İctimai fikirdə milli ideya və
özünüdərk məsələləri - II məqalə
Yazar
Bir əsrdə iki dəfə müstəqilliyini
qazanmış Azərbaycan xalqı buna qədər
böyük bir milli özünüdərk prosesindən
keçib. Zaman-zaman xalq bu mərhələlərdən
keçərək milli özünüdərkin ən
yüksək səviyyəsinə çatıb və dövlətçiliyini
formalaşdırıb. XIX əsrin
ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət
potensialı artaraq milli ideya ətrafında birləşib.
Xalqın milli ideya ətrafında keçdiyi
özünüdərk prosesi həm də ədəbi
düşüncədə öz əksini tapıb.
Milli "mən" şüurunun formalaşması həm
də ictimai fikri formalaşdıran milli mətbuatın
yaranmasından və inkişaf xəttindən keçir; mətbuatın
xalqın, millətin "görən gözü, eşidən
qulağı, deyən dili" olduğunu nəzərə
almış olsaq, uzun illərdi bədii düşüncədə
yol gələrək gündən-günə formalaşmaqda
olan bu şüurun mətbuatda konkretləşməsi və
açıq müstəvidə formalaşması mərhələsi
başlayır. Kökə, mənşəyə qayıdış,
öz kökünü tanımaqdan başlayaraq toplumu,
xalqı gələcək hadisələrə hazırlamaq, mövcud
şüurunu milli yöndə inkişaf etdirmək
üçün bədii düşüncə ilə
yanaşı, publisistikanın olması vacib amillərdən
biri idi. Avropa xalqları bu yoldan keçmiş,
millətləşmə prosesində milli mənlik
şüurunun formalaşmasını əsas amillərdən
hesab etmişdir.Milli mətbuatın ilk nümunələrində
və satirik jurnallarda da şairlərin,
yazıçıların çoxunun gizli imza ilə
çıxış etməsinin səbəblərindən
biri məhz milli dərketmə problemindən
qaynaqlanırdı.
Bədii düşüncədən sonra ictimai fikir milli
dərketməni yeni bir müstəviyə keçirir;
ictimai-siyasi proseslər inkişaf etdikcə və həyatın
ritmi artdıqca dünya ilə ayaqlaşma (müasirləşmə!)
bu prosesi bir qədər də sürətləndirir. Xalqın
oyanışında, problemlərinin qoyuluşunda mətbuat
diskussiya meydanı kimi milli özünüdərkin yeni
formalarını ortaya çıxarır.
Özünün dövrü mətbuatını Avropa XVI,
Rusiya XVIII, Qafqaz xalqlarından gürcülər və ermənilər
XIX əsrdə yaratdığı və özü də bir
neçə qəzetlə təmsil olunduğu halda, Azərbaycan
xalqı yalnız 1875-ci ildə buna nail oldu.
"Əkinçi" qəzeti bütün sahələrdə
yeniliyi təbliğ edir, yeni ictimai şüur
formalaşdırmağa çalışırdı. H.Zərdabi
yaxşı başa düşürdü ki, xalqın ictimai
şüurunun, milli mənlik düşüncəsinin
formalaşdırılması, hər şeydən əvvəl,
mədəni səviyyəsini yüksəltməkdən, onu
maarifləndirməkdən keçir. İstər
xəbərlərdə, istərsə məktubat bölmələrində
mədəni səviyyə ilə bağlı müxtəlif
materiallar verilirdi.
"Əkinçi"nin toxunduğu məsələlərdən
biri də dil problemi idi; buna görə də qəzetin dili
sadə və anlaşıqlı idi. Bəzən hər
hansı bir məqalədə molla məktəbləri və
mədrəsələrdə keçilən fars
dilinə qarşı çıxılırdı. Bunun əvəzində üsuli-cədid məktəbləri
açmağı və orada ana dilində tədrisi məsləhət
görürdü. Bəzən isə
açıq şəkildə bizi gözlyən təhlükədən
danışaraq deyirdi ki, istəyirsinizsə Azərbaycan milləti
yaşasın, qabağa getsin, elmi və mərifəti olsun,
ona dil verin, azərbaycanlılar öz dillərini itiriblər.
