Bakının əbədi müasiri -
böyük memar Qoslavski
DƏRİN
MİNNƏTDARLIQLA XATIRLADIĞIMIZ İOSİF QOSLAVSKİ
RUHƏN BAĞLI OLDUĞU PAYTAXTIMIZA NADİR MEMARLIQ
İNCİLƏRİ BƏXŞ EDİB
Bakı
Şəhər İcra Hakimiyyəti, Əlyazmalar
İnstitutu, Azərbaycan Tarix Muzeyi binalarını
bütün gözəllik və əzəmət ilə
gözünüzün qabağına gətirin... Onlarsız Bakını təsəvvür etmək
çətin deyilmi?! Və bu nadir
arxitektura incilərinə baxanda istər-istəməz
onların müəllifi sayılan memarını da hörmətlə
xatırlamalı olursan. O böyük memar Polşa əsilli
İosif Qoslavskidir.
İosif Qoslavski 1865-ci ildə Varşavada, zadəgan ailəsində
dünyaya gəlmişdi.
1890-cı
ildə I Nikolay adına Peterburqda mülki
mühəndislər institutunu bitirdikdən sonra 1891-ci ildə
çar onu əhali arasında "qızıllı kilsə"
deyilən Aleksandr Nevski kilsəsinin tikintisi üçün
Bakıya göndərilir.
Hökumətin yerli müsəlmanlarla on illik mübahisələrindən
sonra köhnə müsəlman qəbiristanlığı ərazisində
hələ 1888-ci ildə çar III Aleksandr tərəfindən
kilsənin təməli qoyulmuşdu. Tikinti zamanı ləngimələr
baş verdiyindən kilsənin memarı alman Marfeldə,
Qoslavski köməkçi təyin edildi. Onun
gəlişi ilə kilsənin tikintisi sürətləndi və
göstərdiyi əzmkarlıq gənc memara köməkçidən
çox tikilinin ikinci müəllifi hörmətini
qazandırdı. 1898-ci ildə Qafqazın ən
böyük kilsəsi dindarların ixtiyarına verildi. Təəssüf ki, bu tarixi memarlıq incisi
1936-cı ildə bolşeviklər tərəfindən dinamitlə
partladılıb yox edildi.
İşə başladığı ilk gündən
bacarıq və qabiliyyəti ilə seçilən Qoslavski
1892-ci ildə Bakı şəhərinin baş memarı vəzifəsinə
gətirilir.
Azərbaycan Dövlət Tarix Arxivində qorunan Bakı
şəhər İdarəsi fonduna dair (Fond 389, siy.8,
sax.vah.518) "İ.V.Qoslavskinin şəhər arxitektoru təyin
edilməsi barədə ərizəsi, məsələ
haqqında yazışma və xidməti
kitabçası" adlı saxlama vahidində bu haqda müfəssəl
məlumatlar var. 25 noyabr 1892-ci ildə Qoslavski Bakı şəhər
başçısına ərizəsində şəhərin
arxitektoru xidmətində işləməyi özünə
böyük şərəf sayacağını qeyd edir. Üç
gün sonra, 28 noyabrda Bakı şəhər
Upravasının qərarı ilə ona arxitektor səlahiyyəti
verilir.
O,
1893-cü ildə şəhərin mərkəzi küçələrində
3 ədəd ikimərtəbəli yaşayış
binası, Tağıyevin sarayının və Mərdəkandakı
bağının layihələrinə imza atır. 1894-cü ildə isə 2 ədəd üçmərtəbəli
yaşayış binası ilə yanaşı,
Tağıyevin bağçılıq məktəbini təhvil
verir. 1895-ci ildə 5, 1896-1899-cu illərdə
isə 10 layihəyə imza atmışdır. Bu səbəbdən də onu dövrün mətbuatında
italiyalı heykəltəraş və memar Karlo Bartolomeo
Rastrelliyə bənzədib "Qafqazlı Rastrelli"
adlandırırdılar. Qoslavskinin layihələri
arasında Tağıyevin tikdirdiyi qızlar məktəbinin
binası (indiki Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutu), Bakı şəhər Dumasının binası
(indiki Bakı şəhər İcra Hakimiyyəti),
Zığ qəsəbəsindəki Tağıyevin toxuculuq
fabriki, Qara şəhərdə zavod, Bakı texniki peşə
məktəbinin (indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti) binası ən uğurlularından idi.
