"İldırım"lı yolun
yolçusu
- İsmixan Rəhimov
Tanınmış pedaqoq və
böyük şəxsiyyətin anadan olmasının 95
illiyinə
Bu gün
görkəmli pedaqoq, böyük insan və hələ 23
yaşında Azərbaycanı müstəqil görmək istədiyinə
görə 25 il həbs cəzası alan
İsmixan Rəhimovun doğum günüdür.
Yaşasaydı 95 yaşı tamam olacaqdı...
"Yaşasaydı..." sözü yerinə
düşmədi, deyəsən. Çünki İsmixan müəllim
onu tanıyanların, əzizlərinin, xüsusən də
çoxsaylı tələbələrinin qəlbində həmişə
yaşayıb, bu gün də yaşayır...
Mən də onu tələbəlik illərində
tanımışdm. İlk kurslarda
hamının sadəcə
"İsmixan müəllim" kimi müraciət etdiyi, kənardan
göstərib "o İsmixan müəllimdir" dediyi
böyük şəxsiyyəti auditoriyalarda
görmüşdüm.
Nə idi bu şəxsiyyəti başqa müəllimlərdən
fərqləndirən?
Təbii ki, onda biz də, bizdən əvvəl oxuyan tələbələr
də onun Azərbaycanın müstəqillik tarixində
xüsusi rolu olduğundan xəbərsiz idik. Onda müstəqillik
barədə danışan yox idi. Çünki
bu barədə danışanlar sovet rejiminin ən sərt tədbirləri
ilə üzləşmişdilər. Və
sonralar öyrəndik ki, belə cəsur insanlardan biri məhz
İsmixan müəllim olmuşdu. Özü də
artıq SSRİ-nin dağılması ərəfəsində
yox, 1948-ci ildə...
Sən
demə, 40-cı illərdə Bakıda dövlət idarələrində
yazışma və danışıqların rus dilində
getməsinə etiraz edən aspirant İsmixan Rəhimov bir
qrup həmfikri ilə birlikdə "İldırım"
adlı təşkilat yaradıb, sonradan bu təşkilatın
bütün üzvləri həbs edilib. İsmixan Rəhimov
25 il həbs cəzası alaraq uzaq Sibirə
göndərilib...
O,
yalnız İ.Stalinin ölmündən sonra həbsdən
azad edilərək Vətənə dönə bilib və
bundan sonra elmi fəaliyyətlə məşğul olub.
Mən onu tanıyanda ömürünün bu
enişli-yoxuşlu mərhələsi artıq arxada qalsa da,
bu barədə danışmaq hələ də yasaq idi.
"İldırım"lı
yolun bu fədakar yolçusunun o illərdəki fəaliyyəti
barədə yalnız Azərbaycan müstəqillik qazanandan
sonra danışılmağa başlandı...
Ona görə də bizim auditoriyalarda
gördüyümüz İsmixan müəllimə sonsuz
hörmət və ehtiram yalnız onun pedaqoji fəaliyyəti
ilə, indiki terminlə desək, novator müəllimliyiylə
bağlı idi. Onun azadlıq uğrunda apardığı mücadilə
hələ qapalı qalırdı...
İsmixan müəllimin novatorluğu nədən ibarət
idi?
İsmixan Rəhimov müəllim adının mənasını
məzmunca zənginləşdirən, hələ müstəqillikdən
çox qabaq tədris standartlarını çərçivədən
çıxaran, tələbə-müəllim münasibətlərinə
yeni forma verən, bir sözlə, sovet tədris sistemində
inqilab edən bir şəxsiyyət idi.
Digər müəllimlərdən fərqli olaraq
auditoriyada müəllim üçün qoyulmuş
kürsüdən nadir hallarda istifadə edərdi. Ya tələbələrin
önündə dayanar, ya da mühazirəni gəzişə-gəzişə
təqdim edərdi. Hələ interaktiv təlim barədə
heç yerdə danşılmadığı və bunun tədris
prosesində tələb kimi qoyulmadığı vaxtlarda
İsmixan müəllim "İngilis və Amerika ədəbiyyatı"
fənnini bizə məhz fəal təlim metodu ilə tədris
edirdi. Doxsan dəqiqəlik mühazirə boyu
bütün tələbələr onun ingilis dilində
şirin ləhcə ilə, jestlərlə, yumorla söylədiyi
hər bir ədəbi nümunənin sehrinə
düşürdülər. Mühazirələri
dialoq şəklində qururdu. Bəzən
danışa-danışa kiminsə diqqətinin dərsdən
yayındığını hiss edəndə, duzlu-məzəli
bir atmaca ilə bütün tələbələrin
gülüşünə səbəb olur və bununla da
yaranmış xırda gərginliyi aradan qaldırır, dərsi
daha da canlandırırdı.
Bu baxımdan İsmixan müəllim əsl pedaqoq idi.
