Detektivin kraliçası
Azərbaycanda elə də çox tanınmasa da, dünyada xeyli məşhur olan Yeni zelandiyalı
yazıçı Nayo
Marş Aqata Kristi ilə yanaşı, "İngilis detektiv hekayəsinin kraliçası"
və detektiv janrın Qızıl dövrünün ən görkəmli nümayəndələrindən
biri hesab olunur.
O, eyni zamanda, dramaturq,
aktrisa, rejissor, prodüser və rəssamdır. Fikrimcə,
yazıçı azərbaycanlı
oxuculara çox da tanış
olmadığından onun
yazı üslubu və yaradıcılığından
öncə, həyatı
haqqında qısa xülasə heç də pis olmaz.
***
Vikipedik
məlumatlara inansaq,
Edit Nayo Marş əslində, 23 aprel
1895-ci ildə Yeni Zelandiyanın Kristorçç
şəhərində anadan
olsa da, atası uşağı yalnız 4 il sonra qeydiyyatdan keçirdiyindən, yazıçının
rəsmi doğum tarixi 23 aprel 1899-cu il hesab olunur.
Onun ikinci adı olan "Nayo" vətənində çox
məşhurdur və
maori dilində
"ağıllı" deməkdir.
Edit Marş Roza Elizabet və Henri Eduard Marş ailəsinin yeganə uşağı idi.
Marş təhsilini yeni açılan məktəbin
ilk tələbələrindən biri olduğu Kristorççdakı Müqəddəs
Marqaret Kollecində alıb. 1916-cı ildə Alan
Uilki teatr truppasına qoşulmazdan əvvəl Kanterberi Universitetinin incəsənət
kollecində rəssamlıq
öyrənir, dram və
rəqs məktəbində
aktyorluq dərsləri
alır. Kolleci bitirdikdən sonra Nayo Alan Uilki tərəfindən "Şekspir
teatrı"na daxil olur və
sonra Rozmari Riis Komediya Teatrında çalışmağa başlayır.
Sevgilisi Birinci Dünya Müharibəsində vəfat
edən Nayo sonralar heç vaxt evlənmir və övlad sahibi olmur.
1928-ci ildən bəri,
Nayo alternativ olaraq Yeni Zelandiya
və İngiltərədə
yaşayır, Londonda
bir Rəsm sənət evinə sahib olur və işini
Yeni Zelandiya "Qrup" sənət qrupunun bir hissəsi
olaraq nümayiş etdirir. Teatr və rəssamlıq
mövzusu sonralar ədəbi yaradıcılığında
parlaq iz buraxacaqdı.
İkinci Dünya Müharibəsi illərində yazıçı
Qırmızı Xaç,
eləcə də Kenterberi Universitetinin dramatik cəmiyyətində
çalışır.
1944-1952-ci illərdə Marş O'Konnor teatrının quruluşçu
rejissoru idi və 1949-cu ildə İngiltərədə İngilis
Birlik Teatrını qurdu. İyirmi ildən çox
rəhbərlik etdiyi Kenterberi Universitetindəki
teatr Nayo Marşın şərəfinə
adlandırılıb.1966-cı ildə yazıçı Yeni Zelandiyanin Britaniya İmperiyası Ledi-komondor
ordenini almış
ilk vətəndaşı olur.
1978-ci ildə Amerika Detektiv Yazıçılar
Birliyinin Dövlət
Master mükafatına layiq görülür.
Yazıçı 18 fevral 1982-ci ildə vəfat etdi, Yeni Zelandiyada Müqəddəs Günahsızlar
Kilsəsinin qəbirstanlığında
dəfn edildi. Həyatı kimi ölümü də səs-küysüz
ötüşmür. Hətta bəzi fərziyyələrə
görə, o, sağ
olduğu halda yalnışlıqla dəfn
edilmişdi. Ümumiyyətlə, yazıçının həyatı
öz ətrafındakı
sirli pərdəni bu günə kimi saxlayır. Bu da Nayonun ölümünə
az qalmış
bütün tərcümeyi-halını,
əlyazmalarını və
məktublarını yandırması
ilə əlaqədardır.
Buna görə də Nayo Marş
bir tapmaca kimi qalmaqdadır.
Yazıçının evində onun adına
muzey fəaliyyət göstərir.
***
Nayo Marş
bütün yaradıcılığı
boyunca irili-xırdalı
detektiv əsərlər
yazmışdı. Onun 40-dan çox
detektiv romanı işıq üzü görüb. Ən məşhur
detektiv romanları Şotland-Yardın baş
müfəttişi (sonradan
baş idarəçi)
Roderik Alleyn haqqındadır.
