Süveydaya məktublar

 

Kitabdan parçalar

 

28-ci məktub

 

Yarım, gəl eşqi ikiyə bölək

sonrasını düşünmədən ölək.

 

İnsanın ömrünə ömür qatan sevgilidən alınan nəfəsdir, Süveyda;

Hər gün eşq atəşinə məruz qalan könül, qızğın dəmirə verilən su kimi vəsvəsələrə, iç dünyamızdan qəbullara gələcək hücumlara qarşı, qəlbi bərkidir.

Mənim könlüm sənin sevginlə o qədər çox dolub ki; gələ biləcək sitəmkar həsəd hücumlarına qarşı ən möhkəm qala divarlardan daha dözümlüdür.

Könül qalamı bir tək sən fəth edə bilərdin; onu da illər əvvəl bir baxışınla etdin, Sultanım. Mən artıq sənin əmrindəyəm; sən istə dövranı tərsinə döndərim.

Mənim adamı işıqlandıran və isidən günəş yoxdur. Adamdakı bütün məxluqat və nəbatət mənim kimi səninlə nəşvünüma  tapır, Sevgili.

Sən mənim həm günəşim, həm ayım, həm də qanımda gəzişən həyat sərvətimsən.

Gecələr sənin üzün qəmər şəklində göy üzündə canlanır və mən gözümü qırpmadan sənin o nurdan ay üzünü bir azca da olsa görə bilmək və sənin diqqətini çəkə bilmək adına, dilimdə sükut, könlümdə heyranlıq və rahatlıqla səni izləməkdəyəm.

Şəmsim də sənsən, ayım da sən; anım da sənsən, şanım da sən; sən mənim Ay üzlümsən, Sultanım.

Məhəbbət dənizinin məlum olmayan bir coğrafiyasında yerləşən və adı Süveyda adası olan adamın sahili, bildiyimiz sahillər kimi deyil.

Sahildəki qum dənələri büllurdan daha saf və incə. Hər bir qum dənəsi ürək çayımın hicran diyarından gətirdiyi və həsrət torpaqlarını anbaan suladığı göz yaşı damlalarımdır.

Məhəbbət dənizi daha çox sakit və durudur, Sevgili. Dalğalar sahilə doğru deyil, sahildən dəryaya doğru hərəkət edir; çünki dalğaları yaradan, zaman-zaman istəklə coşan və qabaran mənim ürəyimdir.

Bir neçə ildən bir sahilə vurur dalğalar; məhz bunlar sevgilidən gələnlərdir ki, o vaxt sükut borusu oxuyur adada.

Hər şey diqqət kəsilir və bir bayram havası içində məndəki və adadakı sevincə qarışıq rahatlığı görsən, ildə bir deyil, daha tez-tez və fasiləsiz dalğalar göndərərsən, Sultanım.

Arada bir sahilimə vuran dalğalar, sənin məndən xəbərdar olduğunu və bir gün mütləq adanı ziyarət edəcəyinin xəbərçisidir.

Mən sənin adanda səni və sevgini gözləyən gözətçiyəm; bağbanam; balıqçıyam; eşq diyarının mehmandarıyam; sən mənim nə olmağımı istəsən mən oyam, Sultanım.

Günəşin çıxışını və batışını səndən bir əlamət sayıram, sevgili, çünki sən qırmızı olan nə varsa onda təzahür edirsən.

Sənin atəşin də qırmızı, gülüşün də...

Hər gün adamdan sənin çıxışını və batışını izləyirəm və bu anlarda yazdığım şeirlər həmişə sənə və sevgimizə dair olur.

Mavi mənim rəngim, qırmızı sənin. İkisini tez-tez bir-birinə qarışdırınca bizim rəngimiz olan lacivərd ortaya çıxır.

Sultanım, uyğundurmu bilmirəm, amma adadakı hakim rəng, lacivərddir onsuz da. Mavi, azadlığın simvolu olaraq görünsə də, əslində, mavi mənim sənə əsarətimin rəngidir.

Əziyyət çəkmirəm heç bir şeydən sevgili, sənin sevginə əsir olmaq mənim üçün bir nemət, sənin eşqinlə lacivərd səhər, axşam və gecələrdə coşmaq mənim üçün bir hikmət.

