Alban qülləsindən
Alban Monastrına: min illik tariximizə doğru
Üç
il əvvəl Pipan ərazisində yerləşən
"Alban Qülləsi"nə gedəndə məqsədim
həm də ondan bir neçə kilometr aralıda,
dağın düz döşündə yerləşdiyi
söylənilən Alban Monastrına da getmək idi. Lakin bələdçimiz bildirdi ki, ora yol həm
dikdir, həm də çətin. Bir də
ki, bir gündə hər iki abidəyə getmək
mümkün deyil. Geri qayıdanda gecəyə
düşə bilərik. Beləliklə,
Alban Monastrına getmək istəyi ürəyimdə
qaldı.
Hər dəfə bu abidədən söhbət
düşəndə (təbii ki, o söhbəti məndən
başqa dilə gətirən yoxdur, çünki onun
varlığından belə insanlar xəbərsizdirlər) qəlbimdən
soyuq bir sızıltı keçirdi. Onu görmədən
danışmağı özümə böyük qəbahət
sayırdım. Nəhayət ki,
sentyabrın 2-də həmin arzuma çatdım və bu
işdə mənə dəstəyi olan hər kəsə
minnətdaram.
Biz kiçik bir qrupla yola düzəldik. Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin Zaqatala rayonu üzrə abidə mühafizəçiləri
üzrə məsul şəxs Möminət Heydərova, abidə
bələdçisi Abdurahman Musayev, dağ adamı (onu mən
belə adlandırdım) bələdçi Hacı və
yaxın rəfiqəm Fatma həkim. Bələdçinin
familiyasını ona görə yazmadım ki, o, belə təqdimatları
sevmir, heç şəklinin çəkilməsinə də
razı olmadı. Olduqca cəld və
qıvraq olan, bu dağları qarış-qarış
tanıyan və dağlara vurğun olan Hacının bələdçiliyindən
çox razı qaldım. Biz səhər
saat 9 tamamda şəhər Mədəniyyət evinin
qabağında maşına oturduq, təbii ki, maşın
bizi yalnız meşənin girişinə kimi aparacaqdı.
Yolumuz Alban Monastrına idi.
Yükümüz az olsun deyə yemək
belə götürməmişdim. Fotokamera, videokamera və
sair, səfər üçün lazım olan iş ləvazimatları
elə özlüyündə bir yük idi. Həyəcanlı
idim. Orada nə görəcəyəm,
abidənin vəziyyəti necədir, 1600-1700, bəlkə də
ondan daha çox yaşı olan tariximizə olan vandal
münasibət məni necə sarsıdacaq kimi suallara cavab
axtarırdım. O cavabları isə yalnız abidəni
gördükdən sonra cavablandıra biləcəkdim. Əslində çox həyəcanlandığım
yazını dərhal yazmaq mənim üçün çətin
olur. Gərək müəyyən vaxt
keçsin ki, düşüncələrim
aydınlaşsın, hər şeyi analiz edim, təhlillər
aparım. Bəzən yazdığım
bir cümlə üçün bir ay götür-qoy etməli
oluram. Bu dəfə vəziyyət
başqadır. Mənim gözləməyə
vaxtım yoxdur. Çünki mən bu
yazını çoxdan arzulayırdım və onu
yazmalıyam.
Yuxarı Tala kəndi ərazisində abidələr
çoxdur.
Bu da onu sübut edir ki, bu torpaqlar qədim yaşayış məskəni
olub və eramızdan əvvəl 3-cü əsrdə bu
torpaqlarda təşəkkül tapan və eramızın VII əsrinə
qədər 1000 illik bir dövrdə
hökmranlığını sürən Alban dövlətinin
var olduğu torpaqlardır bu torpaqlar. Ayağımı
yerə inamla basıram, çünki bu torpaqlara babalarım
hardansa gəlməyiblər, bu torpaqlar ta bineyi-qədimdən
bizim olub. Bunu sübut edən maddi-mədəniyyət
nümunələrimiz, abidələrimiz var. Düzdür, bu
abidələrin bu gün onların layiq olduqları səviyyədə
qiyməti verilmir, hər halda buna səy göstərən
insanlar var və mən də özümü bu sıradan
sayıram.
Pipan - səndən
kimlər keçdi
Pipan Yuxarı Tala kəndinin yuxarısında, yəni
gündoğan istiqamətində, dağların ətəyində
əsrarəngiz bir gözəlliyə malik yerdir. Kənddən
xeyli yüksəkdədir. Bələdçimiz dedi ki,
onun hündürlüyü Qala Düzü ilə eyni səviyyədədir.