Sizin sözlərinizi onlar anlamırlar. Onların dilini tapın, verin, onlar yazsın,
qabağa getsin, məktəblər bina edib, öz dillərində
elm təhsil etsin.
"Əkinçi"də yeniləşmə
kontekstində azadlıq və sərbəstlik məsələləri
ilə bağlı fikir də
formalaşdırılırdı. Bir çox məqalələrdə
ictimai-siyasi həyatı təhlil edərkən Avropa həyat
formalarını təqdir edir və Rusiyanın da son zamanlar
bu yolu tutduğunu göstərirdi. Əslində
Ə.Hüseynzadənin sonralar "Həyat" qəzetində
qoyduğu avropalaşmaq məsələsinin ilk rüşeymlərinin
də burada atıldığını söyləmək
mümkündür. Qərb-Şərq
kontekstinin müqayisəsi zamanı Qərbi üstün tutmaq
meyli sadəcə sözlə deyilmir, faktlarla təsdiq
edilirdi. Bunu qəzetin özü də
yazırdı. "Əkinçi" qəzetinin 9 iyun 1877-ci il
sayının "Daxiliyyə" bölümündə
"neçə dəfə Avropa tayfalarının, yəni
Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən
artıcaq tərəqqi etməyindən və onun səbəblərindən
danışmışıq, - deyə bir daha bu məsələyə
toxunulurdu. Publisist burada tərəqqinin səbəbini
azadlıqda axtararaq vaxtilə azadlıqdan bixəbər olan
Avropa əhlinin geridə qaldığını, ancaq
azadlıq əldə etdikdən sonra tərəqqi etdiyini qeyd
edərək yazırdı: "Əgərçi bizim şəriətimizə
görə qul azad etmək çox böyük savabdır,
amma biz bu barədə həm işi gec qanmışıq,satınalma qulu azad etməyi savab hesab edə-edə,
biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə,
uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə
məgər qul deyil?
Bəli, biz hamımız quluq və buna səbəb
bizim ata-baba adətləridir. Xülasə, Məşriq-zəmində
azadlıq olmadığına biz Avropa əhlindən geri
qalmışıq və nə qədər belə olsa, biz tərəqqi
etməyəcəyik və edə bilmərik".
"Əkinçi" təcrübəsindən sonra
milli mətbuat mühitində 1879-1880-ci ildə "Ziya"
("Ziyayi-Qafqaziyyə") qəzeti əvvəlcə Tiflisdə
(cəmi 76 asyı) və 1883-84-cü illərdə
Şamaxıda (cəmi 183 sayı) çapdan
çıxmışdır. Qəzetdə dövlət
xəbərləri, beynəlxalq agentliklərin elanları,
xarici xəbərlər, daxili xəbərlər, yerli xəbərlər,
felyetonlar bölümləri əhatə olunurdu.Qəzet
dövrün aktual problemlərinə toxunur,
"Əkinçi"dən başlanan bəzi dini
diskussiyaları davam etdirirdi. Dövrün
siyasi rejiminin və dövlət quruluşunun doğurduğu
ictimai ziddiyyətlərə aydınlıq gətirir, sosial-mədəni
problemlər təhlil edilir, xalqın həyat tərzinə
aid materiallar dərc edilirdi. "Telefonoqramlar",
"Məmləkət əhvalatı", "Paytaxt qəzetələrinin
təzə xəbərləri", "Elan" və b.
başlıqlar altında verilən xəbərlər və təhlillər
oxucunu məlumatlandırmağa yönəlmişdi. "Rusiya vedemosti" qəzetinin 296-cı sayına
istinad edərək, bahar fəsli təzədən rus
qoşununun Axaltəkə tərəkəmələrinin
(türklərinin) üstünə yürüş etməsi
haqqında verdiyi xəbər əhəmiyyətli idi.