Mənim həyatımda isə o sözün həqiqi
mənasında təkcə fənn müəllimi yox, həm
də həyat müəllimi oldu. Mənə
ilk dərs dediyi günlərdə onun institutda tərcümə
dərnəyinə rəhbərlik etdiyini öyrəndim və
özüm üçün cızma-qara hesab etdiyim bir-iki
şeir tərcüməsini də götürüb dərnəyə
getdim. Bu dərnəkdə onu bir az
da yaxından tanıdım. Tərcümələrimi
özünəməxsus ahənglə avazla oxudu, "qız,
sən dəhşətsən!" dedi. Onun bunu
ciddi, yoxsa zarafatla dediyini anlamadım və növbəti
replikanın qarşısını almaq məqsədilə
susdum.
Növbəti
dərnəkdə çəkinə-çəkinə
Bayrondan təzəcə tərcümə etdiyim "When we
two parted" ("Biz ayrılanda") şeirinin Azərbaycan
dilinə etdiyim tərcüməsini oxuyub qurtarandan sonra həyəcanla
onun bu dəfə necə reaksiya verəcəyini gözləyirdim.
Bu anda onun xüsusi vədedici bir tonda
"qız, mən səni ucaldacağam!" deməsini bu
gün də şirin xəyal kimi xatırlayıram.
Hələ uşaqlıqdan sözə, bədii ədəbiyyata
olan marağım bax, elə o andaca bədii tərcüməyə
yönəldi.
Hər kəsin qürurla "İsmixan müəllim"
deyə müraciət etdiyi şəxsiyyətin mənim
kiçik, heç kəsə bəlli olmayan
yaradıcılığıma verdiyi dəyərlə poeziya
tərcüməsini karyerama mayak seçdim.
1997-ci ildə
"Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsində
milli koloritin saxlanması" mövzusunda elmi işimi onun
peşəkar rəhbərliyi ilə uğurla müdafiə
edərək filologiya elmləri namizədi (indiki filologiya
üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi
aldım.
Hələ onun sağlığında Azərbaycan poeziyasının
ingilis dilinə tərcüməsinin özəlliklərini
araşdırmaq üçün altı ay Amerikada tədqiqat
apardım.
Amerika Birləşmiş Ştatları Dövlət
Departamentinin ali məktəb müəllimləri
üçün nəzərdə tutulan Fulbrayt
Proqramının qalibi kimi Şərqi Karolina Universitetində
amerikalı tərcümə mütəxəssisləri,
şairləri ilə birlikdə poeziya tərcüməsinin
problemlərini araşdırdım.
Elmi rəhbərim olduğu illərdə artıq
peşəkar məsləhətlərindən, elmi mülahizələrindən
kifayət qədər sərbəst yararlanmağa
başladım. Dəfələrlə bu məsləhətləri
öz doğma evində, zövqlə sevib-seçib evləndiyi
gözəl-göyçək Zərifə xanımın
süzdüyü ətirli çay süfrəsi arxasında
dinlədim, onun müdrik və həyati söhbətlərinin
şahidi oldum.
Artıq Azərbaycan müstəqillik qazanandan sonra
ingilis dilini öyrənmək xüsusi bir zərurətə
çevrildi.
İndi təkcə tələbələr
deyil, daha yuxarı yaş kateqoriyasına aid insanlar da ingilis
dili öyrənməyə başladılar. Kimsə təhsilini
xarici ölkələrdə davam etdirmək üçün,
kimsə biznes qurmaq üçün...
Bax onda da daha çox müraciət edilən, qapısı
döyülən müəllim məhz İsmixan müəllim
oldu. Bu illər onun alim, ziyalı kimi
böyüklüyünə daha bir rəng qatdı. İsmixan müəllimin dil öyrətmə metodu,
yaşından asılı olmayaraq hər kəsə ingilis
dilinin incəliklərini mənimsətmək
bacarığı tezliklə bütün şəhərə
yayıldı. Çünki o dili onu öyrənmək
istəyənlərə böyük məhəbbətlə,
əyləncə kimi təqdim edirdi, elə bil mahnı kimi
oxuyurdu...
Belə gözəl günlərin birində həyat
yoldaşımla onların evinə getmişdik. Söhbət əsnasında
bildirdi ki, artıq təqaüdə çıxmaq istəyirəm.
Və gözlənilmədən əlavə
etdi ki, rektordan öz yerinə - ölkə ədəbiyyatı
kafedrasındakı ştatına məni götürməyi
xahiş etmək fikrindədir.
Təbii ki, bu, mənim üçün həm qeyri-adi təklif,
həm də xeyirxah bir jest idi. Məmnuniyyətlə
razılaşdım. Növbəti gün rektorun qəbul
otağının qarşısında məni gözləyəcəyini
dedi. Məqsədi məni rektora təqdim edib,
ştata götürülməyimi xahiş etmək idi.