Sultanım, Süveydam, hər şeyim... Yetər artıq gözlətdiyin.

Arada bir göndərdiyin dalğalar məni xoşbəxt etsə də, mən səni, mən eşqinə kölə olduğum dilbəri, mən qəlbimə toxunan və qalü-bəladan  tanıdığım ruh yoldaşımı istəyirəm.

Sevgilim, yarım, hər şeyim, yetər artıq...

Gələcəksən gəl artıq...

Sənin üçün əkdiyim söyüd ağacları könlümün kainatı bürüdüyü kimi, adamın dörd bir yanını bürüyüb və sənin üçün əkdiyim gilas ağacları sənsizliyə görə meyvə verməz oldu və tənha adamda sənin üçün açan zanbaqlar sənsizliyə dözməyib soldu.

Bir baxışınla öpərcəsinə möhür vurduğun gözlərimin həsrətini səndən başqa heç bir şey dindirə bilmir.

Gəl artıq yarım, gəl də eşqi ikiyə bölək və bundan sonrasını düşünmədən ölək. Sultanım, Süveydam, gələcəksən gəl artıq, gəl...

 

29-cu məktub

 

Könül narın qaladır yıxmağa gör sən onu,

Bitdi sanarsan amma peşmanlığın yox sonu.

 

Bu qədər zamandır sənə olan eşqimi bənzətmələrlə, ədəbi sənətlərlə, təşbehlərlə, şeirlərlə, bilgilərlə və qəlbimlə anlatmağa çalışdım, Süveyda.

 

Türkcənin imkanları ölçüsündə necə deyərlər, könlümü məhəbbətin yoluna bir xalça kimi sərdim.

Sözlərlə ülfətim sənin sayəndə çoxaldı, anlayışlarsa sanki məndən biri oldu və xəyalım, sözlərin əfsun dünyasında həqiqətə qalib gəldi.

Həm yazarkən, həm də danışarkən ana dilindən mənim qədər zövq alan başqa bir insan yoxdur bu dünyada.

Bunda təsirli olan sənsən, Sultanım; sən olmasaydın mən o dil deyilən sehrli dünyanın qapısını çox çətin açardım.

Sultanım, hələ sənə "Sultanım" deyə xitab edərkən belə həm səs, həm məna, həm də məzmun baxımından elə bir ruh halına bürünürəm ki, sənə, sevgimə, Mövlanaya, dünyaya, təbiətə və hər bir şeyə aid qiyamətə qədər danışmağım və yazmağım gəlir.

"Türkcə ağzımda anamın südü kimidir" deyən Yəhya Kamal nə qədər də gözəl söyləmiş.

Sən də mənim üçün ana südü qədər dəyərlisən; saflıq və təmizliyinlə məni qoruyan; məhəbbətinlə məni bəsləyən və yaşadan; ağzımdan, dilimdən və qələmimdən heç düşməyən, dəyəri heç bir şeylə ölçülməyəcək olan sənsən, Süveyda.

Dil və sözlər dedim, ağlıma dilin xüsusiyyətləri və sən gəldin yenə.

Sözlər və anlayışlar məna etibarilə səni izah etməyə kafi olmazkən, sözlərin dünyasında qrammatika baxımından da səni tapdım, Süveyda.

Sən, məni sənə bağladığın kimi sözləri və cümlələri bir-birinə bağlayan ən güclü bağlayıcısan əslində.

Sənin adın elə sehrli ki, dünya və axirət arasında körpü kimisən. Sənə bağlanan səndən qopa bilmir, Süveyda.

İsimlər, ədatlar, feillər, əvəzliklər...

Nəyə baxsam, nə oxusam və hansı cahana qaçsam, sən ordasan Süveyda.

Hər adın arxasında gizli olan sənsən; hər feil, hər hərəkət və vəziyyət bütün formalarda səni anladır.

Sözlər arasındakı rabitə də, sözlərin mənasında gizli olan sənin gözəlliyin və sən olmadan nələrsə həmişə yarımçıq qalır.