Şəhər
memarı vəzifəsində işləmək şəhərin
inşa təcrübəsi ilə yaxından tanış
olmağa, onun memarlığının ehtiyac və problemlərini
daha dərindən öyrənməyə böyük imkanlar
açırdı. Tətbiq etdiyi
memarlığın əsaslarını klassik təmayüllü
memarlıq prinsipləri təşkil edirdi. Şəhər ətrafı tikintilər zamanı
klassik üslublu və ahəngdar relyef detalları ilə
seçilən dəbdəbəli əhəngdaşından
yararlanaraq sərbəst və dürüst kompozisiyalar
yaradırdı.
İ.Qoslavski, digər bakılı memarlar kimi
yonulmamış daşla hörgüdən müxtəlif
variantlarda geniş istifadə edirdi. Bu material fasad
divarlarının qabarıq hörgüsü ciddi və
möhtəşəm forma yaratmağa imkan verirdi. O,
qotika, barokko, klassisizm memarlıq üslublarından
bacarıqla istifadə edirdi.
Şəhər memarlığında ənənəyə
çevrilən klassik element və motivlərin istifadəsi
Qoslavski memarlığı üçün də əsas xətt
olmuşdu. Böyük yaradıcı fantaziya və bədii
istedada malik olan Qoslavski, öz layihələrinin klassik
formalarını təcəssüm etdirmək
üçün yerli əhəngdaşının
üstünlüklərini anladı və ustalıqla qiymətləndirdi.
O, əsl sənətkar qəlbinin ehtirası ilə onları
qrafik cəhətdən məharətlə yerinə yetirirdi. Klassik təmayülün pərəstişkarı
olan memar öz yaradıcılığında XIX əsrin
ikinci yarısında geniş yayılmış başqa
üslub istiqamətlərindən də lazımi dərəcədə
bəhrələnirdi. Onun 1893-cü ildən
1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti
bu gün də hər bir kəsi heyran edir. Yeddi il ərzində Qoslavski, 1898-ci ildə
tamamlanmış Aleksandr-Nevski kilsəsindən əlavə,
on iki böyük, əsaslı obyekti layihələndirmiş
və tikmişdi.
Klassika Qoslavski yaradıcılığına zövq və
dünyagörüş baxımından ən yaxını
idi. Özünün bütün işlərində
Qoslavski onun estetik imkanlarını göstərməyə
çalışırdı. Bu zaman memar
onun qanunauyğunluqlarını özü bildiyi kimi, yerli
mühitin yeni şərtlərini nəzərə alaraq dəyişirdi.
Nəticədə Avropa və Şərq
memarlığının təkrarsız sintezinin
alınmasına nail olurdu.
O,
Bakıda işləməyə başladığı vaxtdan
istedadlı və novator olmasına görə Bakı
milyonçusu, neftxudası və böyük xeyriyyəçisi
Hacı Zeynalabdin Tağıyevin diqqətini hamıdan tez cəlb
etmişdi. Odur ki, milyonçular arasında
Qoslavskiyə birinci layihə sifarişini Tağıyev
vermişdi.
Binalar tikildikcə Tağıyev İosif Qoslavskinin
istedadına heyran qalırdı və bu səbəbdən ona
ard-arda müraciətlər edirdi. Ona görə də
Qoslavskinin imzası olan layihələrin arasında
Tağıyevə məxsus tikililərin sayı daha
çoxdur.
1892-ci ildə
Qoslavski Tağıyevin sarayının tikintisinə
başlayır və üzərində təxminən on il işləyir. Bu bina Qoslavskinin
fəaliyyəti illərində aldığı ilk sifariş
idi. O, sarayın layihəsində şərq elementlərindən
də yetərincə və dəqiqliklə istifadə edir. Binanın tikintisi 1902-ci ildə başa
çatır. Möhtəşəm saray
1921-ci ildən indiyə kimi Milli Azərbaycan Tarix muzeyi kimi fəaliyyət
göstərir.
Tağıyevin
Poçtovı küçəsində daha bir ikimərtəbəli
yaşayış evi (1893-95), Mərdəkan kəndindəki
villası (1893-95), Zığ kəndində toxuculuq fabriki
(1896-99), Tağıyevin qadın müsəlman məktəbi
(1898-1901), Tağıyev teatrının binası (1899-1904)
layihələrinin həyata keçməsi arxitektorla mesenat
arasındakı isti münasibətdən, dostluqdan xəbər
verir.
