Könlü paşanın biri...

 

Mən sizə bu yazıda varı-dövləti başdan aşan "paşalardan" danışmayacam, "Eşq başım"dan aşa gəldi" deyən Yunis İmrə torunlarından sayıla biləcək könlü paşanın birindən danışacağam.

"Ay adam, bağlan da yaşa, könlünə", "Elə yüz danışam, elə yüz dinəm, o həmin imanam, o həmin dinəm!" - deyərək hayqıranın təkcə adı Kəmaləddin Qədim deyil, Ruhu da, Yolu da, Sözü qədimdir onun. Təkcə indiki yüzilliyin adamı deyil. "Var idim mən keçən yüzillikdə , gör neçə yüz ildən yüz ilə qaldım" deyir (deyə bilir)!

 

Qurd basa arxalı köpək hardasa,            

Sən adam olasan, yiyən olmaya!

 

Bu da onun sözləridir, könül duyğularıdır. Oxuyursan, demək istəyirsən, deməyə məcbur olursan:

 

Şair(lər) yiyəsi olmayan adam(lar)dır!.. Bir vaxtlar C.Rumi yazırdı ki. Şəfamız içimizə nəzər sala bilməyimizlə bağlıdır.   əslində, dünyada ən uzun Səfər İçə olan səfərdir. Kəmaləddin Qədim bunu yaxşı bildiyi üçün yazır: (yaza bilir!)

 

İçin bircəsisən, için təkisən,

Üzdəki deyilsən, içindəkisən!

 

Ona könlü Kəbənin biri demək olar. Yalnız Kəbəni qiblə sananlar azmı olub? Hələ belələri azdımı? Hələ belələrinin "Könlü qibləsizdir, ağlı qibləsiz".

Bax, elə bəşərin dünyanın bütün faciələri bu qibləsizlikdən başlayır (Bu nöqtədən, əslində, bu nöqtəsizlikdən!) Kəbədən qabaq, könlü qiblə sanmamasından, könül qibləsizliyindən!

K.Qədimin şeirlərini oxuduqca nədənsə Nəsiminin səsi gəlir qulağıma. "Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyişiyəm, məndən (bundan) uludur ayətim, ayətə-şana  sığmazam".

1-ci misranı oxuyanda adama elə gəlir ki, bu nədir, Nəsimi ərəb olduğunamı işarə edir, "Haşimiyəm, Qureyşiyəm" deməklə?

Xeyr! Quranın həmin qəbilə tayfadan olan Həzrəti Məhəmmədə nazil edildiyini xatırlayaq, gəlin. Yada salaq ki, İslam dininə mənsub insan hansı xalqdan, millətdən olursa olsun, peyğəmbərin ümməti hesab olunur. Demək, burda söhbət ərəb yaxud hansı millətdən olmaqdan yox, hansı ümmətdən olmaqdan gedir.

Keçək 2-ci misraya. "Bundan uludur ayətim" deyən Nəsimi demək istəyib? Məlumdur ki, Adəmin bütün insanların  yaradılışı Həzrəti Məhəmmədin alnındakı Nurnan bağlıdır. Əslində, bütün bəşər o Nurdan xəlq olunub. Deməli, hər şeydən qədim olan həmin Nurdur. - O "ayətülşan"dır. Nəsimi o "ayətü-nur"dan danışırmış.

Kəmaləddin Qədim bir şeirində sanki həmincə qədimlikdən danışır:

 

Mənim bir yalquzaq yurd yerim olub,

Bu səfil, sərgərdan virandan qabaq.

Olub ocaq yerim, yurd yerim olub,

Olub bu İrandan, Turandan qabaq!

Eşq olsun belə qədimliyə müasirliyə!

 

K.Qədimin şeirləri nədən belə qədim müasirdir? Çünki Ruhun adına yazılan şeirlərdir.

Bunu hamıdan qabaq özü bilir özü deyir:

 

Sənin nəyin varsa qara torpağa,

Mənim nəyim varsa ruha çıxacaq!

 

Bu baxımdan bu nadan, cahil sürüsü (it xılı) bir yolluq anlamalıdır ki, bu cür şeirləri yazmaq üçün özün paşa yox, könlün paşa olsun gərək: Yazmağa deməyə haqqın olsun! "Mən elə bir könlü paşanın biri..."

 

Kəmaləddin Qədim əli özünə ( ruhuna) çatmış, yıxılanda öz əlindən tutmuş şairdir.

 

Laməkanlığı da var.

 

Məsələn, belə:

 

Gəzəsən, özünü bir ömür boyu,

öldü, qaldı xəbərin çıxa!

 

***

 

...Ədəbiyyat insandan (şairdən, yazıçıdan) qurban verməyə qara baş istəyir.

Çoxları elə bilir ki, qaravaş istəyir.

Kəmaləddinin qapı-bacada işlətməyə qaravaşı yoxdu.

 

Qara başı var!

Qələmə verməyə!

Sözə verməyə!

Yola verməyə!

 

Xalqa, millətə verməyə!

Haqqa verməyə!

 

Kəmaləddin-Könül adamıdı. Könüldən başqa da heç kimdən bir istəyi, umacağı yoxdu.

 

Bir ömür bir könül gəzdim,

Bir könül istədi könlüm.

 

İstək, umacağın da olanda belə ola, bax, belə!

