İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı
Əhməd İsmayıl Cəfərzadə (Cəfəroğlu) Azərbaycanın 20-ci əsr elmi, ədəbi və siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir.
Ötən
əsrin 50-ci illərindən artıq dünya türkologiya
elminin söz sahiblərindən biri kimi qəbul olunan Ə.Cəfəroğlunun
qismən elmi, xüsusilə publisistik
yaradıcılığının ana xəttini
istiqlalçılıq və cümhuriyyətçilik
ideyaları təşkil edirdi. Əsərlərində
xalqın öz azadlığı və istiqlaliyyəti
uğrunda apardığı mübarizəni əsas
mövzuya çevirməsi, bu məsələni daim diqqətdə
saxlaması onun yaradıcılığının və həyatının
milli məfkurə ilə sıx bağlı olduğunu təsdiq
edir.
Ə.Cəfəroğlu
xalqının istiqlalını qorumaq əzmi ilə
işğalçı güclərlə ölüm-dirim
savaşı aparan, həyatı bahasına düşmənə
sonadək müqavimət göstərən qəhrəmanları
yaşatmağın, xüsusilə gənc nəslə
tanıtmağın gələcək mübarizələrdə
əhəmiyyətini düzgün dəyərləndirir, ədəbi
nümunələri elmi dövriyyəyə gətirməklə
qalmır, onları unutdurmağa çalışan sovet
rejiminin və onun ideoloji müdafiəçilərinin əsl
mahiyyətini üzə çıxarırdı. Onun
yaradıcılığında istiqlal və cümhuriyyətçilik
ideyalarının geniş yer tutması təsadüfi deyildi. Öz
xalqını azad, müstəqil görmək arzusu ilə
yaşayan Əhməd bəyin ilk gəncliyi Azərbaycanda
Xalq Cümhuriyyətinin elan olunması ərəfəsinə
və müstəqil dövlət quruculuğunun
aparıldığı dövrə təsadüf etmişdi. Dünyaya
göz açdığı Gəncə şəhəri o
zaman Azərbaycanın istiqlalı uğrunda mübarizənin
aparıldığı, milli qüvvələrin cəmləşdiyi
əsas mərkəzə çevrilmişdi. Gənc
Əhməd azadlıq və müstəqillik uğrunda gedən
mübarizəyə qoşulmuş və müəyyən
vaxt bu proseslərin fəal iştirakçısı
olmuşdu. O, hələ Kiyevdə Ali Ticarət
İnstitutunda təhsil aldığı ilyarım müddətində
azərbaycanlı tələbələrin dərnəyində müəyyən
siyasi təcrübə qazanmışdı.
1918-ci il may
ayının 28-də Tiflisdə müstəqilliyini elan edən
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci, əslində isə
ilk real hökumətinin məhz Gəncədə fəaliyyətə
başlaması milli istiqlalçı qüvvələrə
Şərqin ilk müstəqil, demokratik dövlətinə
xidmət üçün geniş imkanlar
yaratmışdı. 1918-ci il iyunun 4-də Osmanlı
imperatorluğu höküməti ilə Azərbaycan
Cümhuriyyəti arasında bağlanmış dostluq
müqaviləsinə görə bu dövlətin Azərbaycan
hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin
təmin olunmasına ehtiyac duyulduğu təqdirdə, hərbi
qüvvə ilə kömək edəcəyini öhdəsinə
götürdüyü bildirilirdi. Bu müqavilə
bağlanmazdan əldə olunmuş razılaşmaya əsasən
Azərbaycan Cümhuriyyətinin xilası üçün
yaradılan Qafqaz İslam Ordusunun ilk dəstələri
artıq may ayının sonlarında Gəncəyə gəlmişdi. Müstəqil
Azərbaycanın ilk milli hərbi qüvvələri -
Əlahiddə Azərbaycan Korpusunun əsgər və zabitləri
də bir qədər sonra həmin Ordu ilə birləşərək
hərbi əməliyyatlarda birgə iştirak etdilər. Bu
ordunun sıralarına könüllü qoşulan gənc vətənpərvərlər
arasında 19 yaşlı Əhməd Cəfərzadə də
vardı. O, Qafqaz İslam Ordusunun sıralarında
kiçik topçu (onbaşı) vəzifəsində
Bakının azad edilməsi əməliyyatı da daxil olmaqla
şərəfli döyüş yolu keçmişdi.