Tağıyev təkcə öz sifarişlərində
yox, Qoslavskinin bir çox digər layihələrinin də həyata
keçirilməsində köməyini, maddi dəstəyini əsirgəməmişdi. Bakı orta
texniki məktəbinin (indiki Dövlət Neft və Sənaye
Universiteti) əsas binası Qoslavski tərəfindən əslində,
H.Z.Tağıyevin vəsaiti hesabına tikilmişdi. Bu bina ətrafdakı tarixi tikililərə
münasibətdə məsuliyyətli planlaşma mövqeyi
tutur. İnqilabdan əvvəlki
Rusiyanın tədris müəssisələrinin ən
yaxşı ənənələrinə uyğun olaraq
tikilmiş məktəbin ikimərtəbəli binasında
memarlıq kompozisiyasının klassik üsullarından
münasib qaydalarla istifadə edilib. Məktəbin
binası daxilən olduqca gözəldir və Qoslavskiyə məxsus
memarlıq təfsilatları incə və aydın cizgilərlə
seçilir.
Qoslavskinin yeddi illik yaradıcılıq işlərinin
arxasında layihələşdirilmiş binaların geniş
diapazonu olub. Bunu onun müəllif olduğu müxtəlif sahəli
səhiyyə, ictimai-tədris, yaşayış evi və sair
məqsədli binalar üçün çəkdiyi layihələr
təsdiq edir. Buna misallar kimi 1899-cu ildə
tikilən Torqovı küçəsindəki (indiki Nizami)
İmperator rus texniki cəmiyyətinin Bakı şöbəsinin
binasını və 1902-ci ildə sifariş edilmiş,
Bakının varlı və zadəgan sakini Teymurbəy
Aşurbəyovun yaşayış binasını da göstərmək
olar.
Eyni
zamanda, Azərbaycan Dövlət Tarix Arxivində saxlanılan,
Bakı quberniyasını şəhər işləri
üzrə idarəsi fonduna aid (Fond 50, siy.1, sax.vah.41),
"Bakı şəhər dumasının iclasları
jurnalı (1895-1898)" saxlama vahidindəki şəhər
arxitektoru Qoslavski tərəfindən tərtib edilən
Mixaylovski xəstəxanasının yoluxucu xəstəliklər
şöbəsi layihəsinin surətini bu mənada daha bir
sübut kimi də təqdim etmək olar.
Böyük
arxitektorun son yaradıcılıq işi Bakı şəhər
Duması binasının layihəsi (indi Bakı şəhər
İcra Hakimiyyəti yerləşir) oldu. Barokko stilində
inşa edilən binanın tikintisinə 1900-1904-cü illərdə
rəhbərlik edir. O, çox arzulayırdı ki, bu bina
Bakının əfsanəvi zənginliyini əks etdirməklə
şəhərin rəmzinə çevrilsin, şəhərin
ən gözəl memarlıq abidələrindən biri olsun.
Demək olar ki, bu istəyinə müvəffəq də olur.
Lakin vərəmdən əziyyət çəkən, ona əhəmiyyət
verməyib sevdiyi sənətindən ayrılmayan Qoslavski təəssüf
ki, işini tamamlaya bilmir, 1904-cü ildə Bakıda vəfat
edir, başladığı işini isə həmyerlisi
İosif Ploşko davam etdirir. Bina 1912-ci ildə tamamlanıb təhvil
verilir.
Qoslavski
Bakıda az bir müddət çalışa bilsə də,
mənalı yaradıcılıq fəaliyyətinə
görə geniş tanındı, sevildi və çox təəssüf
ki, cəmi 39 yaşında - hələ cavan ikən vəfat
etdi.
Xalqımız
Qoslavskinin xatirəsini hər zaman ürəyində
yaşatdığı kimi, dövlətimiz isə onun tarixi əməyini
yüksək qiymətlədirərək adının əbədiləşdirilməsi
üçün tədbirlər görüb. 31 may 2019-cu ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Polşa
Respublikasının Prezidenti cənab Anjey Dudanın
iştirakı ilə Bakıda Polşa memarlarının xatirəsinə
həsr edilən lövhələrin açılış mərasimi
keçirildi. Polşalı memarların adlarını əbədiləşdirmək
məqsədilə Bakının tarixi məhəlləsində
yerləşən küçələrdən birinə
"Polşa memarları" adı verilib. Buradakı
binaların birində polşalı memarlar - İosif Qoslavski,
Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin
adları həkk olunan xatirə lövhəsi və onların
memarı olduqları bir neçə binanın daşdan
yonulmuş şəkilləri vurulub.
Bu il İosif Qoslavskinin 155 illiyi tamam olur. Nə qədər ki, Qoslavskinin yaratdığı
tarixi memarlıq abidələri var, o, daim ruhən
bakılı böyük arxitektor kimi bizim müasirimiz olacaq.
Rövşən HƏSƏNLİ
Dövlət Tarix Arxivinin şöbə
müdiri
525-ci qəzet.- 2020.- 30 sentyabr.-
S.17.