O gün
Saat yeddiyə
işləmiş qəfil
silkələnən pəncərələrin
səsinə oyanıram. Sonra bu guppultu səsləri artmağa başlayır.
Hövlnak qalxıram. Ürəyim
titrəyir. Yatmış uşaqlara baxıb ağlıma gələn fikirlərdən xoflanaraq bir anlıq gözlərimi yumuram.
Sonra özümə təskinlik
verməyə başlayıram.
Sən neyləyirsən? İstədiyimiz bu deyildimi? Aprel döyüşləri, Tovuz
döyüşləri sənə
heç nə demədimi? - deyə pıçıldayıram.
Bir azdan sosial şəbəkəyə
üz tuturam.
Dostluğumda olan Ağdam, Ağcabədi, Laçın
sakinlərinin bu səslərdən qorxmadıqlarını,
Azərbaycan əsgərinə
olan inamlarını əks etdirən statusları məni bir az da ürəkləndirir. Bu arada Müdafiə
Nazirliyinin rəsmi saytına göz gəzdirirəm. Xəbəri oxuyunca yenə ürəyimdə bir həyəcan baş qaldırır. İtkilərin, yaralıların olduğu
ümumi şəkildə
qeyd olunub. Sayını öyrənə bilmədiyim
üçün narahat
oluram. Bir azdan internet də
kəsilir. Az sonra da təbii qazın
verilməsi dayandırılır
(qısa müddətə).
Əsəblərim tarıma çəkilir.
Bu nə deməkdir
axı? - deyərək içimdəki
şübhələrlə vuruşmağa başlayıram.
Evdə özümə yer tapmayıb həyətə
düşürəm. Hasarın o üzündən
qonşunun 4 yaşlı
oğlunun səsi gəlir:
- Ata.
- Hə, oğlum.
- Haydasan?
- Burdayam, həyətdə...
- Ata, dedtmə haa, mən bombadan qoooxuyam...
Ürəyim sıxılır. Müharibə uşaqları həmişə
mənim yaralı mövzum olub. Bugünkü gərginliyimə səbəb də məhz elə uşaqların yaşaya biləcəyi faciələr
idi. Yenidən evə girirəm.
Səssizcə öz geyimlərindən, ayaqqabılarından
ibarət düyünçə
yığan qaynanamın
hərəkəti mənə
bir az
qəribə gəlsə
də, sonra onu anlamağa çalışıram. Birinci Qarabağ
müharibəsi zamanı
əksər qohumlar məhz onların evinə sığınıbmış.
O çətinliyi, o ehtiyacı,
qaçqınçılığın nə olduğunu gözü ilə görüb izləmişdi.
Həmin
qorxunu hələ də yaşayan qadın bu dəfə
özünün də
hara isə gedəcəyini düşünürdü.
Bacardığım qədər onu
arxayınlaşdırmağa, getməyə qətiyyən
ehtiyac olmadığına
inandırmağa çalışıram.
Bir azdan anam zəng
vurur. Guya mənə ürək-dirək
verməyə çalışır.
Amma öz səsində sonuncu ümidini də dəfn etmiş kimi bir kədər var. Hər iki qadının
keçirdiyi hisslər
normaldır. Biz - orta
yaşlı nəsil
müharibənin verdiyi
acıların sadəcə,
görüntülərini yaddaşda
saxlamışdıqsa, indiki
yaşlı nəsil həmin acılarla mübarizə aparmış, onu dadmış, onu yaşamışdılar. Onların içində
həmişə "birdən
yenə elə olar" qorxusu olub və bu
qorxu qəlblərinin
dərinliyində əməllicə
kök salıb.
Əslində, özləri bunu
hiss etməyiblər. Amma
uzun illər sonra Ağcabədidəki davamlı
"gurultu-nərilti" səsləri
dərinlikdə gizlənən
qorxu hissini yenidən qabartmışdı.
