məşğul olacağım barədə düşünürdüm. Çünki bekar qalmağı sevən adam deyiləm. Buna görə düşünürdüm ki, təqaüdə çıxdıqdan sonra da hansısa işlə məşğul olmalıyam. Artıq 11 ildir bıçaq itiləməklə məşğulam. Əslində, təqaüdə çıxmazdan öncə ağlıma bir neçə sənət növü gəlirdi. Amma ürəyimə yatan, yaxşı edə biləcəyimi düşündüyüm sənət bıçaq itiləmək oldu. Bu işə başlamaq üçün ilk növbədə bazardan sınıq-salxaq çuqun, təkərli aləti alıb bıçaq itiləmək üçün düzəltdim. Amma bu, elə asan olmadı. Təsəvvür edin, aləti düzəldib yararlı hala gətirməyim 6 ay çəkdi. Bu alətdən başqa heç bir bıçaq itiləyən yoxdur. Çünki digərlərindən fərqli olaraq, bu alət elektriklə işləmir. Həmin aləti yalnız ayaqla hərəkətə gətirmək mümkündür. Onu da deyim ki, bu aləti məndən çox adam almaq istəyib. Dəfələrlə müraciət edən olsa da, satmamışam. Həmin aləti özüm düzəltdiyim üçün dilini yalnız mən bilirəm. Başqaları üçün onu işlətmək çətin olar.

- Necə düşünürsüz, bıçaq itiləməyi hər kəs bacara bilərmi?

- Xeyr, hesab edirəm ki, bu işlə hər adam məşğul ola bilməz. Çünki hər sənətdə olduğu kimi, bıçaq itiləməyin öz sirləri var. Məsələn, indi bir çox usta bıçağı elektriklə işləyən alətlə itiləyir. O alətlər bıçağı itiləmir, əksinə, yandırır, hətta bəzən yararsız hala salır. Lakin mənim düzəltdiyim alətdə bu, mümkün deyil. Çünki bu alət əmək əl bacarığı tələb edir. Yəni işi görən sadəcə, alət deyil, əsas sənət mənim əllərimdədir.

- Hazırda bu işlə məşğul olanların sayı az olsa da, hər bir kimi sizin sənətinizin tarixi var. Əvvəllər də bıçaq indiki üsulla itilənirdi, yoxsa fərq var?

- Təbii ki, fərq var. Hər sahədə olduğu kimi, bu işdə də dəyişikliklər baş verib. Əvvəllər insanlar bıçaq itiləmək üçün aləti taxtadan düzəldib çiyinlərinə asırdılar. O zamanlar indiki kimi müasir, elektrikli alətlər mövcud deyildi. Üstəlik, indiki ilə müqayisədə əvvəlki bıçaqlar daha keyfiyyətli olduğu üçün onları hər bir adam ev şəraitində, adi daşla da itiləyə bilirdi.

- Məlumdur ki, bu, elə də gəlirli sənət deyil. Üstəlik, xərcləri də unutmaq olmaz. Gəlirlə xərci müqayisə etsək, təxmini nə qədər fərq olar?

- Düzünü desəm, xərcim gəlirimdən çox çıxır (gülür). Misal üçün, daşlar bir aydan bir, bəzən hər ay dəyişməli olur. Daşların da qiyməti müxtəlifdir, 10 manatdan 25-30 manata qədər dəyişir. Çalışıram ucuz daşlara üstünlük verməyim. Çünki daş ucuz olanda görülən işin keyfiyyəti də aşağı olur. Nəticədə, gəlirin bir hissəsi elə işin özünə xərclənir. Bir də ki, mən bir yerdə dayanıb iş görmürəm. Demək olar, səhərdən axşama qədər Bakının bütün küçələrini - Yasamaldan tutmuş, Xətaiyə, Nərimanova qədər gəzirəm. Gedəndə nəqliyyatdan istifadə etsəm də, qayıdanda ayaqla gəlirəm.

- Bayaq qeyd etdiniz ki, əvvəllər bıçaqlar daha keyfiyyətli olurdu. Belə çıxır ki, bıçağın yaxşı və ya pis olmasının itilənməsinə də təsiri olur?

