Ana dilimizə
Nəriman Nərimanov
münasibəti - Məqalə
GÖRKƏMLİ
ƏDİB VƏ İCTİMAİ-SİYASİ
XADİMİN ƏSƏRLƏRİNDƏ ANA DİLİ
MƏSƏLƏSİ
"DƏRDLƏRİMİZİN ƏLACI"
MÖVQEYİNƏ YÜKSƏLİB
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 14 fevral 2020-ci ildə görkəmli yazıçı-dramaturq, publisist,
ictimai-xadim, maarifçi,
tərcüməçi Nəriman
Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Sərəncam imzaladı.
Sərəncamın icrası ilə bağlı təhsil və mədəniyyət
müəssisələrində kütləvi tədbirlərin
keçirilməsi Nəriman
Nərimanovun çoxşaxəli
irsinin hərtərəfli
və dolğun şəkildə təhlilinə
rəvac verməkdədir. Ana dilimizin böyük hamisi Ümummilli Lider Heydər Əliyev N.Nərimanovun elmi və ictimai-siyasi
fəaliyyətinə qiymət
verərkən qeyd edirdi ki, o, "öz dövrünün, yaşadığı mühitin
çərçivəsində böyümüş görkəmli
simadır, böyük
siyasi xadimdir".
Professor Yusif Seyidovun
da dəyərləndirməsi maraq doğurur: "N.Nərimanov M.F.Axundovdan sonra, dilin ictimai
əhəmiyyətini düzgün
qiymətləndirən, dilin
nəzəri və praktik məsələlərinə
dərindən nüfuz
edən, Azərbaycan ədəbi dilinin xalq dili üzərində
formalaşması yollarını
əsaslandırmağa çalışan
ikinci ədib idi".
XIX əsrin sonu
XX əsrin əvvəllərində
Azərbaycan məktəblərində
ana dilinin yüksək səviyyədə
tədris olunması məsələsində Nəriman
Nərimanov daima mübarizə aparmış
və bu sahədə təqdirəlayiq
xidmətlər göstərmişdi. O, həmin
dövrün məşhur
ziyalıları kimi bütün qüvvələrini
anadilli məktəblərlə
yanaşı, ana dilinin tədris səviyyəsini yüksəltməyə
yönəltmişdi. Azərbaycan
dilinin tədrisi sahəsində qarşıda
duran hər iki mühüm problemin həllində böyük fəallıq
nümayiş etdirmiş,
dərs dediyi illərdə təlim-tərbiyənin,
xüsusilə Ana dili
təliminin bir sıra vacib məsələləri ilə
yaxından tanış
olmuşdu.
N.Nərimanovun pedaqoji fəaliyyətində
diqqəti cəlb edən ən mühüm məsələlərdən
biri ana dili dərsliyinin yazılması ilə bağlıdır. "Türk-Azərbaycan
dilinin müxtəsər
sərf-nəhvi" və
digər iki dərsliyi eyni tarixdə - 1899-cu ildə Bakıda çap olunub. O, başqa millətlərin, ələlxüsus
da rusların dilimizə
olan marağını
nəzərə alaraq
55 səhifəlik "Türk
dilini öyrənməkdən
ötrü ruslar üçün asan kitabça"sını ərsəyə
gətirmişdi. Bu da ana dilimizin təbliği
və onun yayılması, praktik olaraq öyrədilməsi
istiqamətində mühüm
addım kimi dəyərləndirilir.
Rus və Azərbaycan dilində oxuyan şagirdlər üçün
nəzərdə tutulan
"Türk-Azərbaycan dilinin
müxtəsər sərf-nəhvi"
adlı ilk dərsliyində
müəllif öz məqsədini və kitabın
əhəmiyyətini belə
xarakterizə edir:
"Biz özümüzü türk-Azərbaycan tayfasından
hesab edib ana dilimizə cüzi bir nəf
gətirməkdən ötrü
bu kitabçanı düzəltdik. Sərf və nəhv
elmi çox çətin elmlərdən
biridir və bu elmlə məşğul
olan gərəkdir bir dilin barəsində
yazanda o dili yaxşı bilmiş olsun; hərçənd
biz türk dilini yaxşı bilmirik və hünərlər göstərməmişik, bununla
belə qeyrətli, mərifətli əhli-qələm
qardaşlarımızın köməkliyinə ümid
bağlayıb özümüzə
bu cürəti götürdük".
O, dilimizin ümumi qrammatik sistemini şagirdlərə öyrətməklə
yanaşı, mənası
çətin anlaşılan
sözlərin də izahanı verir. Həmçinin onu da göstərir ki, "Bu zəmanədə mədəniyyətli
millətlər çalışırlar
ki, dillərini və yazılarını
asana çıxartsınlar, çünki bir lisanın yazısı nə qədər asan olsa, o lisan
o qədər tez yayılıb o dildə yazılan inşalar daha tez intişar tapar". Bəhs etdiyimiz bu əsərin
"Müqəddimə" hissəsi daha da maraqlıdır. O, ana
dili ilə bağlı qarşıda
duran vəzifələri
və əsərin yazılmasına rəvac verən bəzi dil problemlərinin olduğunu vətəndaş
yanğısı ilə
dilə gətirir. Əsasən
vahid bir orfoqrafiya qaydalarının
olmaması yazı zamanı nöqsanların
yaranmasına, ədəbi
dil normaların vahid prinsipinin olmamasına gətirib çıxarır. Müəllif
yazır: "Bu axır
zamanda mərifətli
əhli-qələm qardaşlarımız
tövrbətövr kitablar
yazmağa məşğuldurlar,
ancaq bu vaxtadək türk-Azərbaycan
dilində bir qayda olmamağına görə hər kəs nə tövr istəyir, yazır. Qaydasız yazılan inşalar nə dilə, nə millətə
nəf gətirməz".