Bax, buralar qədim yaşayış məskənlərindən
biri olub. Əhali sonralar indi məskunlaşdığı
əraziyə köçüb. Buraların
yaşayış yeri olmasının çox sübutları
olub, əvvəldən də dedim ki, bizlər keçmişə
o qədər də qayğı göstərməmişik. Bu keçmişdən qalan pipan ərazisindəki
çoxsaylı küplərdir. Yerli əhali onlardan bir
neçəsini çıxartmaq istəyib, lakin nail ola bilməyiblər. Sonra qərara
gəliblər ki, torpağa basdırılan bu nəhəng
küpləri mühafizə etsinlər. Mühafizə
edilir, ona axı arxeoloji qiymət verilməli, onlar qeydiyyata
alınmalıdırlar. Təəssüf ki, bu gün
belə bir təşəbbüs yoxdur, sabah
necə olacaq bilinmir. Pipandan dağların o
möhtəşəm mənzərəsini seyr edirik. Dağların önündə isə şəhərimizin,
Tala, Car və Zilban kəndlərinin valehedici mənzərələri
göz oxşayır. Təəssüf ki,
buralarda turizmlə bağlı heç bir infrastruktur yoxdur və
gələn qonaqlara bu mənzərələri göstərə
bilmirik. Pipanın yuxarısında, meşənin
içərisində Alban Qülləsi yerləşir. Biz bu gün ora getməyəcəyik. Yerli əhalinin Buxovli adlandırdığı və
Monastrın yerləşdiyi dağın girəcəyində
maşından düşürük. Bələdçimiz
Hacı da bizi elə orada gözləyirdi.
Buxovlinin
dərdi-səri
Sərlövhə deyəsən bir qədər mücərrəd
oldu. Məncə, yox. Dağın,
daşın da öz dərdi, öz qayğıları var.
Buxovli dağının da qayğıları bitib-tükənmirdi.
Bu dağ Gündoğan istiqamətədir, yəni
Şərqə doğru. Dağa giriş əlçatandır.
Ona görə də burada təbiəti, meşəni
qorumaq bəzən heç mümkün olmurmuş. 90-cı illərdə dağlıq ərazilərdə
saysız-hesabsız qırıntılar aparılıb. Bu qırıntı sonra da davam edirdi. Ərazidə yaşayan insanlar axırda dilə gəlirlər
və dağa giriş-çıxış yollarını
bağlayırlar. Onların bu hərəkəti
ictimai əks-səda doğurur və meşə
qırıntısına son qoyulur. Lakin
qırıntıların fəsadı bu gün aydın duyulur.
Yay aylarında içməli su
çatışmazlığının birinci izahı budur.
Meşə yolu tezliklə qurtarır. Biz artıq dağa çıxmağa
başlamışıq. Hələ yolun
başlanğıcında telefonuma yüklədiyim
"Addımölçmə" proqramını işə
salmışdım. Yolun nə qədər
olduğunu bilmək istəyirdim. Gözəl
dağ mənzərələrini seyr edə-edə irəliləyirdik.
Hacı arada dağ macəralarından da
danışırdı. Yolu birnəfəsə
getmək mümkün olmadığı üçün 5-6
yerdə dincəldik. Zirvəyə
doğru getdikcə gücümüz azalırdı, lakin yolu
davam etməli idik. Onu da qeyd edim ki, Monastr
heç də Buxovli dağının zirvəsində deyil,
dağın zirvəsi bəlkə də dəniz səviyyəsindən
2000 metr yüksəklikdədir. Səfərə
hazırlaşdığım vaxt GOOGLE-MAP-də
baxmışdım. Abidə təqribən
800 metr yüksəklikdədir. Sadəcə
olaraq biz dolanbac yollarla getdiyimizdən yol uzanırdı.
Növbəti nəfəsdərmədən sonra Hacı dedi
ki, abidəyə lap az qalıb. Belə hissləri təsvir etmək çətindir,
onu yaşamaq lazımdır. Elə bu xəyalda
idim ki, telefonum zəng çaldı. Konülsüz
olaraq açdım, çünki fikirlərimi başqa
işlərlə qarışdırmaq istəmirdim. QHT-lərə Dövlət Dəstəyi
Şurasından idi. Sabah, yəni
sentyabrın 3-də keçiriləcək videokonfransda
iştirak etməyə dəvət edirdilər. Video konfransın işində Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici Əlaqələr
şöbəsinin rəhbəri Hikmət Hacıyev
iştirak edəcək, insan hüququqları və jurnalistika
sahəsində çalışan QHT rəhbərlərini
dinləyəcəkdir. İştirakımı
təsdiqləyərək telefonu
söndürmüşdüm ki, Hacının "abidəyə
çatmışıq" dediyini eşitdim. Ayaqlarım yerə kilidləndi. Ətrafa
baxmağa çalışdım. Cəngəlliyə
oxşar bir mənzərə! Bu yer bir az
tala şəklində idi. Açıq-aydın
görünürdü ki, ətrafda yaxşıca
qırıntı aparılıb. Gücləri
çatmayan kötükləri elə yerindəcə tərgimişdilər.
Yıxılan ağaclar, kol-kos, potala
adlandırılan sarmaşıq və sair. Mən abidə adında bir şey görə
bilmirdim. Bax, Buxovli dağının əsas
dərdi səri də bu idi. Qoynundakı
incini qoruya bilmirdi.
Abidə
ilə üz-üzə
Mənim bu halımı görən yol yoldaşlarım
təsəlli verməyə çalışdılar.
