"Əslində "hə" deməkdir bütün "yox"lar..."

 

... Özünü dərk edəndən xəyallar qurarsan, o xəyallara yollar çəkərsən, körpülər salarsan... Birdən qara yellər əsər xəyallarına, baxarsan ki, bütün bağlar qırılıb, etibar sınıb...

Ümidin üzülər hər yerdən. Uca bir şəlalədən coşqun çayın dərinliklərinə düşərsən sanki. Çırpınarasan, çırpınarsan, çırpınarsan... Sağ qalmaq üçün bütün güc və enerjini sərf edərsən. Yorularsan, enerjinin tamamilə tükəndiyini düşünərsən. Bir topa ət və sümüyə dönüb ölümünü gözləyərsən, özünü taleyin ixtiyarına buraxarsan ümidsizcəsinə. Qəfil bir ağac, bir daş parçasına ilişərsən, dalğalar səni sahil qumlarının üzərinə atar. Bir anlığa nələr baş verdiyini kəsdirə bilməzsən. Kəsməz ağlın olayları. Ayılarsan handan-hana. "Möcüzə!" - deyərsən, "ALLAH" - deyərsən. Dizin-dizin sürünərsən bu möcüzənin önündə. Səni gözəl bir çəmənə çəkib aparar bu möcüzə. Gözəlliklər alar səni qoynuna. Geri çevrilib keçib gəldiyin ömrə baxarsan. "Özləm" - deyərsən adına, "həsrət" - deyərsən, "intizar" deyərsən. Bir də "İlahi eşq" - deyərsən. İlahicə sevərsən, İlahiləşərsən...

Dilinə gələn söyləntilərin də ilahi nəfəsdən törəyər. Canında-qanında ilahi bir istilik duyarsan, bu istilikdən söz doğular, ipə-sapa düzülər, xəbərin olmaz. Toxtayıb özünə gələndə heyrətlənərsən, qorxarsan da bir az. Dünyaya qeyri-qanuni uşaq gətirməyə bənzəyər o ilıq nəfəsdən doğulan söyləntilər. Oxuyarsan, "Bunu mənmi dedim?", - deyə düşünərsən. Üşənərsən və eyni zamanda da qürur duyarsan qeyri-adi söyləntilərə ana olduğun üçün "qeyri-qanuni" doğuluşundan səksənsən də. Hər yerdə, həmişə söyləyə bilməzsən, utanarsan özünə məlum o həqiqətlərdən, qürrələnmək sənlik deyil, ilahi nəfəsin portretini cızmısan, vəssalam, ...sənə görə. İlahi nəfəsin varlığından xəbəri olmayanların şaq-şaq şaqqıldaması fonunda bu üşəntilər, bu ürkəkliklər anlaşılmaz. Ruhu ruhunu görənlərdən özgə hər kəs səni əyri-üyrü, yöndəmsiz görər, inciməzsən. Havalarda gəzən ruhunun yerdəkilərlə işi olmaz. Budur ƏSL QADIN YAZARın əsl siması... "O sözəcən" deyib dayanan o QADIN YAZAR kimi... Ruhu ruhumun dostu, həmdərdi yazarın...

 

Kimsə saman çöpüdü mənə görə,

kimsə tut ağacı.

Karvan çoxdan yol yorur

üzü qürbətə.

Görünmür bu qələbəlikdə

bir Tanrı tutacağı.

unudub evdə qoymuşam

Göz yaşlarımı...

Ağlamaq da gəlmir əlimdən.

Qürrələnib öyünənləri bir görsəydiniz

necə qorxur ölümdən...

... Mənə bir nəfəslik sevgi göndər

vaxt var ikən...

 

Bəli, qürrələnib öyünənlər bilməz "evdə unudulmuş göz yaşları"nın acısını. Onların duyub bildiyi hiss və duyğuların özü deyil, şəklidi, oyuncağıdı. Bu "bir nəfəslik sevgi" diləkçisi sevgilərin ən gözəllərinin sahibi gözəl ana, gözəl xanım, gözəl şair Şahnaz Şahindir. Üslubundan tanıyan oldu, yəqin ki.. Şahnaz Şahin peşəkar şair olsa da, peşəsi şairlik deyil. Uzun müddət ağır və məsuliyyətli bir sahədə çalışan bu xanım yazar o məsuliyyətli peşənin əlindən aldığı az-azacıq boş zamanlarda cizib rəsmini o ilahi nəfəsin... Dar macalda doğulsa da, o ilahi duyğuların sərrast cizmələri ecazkar bir tabloya dönüşə bilib. Dərin müşahidə qabiliyyəti, insan qəlbinin sirli-sehirli aləminə yaxından bələdlik, özünəsadiqlik yaranacaq bədii nümunələrin cismini qurur, ilahi nəfəs bu cismə can verir, ruh verir, dirildir,

 

Şahnaz Şahin ənənəvi şeir çərçivəsində qalmağı xoşlamır, onunçün məzmun əsasdır, forma ikinci dərəcəlidir. çeynənmiş, köhnəlmiş qafiyələr ona gülünc görünür. Bəzən bilərəkdən şeirin vahidlərinin hamısını məzmuna qurban verir. Məsələn:

 

Kimə verim bu ürəyi,

Özüm kimi saxlasın.

Güləndə sevinə bilsin,

Ağlayanda ağlasın.

 

Kimə versəm bu ürəyi,

Bəxtəvərdi deyəcək.

Ac olanda yada salıb,

Çörək kimi yeyəcək.

 

Kimə verdim bu ürəyi

Daşdan daşa çaldı hey.

İldə bir yol oxumadı,

Tez-tez alıb çaldı heyy.

 

Baha gəldi, ucuz getdi,

Ürəyimi didənlər.

İndi məni rahat qoymur,

Ah nədənlər.., nədənlər...

 

Şahnaz Şahin məhsuldar yazardı, vaxtı azdı deyə, bir dəqiqəsini də boşa işlətmir, Sözə çevirir, Söz edir görüb-bildiyi bütün mətləbəri sözün müsbət mənasında... Povest də yazır, poema da, xatirələr də və şeirlər də... Çapa hazırlanan "Xocalının Sərvəri" adlı povesti onun könül dünyasının son sızıltılarıdır. Oxumağa dəyər, çünki nəfəsli yazılardır ilahi nəfəsi olan yazılar.

 

"Yox" deməyin, əslində...

Əslində "hə"deməkdir bütün "yox"lar...

Bütün acılar da şirin dadır əslində...

Bütün ağrıları analar doğub,

Bütün sancılar uşaqların qulaq ağrısıdır!..

Bütün ahlar da can yanğısı...

Bütün yollar yolsuzluğun xəritəsini çəkir...

Hər döngə bir itkin xəbəridir...

 

Sonrakı peşmanlıqdır barsız ağaclar,

Cır armuddur hələ də udqunduğum həqiqət!

Nə yaydır, nə də qış..,

Payız elə payızdır...

Boş giliz kimidir gecikmiş etiraflar...

Oynamaq da olmur, öldürmək də...

 

Xatirə RƏHİMBƏYLİ

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.19.