Ümumiyyətlə,paytaxt qəzetlərinin
təzə xəbərlərinin ətraflı verilməsi
dünya hadisələrindən maraqlı məlumatlar əldə
edilməsi üçün imkan yaradırdı.
"Ziya"dan sonra "Kəşkül"ün ilk
sayı 1883-cü ilin yanvarında çıxmış və
sələfinin yolunu davam etdirmişdir. Dərginin
redaktoru Cəlal Ünsizadənin proqram xarakterli məqaləsində
xalq yolunu tutacağı, xalqa bağlı olacağı
bildirilir və "Məcmuəmizin dili və əsil ibarəsi
məmləkətimizin müsəlmanlarının məfhumu
olan türki-Azərbaycan dilindən ibarət olacaqdır",-deyə
xəbər verirdi. Əgər "Əkinçi" də
türk sözü cəmi bir neçə yerdə işlənmişdisə,
"Kəşkül"də "vətən", "Azərbaycan",
"Azərbaycan dili", "türki" kimi ifadələr
yerində işlədilərək oxucularda milli kimlik
şüurunu formalaşdırırdı.
"Kəşkül"də çap olunan felyetonlar məsələnin
qoyuluşu və ona yanaşma baxımından daha mütərəqqi
mövqe tutur.
"Kəşkül" dövrün bir
sıra aktual məsələlərinə, beynəlxalq hadisələrə
də toxunur, bu səpkidə məqalələr dərc
edirdi. İlk sayında İngiltərənin
və çarizmin Orta Asiyada apardığı müstəmləkəçilik
siyasəti, Şeyx Şamilin rəhbərliyi altında
aparılan milli azadlıq hərəkatı barədə
oxucuya məlumat verirdi. Cəmiyyətin həyatında
baş verən dəyişiklikləri "Kəşkül"
vaxtında əks etdirməyə çalışır,
kapitalizmin meydana gəlməsi prosesində milli hərəkatın
təzahürlərini mümkün qədər əks
etdirirdi. Ziyalıların şüurunda
"Azərbaycan milləti" məfhumunun oyanması bu
dövrə təsadüf edirdi. Onlar
başa düşmüşdülər ki, "din" və
"millət" məfhumları ayrı-ayrı şeylərdir.
"Kəşkül" qəzeti öz səhifələrində
bu məsələləri aydınlaşdırmağa səy
göstərmiş və ictimai-siyasi şüurun
inkişafına kömək etmişdir. İlk
dəfə bu dərgidə xalqın milli kimliyi ilə
bağlı müzakirə açılır. "Avam gəzmək, yuxu yatmaqmı?" məqaləsində
Tiflis vağzalında bir xarici ilə bir müsəlmanın
dialoqu verilir. Bu dialoqda din ilə dilin
ayrı-ayrı nəsnə olması
aydınlaşdırılır.Qəzetdə ilk dəfə
olaraq milli kimlik məsələsi dialoq şəklində
qoyulur. "Kəşkül"ün
açdığı bu müzakirə sonralar digər mətbuat
orqanlarında bu və ya digər şəkildə
qoyulmuş, milli kimlik və özünüdərketmənin əsas
yollarından biri olmuşdur.
"Bir şəxs" imzası ilə verilmiş
"Ana dilimiz" məqaləsi də "Avam olmaqmı,
yuxu yatmaqmı?" felyetonu ilə səsləşirdi. Burada dil
problemi qoyulur və göstərilir ki, "öz millətini əbədi
saxlamaq istəyənlər öz ana dillərini saxlamağa
çalışmalıdırlar və o dildə elm və
fünuni övladi-millətə verməlidirlər".
Çünki ana dilini yaxşı bilməyən, onun ləyaqətini
qiymətləndirməyən adam başqa
dilləri heç cür qiymətləndirə bilməz. İnsan öz dilindən başqa neçə dil
bilmiş olursa, o qədər də qədrini artırır.