Bakının
qurtuluşu milli hökumətin tam heyətdə əsl
paytaxta köçməsinə imkan yaratdı. Bu
şanlı günün şahidi olmuş Əhməd Cəfəroğlu
öz fikirlərini bir neçə, o cümlədən,
"Azərbaycan Cümhuriyyəti" məqaləsində
ifadə etmişdi. Onun yazdıqları türk əsgərinin
tarixi missiyasını şərəflə yerinə yetirməsindən
necə qürur duyduğunu aydın göstərirdi: "Azərbaycan
tarixində imdad qüvvəsilə yer alan bu qardaş
köməyi, Azəri türklüyünün əbədi
bir iftixarı, Türk birliyinin də başlanğıcı
və təməl daşıdır".
Milli
azadlıq, istiqlalçılıq və cümhuriyyətçilik
məfkurəsi Ə.Cəfəroğlu
yaradıcılığının, bütövlükdə həyatının
kəsilməz xəttini təşkil edib. O, milli
azadlıq, istiqlalçılıq və cümhuriyyətçilik
ideyalarını elmi və publisistik məqalələrinin
başlıca mövzularından birinə çevirmiş,
naşiri və redaktoru olduğu, mühacirət mətbuatının
ən sanballı nümunələrindən sayılan,
genişprofilli "Azərbaycan Yurd Bilgisi" jurnalında Azərbaycan
siyasi mühacirətinin görkəmli simalarının eyni
mövzuda çoxsaylı yazılarını öz əsərləri
ilə bərabər dərc etmişdi.
"Öz-özünü
birbaşa tədqiq etməyən millətlər başqa millətlərin
etnoqrafik tədqiqat mövzusundan başqa bir şey
olmamışdır" deyən Əhməd Cəfəroğlunun
"Azərbaycan Yurd Bilgisi" jurnalındakı, eləcə
də digər məqalələrində milli azadlıq,
istiqlalçılıq və cümhuriyyətçilik
ideyaları geniş əksini tapmışdı. Təsadüfi
deyildi ki, jurnalın ilk nömrəsinə yazdığı
qısa ön sözünü də, o, bu ideyaların həyata
keçirildiyi Azərbaycan Cümhuriyyətini yada salmaqla
başlamışdı.
Ə.Cəfəroğlu
Azərbaycan ədəbiyyatı nümunələri əsasında
qələmə aldığı silsilə məqalələrində
Azərbaycanın istiqlal mübarizəsi tarixinin son 200 ilə
yaxın bir dövrünə nəzər salmış, milli
istiqlalın qəsb edilməsində Rusiyanın mənfur
rolunu detalları ilə çatdırmağı
bacarmışdı. "Azərbaycan tarixinə ümumi
bir baxış" məqaləsində vətəninin 1700
illik tarixindən bəhs edən müəllif yenə də əsas
məqsədindən uzaqlaşmır, rus
işğalının acı nəticələrini yada
salır.
Ə.Cəfəroğlu
irsinin tədqiqatçısı Şəlalə Həsənova
onun hələ 30-cu illərdən başlayaraq Azərbaycan ədəbiyyatının
milli azadlıq və istiqlal uğrunda mübarizəsi
mövzusunu elmi araşdırmalarının predmetinə
çevirdiyini xüsusi qeyd edir.
Əsas
məqsədi oxucusuna Azərbaycan, onun tarixi, bu günü ilə
bağlı müfəssəl bilgilər və məlumatlar
çatdırmaq olan jurnalın naşiri hər vasitə ilə
"bu zəngin türk ölkəsinin" təbii yaşam
haqqının əlindən alınmasını yada salmaqla,
işğal faktına geniş diqqət cəlb etməyə
çalışırdı. "Azərbaycan yurd bilgisi"nin ilk
nömrəsindən etibarən aydın ifadə olunmuş
ideoloji xətti mövcud idi. Jurnal Azərbaycan
xalqının, eləcə də əvvəlcə rus, sonra
isə sovet imperiyasının tərkibində olan digər
türk xalqlarının siyasi müstəqilliyi, tarixi əsarət
buxovlarından azad olunması uğrunda ardıcıl
mübarizə aparırdı".