Dediyi
vaxtda rektorun qəbul otağında oldum, gözlədim və...
İsmixan müəllim gəlmədi...
Çox təəccübləndim.
Belə ola bilməzdi. Mənim
tanıdığım İsmixan müəllim sözünə
dəqiq adamdır.
Növbəti
gün evlərinə getdim və... onun iflic olduğunu və
yataqda uzandığını gördüm. Sanki
dünya başıma fırlandı, sanki həyat mənim
üçün bitdi. Kövrəldim, ağladım...
Əli ilə Zərifə xanıma işarə edib məni
sakitləşdirməyi tapşırdı. Zərifə
xanım məni ovundurmağa çalışsa da, sakitləşə
bilmirdim. O böyük şəxsiyyəti, böyük
müəllimi xəstəliyə məğlub görmək xəyal
dünyamı yıxmışdı. Başını
qalxızıb zorla aram-aram dedi: "Ona de ki, rektorun yanına
getsin!"
Bu
sözləri eşidib daha ucadan, özü də
hönkür-hönkür ağladım və dedim:
"İsmixan müəllim, bu, mənə lazım
deyil!"
Yenə də özünü toplayıb əlini sinəsinə
qoyaraq "mənə lazımdır!"- dedi. Sözsüz
ki, mən rektorun qəbuluna gedib "İsmixan müəllim
xəstədir və məni öz yerinə tövsiyə
edir" demədim.
Demək
rektorla həmin görüş və mənim həmin
ştata götürülmək qismətim yox imiş...
Bir
müddət müalicədən sonra İsmixan müəllim
sağaldı, ancaq xəstəliyin ona "hədiyyə
etdiyi" təkərli kreslosundan xilas ola
bilmədi. Zəhmətdən yoğrulub polad
kimi bərkimiş kiçik cüssəli bu böyük
şəxsiyyət yenə də zəhmətlə
dostluğuna sadiq qaldı. Evində tələbələrə
özəl ingilis dili kursları təşkil etdi. Yenə
də onun dərslərinə yazılmaq üçün
növbələr yarandı...
Sədaqətli ömür-gün yoldaşı Zərifə
xanım İsmixan müəllim xəstələnən
vaxtdan təqaüdə çıxaraq onun qulluğunda
dayandı. İsmixan müəllim isə qalan ömrünü
də sevdiyi, bağlandığı işə, tələbələrə
- öyrətməyə, dərs verməyə həsr etdi.
Və Zərifə xanımın bu zəhmətini daim
yüksək qiymətləndirdi. Onu xəstəlikdən "göydə
Allahın, yerdə Zərifənin" xilas etdiyini deməkdən
yorulmadı...
Amma həyat da əbədi deyil.
Günlərin birində bu böyük insanın
böyük ürəyi susdu. Onun cismi bu
dünyanı tərk etdi, ruhu göylərə ucaldı.
Onu tanıyanlara işıqlı bir xatirə,
tanımayanlara əlçatmaz bir zirvə qoyub getdi. Bildiklərinin, gördüklərinin, eşitdiklərinin
hamısını yazmadı, İsmixan müəllim,
auditoriyalarda, dostlar arasında bölüşdü.
Cild-cild kitablar yaza bilərdi, yazmadı. Əslində
o elə cild-cild dərs vəsaitlərinin, monoqrafiyaların
müəllifidir. Çünki minlərlə yetirmələrinin
müəllifi olduğu dərs vəsaitləri, monoqrafiyalar
onun bədii tərcümə haqqında şifahi şəkildə
söylədiyi fikirlərdən qaynaqlanıb, ərsəyə
gəlib.
Heç bir titul, fəxri ad almaq arzusu ilə yaşamadı. Çünki onun tanınan
və sevilən təmiz adı, imzası vardı - sadəcə
İsmixan Rəhimov...
Şöhrət arxasınca qaçmadı, amma
şöhrət onu daim təqib etdi. Və günlərin birində Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə verilən
"Şöhrət" ordeni ilə rəsmiləşdirildi...
Bu gün
ali məktəb müəllimi kimi
auditoriyada bədii tərcümə dərsini tədris edərkən
onun nəzərlərini daim başımın üstündə
hiss edirəm, o böyük şəxsiyyətin tələbəsi
olmaq məsuliyyətini bir an belə unutmuram. Onu
tanımayan, haqqında eşitməyən tələbələrimə
haqqında qürurla, böyük həvəslə
danışıram.
Və əminəm ki, hələ uzun illər onun
haqqında ən azı universitet auditoriyalarında
danışılacaq. Danışılacaq ki, bu ali məktəbdə
bir böyük pedaqoq olub - İsmixan Rəhimov...
Şəhla NAĞIYEVA
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 18 sentyabr.- S.8.