Ancaq ana dilini bilməyin vacibliyini də
unutmağın düzgün olmadığını öz
oxucusuna təlqin edirdi.
"Kəşkül" dərgisinin milli ideya
baxımından "Əkinçi" yolunu davam etdirdiyi daha
aydın görünür. Bu ənənə
çar senzurasının da diqqətini cəlb etmiş, təqiblərə
məruz qoymuşdu. Bu səbəbdən də
dərginin səhifələrində "Kəşkül"
vəqti-müəyyəndə çıxmadı" ifadəsinə
tez-tez rast gəlinir. Burada dil, ədəbiyyat, maarif və
s. məsələlərə dair nəzəri və publisist
məqalələr, orijinal bədii əsərlər, rus,
Avropa və Şərq ədəbiyyatından tərcümələrə
də yer verilirdi. Dərgidə A.Bakıxanovun
"Təhzibül əxlaq" əsəri, M.F.Axundzadənin
həyat və yaradıcılığı geniş
işıqlandırılmışdı. Onun
tərcümeyi-halı ilk dəfə burada getmiş,
komediyalarının xarici dillərə tərcümə
olunması və onların Avropada şöhrət
qazanması, həmçinin komediyalarının tamaşaya
qoyulması barədə oxuculara mütəmadi məlumat
verilmişdir. Bundan başqa, qəzetdə
Seyid Əzim Şirvani, eləcə də rus şairləri və
onların yaradıcılığı haqqında da məqalə
dərc olunması ədəbiyyat məsələlərinə
xüsusi yer ayırdığını göstərirdi.
"Kaspi"nin Azərbaycan milli şüurunun,
özünüdərk prosesinin formalaşmasındakı
rolunu iki mərhələyə bölmək olar; birinci mərhələ,
qəzetə rus redaktorlarının rəhbərlik etdiyi
dövr; ikinci mərhələ isə,
Ə.Topçubaşovun rəhbərliyi dövrüdür.
1881-ci ildən qəzetin ilk redaktoru Kuzmindən başlayaraq
Y.Starsev, N.Svinkin, P.Qardiyevski, Y.Baldreva, Sokolinski, K.Karyaginə qədər
qəzetdə gedən materiallar bütünlüklə
xalqın milli ictimai şüurunun formalaşmasına yönəlməsə
də, yeganə mətbuat orqanı kimi Azərbaycan
ziyalılarının çıxış etdiyi qəzetlərdən
biri olur. Bu dövrdə H.Zərdabi, M.Şahtaxtlı,
M.Topçubaşov, N.Nərimanov, Ə.Ağayev,
F.Köçərli, M.Mahmudbəyov kimi ziyalılar qəzetdə
müxtəlif mövzulu məqalələrlə
çıxış edir, milli məsələ olmasa da,
xalqın mədəni, iqtisadi, sosial problemlərini
qaldırmağa nail olurdular.
Xalqın milli özünüdərkində
M.Şahtaxtlının rolunu ayrıca qeyd etmək lazım gəlir. Həm də
ona görə ki, adı getməsə də, bir müddət
bu qəzetə redaktorluq etmişdir.Onun "Zaqafqaziya müsəlmanlarını
necə adlandırmalı" məqaləsi
türkçülük baxımından olduqca əhəmiyyətlidir.
Məlumdur ki, bu dövrdə Azərbaycan
xalqı işğalçı tərəfindən tatar
adlandırılırdı. M.Şahtaxtlı
məhz rusdilli mətbuatda xalqın "tatar"
adlandırılmasına qarşı çıxır və
onun necə adlandırılması haqqında mübahisə
açırdı. O yazırdı: "Zaqafqaziya müsəlmanlarını
azərbaycanlılar, onun dilini isə Azərbaycan dili
adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İranla Rusiyanın
payına düşmüş Aderbeydjan (Azerbaycan) mahalı
indiki Zaqafqaziyadır, əhalisi isə türk xalqıdır.