Ə.Cəfəroğlu
millətin istiqlal haqqının heç bir istilaçıya
güzəştə gedilməyəcəyinə
inamını qətiyyətlə ifadə edir, rus elminin bir
çox nümayəndələrinə də sirayət
etmiş rus şovinizminin başqa millətlərin istiqlal
haqqını tanımamaq iddiasının əsassız, qərəzli
olduğunu bildirirdi: "Azərbaycan və bütün Qafqaz
tarixini yazan rus tarixçiləri siyasi istiqlalın münəvvər
və mücəhhəz bir millətin başına layiq bir
tacdan başqa bir şey olmadığını bildirdikləri
halda, qəsdən bu tacı bir saniyə üçün olsa
belə, bir türlü rus çarının başından
ayırmağa təhəmmül edə bilməmiş və
dolayısı ilə Qafqaz millətlərini ona layiq görməmişdilər. Bu
rusçu müvvərixlərin nəzərində,
ümumiyyətlə, qeyri-rus millətlərin istiqlaliyyəti
həm mədəniyyətə müzir və həm də
rus istila hakimiyyətinə qarşı bir quldurçuluq hərəkətindən
başqa bir şey deyildir".
Ə.Cəfəroğlu
İstiqlal bəyannaməsinə çox yüksək qiymət
verərək, onun Azərbaycan xalqının milli azadlıq
uğrunda çoxəsrlik mübarizə tarixindəki yerini
tamamilə düzgün müəyyənləşdirir. Bu,
sadəcə tarixi proseslərdən, dünyanın inkişaf
tendensiyalarından baş çıxaran bir alimin və
ictimai-siyasi xadimin gəldiyi qənaətlər deyildi, hər
şeydən əvvəl, həqiqi millətsevər
insanın bütün varlığı ilə bağlı
olduğu ideya və arzuların dilə gətirilməsi idi:
"Bir millət ancaq belə məfkurəvi hökmlərlə
doğar, yaşar və ancaq bu duyğu və inamla "xalqlar
həbsxanasından" xilas ola bilərdi. Azərbaycan
Cümhuriyyəti bu vəzifənin öhdəsindən gəlməyi
bacardı, Mavərayi-Qafqaz türkünü təmsilən Azəri
türkünün üzünü ağartdı, ən
başlıcası isə türkün ən müqəddəs
və milli ənənəsi olan istiqlaliyyət duyğusunu
dirçəltdi və qəlblərdə özünə yer
tutmasına nail oldu".
Ə.Cəfəroğlu
Azərbaycanda Şərqin ilk müstəqil, demokratik dövlətinin
qurulmasından qürur duyur, mübariz xalqının əbədi
haqqı saydığı istiqlal idealının nə zamansa
yenidən gerçəkləşəcəyinə, öz
Cümhuriyyətini bərpa edəcəyinə inanır və
müxtəlif səpkili əsərlərində bunu
ardıcıl olaraq vurğulayırdı. 1920-ci il aprelin
23-də Ankarada Böyük Millət Məclisinin
açılışını hər şeyi əlindən
alınan Anadolunun və bütün Türkiyənin
qurtuluşu, "əsarət zəncirini qıraraq istiqlala
qovuşduğu" gün kimi qəbul edərək öz vətəninin
də belə bir tarixi günə təkrar
qovuşacağına inanır, bu məqsədə
çatmaq üçün milli birliyin vacib olduğunu dilə
gətirirdi: "Azəri türkləri də eyni amala
qoşaraq, öz istiqlallarını qazanacaqlar. Bu çox
da uzaq olmayan bir günün həqiqətidir. Sən də
ey Azəri türkü, həmin o günə hazır ol, birləş,
bir amal, bir məfkurə ətrafında sıx
sıralarla dayan!"