- Əlbəttə, çox təsiri var. Misal üçün, metalı yaxşı olmayan bıçaqlar var ki, heç itiləmək də olmur. Düzdür, bəzən müştəri buna görə ustanı təqsirləndirir. Amma bu, düzgün deyil. Bıçağın keyfiyyəti aşağıdırsa, buna usta neyləyə bilər? Digər tərəfdən, bıçaqdan düzgün istifadə etməkdən də çox şey asılıdır. Məsələn, limon kəsmək üçün mişarlı bıçaqdan istifadə olunmalıdır, normal bıçaqla limon kəsdikdə bıçaq kütləşir. Lakin çox adam bu cür məqamlara diqqət yetirmir. Ən yaxşı bıçaqlar keçmişdə istehsal olunanlardır. Onların metalı yaxşı olduğu üçün itiləmək rahat olur. İndiki bıçaqlar o dərəcədə keyfiyyətli olmur.

- Hər bir işin öz çətinlikləri var. Bəs bu işdə sizə çətinlik yaradan, sevmədiyiniz nəsə varmı?

- Heç bir asanlıqla ərsəyə gəlmir, bütün işlərin özünə görə çətinliyi, əziyyəti var. Amma bu sənətdə sevmədiyim hər hansı bir xüsusiyyət yoxdur. Çünki belə bir şey olsaydı, heç bu işlə məşğul olmağa başlamazdım. Bayaq da dediyim kimi, gördüyüm işi sevirəm deyə çətinliyi də gözümə görünmür. Xalqımı, insanları çox sevirəm, onların da məni sevməsi, hörmət bəsləməsi mənə bəsdir. Maddi qazanc çox olmasa da olar. Mənə problem yaradan tək şey var, o da ayağımdır. Hər iki ayağımın sağlam olduğu vaxtlar itilənən nə varsa, hamısını cəldliklə itiləyirdim. İndi bir ayağım işləmir. Bu da istər-istəməz iş prosesində mənə çətinlik törədir. Son vaxtlar əvvəlki kimi çox əşya itiləyə bilmirəm. Bir ayağımın gücü hər şeyə çatmır.

- Bu sənətlə məşğul olduğunuz 11 il müddətində başınıza gələn hansı maraqlı hadisəni danışa bilərsiniz?

- Əslində, başıma o qədər də çox maraqlı hadisə gəlməyib. Amma bir dəfə xoşagəlməz halla qarşlaşmışam. Gözləmədiyim halda bir gün məni polis bölməsinə apardılar. Səbəbini soruşanda dedilər ki, bu ərazidə dayanıb bıçaq itiləməyə icazə yoxdur. O hadisədən sonra bir daha həmin əraziyə getmədim. Yenidən eyni halla qarşılaşmaq istəmirəm.

- Günümüzdə bu peşə ilə məşğul olan insanlar azdır. Ümumiyyətlə, insanların sizə və peşənizə münasibəti necədir?

- İnsanların münasibəti fərqlidir. Çox adam sevir, hörmət edir, amma bəzi yeniyetmə və gənclər var ki, qəsdən incidirlər, ziyan vurmağa çalışırlar (gözləri dolur). Təbii ki, belə münasibətlə qarşılaşmaq heç də xoş deyil. Gördüyüm iş əziyyətli olduğuna görə çox vaxt zəhmət haqqı üçün daha çox pul vermək istəyənlər də olur, ancaq mən heç vaxt götürməmişəm. Hətta pulsuz bıçaq itilədiyim də olub. Hər zaman xalqa xidmət etməyə çalışıram.

- Kifayət qədər həyat təcrübəniz var. Gənclərə nə məsləhət görərdiniz?

- Hansısa sahədə çox qazanc əldə etməyə bilərsən. Amma xalqa xidmət edərkən aldığın mənəvi zövq dəyərsizdir. Ona görə də gənclərə məsləhətim odur ki, vətəni sevib, xalqa xidmət etsinlər.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2020.- 16 sentyabr.- S.21.