Onları həm Şərq yazıçıları, eləcə
də Avropa coğrafiyaçıları və etnoqrafları
başqa adla yox, Azərbaycan türkləri
adlandırırlar...
Zaqafqaziya
müsəlmanlarının danışıq dili tatar dili
deyil, türk dilidir ki, o da öz növbəsində əsas
dialektlərə ayrılır: osmanlı,
səlcuq və Azərbaycan türkcələri. Ona görə də Zaqafqaziya müsəlmanlarını
azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili deyil,
Azərbaycan dili adlandırmaq məqsədəuyğun
olardı" ("Kaspiy", 1891, 1 may).
Bununla
yanaşı, "Kaspi"nin
auditoriyası rusdilli oxuculara yönəldiyindən Azərbaycan
əhalisinin milli ictimai şüurunun formalaşmasında
payı az olurdu. Üstəlik senzuranın qəzet
üzərindəki kəskin nəzarəti milli ruhlu məqalələrin
getməsini əngəlləyirdi. Həm də
qəzet xalq kütlələrinə gedib çatmır,
yalnız bir qisim ziyalı arasında yayılırdı.
Bu isə xalqın milli özünüdərkində
əsaslı rol oynamırdı. Xalqın
milli dərki prosesində onun danışdığı qəzetin
yaranması əsas məsələlərdən biri idi.
Görünür, buna görə N.Nərimanov
"Əliqələmli müsəlman ziyalıları
haqqında bir neçə söz" məqaləsində Azərbaycan
ziyalılarının Cənubi Qafqazda rus dilində
çıxan qəzetlərdə çap etdirdiyi məqalələrə
münasibət bildirirdi. Müəllif bu məqalələri
müsbət qiymətləndirsə də xalqın milli
özünüdərkində yetərli hesab etməyərək
yazırdı: "...bu məqalələrin müəllifləri
mədəni cəhətdən geridə qalmış öz həmməzhəblərinə
müəyyən bir xeyir vermək istəyirlər; onlar var
qüvvələri ilə avam camaatı cəhalət
girdabından xilas edib həqiqət yoluna salmağa
çalışırlar. Lakin əfsus! Bu
ağaların zəhməti xidmət etdikləri və
onların gözündə cahil və dərrakəsiz
görünən bir cəmiyyətə, çətin ki,
azacıq bir xeyir verəcəkdir" ("Kaspiy", 1896, 1
fevral).
N.Nərimanovun rus dilində yazan milli müəllifləri
öz dilində qəzet çıxarmağa və bu dildə
yazmağa səsləməsinin səbəbləri
çoxdur. Lakin bir əsas səbəb ondan ibarətdir ki, mədəni
cəhətdən geridə qalmış xalqa onun dilində qəzet
lazım idi. Yalnız o zaman Azərbaycan
ziyalılarının gördüyü işin qiyməti ola bilərdi. Bu yanaşma digər
Azərbaycan ziyalılarının elə "Kaspi"də
dərc edilən məqalələrində də
vurğulanırdı. Əlbəttə,
bu fikri "Kaspi" qəzetinin bütün dövrləri
üçün demək o qədər də doğru
olmazdı. Çünki bu qəzetin rus
redaktorlarının rəhbərlik etdiyi dövrlə Azərbaycan
ziyalılarının rəhbərlik etdiyi dövr arasında
fərqlər olduqca böyük idi. İkinci tərəfdən,
anadilli mətbuat orqanları nəşr edildikdən sonra
"Kaspi"nin istiqaməti də bir qədər
dəyişmiş olur. Xalqın milli
özünüdərk prosesinin formalaşmasında anadilli qəzetlərlə
yanaşı, "Kaspi" qəzeti də müəyyən
rol oynayır. Bu rol azərbaycanlı
baş redaktorların dövründə daha da artır,
sistemli xarakter daşıyır. XX əsrin
əvvəllərindən başlayaraq qəzetin bu istiqamətindəki
rolu rusdilli tribunaya üz tutması ilə daha da artır. Ə.Topçubaşov
qəzetdə yalnız milli məsələlərə önəm
vermirdi, həm də Rusiyanın müxtəlif bölgələrində
yaşayan bütün müsəlman əhalisi haqqında xəbərlər
və materiallar dərc etməyi qarşısına məqsəd
qoymuşdu. Bu məqsəd
Ə.Topçubaşovun fəaliyyətində də
özünü göstərir. O, Rusiya Dövlət
Dumasının ən böyük fraksiyalarından birinə-Müsəlman
fraksiyasına sədrlik edirdi. "Kaspi" qəzeti
uzun müddət Rusiya müsəlmanlarının yeganə
rusdilli qəzeti rolunu oynamışdır ki, bu da müsəlmanların
milli kimliyini və mübarizəsini əks etdirmək
baxımından olduqca əhəmiyyətlidir.
