"Ədəbiyyat biliciləri"
şagirdlərin mütaliə
səviyyəsini yüksəltməyə
yönəlib
YUXARI
SİNİFLƏRİ ƏHATƏ EDƏN BU
MÜSABİQƏYƏ TƏHSİL EKSPERTLƏRİ
MÜSBƏT YANAŞIRLAR
Artıq neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən
ölkə üzrə ümumtəhsil məktəblərinin
VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat
biliciləri" müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsində
əsas məqsəd şagirdlərin Azərbaycan və
dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini,
ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən
mütaliə olunması vəziyyətini öyrənmək və
mütaliə sahəsində xüsusi fəallığı
ilə fərqlənən şagirdləri aşkara
çıxarıb rəğbətləndirməkdir.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva
bildirir ki, şagirdlərin kitaba, bədii ədəbiyyata
üz tutması, mütaliəyə istiqamətləndirilməsi
Nazirlik tərəfindən prioritet məsələ kimi qəbul
edilir. Odur ki,
sözügedən müsabiqə bu istiqamətdə
davamlı irəliləyişə nail olmaq baxımından
mühüm rola malikdir
Müsabiqənin şərtləri
və qaydaları necə müəyyənləşdirilib?
Müsabiqə
ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin
iştirakı ilə keçirilir. Müsabiqədə
iştirak könüllü xarakter daşıyır. Müsabiqə məktəb, rayon (şəhər),
ölkə üzrə olmaqla 3 mərhələdə təşkil
edilir. Müsabiqə, bir qayda olaraq, dərs
ilinin noyabr ayında başlayıb aprel ayında
yekunlaşdırılır. Mərhələlər
həmin müddətə uyğun olaraq müəyyənləşdirilir.
Məktəb mərhələsi, rayon (şəhər)
mərhələsi, ölkə mərhələsi və məktəb
mərhələsi. Sonuncu mərhələdə
əsasən, bədii əsər oxumağa meyl və maraq
göstərən, Azərbaycan və dünya ədəbiyyatı
nümunələrini davamlı mütaliə edən
şagirdlərin aşkara çıxarılmasına həsr
edilir.
Şagirdlər
tərtib olunmuş sorğu vərəqlərindəki
müvafiq sualları oxuduqları əsərlər, onların
müəllifləri, hər bir əsərin mövzusu,
ideyası, tərbiyəvi əhəmiyyəti və s.
yazılı cavablandırır, təəssüratlarını
qısa qeyd edirlər.
Şagirdlərin cavabları məktəb direktorunun əmri
ilə yaradılmış işçi qrupu tərəfindən
təhlil olunur, eyni adlı əsərlər üzrə
ümumiləşdirmə aparılır, daha çox
mütaliə etmiş şagirdlərin adlı siyahısı
hazırlanır. Siyahıdakı şagirdlərin
adının qarşısında mütaliə etdikləri əsərlər
müəllifləri göstərilməklə qeyd olunur.
Göstərilən əsərlərin şagirdlər tərəfindən
həqiqətən mütaliə olunduğunu dəqiqləşdirmək
üçün zəruri hallarda işçi qrupu tərəfindən
bu əsərlər üzrə müvafiq suallar hazırlanır
və onların əsasında məktəbdə viktorinalar,
test yoxlamaları və başqa bu kimi tədbirlər təşkil
olunur. Həyata keçirilən tədbirlərin nəticəsi
olaraq, hər məktəbdən ən çoxu 3 nəfər
şagird seçilərək onların adlı
siyahısı təqdim edilir.
Müsabiqənin yekun turu Bakı şəhərində
təşkil olunur. İştirakçılar 3 variantda təklif
olunmuş mövzulardan birini seçərək inşa
yazır, həm də sorğu vərəqində onlara təqdim
olunan 10 sualı yazılı cavablandırırlar. Suallar Təşkilat Komitəsinin təyin etdiyi
mütəxəssislər tərəfindən 2 variantda
hazırlanır. Hər iki
tapşırıq şagird dəftərində yerinə
yetirilir. Tapşırıqları
münsiflər heyəti yoxlayıb müəyyən
edilmiş meyarlar əsasında qiymətləndirir. İnşa yazı 10 ballıq şkala üzrə,
10 sualın hər biri maksimum 10 balla qiymətləndirilir.
Hər bir iştirakçının yekun balı
həmin iki tapşırığa verilən balların cəmi
hesab olunur. Müsabiqədə mükafata layiq
görülənlər (I, II, III yerlər) haqqında qərar
Təşkilat Komitəsi tərəfindən qəbul edilir.
