Qələmdaşım Qələndər

Xaçınçaylıya ağı

 

Niyə öldün, Qələndər?

Milyonların arasından

Cənab Əzrayıl,

Səni necə tapdı?

Yoxsa, elə bilirdin

Ölüm bir zarafatdı?

Bir səni tapmağa

         vardı ki,

Yurd-yuvası pozulmuş

Bəxti belə... yazılmış

Suyuşirin bir kişiydin.

Sözlərdən kərpic kəsib

Şeirə dam hörərdin.

Söz-söhbət beşiyiydin.

Camaat arasındaydın

Xeyirdə-şərdə vardın.

Bir isti təbəssümlə

"Səni verənə şükür!"

             deyib

Bizi salamlayardın.

Əzrayıl cənabın da

Xoşuna biri gəlsə,

        beşi gəlməz.

Yaramazdan, idbardan

       xoşu gəlməz...

Deyirlər ayaqdadır

Cəhənnəmlik axtarır

Orda, burda,

    çöldə, çəməndə...

Niyə əziyyət çəksin,

Qoy eşitsin səsimi

Hazır siyahı - məndə...

Sən - cənnətlik

        qanadlanıb

Qarabağa -

   Qalayçılar tərəflərə

         Uçasıydın...

Elə sən özün

Xalis qalay parçasıydın...

 

... Həkimlər ha əlləşdilər,

Ha axtarıb gəzdilər

Sənə nəfəs vermək üçün

O yerlərin havasından

Bircə udum tapmadılar,

Tapa da bilməzdilər...

 

Əcələ qoşulub getdin,

Bizə yazığın gəlmədi,

         Qələndər?!

 

Əfəndim o da uçdu,

Qonmuşdu, o da uçdu,

Cismi torpağa döndü,

Ruhu Göyə qovuşdu.

 

Ramiz MƏMMƏDZADƏ

Şüvəlan,

30 avqust 2020ci il.

 

P.S. 2020-ci il oktyabrın 3-də Qələndər

Xaçınçaylının vəfatından 40 gün ötür.

 

525-ci qəzet.- 2020.- 16 sentyabr.- S.23.