Ə.Cəfəroğlu
Azərbaycan istiqlalının qazanıldığı və
bolşevik Rusiyasının işğal nəticəsində
süquta uğradıldığı tarixi günlərə
bir neçə məqalə həsr etmiş, bu günlərin
yaddaşlardan silinməməsi üçün özü və
digər müəlliflərin yazdıqlarını jurnalda
müntəzəm dərc etmişdir. "Azərbaycanın
böyük matəmi - 27 nisan 1920" məqaləsi
bu baxımdan diqqəti xüsusilə cəlb edir. Həmin məqalədə
də rus işğalının acı nəticələrinə
baxmayaraq, öz istiqlalı uğrunda mübarizə aparan
xalqın buna nail olacağına qəti, eyni zamanda, tarixi təcrübədən
qaynaqlanan bir inam ifadə edilmişdir: "Gündəlik qəzetələrin
dünyanın dörd bir guşəsində milli prinsip və
istiqlal naminə kiçik millətlərin əsarətə
qarşı necə mübarizə aparmalarından bəhs etməsi
istər-istəməz istiqlal qayəsi ilə yaşayan hər
bir azəriyə 27 nisan matəmini xatırlatmaqda və
onların istiqlal nuru ilə yanan atəşli gözlərini
bu məşum günün acısı ilə
yaxmaqdadır. 1920-ci ilin 27 nisanında böyük türk
dünyasının köksündə hüriyyət
bayrağını ilk qaldıran bir türk ölkəsinin
ocağı sönmüş, Azərbaycan - Odlu yurd
qırmızı ruslar tərəfindən işğal
edilmişdi".
Azərbaycan
siyasi mühacirətinin lideri M.Ə.Rəsulzadə və
siyasi mübarizə yolunun başqa davamçıları kimi,
Ə.Cəfəroğlu da bu ideal uğrunda mübarizədə
Azərbaycan gəncliyinin mühüm rol
oynayacağını qabaqcadan görərək, gəncliyin
öz milli tarixindən, milli kimliyindən xəbərdar
olmasını, sovet təbliğatının yalanlarına,
saxtakarlığına uymamasını tövsiyə
edirdi. Çünki hər bir ölkənin gələcəyi
gəncliyin necə yetişməsinə, hansı amallarla
yaşamasına daha çox bağlıdır. Onların
fikrincə, milli ideya ilə silahlanmış gənclik -
xalqın əsas qüvvəsi öz millətini dirçəliş
yoluna çıxarmağa, əsarət zəncirini
qırmağa qadirdir. Bununçün həm də fəal
gəncliyin əsas qüvvəsinə çevrildiyi xalqın
millət kimi formalaşması lazımdır. Ə.Cəfəroğlu
"Milli Azərbaycan Cümhuriyyətinin on beş illiyi"
məqaləsində həmin fikirləri belə ifadə
etmişdir: "Xalqdan millətə, əsarətdən
hürüyyətə, asılılıqdan istiqlala
qoşaraq, milli bir tarixə sahiblənmək, milli bir 28
mayıs tarixi yaratmaq deməkdi. Beləcə, 1918-ci ilin 28
mayısında Azəri türkləri də belə bir tarixin
sahibinə çevrilmiş oldular və o zamana qədərki
türk tarixində adına təsadüf edilməyən
ilk türk Cümhuriyyətinin qurucusu kimi tarix səhifələrinə
düşdülər".
Ə.Cəfəroğlunun
qısa mətnlərdə böyük mətləbləri
açmaq bacarığı onun publisistikasına əlavə
güc qazandırır, xüsusilə bəhs etdiyi hadisələrdən
xəbərsiz oxucularda Azərbaycanın tarixi
keçmişi, uğurları və faciələri ilə
bağlı konkret təsəvvür yaradırdı. Qeyd
olunan və digər yazılarında müəllifin
qarşıya qoyduğu başlıca məqsəd ən yeni
tarixdə milli istiqlalı uğrunda uzun illər əzmlə
mübarizə aparmış bir millətin taleyinin necə dəyişdiyini
oxucuya canlı, təsirli bir dildə çatdırmaq, rəğbət
və təəssübkeşlik hissləri oyatmaqla xalqına
gələcək qurtuluş yolunu göstərmək idi. "Azərbaycanın
milli matəmi 27 nisan 1920" məqaləsində olduğu
kimi: "Zavallı Azərbaycan! Çəkmədiyin
qalmadı. Uğurlu, şanlı, sevincli günlərin
qara günlərə çevrildi. Müqəddəs
üç rəngli bayrağının yerinə
yabançı ellərin oraq-çəkicli bayrağı
qaldırıldı. İstiqlal idealı yerinə istila
rüzgarları əsdirildi. Qəlbləri sənin
üçün çırpınan namuslu istiqlal mücahidləri
məhv edildi. Milli qayənin ağır yüklərini
çiyinlərində daşıyanlar küçələrdə
şəhid oldu. Haqq istəyənlər yox edildi".