Əzbərçiliyə meyil
şagirdlərin əlavə oxuya marağını zəiflədir
Təhsil eksperti Kamran Əsədovun sözlərinə
görə, orta ümumtəhsil məktəblərində tədris
aparılan fənlər üzrə şagirdlər həmin məlumatları
tam olaraq mənimsəyə bilmirlər. Yəni hər
hansı bir fənn üzrə bu və ya digər formada dərinləşmiş
biliyə malik deyillər. Ona görə də müəyyən
fənlər üzrə xüsusi bilik
yarışlarının, tədbirlərin bu və ya digər
formada əlamətdər günlərin keçirilməsi
şagirdlərə həmin sahələr üzrə dərinləşmiş
biliklərin öyrədilməsinə xidmət edir:
"Sözün açığı, müşahidələr
göstərir ki, şagirdlərimizin özünüifadəetmə
bacarıqları aşağı səviyyədədir. Yəni onların daha çox əzbərçiliyə
önəm vermələri şagirdlərin əlavə oxuya
marağının zəifləməsinə səbəb olur.
Digər tərəfdən də bu gün orta ümumtəhsil
məktəblərində təhsil alan
şagirdlərimiz daha çox ali məktəblərə qəbul
imtahanlarına hazırlaşırlar. Bu səbəbdən
də onlar əlavə oxu materiallarından istifadə etmirlər,
mütaliələri zəif olur, əlavə kitablar oxumurlar.
Bu səpkidə yarışların
keçirilməsi şagirdlərin mütaliə qabiliyyəti
və özünüifadəetmə bacarıqlarının formalaşdırılmasına
xidmət edir. Təbii ki, "Ədəbiyyat
biliciləri" adı altında keçirilən
yarışda da ədəbiyyat sahəsi ilə bağlı
daha geniş məlumatları əldə etmək
üçün şagirdlərə yaradılan bu imkandan
maksimum dərəcədə istifadə etmək
lazımdır. Bu kimi bilik yarışlarının
keçirilməsini yalnız alqışlamaq və müsbət
qarşılamaq lazımdır".
Ekspert onu
da qeyd edib ki, bu yarışlardan orta ümumtəhsil məktəblərinin
heç birinin kənarda qalmamasını da təmin etmək
üçün müəyyən profilaktik işlərin
görülməsi vacibdir: "Fikrimcə, bura təkcə
yuxarı sinif şagirdləri yox, 1,6 milyon
şagirdin hamısı cəlb olunmalıdır ki, onlarda
bizim istədiyimiz intellektual səviyyənin inkişafı həyata
keçirilsin. Çünki ədəbiyyat
birbaşa özünüifadəetmə
bacarığının formalaşmasına xidmət edən
bir fəndir. Yəni şagirdlərin
hansısa bədii əsərlər vasitəsi, mütaliə
imkanları ilə özünüifadə vərdişinin
formalaşmasını da təmin etmək
mümkündür. Biz bu gün
narahatıq və narazılıq ifadə edirik ki, şagirdlərin
bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir.
Təbii ki, bunu könüllülük prinsipi
ilə həyata keçirmək olar. Əgər
biz bunu qəbul imtahanlarına salırıq və yenə
salacağıqsa, uşaqlar o zaman oxuyurlar. Biz bununla bağlı nə qədər çox
yarışlar, olimpiadalar, tədbirlər keçirsək,
bunu qarşımıza hədəf kimi qoysaq, bir o qədər
çox şagirdi bura cəlb etmiş olarıq. Düşünürəm ki, burada bu
yarışların, tədbirlərin nəticələrinin
orta ümumtəhsil məktəblərinin məktəbdaxili
qiymətləndirmə sisteminə təsiri olmalıdır.
Belə ki, bu kimi yarışlarda seçilən
şagirdlər məktəbdaxili qiymətləndirmə
prosesində xüsusi imtiyazlara sahib olsalar, bu da onların əlavə
oxu materiallarına, bədii ədəbiyyata
marağını stimullaşdırmaq üçün səbəb
olar. Eyni zamanda, bu kimi yarışlarda fərqlənən
ədəbiyyat bilicilərini və yaxud digər fənlər
üzrə olan seçilmiş şagirdlərə ali məktəblərə qəbul zamanı da
güzəştlər etmək mümkündür. Onların bu kimi yarışlarda, olimpiadalarda əldə
etdikləri uğurların nəticəsini nəzərə
almaq da olar. Yəni bu olimpiadalarda əldə
olunan uğurlar buraxılış imtahanlarının nəticələrinə
təsir göstərərsə, şagirdlərin bu
yarışlara qatılması kütləvi hal alar, eyni
zamanda, məsuliyyət və iddia çoxalar. Yəni təkcə tədbir xatirinə bunları
etmək lazım deyil. Mütəmadi olaraq
şagird nailiyyətlərinin, şagirdlərin bu sahədə
oxumalarının nəticələrini təhlil etmək
lazımdır. Hesab edirəm ki, müzakirə
məsələləri daha da çoxalsa və bu tipli tədbirlər
mütəmadi olaraq hər ay keçirilsə, şagirdlərin
intellektinə müsbət mənada təsirini göstərəcək".
