Rənglər dirijorunun
"Muğam"ı
Bir rəsmin dedikləri
Rubrikamızın budəfəki qonağı
Azərbaycan Dövlət
Rəsm Qalereyasının
direktoru Qalib Qasımovdur. Qalib müəllimlə Toğrul Nərimanbəyovun
"Muğam" əsəri
haqqında danışdıq.
- "Muğam"dakı
Toğrul Nərimanbəyov. Bu barədə nə deyə bilərsiniz?
- Toğrul Nərimanbəyov
Azərbaycanın ən
tanınmış, milli
ruhlu rəssamlarından
biri idi. Toğrul Nərimanbəyovu
şəxsən tanımaq
mənə müyəssər
olub. O, bütün
varlığı ilə
vətənə bağlı
bir insan idi. Dünyanın bir çox ölkələrində olmasına
baxmayaraq, milli köklərimizə daim bağlı olub, milli
təsəvvür, milli
fikir yaradıcılığında
mühüm yer tutub. Ümumiyyətlə, onun təfəkkür
tərzi Azərbaycan adət-ənənələri üzərində
qurulmuşdu. Toğrul
Nərimanbəyov bütün
kubarlığı, şəxsiyyəti,
yaradıcılığı, bir sözlə, bütün varlığı
ilə vətənə
bağlı adam
idi. Bu bağlılıq
təkcə vətən
yox, həm də bəşəri dəyərlərə bağlılıq
idi. "Muğam" əsərində
də bu bağlılığın təsirini
görürük. Əsər məişət
janrındadır. 170
smx200 sm ölçüsündədir.
Hazırda Milli İncəsənət
Muzeyində saxlanılır.
1965-1966-cı illərdə
çəkilib.
- Ötən əsrin altmışıncı
illərdə muğam
indiki kimi təbliğ olunmurdu. Düşünürəm ki,
o dövrdə muğamın
təsviri də cəsarət tələb
edirdi.
- Elədir. Sözsüz ki, altmışıncı
illərdə əslini
milli köklərdən
götürən motivlərin
təsvir müstəvisinə
daşınması o dövrün
rəssamları üçün
həyati məsələ
idi. Toğrul Nərimanbəyovu zamanında millilikdən uzaq, sosialist realizminin qaydalarına tabe olmayan, ümumi
bir mənası olmayan əsərlər yaradan rəssam kimi haqsız tənqidlər olunurdu.
Ancaq o, deyilənlərin əksinə
olaraq, milli ruhu öz yaradıcılığında
daim hiss elətdirirdi.
Əlbəttə, bu da çox böyük cəsarət tələb
edirdi. Hətta deyərdim ki,
belə əsərlər
yaratmaqla o, karyerasını
sual altında qoyacaq risklərə gedirdi.
- Rəsmə baxdığımız zaman
diqqətimizi çəkən
məqamlardan biri də rəsmin sol küncündə əlində
nar tutan qız uşağıdır.
Nərimanbəyov deyəndə ağlıma
ilk olaraq nar gəlir. Odur ki, rəsmdə narın olmasını qəribsəmirəm. Ancaq muğam
üçlüyünün yanında qız təsviri tamaşaçıda
sual yaradır.
- Biz rəsmə baxan zaman muğam üçlüyü, onların
ayağının altındakı
xalçalar və küncdə dayanan qızı görürük.
Əsərin marşrutu təxmini
belədir. İlk növbədə
onu qeyd edim ki, Nərimanbəyovun
əsərlərində hər
detalın öz mənası var. Baxın,
muğam üçlüyünün
simasında emosional təsir var. Qızcığaz
isə sanki nəsə düşünür.
Təmkinli və düşüncəli
təsir bağışlayır.
Bir sözlə, muğam üçlüyü ilə
qızın üzündəki
ifadə təzad təşkil edir. Bu da rəssamlıqda
istifadə olunan bir tərzdir. Rəssam əsərin ideyasını
çatdırmaq üçün
ədəbiyyatda olduğu
kimi, bədii təsvir vasitələrindən
istifadə edir. Təzad da onlardan biridir.