"Nə qədər,
ədibimiz varsa, bir o qədər də yazı qaydamız var" (C.Məmmədquluzadə) kimi
ümummilli bəlaya düçar olan ziyalılarımızı fikir
birliyinə dəvət
edir.
N.Nərimanov Ana dilinin başqa
dillərin təsirində
əritmək istəyənlərə
və digər dillərin əsarətində
saxlamaq istəyənlərə
qarşı üsyan edir və təəssüf
hissi ilə, ürək yanğısı
ilə vurğulayır
ki, "O ana ki, sənə o dildə tərbiyə veribdir, sənə o dildə yaxşını
yamandan tanıdıbdır,
sənə o dildə
layla deyibdir və axırda haman o dildə
Allahını tanıdıbdır!"
Nəriman Nərimanov adlı şəxsin şəkli.
"Dərdlərimizin əlacı" adlı silsilə təşkil edən məqalələri
onu ciddi və fədakar dilçi alim kimi, ana dilinin
sistemli və ardıcıl tədqiqatçısı
kimi keyfiyyətlərini
xarakterizə etməyə
zəmin yaradır. Doğma dilimizin
saflığı uğrunda
mübarizənin önündə
gedən cəsarətli,
vətənpərvər ziyalı
N.Nərimanov dilçilik
elmi sahəsində yazdığı qiymətli
əsərlərində dəyərli
fikirlər orta qoyub. O, əhalinin bütün təbəqələrinin
ana dilində dünyəvi təhsilə
yiyələnməyini lazım
bilir və bu ideyanı qızğın müdafiə
edirdi. Onun silsilə məqalələrində
bu fikir aydın şəkildə
özünü göstərirdi
ki, bir millət
özünü tanımayınca,
hüququnu düşünə
bilməz. Bu məqsədlə
də ictimaiyyətə
aşağıdakı sualları
ünvanlayır: "İndi biz islama qulluq edən
bir çox tayfalardan biriyik: məlum bir qanun altında yaşayıb, özümüzə
türk deyib də xüsusi bir məslək dalınca getməliyikmi? Getməliyik desəniz, özümüzü
gərəkdir tanıyaq.
Fəqət tanımaq üçün
nə lazımdır?
Milli dil, milli məktəb,
milli mətbuat və qeyri-şeylər deyilmi?" Milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat - bunları
vəhdətdə görən
ədib millətin gələcəyinin bu zəmin də formalaşmasını diqqətə
çatdırırdı. O, ana dilinin varlığını
millətin əsas atributu və varlığının əsas
səbəbi hesab edir. N.Nərimanov həmçinin ədəbi
dilimizin öz təbii inkişaf axarı və yolu canlı xalq dilinə əsaslanan istiqamətin aparıcı mövqeyini də bu məqalədə
izah edirdi.
Nəriman Nərimanov ana dilimizə xor baxanlara qarşı mübarizə aparır və sərt mövqe nümayiş etdirirdi. O, Azərbaycan dilinin
gələcəyinə inanırdı
və arzularının
həyata keçəcəyinə
böyük ümidlər
bəsləyirdi.
"Bəzi yoldaşlara cavab" məqaləsində
türk dilinin geniş yayılmasının,
idarələrdə işlənməsinin
"bisavad, əzilmiş,
avam" fəhlə və kəndlilərin məfkurəvi inkişafına,
mədəniyyətinin yüksəlməsinə,
dövlətin möhkəmlənməsinə,
dünya mədəniyyətinə
və həmrəyliyinə
inteqrasiyasına faydalı
təsirindən söz
açaraq, sonda yazır: "Nəhayət,
məsələyə hüquqi
nöqteyi-nəzəricə də baxmaq olur. Türk dili Azərbaycanda
dövlət dili elan olunmuşdur, ona binaən öz hüquq və imtiyazına təmamilə malik olmalıdır. Kimsənin
onu ləğv etməyə nə haqqı, nə də cəsarəti ola bilər.
Azərbaycan bəzi siyasi
və iqtisadi şərait nöqteyi-nəzəricə
öz torpağını
və sərvətini
güzəşt edə
bilər. Fəqət öz
dilindən imtina edə bilməz, kiməsə də yol verməz ki, bu dilin
qiymətini Azərbaycanda
əksiltsin. Qoy burasını
türk dilinin əleyhinə çıxışda
bulananlar bilsinlər".
N.Nərimanov ruspərəst şovinistlərin
mövqeyinə qarşı
öz mövqeyini belə izah edirdi: "Türk (azərbaycanlı) uşaqları
tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı)
uşağı özünə
doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini,
Xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir".
O, Azərbaycan dilinə
ikinci planda baxan, rusdillinin təsirində əridən
kommunistlərin mövqeyinin
çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü
vurğulayaraq onları
çəkinmədən şovinist
adlandırmışdı.
Nəriman Nərimanovun "Həftə fəryadı"
başlıqlı silsilə
məqalələrində də
dillə bağlı bir sıra məsələlərə
nəzər yetirib, öz münasibətini bildirib. Ümummilli bəlaları, ələlxüsus
da, dil məsələlərini
müntəzəm olaraq
qabardan ədib bu məsələni daima diqqətdə saxlayıb.
Züifiyyə İsmayıl
525-ci qəzit.- 17
sentyabr.- S.12.