Yeni mütaliə mədəniyyətini
formalaşdıran müsabiqələrə böyük
ehtiyac var
Təhsil eksperti Məlahət Mürşüdlü
hesab edir ki, şagirdlərin mütaliəsinin yüksəldilməsində
müsabiqələrin rolu böyükdür. Təkcə nəsr
və nəzm əsərlərinin deyil, həm də dəqiq
elmlərlə bağlı mütaliə biliyin əsasıdır,
başlanğıc hissəsidir. Mütaliənin gələcəkdə
elmin və ədəbiyyatın, ümumilikdə cəmiyyətin
inkişafına çox böyük təsir göstərəcəyini
vurğulayan ekspert Təhsil Nazirliyinin bununla bağlı təşəbbüsünü
alqışladığını deyib:
"Düşünürəm ki, yeniyetmə və gənclərin
zehni inkişafını gücləndirəcək və yeni
mütaliə mədəniyyətini formalaşdıran
müsabiqələrin keçirilməsinə böyük
ehtiyac var. Çünki mütaliə dövlətimizin əsasını
gələcəkdə təşkil edəcək gənclərin
formalaşdırılması deməkdir".
M.Mürşüdlü vurğulayıb ki, insan zəkasının
inkişafında müstəsna rol oynayan mütaliə eyni
zamanda, onun mənəvi inkişafı, digər insanlarla
münasibəti, gündəlik hadisələrə
baxış tərzi, qərarların verilməsi və sair məsələlərdə
də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim
zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən
fərqlənmiş, sayılıb-seçilən olmuşdur.
Bu da onların mədəni səviyyələrindən
qaynaqlanmışdır. Bu səviyyəni
isə onun mənəvi zənginliyi və bu zənginliyi ona
qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə
oxuma-yazma bilənlərin sayı nə qədər çox
olarsa, o cəmiyyət daha çox inkişaf səviyyəsinə
malik olar, digər cəmiyyətlərlə təması
zamanı öz dəyərləri ilə seçilər.
"Ədəbiyyat biliciləri"nin qalibi olmaq hər bir şagird
üçün böyük fəxrdir
"Ədəbiyyat
biliciləri" müsabiqəsinin qaliblərindən Aybəniz
İsmayılova deyir ki, "Kitab oxumağı
alışqanlıq halına gətirmiş insanlar bunun
üçün xüsusi vaxt ayırmaz hər fürsəti
dəyərləndirərlər. Onlar yol gedərkən,
birini gözləyərkən, səyahətə
çıxarkən və mümkün olan hər vəziyyətdə
oxuyacaqları kitabı yanından ayırmazlar. Kitab oxuma alışqanlığı insanda tərbiyəvi
bir xüsusiyyətdir. Bir çox məsələ
kimi bu da insanda kiçik yaşlarından formalaşır.
Uşaqlar anlamasalar belə, valideynləri
onların yanında uca səslə kitab oxuduqda, körpə
yaşından kitablara sevgi yaranır. Mən
də kitabı, kitab oxumağı çox sevən
insanlardanam. Xüsusilə də Azərbaycan
və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin yaradıcılıqlarını
oxumağı çox sevirəm. Ona
görə də Təhsil Nazirliyi tərəfindən
keçirilən "Ədəbiyyat biliciləri"
müsabiqəsində böyük həvəslə iştirak
etdim. Birinci dəfə ikinci, ikinci dəfə
isə birinci yeri qazandım. Bu müsabiqənin
qalibi olmaqdan qüruru duyuram. "Ədəbiyyat biliciləri"
müsabiqəsinin şagirdlərin Azərbaycan və
dünya ədəbiyyatı ilə tanış
olmasında, onlarda mütaliə, oxu mədəniyyətinin formalaşmasında
böyük rolu var. Bu müsabiqə şagirdlərdə
mütaliə vərdişləri aşılayır. Məncə, "Ədəbiyyat biliciləri"
müsabiqəsinin qalibi olmaq hər bir şagird
üçün böyük fəxrdir".
Sevinc QARAYEVA
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
525-ci qəzet.- 2020.- 18 sentyabr.- S.13.