 

***

 

...Həzrət Əli ölməzdən əvvəl oğlanlarına dedi ki, mənim tabutumu çiyninizə götürməyin. Tabutun özü özünü aparacaq, hardasa dayananda məni orda basdırarsınız.

 

K.Qədim təkcə şair deyil. Yolçudu, özü anasının bətnində olandan:

 

Mən ana bətnindən yolçuyam elə,

Görünür həmişə yol məndən qabaq!

 

Bu şair (bu yolçu) hər söz üçün şəhid olmağa hazırdır. Nahaqdan heç bir söz demir. Deməz !

 

Vəsf etmirəm vəziri, şahı,

Göz görəti haqq etmirəm günahı.

Nədən şəhid sayılmıram ilahi,

Bu qədər ki, sözə qurban gedirəm?!

 

K. Qədimə şeirləri yazdıran Allah eşqidir. Sufi düşüncəsidir. Yoxsa belə deyə bilərdimi:

 

Əcəl dörd dolansın gündə başına,

Qoy elə solunda, sağında qalsın.

 

Baxın, bu, "Ölmədən öl!" düşüncəsi deyilmi?

- ...İnsan Quranda deyildiyi kimi, gözəl xəlq olunub. Yaradılmışların özəyidi, başıdı, böyüyüdü. Amma böyüklüyündə qala bilirmi? Bilmir! İmam Qəzali bu üzdən deyirdi ki, ey insan, bir yandan "Allahu- Əkbər!" - "Allah böyükdür" deyirsən, bəs niyə böyüklük (ucalıq) qarşısında səcdə etməkdənsə, bu qədər öz-özünə vurulursan, alçalırsan, kiçilirsən belə?!

K.Qədimin "Allahu-Əkbər" şeiri həmin suala ən yaxşı cavabdır:

 

Birisi qaça-qaça, birisi qova-qova,

La ilahə- illallah, Allahü-Əkbər!-deyir.

 

...Bunun harası bəşər, bunun harası bəndə,

Bığ yeri tərləyən , başı gora əsən ,

Altda başı kəsilən, üstdə başı kəsən

La ilahə illallah, Allahü-Əkbər!-deyir.

 

Nəsimi  yazırdı ki, mənim davam yalançı "La ilahə İllallah"deyənlərlədi.

K.Qədim yalandan "Allah kərimdir" deyib insanların ağzını boza verən (mübarizədən, həyatdan) yayındıran müştəbeh dindarlara qarşıdır:

 

bıtıb-tükənir zalımın zülmü,

ki, fağırın "Allah kərimi".

Gözünə dürtülür, üzünə gülmür,

Yetimin, sağırın "Allah Kərim"...

 

Əstəğfürullah! Şair burda heç o sözə ( inanca!) ironiya ilə yanaşmaq fikrində olmayıb. Sadəcə olaraq demək istəyib ki, "kiş-kiş" deməklə donuz darıdan çıxmaz.

 

Başqa bir şeirində yalançı "ya bəxt" deməkdən bir kar aşmayacağının fərqindədir şair:

 

gözlə, taleyin, şansın gətirə,

Vaxt əsil toxuya, əsil sarıya!

 

Bu şairi narahat edən, hətta qorxudan şeylər çoxdur. O narahatdı ki, görən gedən torpaqlarımızı, yaylaqlarımazı, dağlarımızı vaxt qaytaracağıq (Qaytara biləcəyikmi?)

 

Həm o narahatdı, qorxur ki:

 

Qalacaqmı sözdə mənim

Sözə gətirdiyim dağlar?!

 

Allah-Allah! Bu adam nələr düşünür, hansı incəliklərə varır, bizi haralara aparıb çıxarır?!

 

***

 

...Könül insanın (bəşərin ) köhnə dostudu.

bu dostun yanında yaxşı , sən varsan Tanrı, ey böyük əzəli Dost!           

Yaxşı , sən varsan tanrım, yaxşı

Hər şeyin təzəsi, dostun köhnəsi.

 

Bu köhnə dostla kim dostluq edir, daima təzələnir, qədər təzələnirsə, o qədər köhnələşə bilir. "Od kimi, su kimi köhnəyəm bala" (M.Araz).

 Yaxşı ki, Tanrıyla-Haqqla dostsan sən , Kəmaləddin Qədim! Yaxşı ki, onçün azadsan, hürsən...

 

Kiminsə əlinin altda deyilsən,

var quş olmağa Allahın altda!

 

***

 

...Xaqani  sarayda izlənirmiş. Çəkdiyi ahı da o dəqiqə gedib Şirvanşaha  xəbər verirlərmiş. Bunu nədən xatırladım?

K.Qədimin "Necə qorxudursa yuxum kimsəni, elə ahımı da göydə tuturlar" misralarını oxuyanda ruhundakı daha bir qədimliyi, ruh yaxınlığını görəndə!

həm o ulu şairimizin "Hər şeydən əvvəl könül xəlq edilib" sözlərini  xatırlayanda!

 

***

 

...Dünyada kimlər qalır?

Əlbəttə ki, mərd adamlar, Allah dostları, könül paşaları!

 

Belə olmalı deyilmi ki?!

Doğurdan da əslində, bu dünyaya:

Gələn paşa-paşa gələr,

Çıxan paşa-paşa çıxar!

 

Barat VÜSAL

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.18.