- Narahat
olmayın, dəhrə götürmüşük, indi abidəni
gücümüz çatan qədər təmisləyəcəyik.
Həqiqətən çox fədakar insanlardı. Mən abidənin
qarşı tərəfində oturdum, Hacı və Abdurahman
işə başladı. Onlar düz bir
saat kimi çalışdılar. Gücləri
çatan kimi abidəni kol-kosdan, sarmaşıqdan təmizlədilər.
İş gördükcə Hacı mənə
məlumatlar verirdi. Düzdür, onun
verdiyi məlumatları güclü analiz etmək lazım gəlirdi,
hər halda mənim istifadə edə biləcəyim ikinci bir
mənbə olmadığından ona qulaq asmaq və deyilənlərin
içərisindən həqiqi sandığıma istinad etmək
lazım gəlirdi. Hacının dedikləri: "Mən
uşaqlıqdan buralara gəlib-gedirəm. Abidə
ilk dəfə 1992-1993-cü illərdə partladılıb.
Gəlib gördük ki, abidəni pis vəziyyətə
salıblar. Guya qızıl axtarıblar.
Ondan sonra da birneçə dəfə qrup
halında gələrək burada gah qazıntı
aparıblar, gah da partladıblar. Abidə
uzaqda yerləşdiyindən yerli insanlar vaxtında xəbər
tuta bilməyiblər. Yoxsa biz
qoymazdıq".
Abidənin kənarı ilə gəzmək
mümkün deyil, yəni təhlükəlidir. Buradakılar
tikilidir, ya abidədən uçub tökülən
qalıqlardır, müəyyən etmək olmur. Çünki üzərləri qalın kolluqla
örtülüdür. Bələdçi
bildirir ki, onlar da tikililərdir, onların bəzilərində
içəriyə doğru uzanan yollar var. Abidənin içərisi
tam bir tədqiqat mövzusudur, istər memari baxımdan, istərsə
də onun təyinatı istiqamətində Böyük bir salonu
xatırladır. Ölçülərini
götürürük: uzunluğu 15 metr, eni 9 metr,
hündürlüyü isə 10 metrdir. Divarın
eni 1 metr 20 santimetrdir. Bələdçi
öz gördüklərinə əsasən deyir ki, Şimal
divarın üst örtük hissəsində çoxsaylı
küpşəkilli günbəzlər var. Bu günbəzlər
ay şəklində divarboyukiçik ölçüdən
böyük ölçüyə kimi dururdu. Onların hamısını dağıdıblar.
Güman ediblər ki, içərisində
qızıl var. Bu nadanlar düşünməyiblər ki, o
abidənin özü elə bütövlükdə tarix
ağırlığında bir qızıldır. Mənim günbəzlərin varlığına
şübhə etdiyimi görən Bələdçi israr
etdi ki, divarı qalxıb oranı bir müşahidə edək.
Biz düz divar qalxmağa məcbur deyildik.
Onsuz da sarmaşıq divarı elə
hörmüşdü ki, ondan asanlıqla nərdivan əvəzi
istifadə etmək olurdu. Mən
Hacının böyük çətinliklə təmizlədiyi
küpşəkilli günbəzi gözümlə
gördüm və indi abidəni xəyalımda
canlandırmağa çalışıram.
Çıxış
yolu - videokonfrans
Onsuz da yazıya nöqtə qoya bilmərəm. Şəkillər
çəkdim, video çəkdim, bacardığım
bütün məlumatları götürməyə
çalışdım və üzüntülü,
iztirablı hisslərlə abidədən ayrıldım.
"Addımölçənim" gedəndə
7717 addım göstərmişdi, bu, 5 kilometr yarım edir.
Bu qədər də yolu geri gəldik. Beynim həddindən artıq dolu idi. Suallarımı hara ünvanlayım, bilmirdim. Videokonfransdan, orada Hikmət müəllimin
iştirakından istifadə etməyi düşündüm və
elə də etdim. Hər
çıxışçıya 3 dəqiqəlik reqlament
verilirdi. Ondan səmərəli istifadə
etməli idim. Videokonfransın aparıcısı Azay
Quliyev sağ olsun, dedi ki, qaldırdığın məsələ
aktualdır, vaxtını artırırıq. 5
dəqiqəni həm bölgə mətbuatının indiyədək
KİVDF ilə olan anlaşılmaz münasibətlərinə,
həm də Şimal-Qərb bölgəsindəki Alban
xristian abidələrinə olan laqeyd münasibətə həsr
etdim. Alban Monastrında gördüklərimi birnəfəsə
çatdırdım...
Bunların üst-üstə düşməsi bəlkə
də təsadüf deyildi. Bəlkə bundan sonra bir iş
görülər. Mənə deyildi ki, təkliflərini
göndər. Elə də edəcəyəm.
Məsələlərə vətəndaş
münasibətimiz olmalıdır ki, onlar öz həllini
tapsın.
Elmira MEHDİYEVA
Əməkdar Mədəniyyət
İşçisi, Zaqatala rayonu
525-ci qəzet.- 2020.-
17 sentyabr.- S.13