Qars davası
1877-78-ci illər Rusiya-Türkiyə
müharibəsində türklərin
tərəfində vuruşaraq
həlak olmuş cavanların xatirəsinə
həsr edilmiş qəmgin, mərsiyə ruhlu şeir belə adlanır.
XIX əsrdə Rusiya
ilə Türkiyə arasında gedən müharibələrdə Azərbaycanın
bəzi xan və bəyləri, onların övladları hərbi dəstələr
təşkil edərək,
çar qoşunlarının
tərkibində türklərə
qarşı vuruşurdular.
Lakin əhalinin aşağı
təbəqələrindən olan xeyli cavan
isə gizlincə sərhədi keçərək
türklərə köməyə
gedirdi. Keçmiş İlisu sultanlığından
da belələri olmuşdur. Tədqiqatçı
alim, Azərbaycan Bədən Tərbiyəsi
və İdman Akademiyasının fəxri
professoru Rəsul Tahirzadə "Sarıbaş
və sarıbaşlılar"
kitabında (2013) yazır
ki, həmin müharibədə Qars qalasının müdafiəsində
Sarıbaşdan getmiş
12 gənc həlak olmuşdur.
Deyilənə görə, Qars qalasının hərbi komendantı, İslamı
qəbul etmiş Muxtar Paşa adlı erməni türklərə xəyanət
etmişdir. R.Tahirzadə "Qars davası"
şeiri barədə
yazır ki, xatirimdədir, nənəm
danışırdı ki,
bibisi Reyhanat cəhrədə ip əyirərkən gözlərindən
yaş axa-axa dodaqaltı bir şeir oxuyarmış.
Onun nişanlısı Qarsda həlak olmuşdu. Bu şeir Bakıda,
Şirvanda, Şəkidə,
Gəncədə, Naxçıvanda
yas mərasimlərində
mərsiyə kimi oxunarmış. XX əsrin əvvəllərində
şair, maarif xadimi Hacı Kərim Sanılı
(1878-1937) müəllifi naməlum
olan şeirin bir hissəsini nəşr etdirdiyi topluda vermişdir, lakin həmin kitabı tapmaq mümkün olmamışdır.
Şeirin bir hissəsi
də Azərbaycan Dövlət Arxivindən tapılmışdır. R.Tahirzadə şeirin yaşlı adamların dilindən qələmə aldığı
bəndlərini arxivdən
tapdığı ilə
birləşdirərək, yuxarıda adı çəkilən kitaba daxil etmişdir.
Qalanın başında toplar
quruldu...
İki nizam bir-birilə vuruşdu!
Alagöz
osmanlı tamam qırıldı!
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Atımı bağladım Qarsın
daşına,
Güllə atılanda dəydi
döşünə...
Nişanlımı qoyub getdim qoşuna,
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Qarsa getmək üçün
dağları aşdım,
Sıldırımlar keçdim, yollar dolaşdım.
Qafqazdanam,
türkəm: qaynadım,
daşdım.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan Muxtar paşa!
Cavan qalmadı!
Qalanın dibində qovdum
maralı,
Sarı
Moskov gəlir, cibi paralı...
Alagöz
osmanlı tamam yaralı...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Qalanın dibində yıxılıb
yatdım,
Yüzbaşı gələndə qan-tərə
batdım...
Anamı, bacımı Vətənə satdım...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Yeridim, yüyürdüm, yıxıldım, qalxdım,
Aynalı tüfəngi Moskova atdım...
Atamı unutdum, anamı atdım.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Güllələr sinəmdə, gözüm qaralı...
Dostlarım qırılıb, özüm yaralı,
Anamın səsinə könlüm daralı!
Bu nə yaman,
Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Əyil
dağlar, əyil! Üstündən aşım,
Yaram çox
sızlayır, necə
alışım?!
Qismət
deyil nazlı yarla danışım...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Özüm can üstündə, gözü yaşlıyam...
Al-qana boyanmış sarıbaşlıyam...
Xain fitnəsindən qəlbi daşlıyam!..
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Qalanın şəhidlər bölgəsindəyəm,
Bir Türk Bayrağının kölgəsindəyəm...
Fəxr edirəm, türkün ölkəsindəyəm...
Bu nə yaman,
Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Qalanın dibində bir nar ağacı,
Dənəsi şirindir, yarpağı acı...
Bir dərdə düşmüşəm, yoxdur əlacı!
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Tüfəngim qazıxdan asılı qaldı...
Boxçam sandıqlarda basılı qaldı...
Nişanlım da məndən küsülü qaldı...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Qalanın dibində bir bulaq axar...
Anam ağlar, bacım yollara baxar...
Nişanlım qəzəbdən dünyanı yıxar...
Bu nə yaman,
Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Anama deyin ki, atımı
satsın,
Aynalı tüfəngi çəngəldən
aşsın.
Nişanlım gözəldir, qardaşım
alsın.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Nişanlım gözəldir, qardaşım
alsın,
Qardaşım almasa, yoldaşım alsın.
Yoldaşım almasa, evimizdə
qalsın...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Atam başı uca məscidə getsin...
Anamın
naləsi fələyə
yetsin!
Bacım
dostlarımdan birinə
getsin...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi
Kor olasan, Muxtar paşa! Cavan
qalmadı!
Vaqif MUSAYEV,
Əməkdar jurnalist
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.23.