Sanki sən bir ədatsan və sən olmasan tək başına məna tapa bilməyəcək sözlər. Qeyri-müəyyənlik səninlə müəyyən bir məna qazanır və bildiyim bütün əvəzlik səni işarə edir.

Səni danışmayan, səndən bəhs etməyən hər bir cümlə və paraqrafın izahatı səhv və ya imla yanlış gəlir mənə.

Səni bu qədər önəmli edən nədir bilirsənmi, Sultanım; sən bir qara dəlik kimi hər şeyi özünə çəkir və sevginlə bizi yoxluqda var, varlıqda yox edirsən.

Mənə elə gəlir ki, hər cümlənin xəbəri sənə dair və xəbəri soruşulan "kim?" sualının cavabı həmişə sənsən.

Cümlə deyilən anlayış sənin ətrafında toplanan və səni anladan sözlər cəmi və sən sözdə deyil, gerçək subyektsən. Ad da sənsən, əvəzlik də sən; ədat da sənsən, sifət də sən; feil də sənsən, zərf də sən.

Bütün zərflər səni bildirir və sənə yazdığım məktubları daşımaqda, mənim könlümü sənə gətirməkdə borcludur.

Söylə, dünyada göy üzü; kosmosda kəhkəşan; könlümdə hər an çağlayan əfsun, sən ucsuz-bucaqsız bir sirr, şifrələri tapılmayan bir sistem və ya tarifi imkansız bir dilsənmi?

 

Əhməd Haşimin "Nərdivan" şeirində:

Bu bir dilin xəbəridir ki, ruha dolmaqda

Qızıl havaları seyr et ki, axşam olmaqda...

deyə bəhs etdiyi gizli dil sənsənmi?

 

Hər sifət sənə dair, tamamlanan həmişə sənin eşqin, Süveydam.

Birləşdirici də sənsən, təyinedici də sən. Səslər, paraqraflar, qaydalar və sözlərin çıxış qaynağı sənsən və hər şey sənə doğru yol alır.

Nidalar səninlə həyəcanlı, səninlə hüznlü. Sən durğu işarələrində nöqtə, fonetikadakı səssən; yoxluğun sükut, varlığın nəfəs.

Bəzən adın xaricində hər şeyi unutduğum olur. Nə sual versələr mənə, "Süveyda" deyə cavab verirəm; çünki hər bir sual sənə bağlı və hər bir cavab səndə gizli.

"İsmin hallarını say" deyirlər, başlayıram saymağa. Süveydanın e halı, Süveydanın de halı. Zaman belə, həsrətini çəkir, Sultanım. Bütün zamanları həsrət ismi və sevmək feilində Süveyda zamanına görə çəkə bilərəm.

Sanki hal şəkilçiləri səndən törəmiş, quruluş şəkilçiləri eşqini/eşqimizi qurur. Kök də sənsən, gövdə də sən. Sən olmadan bədən cansız; sən olmadan könül dilsiz; sənsiz rənglər belə rəngsiz.

Şişirtmirəm, sənlə, sənin adınla canlanır təbiət və həyat. Tamamlıqlarda sən varsan; nəsnələrdə sən; vasitəli də, vasitəsiz də anladılan həmişə sənsən.

Sənə dair nisbi görünənlər obyektiv; obyektiv görünənlər subyektivdir. Hər obyektə ad olan və hər bir obyekti keçidli və ya keçidsiz edən sənsən, Süveydam.

Keçmiş, gələcək, indiki və geniş zamanda da izah edilən sənsən. Dam da sənsən, ev də sən.

Hər mövzuda məlumsan; məchulda sənsən, olduran da sən. Hər şeyi sevgi adlı geniş bir yelpiyi olan cümlədə toplayan da yenə sənsən.

Sən tərifi imkansız, fəaliyyəti sonsuz, sevgimin dili və o dilin içindəki hər sözü və nəzəriyyəni ortaya qoyansan.

Sənin açarın eşq, sənin yaşadığın yer könül adlı kainatdır. Səni qıranlar məni qırar; sənə qıyanlar mənə qıyar, səni yox sayanlar məni də yox sayar.

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.22.