Ancaq bu təzad təkcə
ifadə vasitəsi olmaqla məhdudlaşmayıb,
həm də fəlsəfi mənadan xəbər verir. Sanki muğamın insanda yaratdığı təsir qızcığazın
simasında təzahür
edir. Digər maraqlı bir
məqam isə qızcığazın geyimindəki
milli ornamentlərdir.
Ümumiyyətlə, rəsmdəki geyimlər
çox mətləblərdən
xəbər verir.
Bu rəsmin çəkildiyi
dövrdə muğam
gerilik, köhnəlik
kimi təbliğ olunurdusa, rəssam üçlüyü kostyumda
təsvir etməklə
muğamın müasirliklə
olan vəhdətini də göstərirdi.
- Sizcə, təsvir olunan muğam üçlüyü
konkret kimlərinsə
təsviri, yaxud imitasiyası ola
bilərmi?
-
Əlimizdə bunu təsdiqləyəcək hər hansı
bir məlumat yoxdur. Əsər haqqında kifayət qədər
yazan, araşdıranlar var.
Zamanında Drujinina, Aleksandr
Komenski, Möhbəddin Səməd rəsm
barədə yazıblar. Onların qeydlərində də hər
hansı konkret şəxslərin təsvir
olunması ilə bağlı məqama rast
gəlmirik. Düşünürəm ki,
təsvir olunan üçlük
rəssamın düşüncəsinin məhsuludur. Nəzərə
alsaq ki, Nərimanbəyov
muğamı çox sevirdi,
o zaman belə bir təsvirin təfəkkürdən
yaranması da təəccüb doğurmur.
- Əsərin rəng koloriti barədə
nə deyə bilərik?
-
"Muğam"ın rəng həlli onun kompozisiya
quruluşundan irəli gəlir. Biz bu rəsmdə Nərimanbəyov
yaradıcılığında mühüm
yer tutan al-əlvan rəngləri,
həmçinin, bu rənglərlə təzad
təşkil edən tünd rəngləri
görürük. Burada
mövzunun diktəsi də böyük rol oynayır.
Əgər geyimlərdə al-əlvan rənglərin təsviri
varsa, arxa fonda qasırğaya bənzər rənglər
muğamın aliliyindən xəbər verir.
Muğam sufilərin musiqisi
olub, həm də bəşəri xarakter daşıyır. Toğrul
Nərimanbəyov muğamın sehrindən və
gücündən xəbərdar adam idi. Odur ki,
tünd rənglər fonunda
biz bu məqamı duya bilirik. Ümumiyyətlə,
o, rəsmdə rənglərin
seçiminə və vəhdətinə çox
böyük önəm verirdi,
rəsm çəkərkən sanki dirijor kimi rəngləri
idarə edirdi. Mən onun
tələbələrindən biri olan Fikrət İbrahimlinin xatirələrində Nərimanbəyovun
tələblərinə rənglərlə necə işləmələri
barədə verdiyi məsləhətləri
oxumuşam. Rəssam qeyd edir ki,
Nərimanbəyov rənglərlə işləyən zaman ixtiyari iki rəngin yanaşı verilməsinə
qarşı çıxmırdı. Ancaq
bu iki rəng
seçilərkən elə seçilməli idi
ki, əsərin ümumi
forma və məzmununa, ideyasına xələl
gətirməsin. Yəni rəng seçimi
təsadüfi bir şey
olmamalıdır. Biz onun
dediklərinin bu rəsmdə öz əksini tapdığının şahidi oluruq. Bu əsərdə rəng qamması,
palitrası ilə muğamın mahiyyəti, fəlsəfəsi
vəhdət təşkil edir.
- "Muğam" bizə nə deyir?
-
Əgər fikrimi bir cümlə ilə ifadə etməli
olsam, rəssam burada muğam sənətinin əbədiyaşarlığını
və onun ilahi müstəvidə bir musiqi olduğunu göstərməyə
çalışıb.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 30 sentyabr.-
S.21.