Onun 1934-1982 arasında
nəşr olunan 32 dedektiv romanı daha məşhurdur. O, dövrünün
"Detektiv Kraliçası"ndan
biri hesab olunur.
2010-cu ildən etibarən hər il
ənənəvi olaraq
Nayo Mükafatı verilir.
***
1930-cu illərin əvvəllərində
Nayo Marş detektiv hekayələr yazmağa başlayır. İlk romanı
"Orda bir ölü uzanmışdı"
1934-cü ildə nəşr
olunur. Bu kitabda yazıçının
əsərlərinin əsas
serial xarakteri - aristokrat
müfəttiş Roderik
Alleyn ortaya çıxdı. "Müşaiyət
üçün cinayət",
"Maestro, siz qatilsiz!",
"Axırıncı pərdə",
"Ağ qalstukdakı
ölüm", "Xəyali
diqqətsizlik", "İçib
ölmək", "Qədim
Maorinin sehri ",
"Romada olduğunuz
üçün", "Qətl oyunu", "Cazibə mənbəyi",
"Hər addımda
bürclər", "Tinselin
aldadıcı parıltısı",
"Gecə örtüyü
altındakı mahnı",
"Qatillərin premyerası",
"Ru-ru", "Özəl
xəstəxanadakı ölüm",
"Ölənə qədər",
"Forel və Femida, "Qaradan da qara" və
başqa romanları detektiv sevərlərin ən çox oxuduqları və özündənsonrakı yazıçıların
örnək hesab etdikləri əsərlərdir.
Kitablarında Nayo Marş ilk növbədə tanıdığı
sənət dairələri
nümayəndələrinə Britaniya həyatının
rəngli şəkillərini
çəkirdi. Əsərlərindəki incə yumor romanlarını asan anlaşılan və daha oxunaqlı edir.
Nayo Marş
tez-tez Aqata Kristi və Doroti Seyers ilə müqayisə olunur. O da Kristi və Seyers kimi cəmiyyətin
ciddi problemləriylə
üzləşməməyi üstün tuturlar. Onların əsərlərindəki bütün
cinayətlər və
hadisələr şəxsi
motivlərdən qaynaqlanır.
Onlara görə cinayət cinayətkarın fərdi
xarakter əlamətlərinin
nəticəsidir.
Nayo Marşın
əsərlərinin əsas
qəhrəmanı olan
Roderik Alleyn doğuşdan aristokratdır. Bu xüsusiyyəti ona ingilis cəmiyyətinin həm aşağı, həm də yuxarı təbəqələri
arasında sərbəst
hərəkətinə kömək
edir. Çox zaman müfəttiş
Alleyn cinayəti bütün iştirakçıların,
ya da bir
neçə müşahidəçinin
yanında ifşa edir, ya da
qatilin özü-özünü
ifşa etməsi üçün tələ
qurur. Bu,
yazıçının yeni cəmiyyət
qurmaq ideyalarından xəbər verir.
Romanlarındakı
hadisələrin çoxu İngiltərədə baş
verir. Amma bəzi romanlarında hadisələr
Yeni Zelandiyada
başlayıb, İngiltərədə davam
edir.
Onun romanları incə təhkiyəsi, orijinal qətl metodları ilə seçilir. Məsələn, bir qurban qaynar geyserə (isti su bidonu) düşür ("Qədim Maorinin sehri"), digəri qoyun yununda diri-diri basdırılır ("Qoyun yununda ölüm"), başqası pianoda gizlənmiş tapançanın açılmasından ölür ("Öldürmə hadisəsi"). Aqata Kristidən fərqli olaraq, Nayo Marşın demək olar ki, heç bir romanında zəhərlənmə ilə ölüm yoxdur. Bu, uşaqkən anası ilə birgə baxdığı Şekspirin "Romeo və Cülyetta"sının təsiri ilə əlaqədardır. Balaca Nayo Cülyettanın zəhərlənmə səhnəsindən o qədər təsirlənir ki, ömrünün sonuna kimi zəhərdən ölməkdən qorxur. Özündə belə bir fobiya daşıyan yazıçı bu cür ölümü romanlarındakı qurbanlarına da "qıymır".
1974-cü
ildən etibarən Nayo Marş məşhur "Detektiv
Klubu"nun üzvü idi. Bununla onun "Qızıl Dövr"ün "Detektiv Klubu"na qəbul edilən
son yazıçısı olduğunu (79 yaşında) söyləyə
bilərik.
Səba YUNUSOVA,
Yazar
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.19.