"Azadlıq hərəkatında müsəlmanlar",
"Müsəlmanların dirçəliş
dövrü", "Millətlərin
barışdırılması", "Tatar-Azərbaycan
dilində qəzet çıxarmağın vacibliyi" və
sair məqalələrində bir publisist kimi xalqın
formalaşmasında, mədəni, siyasi tərəqqisində
yeni yollar arayırdı. Milli mədəni sahədəki
bu məqalələri XX əsrin əvvəllərindən
siyasi xarakter almağa başlayır və xalqın siyasi
düşüncəsini inkişaf etdirirdi. Əgər Ə.Topçubaşovun redaktor
olmasına qədər ayrı-ayrı ziyalıların pərakəndə
dərc edilən məqalələrində milli ictimai
şüurun formalaşması yönündə fikirlər
yox dərəcəsində idisə, onun redaktorluq etdiyi
dövrdən bu prosesə start verilmiş oldu. H.Zərdabi,
M.Şahtaxtlı, C.Hacıbəyli, Ə.Ağayev, M.Mahmudbəyov,
N.Nərimanov, F.Köçərli, N.Vəzirov, H.Minasazov,
Ü.Hacıbəyli, Z.Sultanov, Ö.F.Nemanzadə, R.Əfəndiyev,
M.Sidqi, S.M.Qənizadə, H.Vəzirov və b. məqalələrində
milli maarif, məktəb, mətbuat məsələlərinə
toxunulur, xalqın keçmişi və bugünü
haqqında problematik məsələlərə münasibət
bildirilirdi. H.Zərdabinin məqalələrində
xalqın siyasi, iqtisadi vəziyyəti dəyərləndirilirdi.
"Kaspi" qəzetində ardıcıl
çıxış edən müəlliflərdən biri
Ə.Ağayevin məqalələri ictimai-siyasi məzmunu ilə
fərqlənirdi. Bu məqalələrdə Qərbin və
Şərqin müxtəlif problemləri, eləcə də
ictimai-siyasi məsələləri
işıqlandırılırdı. "Misir və
ingilislər", "Müsəlman aləmində qadın təhsili",
"Müsəlman alimləri və onların elm sahəsinə
verdikləri töhfələr", "Müsəlmanların
nəzərinə" və s. onlarla məqalələrində
islamın "qızıl dövrü" üçün
xarakterik olan ictimai fəallığa və axtarışa
çağırır. Ə.Ağayevin
"Kaspi"də çap olunan "Raskolnikovlar və Kərəmlər"
məqaləsi özünün milli ruhu, kəsərliliyi ilə
diqqəti cəlb edir. Bu məqalənin
çap olunma səbəbi publisistin ictimai şüurda milli
özünüdərk probleminə nə qədər önəm
verdiyini göstərir. Onun "Kaspi"də dərc
edilən məqalələrində ("Müsəlman
qadınının emansipasiyasına dair", "Zəkat və
xüms", "Müsəlman dünyasında qadın təhsili"
və s.) islam maarifinə aid fikirlərə
də yer verilir. Ə.Ağayev islam və
qadınla bağlı məqalələrində islamda
qadına geniş hüquqlar verildiyini müdafiə edərək
"Məhəmməd beləliklə qadının əxlaqi
əhəmiyyətini yüksəldərək, ona elə
geniş hüquqlar verir ki, bəzi müasir qanunvericilər, məsələn,
fransız qanunvericiləri bunları fikirlərinə belə
gətirə bilmirlər",-deyə əsl islamın mahiyyətini