Həmin
xarakterik məqalələrdən biri "On il - 28 mayıs
1928" adlanır. Müəllif Azərbaycanın
qurtuluş tarixinə özünü türk sayan hər bir kəsin
necə ürəkdən sevindiyindən və bu tarixi
günün əhəmiyyətindən bəhs etməklə,
əsas qayəsi olan istiqlal və cümhuriyyət
ideyalarının təntənəsinə əminliyini bir daha
çatdırmağa çalışır. "10 il
bundan əvvəl mayısın 28-də milli idealını təyin
və təsbit edən Azəri türklüyü əsarət
zəncirindən qurtularaq öz istiqlalı ilə qocaman
türk tarixinə qovuşmuşdu. Türk millətinin
müstəqillik qazana biməyən böyük bir qismi Rusiya
əsarəti altında qaldığı bir vaxtda yeni
doğulan bu milli Türk Cümhuriyyəti şimal-şərqdəki
türk dünyasının xilası vəzifəsini öz
üzərinə götürdü".
Onun folklorşünaslıq araşdırmalarında da diqqət yetirdiyi başlıca məsələlərdən biri Azərbaycanın milli azadlığı və istiqlalı ideyası olmuşdur. Mərhum
tədqiqatçı Gülağa
Hüseynov Gəncə
kimi zəngin folklor mühitindən çıxmış alimin
folklor araşdırmalarında
həmin ideyaları necə əks etdirməsi barədə yazırdı: "Azərbaycan
sovet folklorşünaslığının
siyasi-ideoloji təzyiqlər
nəticəsində ümumtürk
konteksindən çəkinərək
folklorun nəşri və araşdırılması
sahəsində bəlli
hüdudlar daxilində
hərəkət etdiyi,
sosioloji təhlillərə
üstünlük verdiyi
30-50-ci illərdə Əhməd
Cəfəroğlu milli-mənəvi
yaddaş problemlərini
diqqət önündə
saxlayan işlərlə
məşğul olub. Onun başqa elmi istiqamətlərdə olduğu
kimi, folklorşünaslığa
dair gördüyü
işlər də Azərbaycanın istiqlalı
ideyasına xidmət məqsədi ilə həyata keçirilib".
"Azəri türkləri istiqlala layiq, hürr yaşamağa hazır, yetişmiş bir millətdir" deyən Əhməd Cəfəroğlu ömrünün
50 ildən artıq dövrünü mühacirətdə
siyasi və mədəni həyatı
ilə nəfəs aldığı, üzləşdiyi
bəlalardan çıxış
yolu aradığı
Azərbaycanın həsrəti
ilə yaşadı,
23 ay müstəqillik duyğusu
dadan millətinin sovet boyunduruğundan, antimilli hakimiyyətin gətirdiyi fəlakətlərdən
qurtulacağı gün
naminə elmi, ictimai-siyasi, bir sözlə, böyük vətəndaşlıq fəaliyyəti
göstrədi. Türk dünyasının
sayılıb-seçilən ziyalılarından, elmi azərbaycanşünaslığın banilərindən olan Ə.Cəfəroğlunun zəngin
elmi və publisistik irsinin ilkin araşdırmaları
göstərir ki, milli azadlıq, istiqlal və cümhuriyyət ideyalarının
tədqiqi və təbliği onun elmi, publisistik əsərlərinin başlıca
mövzularından biri
olmuş, yaradıcılığında
mühüm yer tutmuşdur. Eyni zamanda, qeyd edilməlidir
ki, Əhməd Cəfəroğlu irsinin milli azadlıq, istiqlal və cümhuriyyət ideyaları
kontekstində gələcəkdə
daha geniş və fundamental şəkildə
elmi araşdırılmasına
ehtiyac var. Şübhə
yoxdur ki, belə araşdırmaların
nəticəsində böyük
alim və həqiqi vətənpərvərin
yaradıcılığı ilə bağlı daha zəngin məlumatların elmi dövriyyəyə daxil edilməsi mümkün olacaq.
Lətif
BABAYEV (ŞÜKÜROĞLU),
Tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.16-17.