Bulud MURADİ

 

1980-ci ildə Miyanada anadan olub. Alitəhsillidir. İndiyə qədər iki kitabı nəşr olunub. Hazırda Tehran şəhərində yaşayır.

 

Payız

 

Açıram pəncərəni

aynanın arxa küçələrinəcən...

Payız oluram sənsizlik

yığdığım bütün nömrələrdir.

Payızdır yatağım,

şəhərin ortasında

açarsam - gözlərimdən

dağılır bu qatil saçların.

Payız kimi tökülürəm çiyninə.

Hər səhər darayanda yalqızlığını

aynada tərsidir şeir.

Ayaqüstü sevgilər kimi

güzgüləri bağla, bitsin.

Saçlarından başlanır payız...

Qış...

eşq bu mahnı

 

Xatırladığın əvvəl mahnıyam,

Zil səsləri ilə küçələr

məni oxuyar.

Evin boğazın

gələn qəm kimi

Səni dünya gəyirəndə

Bilməzsən hara gedəsən, kimə mesaj atasan.

Sənə adlar ədədlər arxasını çevirər

Onda əvvəl yadından çıxan mənəm

baqqallara da durub salam vermək istərsən,

havaların isti-soyuğundan danışarsan,

Yeyin sovuşarsan qəzetlərin qabağından

xəbərləri yubadarsan bir vida kimi.

Sənə gözaltı baxıb ah çəkən ağacdan,

anandan gözlərini qaçırdanda

Məni xatırlama

Son yol ağladığın kimi

Ağlarsan...

... eşq,

bu mahnı

Öz başına...

rep üzərində...

Sən ölüm

 

Əllərin əcəmi,

Gözlərin xalq ədəbiyyatı qədər qara

Ölürəm ha, ağlarsam səni.

Türkcə gül biraz,

Bütün dağların adını bacarırsansa,

döydür adını qəlbimə,

kimsəyə söyləmə gördüyün bu yağışları

(Sönər böyük şəhərin işıqları

Süper marketlər boşalar sözcükdən

Ac qalar həmşəhrilər birdən)

 

Ölümün plastik saçları şərab rəngində

Çinli bir gəlincikdir cinli...

Kökü qırılmış

durmadan eyni bir mahnı çalır.

 

Bəri baxma!

Pəncərələri, ulduzları səni çəkib aparar

bu ərəbcə ölüm...

Kəs saçlarını kimsə tanımasın səni!

Həyat

 

Yuxulu bir bulaq yaşayır qucağımda, bax!

Sənin yerində

Həyat ovuclarımda açır çiçəklərini...

Çətir açıram -

Hardasa, yağan yağışların ehtiramı ilə.

Əriyir ürəyimdə,

Süzürəm fincanlara yoxluğunu

Sağlıq verirəm yellərə adını,

Cızıram mıxla havaya, yırtılır gecə

damırsan,

Boğulur yakamoz gözlərinin       

Qara dənizində batmış gəmilər

səni yuxu görürlər.

Qurtulur fincanın içində fırtına

Atəş, həyat...

Həyat yoldaşının

ağrıyan yumruqlarıdır həyat!

Utancaq bir qönçədir -

gözlərinin altında göyərir

Ağrıdan göyərir, gülüm!

Ağrıdan...

Baxmıram!..

 

Fuad Esmira Filologiya elmləri doktoru

 

 

525-ci qəzet.- 2020.- 11 sentyabr.- S.14.