Mən zarafatlar edərək onun əhvalını düzəltməyə, hər
şeyin əla olacağı haqqında guya məlumatlı olduğuma inandırıram.
Baxmayaraq
ki, mən də onun kimi
gələcək haqqında
məlumatsızam, onun
əhvalını düzəltmək
üçün dayanmadan
gülür, fikrini yayındırıram.
Sonra uşaqların
yatdığı otağa
keçirəm. Oğlum daş kimi yatıb. Qızım isə oyansa
da, azacıq belə təlaşı yoxdur. Sadəcə, bu səsin
nə olduğunu soruşur, mən də əsgərlərimizin
erməniləri qovduğunu
deyirəm. Gözünün içi gülür və baş barmağı ilə "əla" işarəsi göstərir.
İnternetin yoxluğu hər kəs kimi bizi
də televizordan asılı saxlayıb. Bir-birinin ardınca
verilən açıqlamalar,
daha sonra müəyyən kəndlərimizin
işğaldan azad edilməsi xəbəri isə evdəki gərginliyi tamamilə yumşaldır. Səhər süzdüyüm
çaydan bir qurtum ala bilməyən qaynanam artıq sakitləşib, hər kəs öz işi ilə məşğul olmağa
başlayır. Qardaşı
ilə oynasa da, televizordakı çıxışları gözdən
qoymayan qızım birdən məni çağıraraq
deyir:
- Ana, gəl, üzü bu tərəfə dur. Qaqa, sən
də anamdan bir addım geridə dayan.
- Susub təəccüblə
dediyinə əməl
edirik. Özü də sıramıza
qoşulur. Sağ
əlini göstərərək
deyir. - Bu əllərinizi
yuxarı qaldırın!
Sağ əlimizi qaldırırıq:
- Hə, indi bir
yerdə deyək:
"Biz birlikdə güclüyük!"
Qeyri ixtiyari bu balaca
liderin dediyini təkrarlayırıq:
- Biz birlikdə güclüyük!
Övladlarımın nikbinliyi artıq bütün həyəcanıma
son qoyur. Bir-birimizi qucaqlayıb möhkəm səslə gülərək
yenidən qışqırırıq:
- Biz birlikdə güclüyüüüük!
***
Həmin gün istər televiziya aparıcılarının, istərsə də bölgələrdən tez-tez xəbər verən müxbirlərin gərgin, davamlı fəaliyyəti də göz önündə idi. Axşama doğru artıq onların əksəriyyətinin şişkinlik yaranmış üz-gözündən yorğunluq, yuxusuzluq tökülsə də, iş başında idilər və internetin olmadığı yerlərdə əhalinin məlumatlanmasında, bununla da vətəndaşlar arasında gərginliyin aradan qaldırılmasında həmin gün əvəzsiz rol oynayırdılar.
***
Gecə qızımı yatmağa
apararkən qonaq otağında
işığın yandığını görürəm.
Ayaq saxlayıb otağın
qapısını açıram. Oğlum
aylardır unutmuş olduğu
bütün hərbi oyuncaqlarını
masanın üstünə yığıb. Şahmat
fiqurlarını da əsgər
oyuncaqlarına əlavə etməklə onların
sayını artıraraq qələbə ruhuna
köklənib. Ürəyim fərəhlə dolur.
Sağ əlimi hazır vəziyyətə
gətirib əsgəri salam verirəm:
- Salam əsgər!
Eyni
tərzdə salamımı alır.
Sonra
kiçik dialoqumuz olur. İndiyədək 7 kəndi azad etdiklərini söyləyir. Növbəti
hədəflərinin hara olduğunu
soruşuram.
"Şuşa"
- deyir. - Növbəti gün Şuşanı da azad edəcəyik.
Gülümsəyirəm:
- Mən buna inanıram!
Növbəti gün Şuşada
görüşənədək!..
Məhsəti MUSA
525-ci qəzet.- 2020.- 30 sentyabr.-
S.14.