anladırdı. Bütün bunlarla yanaşı, islam dünyasının gələcəyini tərəqqidə
görür, "ruhən, cismən əzilmiş, şikəst
edilmiş" toplumun inkişafı üçün yollar
düşünürdü. "Yuxu və ölüm" məqaləsində
müsəlmanlara müraciət edərək onları oyanmağa
çağırır: "Oyanın, oyanın, ey qəflət
yuxusunda uyuyanlar! İndi yatıb xülyalara
dalmaq vaxtı deyil, indi tələsmək, hərəkətə
gəlmək vaxtıdır, bu acı həqiqəti biz
müsəlmanlar nəhayət ki, dərk etməliyik"
("Kaspiy", 1904, 5 sentyabr).
Məqalələrinin böyük bir qismi xalqın milli
ictimai-siyasi, ədəbi, dini, islami düşüncəsinə
həsr olunmuşdu. Bu məqalələrində yalnız azərbaycanlıları
deyil, Rusiyada yaşayan bütün türk-müsəlman
xalqlarını müdafiə edirdi. Bu cəhətdən
"Müsəlman xalqlarının vəziyyəti"
adlı silsilə məqalələri milli özünüdərk
kontekstində əhəmiyyətli yer tutur. Burada publisist
islam və onun tarixi haqqında fikirlərini
arqumentlərlə əsaslandırırdı. Bu
məqalələrinə görə, bəzən onu
islamçı kimi də qələmə verməyə
çalışmışlar.
"Kaspi" qəzetinin milli özünüdərk
yolunda rolu XX əsrin əvvəllərində bir qədər
də artır. Bu zaman Qafqazda erməni terroru
başlamışdı. Ona görə də çoxsaylı
erməni qəzetlərinə rusdilli "Kaspi"də cavab
vermək ehtiyacı yaranmşdı. Belə vaxtlarda
materialların rus dilində yayılması onun əhatə
dairəsini daha da genişləndirirdi. Qəzet öz səhifələrində
"Daşnaksütyun" partiyasının milli nifaq siyasətini
pisləməklə kifayətlənmir, baş verən terror
hadisələri haqqında materiallar da dərc edirdi. "Kaspi" qəzeti bu tendensiyanı axıradək
gözləmişdir. 1917-1918-ci il hadisələrini obyektiv
şəkildə öz səhifələrində əks etdirərək
informasiya blokadasını aradan qaldırmağa
çalışırdı. Görünür, buna görə
də mart qırğını hadisələrində ermənilər
"Açıq söz" qəzeti ilə
yanaşı, "Kaspi" qəzetini də unutmamış,
hər iki redaksiyanı od vurub yandırmışdılar.
Beləliklə, XIX əsrin sonlarında mətbuatın
Azərbaycan xalqının milli ictimai şüurunun
formalaşmasında özünəməxsus yeri olduğunu
görürük. Bu proses xüsusilə H.Zərdabi,
Ə.Gorani, C.Ünsizadə, M.Şahtaxtlı,
Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə,
N.Nərimanov, Ü.Hacıbəyov kimi publisistlərin
yaradıcılığında özünü qabarıq
şəkildə göstərir. Yeni əsrdə bir çox
mətbuat orqanlarının yaranması ilə xalqın
ictimai-siyasi, milli şüurunu formalaşdırır.
Timurçin Əfəndiyev
525-ci qəzet.-
sentyabr.- S.10.